Yarım əsrdən sonra
görüşdük
Həyatda elə anlar olur ki, ömür boyu unudulmur, heç vəchlə yaddan çıxmır, insan o ana qədər o anların xatirəsi ilə yaşayır və onları özüylə bir də o dünyaya aparır. Orta məktəbdə oxuduğumuz illərin xatirələri də belələrindəndir. Elm, bilik öyrədən, gözlərinin nurunu zərrə-zərrə şagirdlərin yolunda xərcləyən, onların təlim-tərbiyəsi üçün cani-dildən çalışan cəfakeş müəllimlərin işıqlı simaları gözümüzün qabağından getməz.
Doğma kəndimizdə dərs aldığım yeddiillik təhsilliləri, müəllimlərimiz, uşaqlığım, torpaq döşəməli sinif otaqları və primitiv məktəb binası, xüsusən əlimə ilk dəfə qələm almağı, yazmağı və hesablamağı öyrətmiş orta savadlı pedaqoqlar, ucqar dağ kəndində küləşli damlarda ötən əsrin 50-ci illərinin kasıbyana dolanışıq həyat tərzi şirin xatirələrlə yaddaşıma həkk olunub. Bəzən də kənd yerində yağmurlu günlərdə rezin qaloşlar corabsız ayaqdan çıxaraq palçıqda qalıb və məktəbə çırmanaraq ayaqyalın getmək məcburiyyəti yaranıb. Nə bu kimi hallar, nə də müəllimlərin sərt davranışı bizi dərsdən bezikdirib, ya da məktəbdən uzaqlaşdırıb. Əksinə, öyrətmək üçün hər cür fiziki cəzalar belə müəllimləri bizə sevdirib, onları unudulmaz edibdir. Bunları bütün səmimiyyətimlə deyirəm. Bu sözlər ürəkdən gələn həqiqi kəlamlardır, daha doğrusu, vicdanımın səsidir. Səkkizinci sinfi qonşu kənddə alıb, orta təhsili tamamlamaq məqsədilə 1962-ci ildə kəndimizə yaxın başqa rayona Yardımlıya üz tutduq və qəsəbənin mərkəzində oxumalı olduq. Üçillik təhsil bizə çox şey öyrətdi. Birinci növbədə mətinlik və çətinliklərə dözmək bacarığı formalaşdırdı.
Qarlı-çovğunlu günlərdə həftədə bir dəfə on kilometrlərlə dağ yolunu piyada gedib-qayıtmaq asan deyildi. Normal şəraiti olmayan yataqxanada bəzən odsuz- ocaqsız yaşamaq, boyat çörəklə qidalanmağa vərdiş etmək uşaqlardan xüsusi məharət və dözümlülük tələb edirdi. Lakin oxumağa həvəs və o zaman M.F.Axundovun adını daşıyan Yardımlı qəsəbə orta məktəbində işləyən əsl ziyalılıq nümunəsi sayılan müəllimlərin dövrün tələblərinə cavab verən tədris işləri, tələbkarlıqları, canlı və əyani dərs məşğələləri, bir də həmin kollektivə rəhbərlik edən Fəzail Məşədi Yusif oğlu Əkbərovun möhtəşəmliyi, məktəbi bacarıqla idarəetmə qabiliyyəti, iş üslubu şagirdləri stimullaşdırır və onların əzmkarlığını birə-on qat artırırdı. Ona görə də məktəbin məzunlarının ali məktəblərə imtahan verib asanlıqla qəbul olunması heç də təəccüb doğurmurdu.
Bizim hər birimizə əziz olan Yardımlı qəsəbə orta məktəbi və oradakı müəllimlərin işlərindən bəhs edən yazım oxucuların bir qisminə tanışdır. Həmin təəssüratları təkrarlamaq istəmirəm. Lakin düşünürəm ki, Yardımlı 1 saylı orta məktəbində keçirilən "Məzun günü" barədə yazmaq və oxucuları məlumatlandırmaq maraqlı olar.
Əvvəlcədən qərara alınmışdı ki, "Məzun - 50 " tədbiri dərs ilinin əvvəlində keçirilsin.
Payız fəslinin, sözsüz ki, özünəməxsus gözəlliyi var. Amma kənd yerlərindəki yolsuzluq şəraiti çətinliklər yaradır. Belə günlərin birində şıdırğı yağan yağış altında evdən çıxdıq. Bilirdik ki, yoldaşların tədbirə gəlməsinə, bir yerə cəm olmasına maneçilik yaranacaq. Əvvəlcə keçmiş sinif yoldaşım Rəfail Camalova zəng etdim (O hazırda Müdafiə Sənayesi Nazirliyinin "Neft-qaz avtomat" elmi-istehsalat müəssisəsində işləyir) və soruşdum ki, haradasınız? Rəfail müəllim cavab verdi ki, artıq Yardımlıdadır, qohumlarının evindədir və Bakıdan dünən Şərqiyyə müəlliməylə birgə gəliblər. Doğrusu, Şərqiyyə İsmayıl qızının gəlməsini eşidəndən sonra rahatladım, ovqatım duruldu. Çünki o, orta məktəbdə bizə dərs deyən müəllimlərdən sağ qalan yeganə şəxs idi. Onun Bakı şəhərindən Yardımlıya gəlməsi üçün iki aydan çox vardı ki, telefon danışığımız olurdu. Şərqiyyə xanım, canının ağrısını və yolun uzaqlığını əsas gətirərək bu tədbirə qatıla biləcəyinə qəti əmin deyildi. Amma Rəfail Camalov və Vaqif Rzayev söz vermişdilər ki, onu öz şəxsi maşınlarında mütləq gətirəcəklər.
Məktəb yoldaşlarımdan bir neçəsi dünyasını dəyişmişdi. Bununla belə, bəzilərini arayıb-axtarmaq mümkün olmamışdı. Eləsi də nəsə bəhanə gətirib tədbirə gəlməkdən yayınmışdı. Heç bir səbəb olmadan görüşə gəlmək istəməyənlərdən yalnız biri haqqında qısaca danışmaq, məncə, yersiz sayılmaz. Həmin adam mərkəzi şəhərlərin birində yaşayır. Adını konkret çəkmək istəmirəm. Tədbiri hazırlayan ərəfələrdə onunla telefonla danışdım və təyin olunmuş gündə Yardımlıya gəlməyini rica etdim. "Əlli ildən sonra görüşməyin, keçmiş gənclik illərini xatirə gətirməyin, dostlarla bir məclisdə yığışıb söhbətləşməyin mənası və əhəmiyyəti böyükdür" deyib, bu fürsətdən onu yararlanmağa çağırdım. İkinci dəfə zəng vuranda telefona yeniyetmə bir oğlan uşağı cavab verdi və atasının Moskvaya getdiyini bildirdi, nə vaxt qayıtmasını da demədi. 10-15 gün keçəndən sonra zəng etdim ki, Moskvadan qayıdar, danışa bilərik. Nə yaxşı ki, telefona özü cavab verdi. Salamlaşdıq. Elə ki səsimdən məni tanıdı, tez mobil telefonu həyat yoldaşına verib: "De ki, Moskvadan hələ qayıtmayıb", - dedi. Həyat yoldaşı isə cavab verdi ki, "mən yalan deyə bilmərəm, əvvəl özün telefona cavab verirsən, sonra gizlənirsən, ayıbdır", daha sonra telefonu qapatdılar.
Çox təəssüfləndim, ixtisasca müəllim, ali təhsilli tərbiyəçi-pedaqoq olan, hazırda isə toylarda tamadalıq edən bu zat özü yalan danışmaqdan çəkinmir, azyaşlı uşağını və arvadını da yalan danışmağa sövq edirdi. Halbuki tədbirqabağı günlərdə və sonralar məzunların, demək olar ki, böyük əksəriyyəti işin təşkilatçılarına dönə-dönə minnətdarlıqlarını bildirirdilər.
Görüşümüz baş tutdu. Sevimli müəlliməmiz Şərqiyyə xanımı ziyarət etmək bizə qismət oldu. Onun tanış çöhrəsini, əzəmətli baxışlarını yenidən görmək hamımızı məmnun etdi. Şagirdləri bir-bir onun əllərini öpür, hal-əhval tuturdular.
Vaxtilə M.F.Axundovun adını daşıyan, hazırda 1 saylı orta məktəbin geniş bir sinif otağına daxil oluruq. İyirmi iki nəfər "şagird" zəngin çalınmasını gözləyir. Onu deyim ki, 1962-ci ildə məktəbi 52 nəfər bitirmişdi. Riyaziyyat müəlliməmiz Şərqiyyə xanım rəmzi olaraq bizə həndəsə dərsini tədris edir. Sonra məktəbin zalında toplaşırıq. Yığıncağı açan tədris hissə müdiri Mirhümmət müəllim dünyasını dəyişən müəllimlərimizin, məktəb yoldaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş etdi.
Yardımlı şəhər Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov rayonun tarixində maarifin inkişaf mərhələləri 1960-cı illərin müəllimləri və ziyalıları haqqında məlumat verdikcə slayd vasitəsilə onların həyatından fraqmentləri əks etdirən şəkillər nümayiş olundu. Toplantını idarə edən şair Əlisəfa məzunlara və yığıncaq iştirakçılarına bir-bir söz verdi. Yeri gəlmişkən qeyd edim ki, Yardımlı Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul şəxsləri yığıncaqda iştirak edirdilər. Keçmiş müəllimlərlə bağlı xatirələr çözələndi, təəssüratlar yaşandı.
Şərqiyyə müəllimənin çıxışı maraqla dinlənildi. Onun Yardımlıya gəlişini eşidən ictimaiyyət nümayəndələrindən bir neçəsi mərasimə gəlmişdi.
Həkim Himayət çıxışında qeyd etdi ki, bu tədbir bizə örnək oldu. Güman edirəm, məzunlar bundan sonra belə gözəl ənənəni yaşadacaqlar.
Maraqlıdır, Şərqiyyə müəlliməyə bu qədər məhəbbət, sayğı hardan qaynaqlanıb? Axı o illərdə xanım müəllimə sinifdə sərt rəftarı ilə tanınırdı. Yeri gələndə uşaqlara fiziki cəza verməkdən çəkinmirdi. Pedaqogika elmi fiziki cəzaya qadağa qoyduğu təqdirdə qaydaların ziddinə getmək olardımı?
Bəli, hörmətli müəlliməmiz yalnız öyrətmək naminə qərarlaşmış normaları pozur, çətin predmetin aşılanmasında şagirdlərin çaşqınlığına, tənbəlliyinə dözməyərək güzəştə getmir, tələbkarlığını bir an belə azaltmırdı.
Sədi Şirazinin mənzuməsi yada düşür. Bir şah oğlunu məktəbə göndərərkən ona bir qızıl lövhə verir. Lövhənin üzərində zərlə yazılmışdı: "Cövri-ustad beh zimehripədər" (Müəllimin əziyyəti atanın məhəbbətindən yaxşıdır).
Böyük maarifçi, şair S.Ə.Şirvani isə "Alimlərə hörmət haqqında moizəsi"ndə yazırdı:
Adəm ol, incimə qiraətdən,
Çubi-molla çıxıbdu cənnətdən".
" Çubi-molla" deyəndə mollanın çubuğu nəzərdə tutulur.
Əlbəttə, məktəblərdə fiziki cəza verməyin qətiyyən tərəfdarı deyilik. Ancaq çoxillik müəllimlik təcrübəsinə əsaslanaraq qeyd edirik ki, yeri düşəndə tərbiyəsiz və tənbəllərə qarşı sərt olmaq gərəkdir və bu qaçılmazdır. Əgər müəllim ipə-sapa yatmayan şagirdi bir şillə ilə cəzalandırırsa, bunu ictimaiyyətdə sensasiyaya çevirmək və ya radio-televiziyada haray-həşir salmaq, fikrimizcə, məqbul deyil. O hansı valideyndir ki, övladını bu və ya digər hallarda cəzalandırmır? Elə vaxt nəsihət silləsini dadızdırmaq vacibdir. Eyni zamanda müəllim savadı, biliyi, davranışı və mədəniyyəti ilə şagirdlərinə nümunə olmalı, tədris etdiyi fənni sevdirməli, özünə qarşı sevgi yaratmalı, uşaqları, məktəbliləri gələcəyə hazırlamağı yüksək dərəcədə bacarmalıdır.
Yardımlı qəsəbə orta məktəbində o vaxt bunları görmüşük, görüb-götürmüşük və praktik qaydada faydalanmışıq.
Ona görə də bizə dərs deyən müəllimləri həmin keyfiyyətlər unudulmaz edib, həyatda etalona çeviribdir.
Tədbirin rəsmi hissəsindən sonra məzunlar keçmiş məktəb yoldaşları Şahsuvar Muxtarovun rəssamlıq sərgisi ilə tanış oldular və təbiət təsvirinə çəkilmiş bir tablo Şərqiyyə müəlliməyə hədiyyə edildi. Bundan sonra yemək stolunda, süfrə ətrafında söhbət davam etdi. Şübhəsiz ki, bədii hissəni ziyarət məclisində musiqinin müşayiətilə keçirmək yaxşı olardı. Yaşlaşmış "şagirdlər" qol açıb rəqs də edər, müğənni və ya qiraət ustası məzunları şənləndirərdilər.
"Məzun - 50" tədbirinin keçirilməsində yardımçı olan məktəb kollektivinə, xüsusən tədris hissə müdiri Mirhümmət Səmədova, təhsil şöbəsinin müdiri Manaf müəllimə, ağsaqqal Mirhəmdulla Səmədova, eyni zamanda keçmiş məktəb illərindən "50 ilin sorağında" yazısının "Zirvə" qəzetində dərcinə imkan yaradan redaktor Ələsgər Cəfərliyə xüsusi hüsn-rəğbətimiz vardır.
Biz əminik ki, bu ənənə
Yardımlı 1 saylı orta məktəbində
bundan sonra da davam etdiriləcək və
gələcək nəsillərin tərbiyəsində bir nümunə olacaq.
Rəzzaq Sucayev
Palitra.-2016.-15 mart.-S.13.