Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar
“Azərbaycan-Rusiya
münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa
keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində “Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda dəyirmi masada müzakirə olunan Azərbaycan-Tatarıstan elmi əlaqələrinə toxunacağıq.
“Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var”
Tarix İnstitutunun mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirdə açılış nitqi ilə çıxış edib. O bildirib ki, AMEA Tarix İnstitutunda əlamətdar gündür: “Bu gün Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin təqdimatı və bu şöbənin fəaliyyəti çərçivəsində ilk tədbir olan tatar alimləri ilə görüşdür. Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var. Biz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Yusif Akçuralı, Əlimərdan bəy Topçubaşov, Bəkir Çobanzadə, Əziz (Qazis) Qubaydullin, Nəriman Nərimanov və onlarla digər böyük tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Hər iki xalq xarici hərbi müdaxilələrin, təqiblərin, repressiyaların, irqi ayrı-seçkiliyin və soyqırımlarının ağır nəticələrini yaşayıb”. Tədbirdə vurğulanıb ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra Tatarıstan ilə yenidən ikitərəfli əməkdaşlıq başlanıb. 1996-cı ildə ulu öndər Heydər Əliyev və Tatarıstanın Prezidenti Mintimer Şaymiyev tərəfindən ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstan Prezidenti Rüstəm Minnixanov tərəfindən Azərbaycan və Tatarıstan respublikaları arasında qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir. Y.Mahmudov bildirib ki, Azərbaycan Respublikası Moskva, Sankt-Peterburq şəhərləri və Rusiya Federasiyasının bütün regionları ilə əməkdaşlıq edir: “Biz Tatarıstan ilə əməkdaşlığa çox şadıq. Azərbaycan və Tatarıstan respublikaları arasında tarixən geniş və hərtərəfli qardaşlıq münasibətləri olub, hazırda bu münasibətlər daha da möhkəmləndirilir. Bizlər İsmayıl bəy Qaspıralının məşhur “Dildə birlik, fikirdə birlik, əməldə birlik” çağırışına əsaslanmalıyıq”.
Tatarıstan
Respublikası Elmlər Akademiyası
Tarix İnstitutunun
elmi nəşrlərinin təqdimatı olub
Daha sonra tədbirdə Tatarıstan Respublikası (TR) Elmlər Akademiyasının (EA) vitse-prezidenti, TR EA Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimovun “Tatarıstan Elmlər Akademiyası Tarix İnstitutunun əsas elmi istiqamətləri”, TR EA-nın müxbir üzvü Radik Salixovun “Kapitalizmin inkişafı və türk birliyi”, tarix elmləri namizədi İlnur Mirqaleyevin “Qızıl Orda və orta əsrlər tatar dövlətləri”, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Baxtiyar İzmaylovun “Rusiya dövləti tərkibində tatarlar”, tarix elmləri namizədi Aleksey Buşuyevin “Tatarlar və Tatarıstan 20-21-ci əsrlərdə”, tarix elmləri namizədi Aydar Noqmanovun “Tatarıstan Respublikasının yaşayış məntəqələrinin tarixinin öyrənilməsi”, tarix elmləri doktoru Liliya Qabdrafikovanın “Tatarların tarixi antropologiyası” mövzularında məruzələri maraqla dinlənilib. Dəyirmi masada Azərbaycan tərəfindən isə AMEA Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev çıxış ediblər. AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundova da iki xalq arasındakı tarixi əlaqələrdən danışıb. Daha sonra tədbirdə TR EA Ş.Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olub. Dəyirmi masanın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və TR EA Ş.Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov imzalayıblar. Müqavilədə türk tarixi-mədəni irsinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin əlaqələndirilməsi, Azərbaycan və tatar xalqlarının tarixi və memarlıq obyektlərinin üzə çıxarılması və öyrənilməsi, müştərək muzey, sənədli və digər sərgilərin, elmi ezamiyyətlərin və səhra ekspedisiyalarının təşkili, beynəlxalq, ümumrusiya və regional elmi konfransların, simpoziumların, müşavirələrin və qarşılıqlı maraq doğuran problemlər üzrə işçi görüşlərin təşkili və digər məsələlər nəzərdə tutulur.
Tanınmış
alimlərin iştirakı ilə Elmi Məsləhət
Şurası yaradılır
Yeri gəlmişkən qeyd edək ki, dünən
AMEA Rəyasət Heyətinin növbəti iclasında yeni iqtisadi şəraitdə
ərzaq təhlükəsizliyi problemi
müzakirə olunub. Respublikanın
regionlarında fəaliyyət göstərən alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə
AMEA-nın Naxcıvan və Gəncə bölmələri
arasında telekonfrans təşkil edilib. Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Zeynal Əkpərov "Yeni
iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi
problemi və onun həllində
elmin rolu" mövzusunda məruzə ilə çıxış
edərək respublikada kənd təsərrüfatının
mövcud vəziyyəti, problemlər və
onların həlli yollarını diqqətə
çatdırıb. İnstitutun direktoru Azərbaycanda qeyri-neft
sektorunda aqrar sahənin
çəkisinin böyük olduğunu vurğulayıb. Azərbaycanın
aztorpaqlı ölkə olduğunu deyən
alim Taxtakörpü,
Şəmkirçay və Tovuzçay su anbarlarının istismara
verilməsi ilə dövriyyəyə yeni
torpaq sahələrinin daxil
olmasının ölkə üçün
böyük əhəmiyyət
daşıdığını bildirib. Məruzədə
qeyd olunub ki, AMEA-nın “Xızı” Kənd Təsərrüfatı
İstehsalat Kompleksi tərəfindən
respublikanın müxtəlif regionlarında nümunəvi təsərrüfat
istehsalat layihələri həyata keçirilir. Bu təsərrüfatın
bazasında aqrobiznes sektorunun
bütün sahələrini əhatə
edəcək müasir Aqroparkın
yaradılması nəzərdə tutulur.
Məruzə sual-cavab və müzakirələrdən
sonra Rəyasət Heyətinin qərarı
ilə bəyənilib. Yeni çevik iqtisadi
modelə keçməklə əlaqədar Prezident
yanında tanınmış alimlərin iştirakı ilə
Elmi Məsləhət
Şurasının, aqrobiznes sektorunun bütün sahələrin
əhatə edəcək müasir Aqroparkın
yaradılması ilə bağlı müvafiq
orqanlar qarşısında məsələ
qaldırılması qərara alınıb. Həmçinin AMEA-nın institutları tərəfindən
yaradılmış üzvi və üzvi mineral gübrələrin
geniş sənaye istehsalının təşkili,
aqrar sahənin kadr
potensialının gücləndirilməsi məqsədilə
beynəlxalq təcrübənin öyrənilərək
AMEA-nın magistr və doktorant
hazırlığında tətbiqi, ölkənin ali təhsil müəssisələrinin müvafiq fakültələri ilə əlaqələrin
genişləndirilməsi məqsədəuyğun hesab edilib.
Anar Miriyev
Palitra.-2016.-3 mart.-S.11.