Almaniyada elmin
inkişafına töhfə verən azərbaycanlı alim
Cavid Səfərov:
“Almaniyada müəssisələrdəki elmi-texniki problemlər elmi mərkəzlərin birgə əməkdaşlığı ilə həll edilir”
Bu gün
müxtəlif ölkələrdə elə azərbaycanlı
alimlər var ki,
onların elmi ixtiraları nəticəsində
yeni-yeni zavod və
müəssisələr açılıb. Hətta
onların ixtiraları Avropada, Amerikada qeydiyyatdan keçən
patentlərlə qorunur. Hazırda belə
alimlərimiz öz elmi
fəaliyyətləri ilə Almaniyada da fəallıq göstərirlər. Həmyerlilərimiz
Almaniyada elmin,
texnikanın, səhiyyənin və s.
inkişafında öz töhfələrini
verirlər. Elə müsahibimiz Cavid Səfərov da
yüksək təzyiqlərdə mayelərin istilik-fiziki
xassələrinin araşdırılması sahəsində nəinki
Almaniyada, dünyada
aparıcı alimlərdən biridir. O, Almaniyanın
Rostock Universitetinin Texniki
Termodinamika kafedrasının
daimi elmi işçisidir.
-Öncə oxucularımıza
həyat yolunuz haqqında qısa məlumat vermənizi istərdik.
-Mən 1965-ci ildə Qazax rayonunun Ürkməzli kəndində
anadan olmuşam. 1982-ci ildə Azərbaycan
Texniki Universitetinin Mexanika fakültəsinin “Soyuducu-kompressor maşın
və qurğuları”
ixtisasına daxil olmuşam. 1989-cu ildə
həmin ali
məktəbi fərqlənmə
diplomu ilə bitirərək “Mühəndis-mexanik”
ixtisasına yiyələnərək
elə yuxarıda qeyd etdiyim ixtisas
kafedrasında tədqiqatçı-mühəndis
kimi əmək fəaliyyətinə başlamışam.
1993-cü ildə Azərbaycan Texniki Universitetində “Alifatik spirtlərin və onların binar qarışıqlarının termal
xassələri” mövzusunda
namizədlik dissertasiyasını
müdafiə edərək
texnika elmləri namizədi elmi dərəcəsini, 2005-ci ildə
isə “İstilik və soyuqluq texnikası” kafedrasının
dosenti diplomunu almışam. 2005-2006-cı
illərdə Almaniyanın
Erlangen-Nürnberq Universitetində
elmi işçi kimi çalışmışam.
2006-cı ildən Almaniyanın Rostock Universitetinin
Texniki Termodinamika kafedrasında elmi işçi kimi çalışıram. IAPWS-ın (Beynəlxalq Su və Su Buxarı Cəmiyyəti) Almaniya milli komitəsinin üzvüyəm. Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von
Humboldt (2003-2004, 2007) və Yaponiyanın JSPS (2004) kimi
nüfuzlu elmi təqaüdlərinə layiq
görülmüşəm. 2011-ci ildən kafedranın
daimi işçisiyəm.
-Sizin elmi fəaliyyətiniz, əsasən, hansı istiqamətdədir?
- Mənim elmi fəaliyyətim mayelərin
yüksək təzyiq
və temperaturlarda istilik-fiziki xassələrinin
tədqiqi istiqamətindədir.
1987-ci ildən hələ tələbə
olarkən bu sahədə elmi araşdırmalara başlamışam.
Artıq
300-ə yaxın elmi məqalənin və konfrans çıxışlarının,
1 kitab, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifiyəm.
İndiyə kimi Amerika Kimya cəmiyyətinin, İngiltərənin Kral cəmiyyətinin və dünyanın müxtəlif
ölkələrinin ən
nüfuzlu impakt faktorlu jurnallarında məqalələrim çap
olunub. ABŞ, Almaniya,
Avstriya, Çexiya Respublikası, Fransa, İngiltərə, Portuqaliya,
Rusiya, Slovakiya Respublikası, Türkiyə,
Yaponiya, Yunanıstan, Ukrayna və s. ölkələrdə keçirilən
elmi konfranslarda çıxış etmişəm.
Almaniyanın Rostock Universitetinin Texniki termodinamika kafedrasında rəhbərlik
etdiyim “Mayelərin istilik-fiziki xassələrinin
araşdırılması” elmi qrupu dünyanın
çoxsaylı elm mərkəzləri
ilə müştərək
elmi araşdırmalar
aparır. Bunlara
misal olaraq ABŞ-ın Milli standartlar
(NIST) İnstitutunu, Florida, Wedener,
Marilend universitetlərini,
Türkiyənin “İsı
Bilimi ve Tekniki” cəmiyyətini, eləcə də 20-ə
yaxın ölkənin
müxtəlif elm mərkəzlərini
göstərmək olar.
Dəniz,
okean, çay, termal sularının, ionlu maddələrin, absorpsion soyuducu və günəş istilik sistemlərinin alternativ istilik daşıyıcılarının və s. istilik-fiziki xassələrinin araşdırılması
sahəsində müxtəlif
elmi layihələrə
rəhbərlik edirəm.
-Almaniyada elmlə məşğul olmağın hansı çətinlikləri var?
-Bu tam bir həqiqətdir ki, Almaniya, demək
olar ki, dünya elminin bütün sahələrində
aparıcı ölkələr
sırasındadır. Xüsusilə də maşınqayırma,
tibb və kimya sahəsində Almaniyanın elmi nailiyyətlərini ayrıca
qeyd etmək lazımdır. Bu ölkədə universitetlər
və elmi institutlar ölkənin sənaye müəssisələri
ilə olduqca sıx əməkdaşlıq
edir. Müəssisələrdəki elmi-texniki problemlər
elmi mərkəzlərin
birgə əməkdaşlığı
ilə həll edilir. Demək olar ki, bu birgə çalışmalar
artıq uzun illərin bir mexanizminə çevrilib.
Ona görə də Almaniyada elmlə məşğul olmaq, sadəcə, təcrübələr
aparıb elmi jurnallarda çap etdirməklə bitmir.
Mütləq sənaye müəssisələri
ilə təmasda olmaq lazım gəlir. Bu da,
əlbəttə, cavabdehliyi
çox artırır.
Yəni əldə olunan elmi yenilik birbaşa
sənayedə tətbiq
olunur. İndi təsəvvür edin ki, elmi
araşdırma zamanı
müəyyən səhvə
yol verilib. Bu, çox böyük
texniki və maliyyə probleminə gətirib çixara bilər. Ona görə deməzdim
ki, Almaniyada elmlə məşğul olmaq elə də asandır. Burada, eyni zamanda həm
elmi müəssisələr,
həm də sənaye müəssisələri
arasında rəqabət
olduqca yüksəkdir.
Elmi-texniki problem sənaye müəssisəsi
tərəfindən elan
edilir. İstənilən elmi araşdırma
mərkəzləri bu
problemin həlli üçün öz ideyalarını təqdim
edirlər. Daha düzgün,
qənaətli və tez başa gələn
ideyaya çox vaxt üstünlük verilir. Daha sonra qalib elmi araşdırma mərkəzi ilə birlikdə layihə hazırlanır və əməkdaşlıq başlayır.
Sənaye müəssisələri mütəmadi olaraq layihənin gedişinə
nəzarət edirlər.
Bundan başqa, dövlətin
elm fondları da var ki, bunlarda
da elmi layihələrin
aparılması təxminən
dünyada olan standart proseslərə uyğundur. Bu zaman sənaye ilə birbaşa təmas nisbətən az
olur. Amma elm fondları özləri
layihənin gedişinə
nəzarət edirlər.
-Alman elminə, eləcə də alman cəmiyyətinə
öz fəaliyyətinizlə
nə kimi töhfələr verirsiniz?
-Mən artıq 1999-cu ildən Almaniya elmi ilə əməkdaşlıq
edirəm. Uzun illərdir ki,
Rostok Universitetində
çalışıram. 2007-ci ildən bu
günə qədər
Rostock Universitetində “Mayelərin
istilik-fiziki xassələrinin
tədqiqi” laboratoriyası
qurmuşam. Bu laboratoriyada 5 müasir, tam
avtomatik qurğular çalışır. Hal-hazırda “Sabit həcmli pyezometr” qurğusunu hazırlayıram.
Bu, dünyada analoqu olmayan tam avtomatik qurğu 4000 bar təzyiqə qədər
sıxlıq ölçmək
imkanını verəcək.
Beləliklə də, ilk dəfə
mayelərin sıxlığını
belə yüksək təzyiqlərdə təcrübi
olaraq ölçmək
mümkün olacaq.
Tələbələrə “Texniki termodinamika”, “İsitlik-kütlə mübadiləsi”,
“Yanmanın termodinamikası”,
“Çoxkomponentli termodinamika”
və s. dərsləri
tədris edirəm. IAPWS-ın (Beynəlxalq
Su və Su Buxarı Cəmiyyəti) Almaniya milli komitəsinin üzvüyəm. 2012-ci ildən
başlayaraq hər il “Maddələrin
istilik-fiziki xassələri”
beynəlxalq konfransını
təşkil edirəm.
İlk iki konfransı Almaniyada işlədiyim Rostock Universitetində,
2014-cü ildə Türkiyənin
Dokuz Eylül Universiteti ilə birgə “THERMAM-2014” adı
ilə İzmirdə və 2015-cı ildə isə “THERMAM-2015” adı ilə Bakıda Azərbaycan Texniki Universitetində təşkil
etmişəm. Bakıdakı konfransda dünyanın 13 ölkəsindən 100-dən artıq
qonaq iştirak edirdi. Bunlar Almaniya elminə
verilən bir töhfə olması ilə bərabər, eyni zamanda alman
elminin bu tədbirlərdə birbaşa
iştirakı deməkdir.
-Alman cəmiyyəti azərbaycanlı
alimlərin əməyini
lazımi olaraq qiymətləndirirmi?
-Almaniyada rəqabət qarşısında çalışıb,
elmi iş aparmaq qabiliyyətində olan istənilən elmi işçi üçün şərait
var. Sadəcə, öncə
elmi istiqamətə uyğun elmi qrup ilə əməkdaşlıq
etməyi axtarıb tapmaq, sonra əlaqələr
qurmaq lazımdır. Əlbəttə, dünyanın hər
yerində olduğu kimi, almanlar da görsə ki, sənin elmi potensialın onlara lazımdır, onda səni dəvət edəcəklər.
Bu proseslər, əlbəttə, asan başa gəlmir. Çünki Almaniya texnika
sahəsində dünyanın
ən qabaqcıl ölkələri sırasında
olduğu üçün
xarici ölkələrdən
buraya gəlib işləmək istəyənlər
çoxdur. Sizə bir
sadə misal gətirim. Bu yaxınlarda
internetdə oxudum ki, bir azərbaycanlı
maşın təmiri
ustası 2 il
əvvəl Almaniyaya maşın almaq üçün gəlibmiş.
“Mersedes-Benz” markalı
maşını alır
və Azərbaycana yola düşür.
Təsadüfən elə Almaniya
ərazisində maşını
xarab olur. Servis mərkəzinə gəlir.
Təmir
zamanı görür
ki, almanlar problemi dərindən tapa bilmirlər və məsələni tez həll etmək
üçün böyük
bir hissənin yenisini almağı təklif edirlər. Azərbaycanlı gənc icazə
alır, problemi onlara göstərir və təmir etməkdə də köməklik edir. Sonra Azərbaycana qayıdır.
Bundan 2 il
keçməsinə baxmayaraq,
bu yaxınlarda “Mersedes-Benz”in Almaniya bürosundan ona Almaniyada işə dəvət məktubu gəlir. Almanlar
keyfiyyətli mütəxəssisə qiymət verməyi
yaxşı bacarırlar.
Fuad Hüseynzadə
Palitra.-2016.-10 mart.-S.11.