“Daxili enerji
ehtiyatını 100 faiz bərpa olunan enerjidən almaq üçün kifayət qədər
potensialımız var”
Orxan Kərimzadə: “Bizdə
professorun əsas işi mühazirə oxumaqdır, amma bu,
doğru deyil, professorun əsas vəzifəsi tədqiqat
aparmaq olmalıdır”
Müsahibimiz London İmperial Kollecində Dayanıqlı Enerji mənbələri ixtisası üzrə
magistr təhsili alan Orxan Kərimzadədir:
-Mən, Kərimzadə Orxan 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Neft və Sənaye Universiteti) Energetika fakültəsində və Cənubi Koreyanın KAİST (Koreya Yüksək Elm və Texnologiya Universiteti) Universitetində Elektrik və elektronika ixtisası üzrə bakalavr təhsili almışam. Hazırda Böyük Britaniyanın London İmperial Kollecində dayanıqlı enerji mənbələri ixtisası üzrə magistr təhsili alıram. Ümumilikdə bir kitab və 10 elmi məqalənin müəllifiyəm. Məqalələrim dünyanın bir neçə ölkəsində beynəlxalq jurnal və konfranslarda nəşr olunub. Mən dayanıqlı enerji mənbələri üzrə təhsil alıram. Buna bərpa olunan enerji mənbələri və nüvə enerjisi daxildir. Hər bir olkə mövcud enerji mənbələrindən maksimum istifadə etməyə çalışır. Təbii ki, bu sahədə də kifayət qadər texniki və iqdisadi problemlər və çətinliklər var. Əsas problemlərdən biri odur ki, bu tip stansiyalar, adətən, böyük ilkin investisiya tələb edir, bunun üçün dövlətin dəstəyinə və investorların cəlb olunmasına ehtiyac yaranır. Texniki problemlər elmin daha geniş sahələrini əhatə edir. Bir çox layihələrimizdə elektrik, kimya, mexanika, tikinki mühənisləri və iqdisatçılar bir yerdə çalışırlar. Hal-hazırda Virtual Elektrik Stansiyaları və Ağıllı şəbəkə (Smart Grid) mövzusu üzərində tədqiqat aparıram. Virtual elektrik stansiyaları energetikada yeni və trend mövzudur və çox az sayda tədqiqatçılar bu mövzuda tədqiqat aparırlar. Bu texnologiyanın əsas məqsədi bərpa olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyası zamanı yaranan problemləri və şəbəkənin optimallaşdırılması məsələlərini əhatə edir. İstənilən ölkə böyuk həcmdə bərpa edilən enerjidən istifadə etdikdə, bu problemlə rastlaşır. Optimallaşdırma istehsal olunan enerjinin qiyməti, ətraf mühitə təsiri və bir çox digər parametrləri nəzərə almaqla aparılır.
- Alternativ
enerji bu gün dünyada enerji sektorunda ən vacib amillərdən hesab edilir. Bu baxımdan Azərbaycanda
həyata keçirilən tədqiqatları və
görülən işləri necə qiymətləndirmək
olar?
- Bu sahədə Azərbaycanda artıq müəyyən işlər görülüb. Prezidentin 1 fevral 2013-cü il tarixli fərmanıyla Alternativ və Bərba Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Əsasnaməyə əsasən Agentlik - Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Artıq Azərbaycanda bir neçə külək, Günəş və bioenergetik qurğular və stansiyaları fəaliyyət göstərir. Amma bu kifayət deyil, bizim böyük külək və Günəş enerjisi potensialımız var, bu ponetsialdan maksimum istifadə etməliyik.
-Bu
sahədə Azərbaycanda təhsil və elm
səviyyəsində hansı işlər görülüb?
Hansı fənlər və elmi-tədqiqat əsərləri ortaya çıxıb? Onların səviyyəsini
necə qiymətləndirərdiniz?
- Təəssüf olsun ki, təhsil müəssisələrimizdən yalnız Azərbaycan Texniki Universitetində bu sahə üzrə ixtisas var. Baxmayaraq ki, bir neçə ali təhsil müəssisəmizdə energetika fakültələri var, amma heç birində bərpa olunan enerji tədris olunmur. Müasir dövrdə bərpa olunan enerji olmadan enerqetikadan danışmaq və tədris etmək mənasızdır. Bu sahədə elmi-tədqiqatların aparılmasına böyük ehtiyac var. Burada Təhsil Nazirliyinin öhdəsinə böyük iş düşür. Çünki bizim universitetlərdə tədris olunan tədris planlarının yenilənməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Elmlər Akademiyasının bir neçə tədqiqat institutunda bu sahədə dissertasiyalar yazılıb, amma bu əsərlərin əksəriyyətinin keyfiyyəti çox aşağıdır. Elmin istənilən sahəsində keyfiyyətli dissertasiya və ya kitab yazmaq üçün ilkin olaraq müəllif, ingilis dilini mükəmməl bilməlidir. Çünki dünyada aparılan tədqiqatlardan məlumatsız tədqiqat aparmaq mümkünsüzdür, bunun üçün də elmin dili olaraq ingilis dili mütləq lazımdır. Bizim professor və alimlərimizin əksəriyyəti Sovet təhsilli olduğu üçün bir çox hallarda bizdə yazılan məqalələr ya Azərbaycan, ya da rus dilində olur. Amma Azərbaycan elminin tanınması üçün beynəlxalq elmi jurnal və konfranslara çıxmaq lazımdır.
-Bu
barədə xarici təcrübənin Azərbaycanda
tətbiqi səviyyəsini necə qiymətləndirirsiniz?
- Alternativ enerjinin tətbiqində xarici təcrübədən istifadə olunması qaçılmazdır. Dünyada bu sahədə illərdir böyük tədqiqatlar aparılır və kifayət qədər uğurlu şirkətlər var. Bizim bu sahədə yetərli mütəxəssislərin olmaması, istənilən layihənin həyata keçirilməsi üçün xarici mütəxəssislərə müraciət etməli oluruq.
İlkin mərhələdə bu normaldır, amma bu proseslərə mütləq yerli mütəxəssislər cəlb olunmalıdır. Ölkəmizdə alternativ enerjiylə məşğul olan çox az şirkət var. Burada əsas məsələ qeyd etdiyim nəzarət və dəstək mexanizm və qanunlarının olmasıdır. Bu prosesdə əsasən, dövlət böyük rol oynayır, bu bütün dünyada belədir. Xarici ölkələrdə tətbiq olunan güzəştlərin arasında Azərbaycan üçün, nəqliyyat sistemi və ümumilikdə iqdisadiyyat kimi sahələrin inkişafı bununla sürətləndirəcək.
İlk öncə qeyd edim ki şirkətlər üçün alternativ enerji gəlir mənbəyidir. Bərba olunan enerji layihələrinə investisiya qoymaqla, ənənəvi enerjiyə nisbətən daha qısa müddətdə gəlir götürə bilərsiniz. Dövlət üçün bu cür layihələrin tətbiqinin bir neçə müsbət tərəfi var. Bununla neft-qaz asılılığından qurtulmaq, qlobal istiləşmənin qarşısını almaq olar. Hal-hazırda bərpa olunan enerjidən alınan enerji ənənəvi enerjidən bir neçə dəfə bahadır. Amma bu sahədə aparılan tədqiqatlar nəticəsində bu qiymətlər ildən-ilə düşür. Məsələn, siz Günəş panellərindən istehsal etdiyiniz enerjini elektrik şəbəkəsinə aldığınızdan daha baha qiymətə sata bilərsiniz, bununla da əlavə gəlir əldə etmiş olursunuz, buna “feed-in” tarifləri deyirlər. Bu tariflər hər bir ölkədə və hər bir enerji mənbəyi üçün fərqlidir. Bu tarifləri təyin etmək üçün də ciddi tədqiqata ehtiyac var. Məsələn, qonşu Türkiyədə alternativ enerji mənbələri üçün çox yüksək tariflər və sərfəli dəstək mexanizmləri var, bu da Türkiyəni beynəlxalq investorlar üçün çox cəlbedici edir. Bildiyim qədərilə, ABEMDA-da bu sahədə müəyyən işlər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bizdə də bu cür tarif sistemləri tətbiq olunacaq.
-Azərbaycanda bu sahədə maksimum
nailiyyətlər əldə etmək üçün
hansı tədbirlərə və islahatlara
ehtiyac var?
- Azərbaycanın daxili enerji ehtiyatını 100% bərpa olunan enerjidən alması üçün kifayət qədər potensialı var. İlkin olaraq alternativ enerjidən danışmaq üçün ölkədə bu sahədə tənzimləyici qanunlar və dəstək mexanizmləri olmalıdır. Bu, inverstorların cəlb olunması üçün və insanların bərpa olunan enejidən istifadəsini həvəsləndirmək üçün ilk şərtdir. Dünyada, fərqli dövlətlərdə tətbiq olunan bir neçə dəstək mexanizmləri mövcuddur. Hər bir dövlət bu qanunları fərqli formada və daxili maraqlarına uyğun tətbiq edir. Azərbaycanda bu cür tənzimləyici qanunlar baxımından ciddi boşluqlar var, ilk növbədə bunları aradan qaldırmaq lazımdır. Bu mexanizmlər olmasa, alternativ və bərpa olunan enerjinin inkişafı mümkünsüzdür. Eyni zamanda əhali arasında geniş təbliğat kampaniyası aparmaq lazımdır. Butun Avropa Birliyi ölkərlərində olduğu kimi, bizim də alternativ və bərpa olunan enerjidən istifadəyə dair hədəflərimiz var. İlkin hədəfimiz 2020-ci ilə kimi istehsal olunan enerjinin 20% alternativ enerjidən alınmasıdır.
-Bu sahə üzrə ölkəmizdə mütəxəssislərin yetişdirilməsi üçün hansı işlər görülməlidir?
- Qeyd etdiyim kimi, bərpa olunan enerjinin inkişafında elmi-tədqiqatlar çox önəmlidir. Təhsil müəssisələri və tədqiqal institutlarıyla bu sahədə fəaliyyət göstərən şirkətlər və dövlət qurumlarıyla sıx əməkdaşlıq qurulmalıdır. Elmi-tədqiqatın aparılması üçün də maliyyə dəstəyinə ehtiyac var. Eyni zamanda xarici tədqiqat institutlarıyla da əlaqələr qurulmalı və müştərək tədqiqatlar aparılmalıdır. Məsələn, xarici olkələrdəki layihələrə baxsanız, bunların əksəriyyəti bir neçə yerli və xarici universitetin, şirkətin və tədqiqat mərkəzlərinin ortaq layihələridir.
Mütəxəssisin yetişməsi üçün iki şey lazımdır: təhsil və təcrübə. Həs kəsi xaricdə oxutdurmaq mümkün deyil. Yerli universitetlər xarici universitetlərlə ortaq proqramlar yaratmalıdırlar. Həmin universitetlərdəki professorları dəvət edib, qısamüddətli də olsa, yerli universitetlərdə mühazirələrini təmin etmək lazımdır. Onu da qeyd edim ki, bizdə professorun əsas işi mühazirə oxumaqdır, amma bu, doğru deyil, professorun əsas vəzifəsi tədqiqat aparmaq olmalıdır.Təhsil Nazirliyindən verilən məlumata görə, xaricdə təhsil üzrə yeni dövlət proqramı hazırlanır. Düşünmürəm ki, bu proqramda hər bir dövlət müəssisəsinə kvotalar verilməlidir və onlar öz tələblərinə uyğun istiqamətlər üzrə təhsil almaq üçün tələbələri seçməlidirlər.
İlkin AĞAYEV
(Bakı-London-Bakı)
Palitra.-2016.-12 mart.-S.11.