UNEC şagirdlər arasında ali təhsilə həvəsi
stimullaşdırır
Universitetin
əməkdaşları universitetə savadlı gənclərin
cəlb edilməsi məqsədi ilə Bakının ən
aparıcı məktəblərinə səfər edərək,
yuxarı sinif şagirdləri ilə görüşlər
keçirir
Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq.
Qeyd edək ki, ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçirilib. Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir. Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir. Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac var. Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır.
Məktəbəqədər təhsil üzrə
yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir
Əhali təbəqələri və regionlar arasında, xüsusən, ali təhsilə çıxış imkanları genişləndirilməlidir. Ümumi təhsilin dövlət standartları və proqramları “Təhsil haqqında” qanuna uyğun olaraq təsdiq edilib. Həmin istiqamətdə yeni fənn kurikulumları və dərsliklər ümumi təhsilin I-VI siniflərində tətbiq edilir, VII-XI siniflərində isə həmin məqsədlə işlər davam etdirilir. Məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir. İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanıb, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilib. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiqetmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır. Qlobal iqtisadi inkişafın tələblərinə uyğun şəkildə beynəlxalq təcrübədən istifadə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqini zəruri edir. Ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, regionlarda təhsilin bütün pillələri üzrə, o cümlədən ali təhsil pilləsini əhatə edən yeni təhsil ocaqlarının yaradılması və inklüziv təhsilin tətbiqi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına xidmət edəcək.
UNEC gələcək
tələbələri ilə görüşür
Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən işlər diqqət çəkir. Azərbaycan Dövlət İqtisad Universiteti yeni layihəyə start verib. Layihə çərçivəsində UNEC əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqsədi ilə Bakının ən aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir. Artıq layihə çərçivəsində Bakıda yerləşən “İstək” liseyi, Nəsimi rayon 1 və 54 saylı tam orta məktəblərinə səfərlər təşkil edilib. Görüşlərdə şagirdlərə UNEC haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb. Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Burada təhsil 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. UNEC tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır. Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu UNEC-də əldə etmək imkanını xüsusi maraqla qarşılayıb. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırılıb. Şagirdlərə UNEC haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanınıb və tanıtım videoçarxı nümayiş etdirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində universitetin gənc müəllimləri orta məktəb şagirdlərinə interaktiv təlimlər keçirlər. Layihənin keçirilməsində məqsəd universitet ilə məktəb arasında əlaqələrinin formalaşdırılması, şagirdlər arasında ali təhsilə həvəsin stimullaşdırılması və elmin təbliğatını gücləndirmək, o cümlədən gənc müəllimlərin potensialından səmərəli istifadə etməkdir. Layihənin birinci mərhələsində UNEC-in gənc müəllimi Ramil Cabbarov Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin bir qrup şagirdinə interaktiv təlim keçib. Gənc müəllim R.Cabbarovun təqdimatında keçirilən simulyasiya əsaslı təlimdə iştirakçılar xüsusi aktivlik göstəriblər. Şagirdlərə komanda oyunları formasında liderlik, natiqlik, problemlərin həll olunmasında kreativ yanaşma, analitik düşüncə və qiymətləndirmə metodları üzrə bacarıqlar aşılanıb. UNEC tələbələri də şagirdlərin komanda fəaliyyətlərində dəstəklərini göstəriblər. Maraqlı və dinamik formada keçən təlimdə şagirdlər öz aralarında çarpaz səsvermə üsulu ilə qalibi müəyyənləşdiriblər. Layihə çərçivəsində digər məktəblərin şagirdləri ilə mütəmadi görüşlər təşkil ediləcək.
Gənc fiziklərin yaradıcılıq müsabiqəsi
Yeri gəlmişkən qeyd edək ki, Bakı şəhər məktəblilərinin
fizika fənninə olan
marağının daha da
artırılması, onların bu sahədə
bilik səviyyəsinin yüksəldilməsi
və istedadlı şagirdlərin aşkara
çıxarılması məqsədilə “Gənc fiziklərin
yaradıcılıq müsabiqəsi” keçirilir.
Müsabiqədə paytaxtın ümumtəhsil məktəblərinin
və məktəbdənkənar təhsil müəssisələrinin
VIII-X sinif şagirdləri iştirak
edirlər. Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən bildiriblər ki,
müsabiqənin təhsil müəssisələrində
keçirilən birinci və ikinci mərhələsi artıq başa çatıb. Müsabiqədə
üç nəfərdən ibarət komandalar iki akademik saat ərzində
ümumtəhsil və məktəbdənkənar təhsil
müəssisələrinin proqramlarına uyğun
olaraq fizika fənni
üzrə 30 sualdan ibarət testi, beş məsələni
və bir praktik işi yerinə yetiriblər. Qaliblər ekspert qrupu tərəfindən
beş bal sistemi ilə müəyyənləşdirilib,
çox bal toplayan komanda qalib hesab olunub.
Yarışmanın final mərhələsində
hər rayondan birinci və
ikinci yerləri tutan iki komanda olmaqla
ümumilikdə 24 komanda iştirak
edəcək. İlk üç
yeri tutan komandalar qalib hesab olunacaq.
Anar Miriyev
Palitra.-2016.-11 mart.-S.13.