“Tələbələrdə daha geniş və rəqabətli
informasiyanı öyrənmək üçün
maraq olmalıdır”
Ceyhun Babaşov:
“Son
illərdə Azərbaycanda universitetlərin dünya
reytinqi siyahılarında irəliləməsi
təhsil və tədrisin inkişafının bir işarəsidir”
Layihə çərçivəsində
Böyük Britaniyanın Nyukastl
Universitetinin bakalavrı Ceyhun
Babaşovla müsahibəni təqdim edirik
-İngiltərədə
tədrisdə nə dərəcədə praktikaya
üstünlük verilir?
-Avropa universitetlərini digərlərindən fərqləndirən xüsusiyyətlərdən ən əsası, praktiki biliklər öyrətməsidir. Bunun az-çox olması universitetdən, ixtisasdan, kursun strukturundan, dərslərdən və sairə xüsusiyyətlərdən asılı olsa da, ümumi deyərdim ki, dərsdə keçdiyimiz materiallar nə vaxtsa gedib real mühitdə çalışanda, həqiqətən, tətbiq edəcəyimiz biliklərdir. Bu 3 il ərzində ən çox bəyəndiyim dərs metodu da elə keçən il tibbi məhsullar istehsal edən qlobal şirkəti qrup halında bir il ərzində müşahidə, hərtərəfli analiz və sonda isə bunu xüsusi dəvət edilmiş qonaqlara təqdim etməyimiz oldu. Belə dərslərdə öyrəndiyin bilikləri elə universitet daxilində real təcrübə etmiş olursan. Bu fəndən əlavə çoxlu biznes qrup, karyera dərsləri kimi fənlər də mövcuddur ki, maraqlanan tələbələr seçə bilərlər.
Azərbaycanda da bu sahədə son illərdə böyük işlər görülür. Ölkədə yenilənmiş universitet proqramları, praktiki bilikləri öyrədən dərsliklərin, kitabların və bacarıqlı müəllimlərin sayının hiss olunacaq səviyyədə artması iş yerlərində daha bacarıqlı gənclərin gəlməsinə kömək edir. Bu da öyrəndiyim “multiplikasiya effekti” kimidir, müsbətlər daha çox müsbət dəyişiklikləri gətirir.
-İngiltərədə
təhsilin keyfiyyəti nə ilə ölçülür?
-Özüm bakalavr təhsili aldığım üçün təhsilin universitet pilləsində daha çox anlayışım var və bu hissəyə fokuslanacam. İngiltərə təhsil sistemi və universitetləri araşdırmağa həvəsləndirən müəllimləri və dərs mexanizmi, dünya reytinqli araşdırmaları və tələbələrin tam effektiv təhsil alması üçün yüksək səviyyədə təmin olunmuş kitabxana və onlayn öyrənmə xidmətləri ilə dünyanın ən güclü elm mərkəzinə çevrilib. Universitetlər və kolleclər kitabxanalara, kompüter və elmi laboratoriyalar, idman, teatr və incəsənət mərkəzlərinə böyük investisiyalar yatırmaqla əvəzində tələbələrdən maksimum yeniliklər, tədqiqatlar və nəticələr əldə edirlər. Bu, 21-ci əsrin hələ uzun müddət davam edəcək ən güclü investisiyasıdır. Dərslərin strukturu isə bizim alışdığımız sistemdən fərqlənir. Azərbaycanda əgər mühazirələrdə müəllim bütün məlumatları sənə təqdim etməlidirsə, burda əksinə, dərs zamanı 1-2 saat ərzində tələbələrə əsas məsələlər izah olunur. Qalan 70-80% ətraflı öyrənmə tələbələrin öz cəhdləri hesabına kitabxanadakı, internetdəki minlərlə, milyonlarla resursdan gəlir. Ümumiyyətlə, seminarda isə həmişə öyrəndiyimiz “çıxıb dərs danışmaq”,- deyə bir anlayış yoxdur. Əvvəlcədən üzərində işlədiyimiz tapşırıqlardan çıxan sualları qrup halında digər tələbələrlə və müəllimlərlə müzakirə edirik. Bu da, təbii ki, öyrəndiyimiz biliklərin keyfiyyətini artırır. Ən çox diqqətimi çəkən isə dərslərin başqa bir fərqidir. Biz həmişə gördüyüm dərs sistemində qrup tələbələri sabit saxlanılır, fərqli müəllimlər bu qruplara daxil olmaqla fərqli dərslər keçirlər. Burada dəyişməyən, bir növ “yerində qalan” tələbə qruplarıdır. Amma İngiltərədə və digər Avropa ölkələrində müəllim bir fənn üzrə ixtisaslaşır, onun dərs keçdiyi mühazirələrdə tək bir qrup yox, müxtəlif ixtisas qruplarından, beynəlxalq mübadilə proqramlarından gələn tələbələr olur. Müəllim öndə dayanıb dərsini keçən birisidir, qrupda kimin olmasından asılı olmayaraq. Bəziləri ola bilər bu fənni rahat başa düşdüyü üçün seçib, kimisi öz karyerası üçün, kimisi də, sadəcə, maraqlı olduğu üçün gəlib mühazirələrdə otura bilər. Azərbaycanda gördüyümüz bir növ açıq seminar, treninqlər kimi. Sadəcə, 100-150 tələbə ilə. Bəs bu qədər tələbənin seminar keçməsi üçün müəllim tapmaq? Ona da “win-win” strategiyası ilə yanaşıblar, bir çox fənlərdə doktorantura təhsili alan tələbələr dərs deyir. Həm öz biliklərini tətbiq edirlər, həm də biz öyrənirik.
-İngiltərə
təhsil sistemindəki hansı xüsusiyyətləri Azərbaycan
təhsil sistemində tətbiq etmək olar?
-Təbii ki, yuxarıda sadaladığım bir qisim İngiltərə təhsil sistemi fərqlərini Azərbaycanda tətbiq etməklə uğurlu nəticə əldə etmək olar. Amma bundan öncə, bu sistemin uyğunlaşa biləcəyi şərait yaradılmalıdır. Son illərdə Azərbaycanda universitetlərin dünya reytinqi siyahılarında irəliləməsi təhsil və tədrisin inkişafının bir işarəsidir. Bu prosesin daha geniş miqyas alması müsbət nəticələri də özü ilə gətirəcək.
İlk növbədə tələbələrdə daha geniş və rəqabətli informasiyanı öyrənmək üçün maraq olmalıdır. Tələbə başa düşsə ki, təhsili başa vurduqdan sonra daxil olacağı iş bazarı rəqabətlidir, ancaq ən yaxşıları seçir və universitetdə öyrəndiyi bilik çalışmağa başlayanda tətbiq edəcəyi, ən azından gördüyü işi asanlaşdıracaq metodlardır, onda o universitetlərdən, müəllimlərdən daha çox yararlanmağa çalışacaq. Bunun üçün iş bazarında rəqabət daha da artmalıdır, bu özü də görülən işin keyfiyyətindən asılıdır. Keyfiyyət də yenə əvvəl təhsil almış işçidən asılı olduğu üçün bu inkişaf məsələləri proses şəklində birlikdə aparılmalıdır. Bundan əlavə, universitetlərin nəzdində son kurslara doğru tələbələrin işverən şirkətlər, firmalar ilə rahat əlaqə yarada bilmələri üçün karyera ofisləri yaradılsa, tələbələrə həm bu sahədə, həm də xaricdə təhsil, mübadilə proqramları barədə faydalı məsləhət verməklə onların gələcək qərarlarına yardım etmək olar. Universitetlərdə verilən qərarlarda tələbələrin seçimlərinə, fikirlərinə daha çox yer ayrılsa, tələbələr öz maraq və məqsədlərinə uyğun fənləri, güclü saydıqları müəllimləri seçə bilsə, öyrənməyə maraq daha da arta bilər. Bununla yanaşı, az maraq göstərilən fənlər bir növ tələbə cavab vermədiyi üçün daha rəqabətli fənlərlə əvəzlənə bilər, müəllimlər də öz növbəsində ən son, faydalı metodları öz dərslərinə daxil etməklə daha çox tələbə cəlb edər. Necə ki, Azərbaycanda azad rəqabət digər sahələrdə tətbiq olunub, təhsil sistemində də eyni müsbət nəticələri əldə etməyə heç bir maneə olmamalıdır. Universitetlər, məktəblər praktikaya, laboratoriyaların istifadəsinə diqqət ayırsa şagirdlər, tələbələr öz maraq dairələrini özləri rahat seçə, sonradan isə iş həyatına rahat alışa bilərlər.
Bir də “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”, Nizami Gəncəvinin bu sözlərini hər birimiz tək divarlara yox, beynimizə də yazsaq, daha gözəl Azərbaycanda yaşamış olarıq.
-Orada
ictimai aktivlik göstərirsizmi?
-Düzünü desəm, bura gəlməmişdən daha çox ictimai aktivlik göstərməyi planlamışdım, fikrimdə çoxlu ideyalar da hazır idi. Amma birdən-birə mühit dəyişəndə, yeni təhsil sistemi ilə üzbəüz qalanda çətinliklər də bununla bərabər gəldi. Çətinlik isə təcrübə deməkdir. Birinci il, demək olar ki, hər günümün kitabxanada keçməsinə baxmayaraq, azərbaycanlı tələbələr olaraq dəfələrlə bir araya gəldik. Elə gəldiyimiz ilk ay bütün tələbələr bir yerə yığışıb tanışlıq qurduq, sonra isə həmin il üzrə planlardan danışdıq. Bundan sonra bütün azərbaycanlı tələbələr olmasa da, qruplar halında bacardığımız qədər hər həftə görüşlər təşkil edib, müxtəlif mövzulardan söhbət edirdik. Əslində, xaricdə təhsil alarkən gündəlik işlərə qapılıb öz ölkəni unutmaq düşüncəsi heç xoşuma gəlmir. Bu elə bir şansdır ki, intellektual gənclərimizlə ölkəyə kənardan baxıb baş verənləri analiz edəndə tamam yeni və fərqli ideyalar ağlımıza gəlir. Bir növ öyrəndiyin metodları necə öz ölkənə tətbiq etmək, hansı tip çətinliklərlə qarşılaşa biləcəyin haqda müzakirələr aparırsan. Çünki bir şeyi öyrənmək hələ işin yarısıdır, bunu şəraitə uyğunlaşdırıb tətbiq etmək isə digər yarısı.
Elə bu görüşlərdən birində Xocalı soyqırımı ilə bağlı aksiya keçirmək qərarına gəlmişdik. Müxtəlif media mənbələrində də paylaşılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatları nümayiş etdirib, məlumat vərəqləri paylamıb və imza kampaniyası ilə 400-ə yaxın imza toplamışdıq. Tədbirin maraqlı anlarından biri də erməni əsilli birinin bizə yaxınlaşıb bu soyqırımı haqqında məlumat alması olmuşdu.
Bu tədbirdən sonra da ilin ən çox xoşbəxt hiss etdiyim hissəsində - Novruz bayramı ərəfəsində “Azərbaycan günü “ tədbiri keçirdik. Tədbirdə iştirak etmiş 200 nəfərə yaxın qonağa - əsasən universitetin professor və müəllim heyəti, Nyukaslda təhsil alan xarici tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, tarixi-mədəni abidələri, musiqi və mətbəxi haqda ətraflı məlumat verdik. Elə mən özüm də bizim musiqiləri ifa edirdim.
Bu yaxınlarda yenə azərbaycanlı tələbələr olaraq universitetimizin Asiya Regionu üzrə meneceri ilə görüşüb burdakı təcrübəmizdən, qarşılaşdığımız problemlər və təkliflər haqqında söhbətlər edəcəyik.
-İngiltərənin
digər universitetlərində təhsil alan
gənclərimizlə əlaqə və əməkdaşlığınız
varmı?
-Xaricdə olarkən insanın ən çox ehtiyac duyduğu şey öz həmyerlilərini görməkdir. Ona görə yaxın şəhərlərdə olan tələbələrlə bacardığım qədər tez-tez, bayramlarda, həftəsonları görüşürəm. Daha uzaqda olan tələbələrlə isə internet üzərindən bəzən tədbirlərlə, intellektual yarışmalarla bağlı, bəzən də dərslərlə, imtahanlarla bağlı məsləhətləşirəm. Bəzən yazdığımız referatları bir-birimizə göndərib fikir almağa çalışırıq. Xaricdə təhsilin üstünlüklərindən biri də elə indicə yazanda ağlıma gəldi. Oxumağa gedərkən, hətta heç bir dostun, tanışın olmasa belə, burada digər azərbaycanlılarla elə gözəl uzunmüddətli dostluq münasibətləri qurursan ki, heç istəsən başqa yerdə, başqa zaman bunu bacarmazsan. Bundan əlavə, İngiltərənin böyük şəhərlərində təhsil alan tələbələrimiz ölkəni və onun adətlərini tanıtma məqsədli tədbirlər keçirəndə başqa şəhərlərdəki həmyerlilərimizi dəvət edirlər, çatışmayan bir şeylər olduqda isə bizlər dərhal kömək edə bilirik.
Şəxsən mənə burada
ən çox müsbət təsir edən
hiss bu qədər xarici tələbə arasında öz dilimizdə
danışmağımızdır. Azərbaycanda olanda bu fikri
tam anlamaq olmur. O ki
minlərlə tələbənin arasında həmyerlilərinlə
fərqli, öz ana
dilində danışırsan, öz
ölkəni tanıdırsan, musiqini dinləyirsən,
adət-ənənələrinə sadiq
qalırsan, onda başa
düşürsən ki, müstəqil
ölkə olmaq, müstəqil dilə,
millətə, dəyərlərə sahib
olmaq qazandığımız ən böyük uğurdur.
Fuad Hüseynzadə
Palitra.-2016.-4 mart.-s.11.