Böyük Britaniyada
Azərbaycanın idman imicini
formalaşdıran kikboksçu
Hafiz
Baxşəliyev: “Yeni açdığımız “Qafqaz”
klubunun məqsədi Böyük Britaniyadakı azərbaycanlıların
sıx ünsiyyətdə olmağını təmin etməkdir”
Azərbaycanın bir idman ölkəsi olması xaricdə də özünü doğruldub. Artıq xaricdə yaşayan həmvətənlərimiz idman klubları yaradaraq bunu dünyaya nümayiş etdirirlər. Bu günlərdə tanınmış kikboksçu Hafiz Baxşəliyevin Londonda “Qafqaz” idman klubu açması bunun bariz nümunəsidir. Qeyd edək ki, Hafiz Baxşəliyev Azərbaycan Kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. Hazırda Böyük Britaniyada yaşayır.
-Öncə həyat yolunuz və idman karyeranız haqqında məlumat vermənizi istərdik.
-1980-ci ildə Naxçıvanda
anadan olmuşam. 1996-cı ildə orta məktəbi bitirdikdən
sonra Təfəkkür
Universitetinin İqtisadiyyat
fakültəsinə daxil
olub və buranı 2000-ci ildə bitirmişəm.
İdmanın kikboks növü ilə 1997-ci ildən məşğul olmağa
başladım. Fəxrəddin Quliyevin başçılığı
altında məşq
edərək bir çox yarışlarda, Azərbaycan, Dünya və Avropa çempionatlarında ən
ağır çəkidə
çıxış edərək
ölkəmizi qürurla
təmsil etdim. Bu illər ərzində
3 dəfə Azərbaycan,
3 dəfə Dünya
və Avropa çempionu oldum. 2006-cı ildə Dünya Çempionatında
Azərbaycanda ilk dəfə
olaraq mən Rusiya Dünya yığmasına qarşı
döyüşə dəvət
almışam.
-Neçənci ildən Böyük Britaniyada yaşayırsız?
-2009-cu ildən Böyük
Britaniyada yaşayıram. Burada da
idman fəaliyyətimə
davam edərək bir çox peşəkar döyüşlərdə
gücümü sınayaraq
K-1 üzrə peşəkarlar
arasında Britaniya çempionu titulunu qazandım. Onu da deyim ki, K-1 üzrə də ilk dəfə Azərbaycanı mən təmsil etmişəm.
-Azərbaycanın
xaricdə tanınmasında
idmanın nə kimi rolu var?
-Azərbaycanın xaricdə
idman vasitəsilə tanınmasında əsas məsuliyyət beynəlxalq
arenada iştirak edən idmançıların
üzərinə düşür.
Çünki hər bir idmançı yarış
meydanında ölkəsini
şücaəti ilə
bərabər, həm
də əxlaqı ilə təmsil edir.
-Böyük Britaniyada
kimlə məşq edibsiz?
-Londonda məşhur KO Muay Thai klubunda İngiltərə yığma
komandasının baş
məşqçisi Will Judd ilə məşq etmişəm.
-Məğlub etdiyiniz erməni rəqibiniz olubmu?
-İdman həyatımda
bir dəfə 2005-ci ildə Kiprdə Yunanıstanı təmsil
edən erməni idmançı ilə döyüşmüşəm. 3 raund ərzində açıq üstünlüyümə
baxmayaraq, çempionluğa
əsas namizədlərdən
biri olan yerli idmançının
məğlubiyyətinə razılaşmayaraq əlavə
raund verdilər.
Mən də 4-cü raund bütün gücümlə
hücuma keçib rəqibimi nokaut etdim.
- Böyük Britaniyada
idman yarışlarına
qatılırsızmı?
-Artıq mən 3 ildir yarışlarda döyüşmürəm. Buna
baxmayaraq, bəzi peşəkar idman yarışlarında qonaq
qismində iştirak edir, bəzən qalibləri mükafatlandırmaq
üçün kəməri
mən təltif edirəm. Bu da sevindirici haldır ki, mükafatlandırmaq üçün
məni titullarım, adım və azərbaycanlı olduğumu
vurğulayaraq dəvət
edirlər.
-Yeni yaratdığınız klubun
məqsəd və vəzifələri nədən
ibarətdir?
- Yeni açdığımız
“Qafqaz” klubunun əsas məqsədlərindən
biri Böyük Britaniyada yaşayan azərbaycanlıları, ələlxüsus
Londonda oxuyan azərbaycanlı tələbələri
idmana, sağlam həyata cəlb etmək və hər zaman bir-birimizlə sıx ünsiyyətdə olmağımızı
təmin etməkdir. Sevinirəm ki, belə idman
mərkəzi aça
bildik. Biz nə qədər bir olsaq, o qədər
güclü olarıq.
İnanıram ki, klubumuzda
sağlamlıq üçün
idman edənlərlə
bərabər, gücünü
yarışlarda sınamaq
istədiyimiz idmançılar
da yetişəcək.
Gələcəkdə də Azərbaycandan
perspektivli idmançıların
Britaniyada və Avropada tanınmasına kömək göstərmək
istəyirik.
Mən düşünürəm
ki, ölkəmizi Avropada layiqincə təmsil edirik və bundan sonra da fəaliyyətimizə
davam edəcəyik. Qarşıda Azərbaycanla
bağlı bir sıra tədbirləri
keçirməyi planlaşdırırıq.
Fuad Hüseynzadə
Palitra.-2016.-8 mart.-S.7.