“Milli elmi-kulturoloji
mühitimizi lazımi səviyyədə
formalaşdıra bilməmişik”
Aydın Xan: “Ədəbi-mədəni
hadisələrə qiymət vermək, əsas hadisələri
müəyyənləşdirmək zamanı artıq
çoxdan gəlib çatıb”
Bu gün elmin inkişafı kontekstində dilimizin və ədəbiyyatımızın inkişaf etdirilməsi də olduqca önəmli məqamlardandır. Bu baxımdan ədəbiyyatın ədəbi tənqid tərəfi ilə bağlı araşdırmalar maraq kəsb edir. Məlum olduğu kimi, ədəbi tənqid müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Həmçinin ədəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.
Layihə çərçivəsində bizə bu mövzu ilə bağlı fikirlərini Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirdi. Ədəbi tənqid sahəsində baş verən proseslərin elmi yönünü izah edən ekspertin fikrincə, bu sahədə bir sıra problemlər var:
“Son on-on beş ildə baş verən ədəbi-mədəni hadisələrə, ədəbi proseslərə qiymət vermək, əsas hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun zamanı artıq çoxdan gəlib çatıb: “Qloballaşmağa doğru sürət götürmüş çağdaş dünyada baş verən böyük proseslər, xüsusən də mədəniyyətlərin inteqrasiya pərdəsi arxasında intellekt və milli dünyagörüş sistemlərinin yarışı - bəlkə də, daha dəqiq desək, savaşı zamanı zəif dəyərlər dəyişilmiş, dövrün tələblərinə uyğun forma və məzmun rəngarəngliyi meydana çıxıb. Bu fərqli fəlsəfi-estetik dərketmə vasitəsini kifayət qədər sayda anlayan hazırlıqlı fərdlər ortaya çıxıb. Bizdə ədəbiyyatı və yaradıcı sənətin bütün növlərini, o cümlədən ictimai, siyasi, iqtisadi, fəlsəfi, elmi, intellektual, mənəvi, dini, psixoloji sahələri əhatə edən modernizmi və postmodernizmi cəm halda bilən, hətta onlar barədə ümumi məlumatlara malik insanların sayının məhdud olması bu baxımdan tənqidi fikrimizin inkişafına mane olur, mühit formalaşmağa təkan vermir, bir inkişaf etmiş cəmiyyət kimi dünyada özümüzü tanıtmağımıza maneçilik törədir.
Ədəbi tənqidimizin geniş və konkret istiqamətlərini müəyyənləşdirərkən, bir sıra maraqlı nəticələr ortaya çıxdığını görürük. Bu gün milli tənqidimizin dünya ədəbi-fəlsəfi düşüncə standartlarına cavab verəcək dörd əsas yönünü müəyyənləşdirmək mümkündür: ədəbi tənqidin ənənəvi-filoloji istiqaməti; ədəbi tənqidin ideoloji-ictimai istiqaməti; ədəbi tənqidin kulturoloji-estetik istiqaməti; ədəbi tənqidin texnoloji-kreativ istiqaməti”.
Ekspertin fikrincə, son illər göstərdi ki, keçmiş sovet ideologiyasından gen-bol bəhrələnən klassik ədəbi-tənqidi düşüncəmiz artıq son böhran dövrünü yaşadı və tarix arxivinin ədəbiyyat adlı rəfində özünə yer tutdu. Hazırda ədəbi tənqidimizin kulturoloji-estetik istiqaməti daha çox inkişaf edir. Ədəbi tənqidin texnoloji-kreativ istiqaməti barədə araşdırmalar aparan filoloqlar nümunə kimi anadilli mətnləri təhlilə cəlb etməkdə çətinlik çəkirlər. Halbuki ədəbi tənqidin texnoloji-kreativ istiqaməti əvvəlkiləri - həm ənənəvi, həm ideoloji, həm də kulturoloji istiqamətləri özündə birləşdirir və daha çox intellektual ruhuna görə fərqlənir. İnternet və şəbəkə ədəbiyyatının açarı sayılan bu istiqamət dünya səviyyəsində özünün inkişaf sürətinə görə daha çox seçilir.
Özlərini “postmodern” sayan və intellektual gəncliyi, ədəbiyyat meydanında kövrək addımlarını atan yeni ədəbi nəsli, sadəcə, heyrətləndirməklə məşğul olan qələm adamlarının yazıb-yaratmaq haqlarına hörmətlə yanaşsaq da, bəzi fikirlərimizi onlara xatırlamağa məcburuq. Yazı, ədəbiyyat - dünyanın bədii formasının bir parçası olmaqla yanaşı, həm də ictimai-mədəni hadisə, zaman və sivilizasiyanın qeyri-maddi daşıyıcısı sayılır. Sözsüz ki, hər şeydən, istənilən üslubda yazmaq olar, fəqət, mətni - bəşəri harmoniyanın daşıyıcısını korlamaq, ədəbiyyatın ruhunu “qaraltmağa” nə ehtiyac var?! C.Coys, F.Kafka, U.Folkner, Q.Markes, İ.Brodski, U.Eko, O.Pamuk kimi nəhəng qələm ustadları ədəbi-estetik cərəyanlar deyil, böyük sənət əsərləri yaradıblar. Axı bizdə ABŞ, Avropa, Yaponiya, Çin kimi ciddi intellektual ədəbi-fəlsəfi mühit hələ yetişməyib ki, hər yerindən duran yeni estetik cərəyan, fikir təlimləri irəli sürsün. Əlbəttə, bu, həm də bizim hamımızın böyük arzusu olaraq qalır ki, milli estetik düşüncəmizdə dünyaya çıxarılası ən yeni cərəyanlarımız yaransın. Biz hələ onu demirik ki, dünyada gedən estetik-nəzəri, ədəbi-fəlsəfi proseslərdən başı çıxan, ədəbi ictimaiyyətimizə əsl sənət həqiqətini göstərəcək milli Lotmanlarımız, Baxtinlərimiz, Lixaçovlarımız formalaşmayıb.
Fəqət hər şey əksinədir: ciddi tənqidçilərimiz və ədəbiyyat nəzəriyyəçilərimizin öz yaxalarını qırağa çəkmələri ona gətirib çıxarıb ki, modernizm, postmodernizm, intellektualizm, postintellektualizm, multikulturalizm, virtualizm kimi ədəbi-kulturoloji cərəyanlar, metod və sənət görüşləri barədə özlərini eksperimentçi “modern”, yaxud “postmodern” yazar adlandıran cavanlar ordan-burdan eşitdiklərini ədəbi ictimaiyyətimizə, hazırlıqsız oxucularımıza sırımağa nail olurlar. Fitri istedada malik yaradıcı insan yeni sənət cərəyanı, fəlsəfi əksetdirmə metodu təklif edə bilər. Lakin bunun üçün o şəxsin həm də dərin zəkası, çoxqatlı intellekti, başqa sözlə, ciddi intellektual-kreativ səviyyəsi, analitik ümumiləşdirmə və fərqli sistemləşdirmə bacarığı, intuitiv düşüncə sürəti olmalıdır. Təəssüflər olsun ki, son on beş ildə biz özümüzün milli-elmi kulturoloji mühitimizi hələ də lazımi səviyyədə formalaşdıra bilməmişik.
XIX-XX əsrin elmi-psixoloji məktəblərindən - kulturo-tarixi psixologia, psixoanalizm, analitik psixologiya, individual psixologiya, humanitar və koqnitiv psixologiya, həmçinin ötən yüzilinə ən maraqlı, dəbdə olan fəlsəfə istiqamətlərindən - fenomenologiya, fundamental ontologiya, hermenevtika, Frakfurt məktəbinin tənqidi fəlsəfəsi, poststrukturalizm, postmodernizm, analitik fəlsəfə kimi intellektual sahələrdəki fəlsəfi-nəzəri, elmi-estetik düşüncə hadisələrində klassik, eləcə də çağdaş ədəbiyyatın müxtəlif tərəflərini, mahiyyətini açan maraqlı, bəzən isə bir-birinə zidd metodlara, mülahizələrə rast gəlmək mümkündür. Hələ fəlsəfə ilə ədəbiyyatın sintezini işləyən cərəyan və istiqamətləri demirik. Bütün bunlara isə cavab verən ədəbi tənqid məktəbimiz hələ də formalaşmaqdadır.
Çox istərdik ki, “İnternet tribuna”da fikirlərini
bölüşəcək həmkarlarımız bu mürəkkəb problemlər barədə
fikirlərini ədəbi-mədəni ictimaiyyətimizlə bölüşsün, yeni
müzakirələrə rəvac versinlər…
İlkin AĞAYEV
Palitra.-2016.-10 mart.-S.13.