“Şirkətlərin universitetlərlə sıx çalışması kadr potensialını təmin edəcək”

 

Elvin Aslanov: “Belə bir əməkdaşlığın inkişafında Azərbaycan Tələbələr Birliyi olaraq istənilən dəstəyi verməyə hazırıq”

Müsahibimiz Azərbaycan Tələbələr Birliyinin təsisçisi və sədri Elvin Aslanovdur.

 

(əvvəli ötən sayımızda)

 

- Azərbaycan ali təhsilində baş verən prosesləri tələbələrlə bağlı olan birliyin sədri kimi necə qiymətləndirirsiniz?

- Qeyd etdiyim kimi, hər il daha yaxşı nəticələr görürük. Təhsil sahəsində, xüsusilə də ali təhsil sahəsində aparılan islahatlar təqdirəlayiqdir. Amma çatışmazlıqlar və ya deyək ki, bizi narahat edən məsələlər də az deyil. Məsələn, biz hər zaman təhsil haqlarının yüksək olmasını qeyd etmişik. Çünki təhsil haqlarının yüksək olması bir çox savadlı və ya xüsusi istedada malik gəncləri ali təhsildən uzaqlaşdırır. Halbuki bu gənclər gələcəkdə ölkəyə faydalı ola bilərlər. Bəli, dövlət sifarişi ilə təhsil alan gənclərimizin sayı həddindən artıq çoxdur. Amma öz hesabına təhsil alan gənclərin də sayı kifayət qədərdir ki, burada da təhsil haqlarının çox olduğunu qeyd etməsək, olmaz. Buna görə də təhsil haqlarının verilməsi ilə bağlı bir sıra məsələlər reallaşdırıla bilər ki, bunlardan biri də tələbələrə faizsiz təhsil kreditlərinin verilməsidir. Digər bir məsələ özəl sektorun ali təhsillə əlaqəsinin və ya əməkdaşlığının zəif olmasıdır. Halbuki ali təhsilin inkişafında birbaşa maraqlı olmalı olan sektor məhz özəl sektordur. Çünki universiteti bitirən gənclər gələcəkdə müxtəlif şirkətlərin inkişafına birbaşa yardımçı olacaqlar. Buna görə də şirkətlər indidən gələcək inkişaflarına investisiya qoymaq üçün universitetlərdə olan təhsilin daha da yüksək səviyyədə olmasında maraqlı olmalıdırlar. Məsələn, şirkətlər universitetlərdə müxtəlif mövzular ətrafında təlim və seminarlar təşkil edə bilərlər, savadlı və ya xüsusi fərqlənən tələbələrə təqaüdlər verə bilərlər, tələbələrin praktiki biliklərinin inkişafı üçün təcrübə proqramları təşkil edə bilələr və s. Məhz bununla da şirkətlər gələcəkdə onlarla çalışacaq kadrların yüksək səviyyədə hazırlanması prosesinə töhfə vermiş olarlar. Məsələn, tibb şirkətlərinin Tibb Universiteti ilə, tikinti şirkətlərinin Memarlıq və İnşaat Universitetilə, maliyyə və bank sektorunda çalışan şirkətlərin İqtisad Universitetilə, turizm sahəsində çalışan şirkətlərin TurizmMenecment Universitetilə sıx çalışması ali təhsilin inkişafına dəstək verməklə yanaşı, həmin şirkətlərin gələcək yüksək səviyyəli kadr potensialını təmin edəcəkdir. Biz siyahını daha da uzada bilərik. Məhz belə bir əməkdaşlığın inkişafında Tələbələr Birliyi olaraq istənilən dəstəyi verməyə hazırıq.

- Azərbaycan tələbələrinin asudə vaxtlarını səmərəli keçirmələri ilə bağlı hansı fikirləriniz var?

- Məncə, tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Hər bir regionda artıq Gənlər Evi vardır. Artıq hər bir rayonda belə evlərin tikilməsi prosesi gedir. Bundan başqa, dövlətin dəstəyi sayəsində hər il yüzlərlə gənclər təşkilatının layihələri maliyyələşdirilir ki, burada da əsas məqsəd gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkilidir. Habelə Gənclər Fondu da fərdi gənclərin layihələrini maliyyələşdirir ki, bu da məhz gənclərin öz ideyalarını reallaşdırması üçün əla fürsətlər verir. Gördüyünüz kimi, asudə vaxtın səmərəli təşkili üçün kifayət qədər imkanlar vardır. Əsas odur ki, gənclər asudə vaxtlarının təşkilini düzgün etsinlər. Həm istirahət etsinlər, həm də öz şəxsi inkişaflarını təmin edə bilsinlər. Əsas məsələ gənclərimizin sağlam yetişməsidir ki, gələcəkdə, qeyd etdiyim kimi, dövlətə, millətə faydalı ola bilsinlər.

- Ali təhsildə islahatlarla bağlı hansı fikir və təklifləriniz ola bilər?

-              Az öncə qeyd etdiyim kimi, əsas məsələ universitet və özəl sektor əməkdaşlığını təmin edə bilməkdir. Bunun üçün bütün səylər göstərilməlidir. Hətta özəl sektoru stimullaşdırmaq üçün addımlar atıla bilər. Əsas məqsəd universitetlərimizi təhsil baxımından daha cazibədar yer edə bilməkdir. Yəni tələbələr universitetə girdikləri vaxt buradan çıxmaq barədə deyil, universitetdən maksimum faydalanmaq barədə düşünməlidirlər. Bundan başqa, universitetlərimizi təhsilin transfer mərkəzi rolundan çıxarmaq lazımdır. Bizim universitetlərin daha çox etdikləri müəyyən bilik və bacarıqları tələbəyə ötürməkdən ibarətdir. Halbuki dünya təcrübəsi göstərir ki, universitetlərin dəyəri onların araşdırma istiqamətlərinin çəkisi ilə ölçülür. Bir universitet nə qədər çox araşdırma edərsə, bir o qədər çox dəyərli universitet sayılır. Azərbaycandakı universitetlərdə də bunu təşviq etmək lazımdır. Müəllimlərimiz təkcə dərs deməməli, öz ixtisas və mövzularına uyğun olaraq araşdırma aparmalı, universitetlərində akademik həyata daha çox fayda verməlidirlər. Bunun üçün dövlətin universitetlərə dəstəyi də çoxaldılmalıdır. Məhz araşdırma istiqaməti güclü olan universitetlərdə akademik həyat zəngin ola bilər ki, bundan da tələbələr faydalanaraq daha da yaxşı təhsil ala bilərlər.

Digər mühüm məqam da universitetlərimizdə olan maddi-texnikin bazanın ən yüksək səviyyəyə gətirilməsidir. Kampus infrastrukturu ölkəmizdə yaradılmalıdır ki, tələbələrin öz təhsillərinə fokus ola bilməsi təmin olunsun. Yəni bir məkanda həm universitet, həm yataqxana, həm kitabxana, həm sosial həyatı dəyərləndirmək üçün müxtəlif yerlər, həm idman kompleksləri olmalıdır. Bununla da universitetlərimizdə daha da keyfiyyətli təhsilə şərait yaratmış olarıq. Şəxsi fikrim bundan ibarətdir ki, universitetlər üçün regionlarımızda da kampuslar tikilə bilər. Bu, ölkəmizə regionlarımızın sosial-iqtisadi inkişafı baxımından da böyük imkanlar vermiş olar. Ona görə də regionlarda universitetlərə kampus tikintisi üçün şərait yaratmaq lazımdır ki, universitetlər özlərinə ən yüksək standartlara cavab verən kampuslar yarada bilsinlər.

- Tələbələrə hansı tövsiyələriniz ola bilər?

- Mən yalnız tələbələrə daha yaxşı təhsil almaqdayanmadan öz üzərlərində çalışmağı tövsiyə edə bilərəm. Bu günün reallığı ondan ibarətdir ki, ali təhsil, bəzən heç də hər bir şeyi həll eləmir. Daha peşəkar kadr olmaq üçün digər bacarıq və biliklərə sahib olmaq lazımdır ki, bunu da heç bir universitet tələbəyə vermir. Ona görə də akademik təhsillə yanaşı müxtəlif ictimaisosial fəallıq, QHT-lərin işində iştirak etmək, praktiki təcrübə proqramlarına qatılmaq, xarici ölkələrdə keçirilən tədbirlərə getmək və bu kimi digər fəaliyyətlər tələbəyə daha çox şey qazandıracaq. Buna görə də mən bütün tələbələri ən azından tələbəlik dövrlərində ictimai fəal olmağa çağırıram.

- Xaricdə təhsil məsələləri ilə bağlı hansı fikirləriniz var?

- Düşünürəm ki, xaricdə təhsil hər zaman önəmlidir. Bir çox dövlət öz gənclərinin xaricdə təhsil almasını dəstəkləyir. Bu, xarici təcrübənin ölkəyə gətirilməsi baxımından çox önəmlidir. Prezident İlham Əliyevin “2007-2015 xaricdə təhsil üzrə dövlət proqramı” ilə bağlı qərarı ölkəmizin gələcək həyatı üçün çox önəmli idi. Cənab Prezident hər zaman xaricdə təhsilin önəmini və insan kapitalına verilən dəyəri nümayiş etdirir. Buna görə də biz gənclər olaraq cənab Prezidentə çox minnətdarıq.

Amma, düşünürəm ki, postneft dövrünü yaşayan bir ölkə kimi xaricdə təhsilə ayrılan maliyyəni öz təhsilimizin inkişafına yönəltsək daha faydalı ola bilərik. Təbiidir ki, burada müəyyən məqamların nəzərə alınması vacibdir. Düşünürəm ki, bu sahədə ən yaxın zamanda cənab Prezidentin qərarını və hökümətin atdığı addımları görəcəyik.

 

İlkin AĞAYEV

Palitra.-2016.-11 mart.-S.6.