“Ədəbi tənqid çox mürəkkəb və rəngarəng filoloji sahədir”

 

Aydın Xan: “Çağdaş ədəbi-tənqidi yazılar altında oxuculara sırınan materiallarda analitik-elmi təhlil, söz sənəti haqqında intellektual-estetik fikirdən başqa, hər şey oxumaq olar”

 

Bu gün elmin inkişafı kontekstində dilimizin və ədəbiyyatımızın inkişaf etdirilməsi də olduqca önəmli məqamlardandır. Bu baxımdan ədəbiyyatın ədəbi tənqid tərəfi ilə bağlı araşdırmalar maraq kəsb edir. Layihə çərçivəsində bizə bu mövzu ilə bağlı fikirlərini Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirdi. Ədəbi tənqid sahəsində baş verən proseslərin elmi yönünü izah edən ekspertin fikrincə, bu sahədə bir sıra problemlər var: Tarixini görkəmli mütəfəkkiriz M.F.Axundovun ədəbi təhlil və məktublarıyla başlayan Avropa tipli peşəkar milli ədəbi tənqidimizin bugünkü acınacaqlı durumu göz qabağındadır: vaxtilə çağdaş söz sənətimizin formalaşmasında, istiqamətləndirilməsində, zənginləşdirilməsində - estetik-kulturoloji dəyər qazanmasında xüsusi rolu, önəmli çəkisi olan bu analitik-intellektual, yaradıcı-elmi düşüncə sahəsi, söz yox ki, indi öz böhran mərhələsindədir. SSRİ dağılandan sonra ədəbi tənqid deyil, onun hər zaman öz diqtəsi - basqısı altında saxladığı ədəbiyyatçılar bədii düşüncəmizdə xüsusi mövqe əldə etməyə çalışdılar. Bunun nəticəsi olaraq get-gedə səviyyəsi aşırı dərəcədə enən poeziyamızın, bədii və sənədli nəsrimizin, filoloji-poetik, elmi-sətri tərcümə sənətimizin zəifləməsini gördük, milli dramaturgiya, kinossenaristika, publisistika və nisbətən cavan söz sənəti istiqamətləri sayılan digər janrlardan heç danışmağa dəyməz. Bu sahədə aparılan tədqiqatlar da çatışmazlıqları üzə çıxarır.

Çağdaş ədəbi-tənqidi yazılar altında oxuculara sırınan materiallarda analitik-elmi təhlil, söz sənəti haqqında intellektual-estetik fikirdən başqa, hər şey oxumaq olar. Haqlı olaraq oxucularımız ədəbi tənqidi daha çox “ədəbsiz tərif” sayırlar: əsl həqiqətdə də çoxsaylı yazılara belə “qiymət” vermək mümkündür. Ən maraqlı cəhət isə odur ki, tənqidçilər bir ortabab yazıçı, ya da şair haqqında nəsə tənqidi bir fikir yazan kimi bu müəlliflər, az qala, ədəbiyyat qəhrəmanına çevrilir, bir qədər sonra elə o yazanlar tərəfindən günümüzün söz sənətkarı səviyyəsinə qaldırılır. Bu sahəyə heç bir analitik, peşəkar yanaşma yoxdur. XX əsrin sonu və müstəqilliyimizi ikinci dəfə bərpa edəndən bu yana milli ədəbi tənqidimizdə çoxsaylı peşəkar, eləcə də başqa filoloji sahələrdən “gəlmiş” ədəbi tənqidçilərdən haqq dünyasında olan Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynov, Qulu Xəlilov, Şamil Qurbanov, Asif Əfəndiyev (Ata), eləcə də Tofiq Hacıyev, Elçin, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Kamal Abdulla, Vaqif Yusifli, Arif Əmrahoğlu, Şirindil Alışanov, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Rahid Ulusel, Cavanşir Yusifli, Aydın Talıbzadə, Azər Turan, Əsəd Cahangir, Bəsti Əlibəyli, Elnarə Akimova, Nərgiz Cabbarova, İradə Musayeva, Elnarə Tofiqqızı və başqa məhsuldar imzaların böyük əksəriyyəti ədəbi həyatda sanki unudulmağa başlanılıb və onların iti qələmi, cəsarətli mülahizələri, estetik-elmi qənaətlərinə həm yazıçılarımız, həm də oxucularımız darıxmağa başlayıb...

Bu sintetik filoloji-mədəni sahəyə aid bir yazımda vurğulayırdıq ki, öhdəsinə çoxistiqamətli mürəkkəb vəzifə düşən ədəbi tənqidin əhatə dairəsi çox genişdir: ədəbiyyat hadisələrinə qiymət vermək, ədəbi mühiti izləməklə, onun uğurlu və zəif tərəflərini işıqlandırmaq, yaranan bədii nümunələrin vaxtında, özüobyektiv təhlilini aparmaq, milli söz sənətimizdə gedən mürəkkəb prosesləri dünya estetik-intellektual fikir kontekstində dəyərləndirmək, klassik irslə qələmə alınan yeni əsərlərin oxşar, eləcə də fərqli tərəflərini müəyyənləşdirmək, kulturoloji duruma aydınlıq gətirmək, kreativ mühitin elmi-filoloji çərçivələrini müəyyənləşdirmək, ənənələri yaşatmaqdan ötrü müəlliflərlə oxucular arasında ikitərəfli əlaqələri yaradıb möhkəmləndirmək, ədəbi-mədəni ictimaiyyəti mədəniyyətin çağdaş durumu ilə müntəzəm, sistemli tanış etmək, zamanın tələblərinə uyğun estetik dəyərləri formalaşdırmaq və s.

Ədəbiyyat - hər hansı bir ictimai-mədəni məkan-zaman daxilində çox mühüm bir hadisə kimi təsiredici vasitə, milli şüuru formalaşdırmaqda xüsusi rolu olan, ümumi ictimai fikri istiqamətləndirən intellektual-yaradıcı sahədir. Söz sənətinin “hakimi rolunda isə, əlbəttə, ədəbi tənqid çıxış etməlidir.

Geridə qoyduğumuz son on beş - iyirmi ildə cəmiyyətimizdə belə fikir formalaşmağa başladı: ədəbiyyat, yazılan əsərlər və ədəbi-mədəni həyatımızda baş verənlərin təhlilinə aid yazılanlar ədəbi tənqiddən çox “ədəbsiz tərif”ə aid edilə bilər. Bir çox tənqidçilər ictimai-mədəni vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə, daha asan yol seçdilər: nə tələb edirlər, qonorarını - haqqını alaq, boğazdanyuxarı tərif yazaq, təki yaxamızdan əl çəksinlər! Hətta fərdi və fərqli tənqidçi yaradıcılığına malik səviyyəli qələm sahibləri buözünüqorumametoduna üstünlük verməklə, ədəbi tənqiddəki fikri böhranı daha da dərinləşməsinə şərait yaratdılar. Məhz belə bir şəraitdə ədəbi tənqidimiz dinamik, çox zaman isə “enişli-yoxuşlu”, Şərqdən-Qərbdən təsirlər altına düşən, çabalarıyla irəliləyən çağdaş ədəbiyyatdan geri qaldı və günbəgün də o geriləmənin qarşısını almaq çətin olur. İşıq üzü görən ədəbi nümunələrə diqqət ayıranda təhlükəli dini cərəyanların təsiri ilə qələmə alınmış əsərlərdən tutmuş, erotika-pornoqrafiya saçan, ideoloji ziyanlı, milli-mənəvi şifrələrimizi dağıdan, oturuşmuş dəyərlərimizi alt-üst edən, ana dilimizin müxtəlif qatlarını dağıdan, minillik estetik-mədəni düşüncəmizi parçalayan kitablara qədər, əsasən, yeni nəslin beynini yumağa yönəli “ədəbi-mədəni bombalar”ı görürük. Düşüncələrdən dilə, oradan sözə-ədəbiyyata, daha sonra mətbuata, İnternet resurslarına, elektron KİV-ə - tele-radio efirlərinə uzanan bu qaraniyyətli plana qarşı isə ilk növbədə ədəbi tənqidimiz mübarizə aparmalıydı, fəqət, görürükmü bunu?!

Ötən yüzilliyin ortalarından etibarən dünya ədəbiyyatında ədəbi tənqid özünün ən yeni forma və məzmunu ilə filoloji elmin qabaqcıl istiqamətinə çevrilməkdə idi. Tənqid fəlsəfəylə birləşib yeni kulturoloji mahiyyət, məna kəsb etməyə başladı. Qərbdə, tarixini ötən əsrin iyirminci illərindən götürən strukturalizmin Fransadakı spesifik forması - elmi-fəlsəfi istiqaməti güclü inkişaf edir, onun ictimai-mədəni-fəlsəfi mahiyyətini qabartmağa başladılar. Yaxud Azərbaycanın vaxtilə bir elmi-mədəni məkanda qonşu olduğu Rusiyada struktralistlərdən təsirlənən, semiotika tərəfdarı kimi tanınan, görkəmli alim Mixail Baxtinə “filoloji müxalifət”də duran Yuri Lotman məktəbinin ədəbiyyatşünaslığa gətirdikləri yeni elmi-kulturoloji düşüncə texnologiyası, nədənsə, bizim milli ədəbi tənqidimizə təsiri az oldu: səviyyəmiz yetərincə deyildi, yoxsa lazımi mühitə malik deyildik, bax bunu qoy tədqiqatçılar araşdırsınlar. Bu məsələdə ədəbiyyatşünaslarımız, ədəbiyyat tarixçilərimiz və tənqidin tənqidi ilə məşğul olan filoloq alimlərin tədqiqatlarına ehtiyac duyulur: qoy zəhmətə qatlaşıb hansısa on beşinci əsrin ortabab saray şairinin mədhiyyələrini araşdırmaqdansa, daha aktual olan bu problemlərə baş vursunlar”.

Ekspert bildirir ki, klassik-ənənəvi ədəbi tənqid bir tərəfdən bədii ədəbiyyatla bağlı intellektual yaradıcılıq sahəsi hesab olunursa, digər yandan söz sənətini öyrənən elmi-analitik düşüncə forması sayılır: “Zaman və məkan baxımından çıxış edərək yaranan bədii nümunələrin anlamını və qiymətini verməklə, ədəbi prosesə fəal müdaxilə edən, habelə ictimai düşüncəni istiqamətləndirmək baxımından ədəbi tənqid çağımızda çox mürəkkəb və rəngarəng filoloji sahədir. Hər bir filoloji-elmi sahə kimi ədəbi tənqidin də müxtəlif janrları, formaları, çalarları mövcuddur: resenziya, hər hansı bir əsər haqqında tənqidi material, icmal, problematik məqalə, çağdaş ədəbi proses barədə monoqrafiya, esse, ön söz, qəzet məqaləsi, ədəbi portret, polemik replika, ədəbi söhbət, müsahibə, biblioqrafik qeydlər və s. Bu mənada tənqidçi özündə nəzəriyyəçi, kulturoloq, filoloq, filosof, ictimaiyyətçi, publisist, politoloq, sosioloq, psixoloq, estet kimi keyfiyyətləri birləşdirməlidir: intellektual səviyyə, istedad, elmi hazırlıq, zəhmətsevərlik kimi cəhətlər də öz yerində.

Çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal - yerli səciyyəli, yoxsa qlobal - dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi çox vacib məsələ, ədəbiyyat tədqiqatçılarının - tənqidçi və kulturoloqların bu gün qarşılarında duran ciddi, əsas vəzifələrindəndir”.

 

İlkin AĞAYEV

Palitra.-2016.-8 mart.-S.11.