“Multikulturalizm Azərbaycan
xalqının milli-mənəvi sərvətidir”
Murad Salmanov: “Sabah güc yolu ilə torpaqların qaytarılması əmri
verilsə, heç şübhəsiz ki, burada yaşayan
yəhudilər də hamı kimi silaha sarılacaq”
Müsahibimiz “Vaad L Hatzolas”-Amerika Yəhudiləri
Təşkilatının mətbuat katibi Murad Salmanovdur.
-Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənib və dini zəmində qarşıdurmaların sayı artıb. Belə bir vaxtda Azərbaycandakı tolerant mühiti necə dəyərləndirirsiniz?
- Həqiqətən də bu gün dünyanın bir çox bölgələrində əvvəllər müşahidə olunmayacaq dərəcədə neqativ hallar çoxalıb ki, bunların da içində dini ayrı-seçkiliyin, məzhəblərarası davanın və antitolerant meyillərin çoxalması narahatlıq doğurur. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür.
Bildiyiniz kimi, tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. Başlıca demokratik dəyərlərdən sayılan tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Bu gün konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndi, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.
Qeyd etdiyiniz kimi, bir çox ölkələrdə multikulturalizm, tolerantlıq problemləri yaşansa da, Azərbaycan bu gün dünyaya bu məsələlərlə bağlı açıq nümunədir.
-Bildiyiniz
kimi, 2016-cı ili
ölkə başçısı “Multikulturalizm
ili” elan etdi. Buna münasibətiniz?
-Əlbəttə, əsrlər boyu bizim ölkədə tolerantlıq, multikulturalizm qorunub saxlanılıb və düşünürəm ki, bu, artıq Azərbaycan torpaqlarında doğulub, böyüyüb-başa çatan insanların qanına, geninə hopub. Bundan sonra da bizdə olan multikultural dəyərlərə, tolerant mühitə kimsə zərər vura bilməyəcək. Bir neçə millətin, fərqli inanclara tapınan toplumların yaşaya biləcəyi ən gözəl məkan hazırda Azərbaycandır desəm yanılmaram. Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri də formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndərin multikulturalizm və tolerantlıqla bağlı yürütdüyü siyasəti bu gün uğurla davam etdirən ölkə başçısı İlham Əliyev bu ili “Multikulturalizim ili” elan etməsi isə təqdirəlayiq haldır. Sadaladığım amilləri, bizdə olan multikulturalizmi Prezident bir çox hallarda səfərlərdə dilə gətirir, olduğu ölkələrdə, konfranslarda belə bir mühitə şahid olmaq üçün hər kəsi ölkəmizə dəvət edir. Bu ilin də belə bir il kimi qeyd olunması Azərbaycana gələcək hər bir qonaq üçün əla fürsət olacaq. Çünki multikulturalizmlə bağlı xeyli tədbir, turlar və sair təşkil olunacaq. Bir daha qeyd edirəm ki, multikulturalizm, dini dözümlülük Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvətidir.
-Ölkədə yəhudilərin sayı 30.000-ə yaxındır ki, onların da əksəriyyətini dağ yəhudiləri təşkil edir. Dağ yəhudiləri haqqında nələri deyərdiniz?
-Azərbaycanda həmişə bütün xalqlar mehriban bir ailə kimi yaşayırlar. Bu səbəbdəndir ki, artıq ölkəmiz tolerantlığı ilə digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda dinlər və xalqlarla bağlı heç bir problem yaşanmır və antisemitizm deyilən bir məfhum yoxdur. Dağ yəhudiləri Bakıda, Oğuzda, Qubada toplu şəkildə yaşayırlar. Qubadakı Qırmızı qəsəbə adlanan yaşayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Maraq üçün onu da bildirim ki, sözügedən qəsəbədə dini adət-ənənələrə əməl etmək məqsədilə mikva da fəaliyyət göstərir.
2011-cü ilin martında Bakıda yeni Dağ yəhudiləri sinaqoqu Prezident İlham Əliyevin sərəncamı ilə tikildi və bu, həm də bütün dünya dağ yəhudilərinə töhfə olundu. 2003-cü ilin sentyabrından isə Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərməyə başlayıb.
Bakı Dağ Yəhudiləri Dini İcması da son zamanlar dövlət qayğısı nəticəsində bir sıra inkişafa nail olub, dağ yəhudiləri üçün bir sıra lazımi tədbirlər görüb. Dağ yəhudilərinin bu torpaqlarda məskunlaşmasına gəldikdə isə bu, 2500 il əvvələ gedib çıxır. Ulu öndərin bir kəlamı var ki, “Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”. Əgər Azərbaycan xalqında yüksək mədəniyyət olmasaydı, inanın ki, dağ yəhudiləri uzun əsrlər yaşamaz, qısa bir müddətdə dağılıb gedərdi. Ona görə də Azərbaycanda yaşayan xalqlar daim dinclik şəraitində yaşayırlar və bunun da təzahürlərini çox görürük. Hər şey bu ölkədə yaxşılığa doğru gedir.
-Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada heç bir problemsiz fəaliyyət göstərdiyi, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdəndir, bəlkə də, birincisidir. Getdiyiniz ölkələrdə necə, bu üç müqəddəs məkanın bir arada problemsiz fəaliyyət göstərməsinin şahidi olursunuzmu?
- Bildiyiniz kimi, müxtəlif tədbirlərə qatılmaq, görüşlər keçirmək üçün bir sıra ölkələrdə oluruq. Mən şəxsən kilsə, məscid və sinaqoqların bir arada fəaliyyət göstərməsinin şahidi olsam da, əksər ölkələrdə bunun formal bir görüntü üçün olmasını hiss edirəm. Çünki Azərbaycandan fərqli olaraq az qala hər yerdə antisemitizm hökm sürür. Multikulturalizmdən bir sıra demokratik dəyərlərdən dəm vuran inkişaf eləmiş ölkələr imtina ediblər. Belə cəmiyyətlərdə isə tolerantlıq da sıfra enəcək. Bu cür mühitdə yəhudi necə dini ayinlərini sinaqoqlarda rahat icra edə və ya müsəlmanlar rahat dini bayramlarını qeyd edə bilərlər? Antisemitizmin Azərbaycanda olmaması həqiqətən də böyük bir uğurdur. Olduğum bəzi ölkələrdə müzakirələr və müşahidələrim zamanı məlum olur ki, bir balaca siyasi qarışıqlar olan kimi, dini azlıqlar, milli azlıqlara qarşı aqressiya çoxalır. Bunu yəhudi dostlarımla da söhbətlərdə dəfələrlə eşitmişəm. Onların narazılıqları haqlıdır. Amma buna cavab olaraq mən də deyirəm ki, antisemitizmin olmamasını, tolerantlığın ən ideal həddə olmasını görmək istəyirsinizsə, buyurun Azərbaycana gəlin. Ən azından bunu müşahidə etmək üçün səfərlər edə bilərsiniz, nəinki gəlib yaşamaq ola.
-Antisemitizmdən əziyyət çəkənlərin ölkəmizə gəlməsi kimi təklifdən danışdınız. Bəs o da sirr deyil ki, buradan da xeyli sayda yəhudi ABŞ və Avropa ölkələrinə köç edib.
-Haqlısınız. Belə hallar
olub. Amma belə hallar bu gün çox
az saydadır.
Belə seçimlər olubsa, bu, 90-cı illərdə daha çox olub. Bu da
yəqin ki, bəzi iqtisadi çətinliklərlə əlaqədar
olub. Heç bir siyasi amil hansısa yəhudinin bu ölkədən getməsinə
səbəb olmayıb.
İndi əksinə,
bəzi buradan köç etmiş yəhudilər tez-tez ölkəmizdə olurlar,
hətta köçüb
geri qayıtmaq istəyənlər, burada
ata-baba torpağında
yaşamaq istəyənlər
də var. Bir daha qeyd edirəm
ki, dinlərə münasibətdə tolerantlığı
ilə seçilən
Azərbaycan xalqı bu spesifik keyfiyyətinə
görə nəinki Şərqdə, hətta
bütün dünyada
fərqlənib və
bu gün də fərqlənməkdədir.
Hələ uzun illər öncə Roma Papası Bakıya səfərə
gəlib «Azərbaycanda
dinlər arasında mövcud tolerantlıq və dözümlülük
münasibətləri dünyanın
bir çox ölkələri üçün
yaxşı nümunə
ola bilər»
- deyəndə və
bu fikirlər dünyanın ən nüfuzlu mətbuat orqanlarında yayımlananda
dünya daha çox bizdəki mühitlə aktiv şəkildə maraqlanmağa
başladı. Bu barədə dünyada təbliğat bu gün də artmaqdadır. Ölkəmizdən gedən yəhudilər də bu təbliğatçıların
əsas, vacib hissələrindəndir.
-Bəzi yəhudi təşkilatları,
qeyd etdiyiniz kimi buradan gedib
İsrail, ABŞ və
digər ölkələrdə
yaşayan aktiv yəhudilər də Azərbaycan həqiqətlərinin,
işğala, soyqırımına
məruz qalmağımızla
bağlı faktların
təbliğində aktivdirlər.
Daha hansı işlərin
görülməsini vacib
sayırsınız?
-Bu istiqamətdə
görüləcək işlər çoxdur.
Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən
sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və
işğalçılıq siyasəti aparan
Ermənistanın Azərbaycana qarşı təcavüzü
davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif xalqların mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların nümayəndələri
Ermənistanın təcavüzkarlıq və etnik
təmizləmə siyasətindən əl çəkməsi,
qaçqın və məcburi köçkün
həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının
öz yurd-yuvasına qayıtması
tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara
və dünya ictimaiyyətinə
müraciət edib. Lakin
işğalçı Ermənistan hələ də məkirli
planlarından əl çəkmək istəmir. Bununla belə
dini konfessiyaların
başçıları Azərbaycan xalqının sülh istəyini və dövlət
başçısının apardığı sülhpərvər
siyasəti təqdir edərək dəstəkləyir və onun uğurlu, müdrik siyasəti nəticəsində işğal olunmuş Azərbaycan
torpaqlarının azad ediləcəyinə
əmindir. O ki, qaldı konkret
olaraq təbliğat işlərinə, bəli,
bu belədir. Yəhudi xalqı daim Azərbaycan xalqı ilə dost olub və İsrail dövləti ilə də Azərbaycanı
bir sıra bağlar
sıx birləşdirir. Bu səbəbdən
yəhudilər Azərbaycan həqiqətlərinin təbliğində
aktiv iştirak edirlər.
Bir də yəhudilər düzgünlüyü,
haqqı sevən xalqdırlar. Haqq isə
Azərbaycanın tərəfindədir. Hamı bilir və görür ki, ermənilər soyqırımı siyasəti
yürütməkdə davam edirlər və
sabah yenidən münaqişə
ocağı alovlansa, onlar
bundan əl çəkən deyillər. Amma azərbaycanlılar
artıq güclü dövlət qurublar və ikinci
Xocalı faciəsinin təkrarlanmasına yol
verən deyillər. Əksinə, biz əzmlə
çalışıb ya siyasi,
diplomatik yolla ya da güc
yolu ilə ədaləti, haqqı bərpa
edəcəyik-torpaqlarımıza dönəcəyik. Albert Aqarunov kimi bir yəhudinin Vətəni
üçün canından keçməsi
bu gün yəhudilərə
nümunədir və hazırda müxtəlif təbliğat
işlərində aktiv olmaq
gərəkdir. Sabah güc
yolu ilə torpaqların qaytarılması
əmri verilsə, heç şübhəsiz
ki, burada yaşayan yəhudilər də hamı kimi silaha sarılacaq. Hələlik
ki, boynumuza
dünyanın müxtəlif bölgələrində ədaləti,
haqqı təbliğ etmək düşür.
Tural TAĞIYEV
Palitra.-2016.-16 mart.-S.11.