SABAH qruplarının layihələri davam edir
SABAH
qrup-larında memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinin
əl işlərindən ibarət sərgi Novruz
bayramınadək davam edəcək
Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılan SABAH qrupları yaradılıb. Artıq bir müddətdir ki, fəaliyyət göstərən SABAH qrupuna tələbələrin böyük marağı var. Təhsil naziri Mikayıl Cabbarov da bildirib ki, əgər ölkə təhsilinə nəzər salsaq, iki il bundan öncə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət SABAH proqramına start vermişik: “Yeni insan necə olmalıdır və yeni iqtisadiyyatda hansı keyfiyyətləri axtarırıq? Bilikli, biliklərini gündəlik həyatında və peşəkar fəaliyyətində tətbiq edə bilən və kreativ, qeyri-standart düşüncəyə malik olan insanlar. Bu, bugünkü postmodern adlanan dövrün və iqtisadiyyatın tələbidir. Çalışırıq ki, SABAH qruplarında biz belə tələbələrin seçilməsinə, yetişməsinə nail olaq”. Cari ildə də SABAH qrupları ilə bağlı bir sıra tədbirlər keçirilib.
SABAH qruplarının müəllimləri üçün təlimlər başa çatdı
SABAH qruplarında tədrisə yeni cəlb edilmiş müəllimlər üçün “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” mövzusunda ikigünlük nəzəri-təcrübi təlim keçirilib. Təlim tələbəyönümlü təlim metodunun xüsusiyyətləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, müəllimin fərdi işçi planını tərtibetmə prinsipləri, qiymətləndirmə metodları və meyarları, tələbələrdə öyrənmə həvəsinin artırılması və bu kimi digər mövzuları əhatə edib. 11 ali təhsil müəssisəsindən ümumilikdə 60 müəllimin iştirak etdiyi təlim “ADA” Universitetinin Təhsilin idarəedilməsi fakültəsinin dekanı Vəfa Kazdal və dosent Anar Vəliyev tərəfindən keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. SABAH qruplarında tədrisə cəlb edilmiş müəllim-professor heyətinin yeni tədris üsulları ilə daha yaxından tanış olması və daimi inkişafının təmin edilməsi məqsədilə keçirilən təlimlər ildə 2 dəfə təşkil olunur. Xatırladaq ki, 2014-2015-ci tədris ilindən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH qrupları layihəsi ali təhsil sistemində ən uğurlu layihələrdəndir.
SABAH qruplarının tələbələri beynəlxalq musiqi müsabiqəsində laureat olub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin II kurs SABAH qrupu tələbələri Vüsal Aydəmirov və Cavid Əzizov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər. Ümumilikdə, 10 ölkədən olan iştirakçıların qatıldığı müsabiqədə SABAH tələbələri 3 müxtəlif nominasiya (fortepiano-duet, solo və ansambl) üzrə III yerə layiq görülüblər. Qeyd edək ki, solo nominasiyası üzrə I yeri Rusiya və II yeri Ukrayna, ansambl nominasiyası üzrə I yeri Rusiya və II yeri Yaponiya, fortepiano-duet nominasiyası üzrə isə I yeri Rusiya, II yeri Gürcüstanı təmsil edən iştirakçılar qazanıblar.
SABAH qruplarında imtahan
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında keçirilən imtahanlarda 8 ixtisas üzrə 124 tələbə iştirak edib. Qeyd edək ki, BDU-nun SABAH qruplarında 13 ixtisas qrupu üzrə 425 tələbə təhsil alır. Universitetdə ingilis dili üzrə imtahan verən digər tələbələrdən fərqli olaraq SABAH tələbələrinin bu fənn üzrə dörd dil bacarığı - danışmaq, dinləmək, oxumaq və yazmaq üzrə bilikləri yoxlanılır.
SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1632 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
SABAH tələbələri
“Sağlam təhsil sinifləri”ndə
SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub. Tələbələr fevralın 1-dən Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçiblər. Təcrübə fevralın 12-dək davam edib. Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu, eyni zamanda ADPU SABAH mərkəzinin rəhbəri mütəmadi olaraq sinifləri ziyarət edib və gənc müəllimlərə dəstək olublar. Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərsi izləyib və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat ediblər. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələr sonda Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin sertifikatını əldə edirlər.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir. “Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.
Əbu Dabidə SABAH proqramının professor-müəllim heyəti üçün təlimlər
2006-cı ildə təsis edilmiş Paris Sorbon Universiteti-Əbu Dabidə fevralın 9-13-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi SABAH (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilib. Fevralın 9-da təlimlərin açılışı olub. Universitetin rektoru professor Erik Fuaşın dəvəti ilə açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da iştirak edib. Rektorun nitqindən sonra çıxış edən səfir ali təhsil ocağının rəhbərliyini və SABAH proqramının iştirakçılarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib. Dəvətə görə E.Fuaşa təşəkkürünü bildirən səfir D.Şikarov Sorbon Universitetinin zəngin və qədim tarixindən və ənənələrindən bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında layiqli yer tutduğunu vurğulayıb. Səfir təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu vurğulayaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini qeyd edib, bu xüsusda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda təhsilə verilən xüsusi önəmə yönəldib. Prezident İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsis edildiyini xatırladan səfir bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil aldıqlarını nəzərə çatdırıb. O, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində istər ölkə daxilində, istərsə də xaricdə minlərlə məktəbin inşa edildiyi vurğulanıb.
Səfir Paris Sorbon Universiteti-Əbu Dabinin SABAH proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə praktiki əməkdaşlığı bundan sonra da davam etdirəcəyini, ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini söyləyib. Azərbaycan səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
E.Fuaş Azərbaycan səfirinə universitetin xatirə hədiyyəsini təqdim edib.
Sonra dəf, tar və saz ifaçılarından ibarət musiqi triosunun, eləcə də əlində nar saxlayan azyaşlı qızın əks olunduğu rəsm əsəri rektora təqdim edilib.
Daha sonra Azərbaycan Təhsil Nazirliyinin SABAH qruplarının müəllimləri ilə iş üzrə rəhbəri İlhamə Rəhimova çıxış edib, universitetin MDB ölkələri (Ermənistan istisna olmaqla) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.
SABAH-ın memarlarının
əl işlərindən ibarət sərgi
SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinin əl işlərindən ibarət sərginin açılışı olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas korpusunda keçirilən sərginin Novruz bayramınadək davam etməsi nəzərdə tutulur. Sərgidə tələbələrin yaşayış evləri konsepsiyasına əsasən, modern üslubda hazırladıqları 70-dən çox maket və eskiz nümayiş olunur. Bu il ikincisi dəfə keçirilən sərgi artıq SABAH tələbələri üçün ənənəyə çevrilməkdədir.
Qeyd edək ki, 2014-2015-ci tədris
ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə
edən, tələbələrə daha üstün təhsil və inkişaf
imkanları verən SABAH layihəsi ali təhsil
sistemində ən aparıcı layihələrdəndir.
Nigar Abdullayeva
Palitra.-2016.-8 mart.-S.13.