Azərbaycanın turizm
ölkəsinə çevrilməsi əsas hədəflərdən
biridir
“İranda milyonlarla soydaşımızın
yaşadığını nəzərə alsaq,
bu ölkə turizm üçün çox böyük bir
bazardır”
Ölkəmizdə
qeyri-neft sektorunun surətlə
inkişaf etdirilməsi üçün
daha çox zərurət
yaranıb. Prezident bununla bağlı bir sıra vacib addımlar
atır, ölkədə ardıcıl iqtisadi
islahatlar həyata keçirilir
ki, bu da
nəticə etibarilə iqtisadiyyata
müsbət təsir edir. Ölkə
iqtisadiyyatının inkişaf tempinə ciddi təsir edən sahələrdən biri də heç
şübhəsiz ki, turizmdir.
Mütəxəssislər tərəfindən Azərbaycanın
turizm potensialının hər zaman geniş olduğu barədə fikirlər səsləndirilir,
hər il bölgələrdə bununla bağlı yeni imkanların
açıldığı da məlumdur.
Nəinki bölgələrdə elə paytaxtda
da turistlərin rahatlığının
təmin edilməsi, onların ehtiyaclarının
qarşılanması üçün
yaradılan şərait- infrastruktur, otellərdəki
durum da yüksək səviyyədədir.
Bayram günlərində ölkəmizə,
xüsusən də Bakıya axın edən xeyli
sayda turistlərin gözə dəyməsi
də buna sübutdur.
Bu turistlər
arasında İrandan gələnlərin daha çox olması isə
diqqətimizi çəkməyə bilməzdi. Şəhərimizin
küçələrində, tarixi məkanlar
və gəzməli-görməli yerlərdə iranlı
turistlərin daha çox
gözə dəyməsinin səbəbini
araşdırdıq. Bu mövzuda söhbət etdiyimiz
Turizm və otelçilik
üzrə mütəxəssis Elşən Mirzəyevlə olan müsahibəni oxuculara
təqdim edirik:
-Azərbaycanın
turizm potensialını necə dəyərləndirərdiniz?
-Neft sektorundakı ani dəyişikliklər, Azərbaycanda qeyri-neft sektorunun inkişafının vacibliyini göstərdi və bu gün turizm sektorunun qeyri-neft sektorunda da böyük payı var. İstər Bakı, istər bölgələrdə infrastruktur baxımından da Azərbaycan böyük turizm potensialına malikdir. Bakı bu qədər çox beynəlxalq və yerli otel brendinin bir arada toplaşdığı nadir şəhərlərdəndir. Bölgələrdə istirahət üçün geniş imkanlar var. Qəbələ bölgəsi başda olmaqla, Şahdağ, Quba, Şamaxı, Zaqatala, Şəki, Qax istər otelləri ilə istər təbiəti və gözəlliyi ilə həm xarici, həm daxili turistləri özünə cəlb etməkdədir. Turizm üçün Azərbaycan böyük potensiala malikdir və son günlərdə ölkəyə gələn turist axını, bu yöndə dövlət və özəl otel şəbəkələri tərəfindən aparılan işlərin nəticələridir.
-Bayramla əlaqədar ölkəmizə turizm axını çoxalıb. Paytaxtımız və bölgələrdə turistlərin rahatlığının təmin edilməsi, onların ehtiyaclarının qarşılanması üçün yaradılan şəraiti- infrastruktur, otellərdəki durumu necə dəyərləndirərdiniz?
- Bayram günlərində xüsusilə İran, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə çox sayda qonaq gəlib. Ümumilikdə gələn qonaqlar istirahət günlərinin əksəriyyətini Bakıda keçirməyə üstünlük verirlər. Lakin turistlərin düzgün yönləndirilməsi nəticəsində, həmin qonaqlarımızın bəzilərinin başda Qəbələ bölgəsi olaraq, digər bölgələrimizə dəvət əsasında səfəri baş tutub. Ümumi nəzər yetirdikdə deyə bilərəm ki, paytaxtda və bölgələrdə kifayət qədər otellər olmaqla yanaşı, yüksək xidmət anlayışı da formalaşıb. Artıq sadə insanlarımız da iqtisadiyyatın güclənməsi üçün turistin ölkə gəlirindəki rolunu, önəmini bildiyi üçün istisna halları çıxmaq şərtilə yüksək mədəniyyət göstərir, xidmətlər də göstərmək üçün əllərindən gələni edirlər. Şəxsən mənim də çalışdığım “Qafqaz Hotels and Resorts” olaraq istər Bakıda yerləşən 4 otelimiz, istərsə də Qəbələdə yerləşən 8 otel haqda böyük qürurla deyə bilərəm ki, müştərilərimizin məmnuniyyəti üçün müdirindən adi işdə çalışanına qədər hər kəs böyük səy göstərib və müştərilərinin zövqlü istirahət üçün əlimizdən gələni etmişik.
-Bayram günlərində paytaxt küçələrində daha çox iranlı qonaqlar gözə dəydi. Bunu nə ilə əlaqələndirərdiniz? Ümumiyyətlə İranla turizmin inkişafı üçün əməkdaşlıq nə dərəcə cəlbedici görünür? Gələcəkdə daha böyük turist axınının olması üçün hansı təklifləriniz olardı?
-Bildiyiniz kimi İranda da Novruz bayramı təntənəli şəkildə qeyd edilir və tətil günlərinin sayı hətta Azərbaycanda olduğundan daha uzundur. Bununla yanaşı, İranda milyonlarla Azərbaycan türkünün yaşadığını da nəzərə alaraq, İranın turizm üçün çox böyük bir bazar olduğunu gözardı etmək olmaz. Bəzən iqtisadi vəziyyətdəki kəskin və mənfi yöndə olan dəyişikliklər, digər tərəfdən baxıldığında müsbət nəticələr verə bilir. Azərbaycanda baş verən son devalvasiya əslində ölkə turizmi üçün əcnəbi qonaqların ölkəyə axını üçün çox münbit şərait yaratdı. Belə desək keçən Novruz bayramında Azərbaycanda 70 manatlıq bir oteli 70-75 dollara iranlı turistlərə təklif edilirdisə, indi həmin otel 40-43 dollara təklif edilir və bu da xarici valyuta ilə ölkəyə gələn turist üçün əlverişlidir. Eyni şəkildə ərəb ölkələri ilə Azərbaycan arasında son razılığa əsasən asanlaşdırılmış viza tətbiqi, İraq və digər ərəb ölkələrindən ölkəmizə gələn turistlərin diqqətini cəlb edəcək şəkildə artıma səbəb oldu. İran və Ərəb ölkələri ilə əməkdaşlığın daha da güclənməsi, ancaq və ancaq Azərbaycana dəfələrlə çox turistin gəlməsinə səbəb ola bilər və əminəm ki, bunun üçün müəyyən çalışmalar gedir, Azərbaycanın turizm ölkəsinə çevrilməsi əsas hədəflərdən biridir.
-Çalışdığınız
holdinqdə turistlərə göstərilən xidmətlə
bağlı hansısa təlimatlar olurmu?
-Bildiyiniz kimi Gilan Hospitality Group( qafqaz hotels and resorts ) Azərbaycanda turizmin və otelçiliyin inkişafına böyük qayğı göstərən və bu yöndə böyük işlər görən bir qurumdur. Bunun üçün də bizim ilk vəzifəmiz öncə istər yerli, istər xarici turisti otellərimizdən və ölkəmizdən məmnun ayrılmağını təmin etməkdir və bu yöndə istər işçilərə verilən təlimlərimizlə, istər keyfiyyətimizlə, istərsə də turizmə göstərilən qayğımız ilə hər zaman ön sıralarda olmağı bacarmışıq. Bu bayram ilə əlaqəli həm Bakıdakı, həm də bölgələrdəki Qafqaz otelləri yüksək səviyyədə xidmət göstərib və nömrələrin böyük əksəri dolmuşdu. Əcnəbi qonaqlarımız müqayisədə daha çox paytaxtda qalıb və hələ də otellərimizdə qalmaqda davam edirlər. Qəbələ və Lənkərandakı otellərimizdə qalan qonaqların böyük əksəriyyəti isə daxili turistlər olub. Qəbələdə bayram ilə əlaqəli olaraq 3 gün davam edən möhtəşəm şou proqramlar sırf qonaqlarımızın vaxtını əyləncəli və maraqlı keçirməsi üçün nəzərdə tutulub. Bayramdan öncə, iqtisadi vəziyyəti nəzərə alaraq qonaqlarımız üçün çox sərfəli qiymət paketləri hazırlanmışdı. Hətta deyə bilərəm ki, 2 nəfərlik otaq qiymətləri otellərdən asılı olaraq aşağı həddi 49 AZN-dən satışa çıxarılıb və bu qiymətə səhər yeməyi daxil edilib. Bu kimi kampaniyaların təşkil olunması, insanlarımıza istirahətləri üçün sərfəli təkliflərin hazırlanmasının nəticəsidir ki, bayramı yüksək doluluqla başa vurmuşuq. Bakı otellərimizdə bayram üçün istirahət edən, əsasən iranlı, iraqlı və ərəb qonaqlara bölgələrimiz haqqında məlumat verilib və onların istirahət günlərinin bəzi hissəsini Qəbələdə keçirilməsi təklif edilib. Bu səbəbdəndir ki, Qəbələdə Novruz bayramı zamanı bir çox xarici turist nəzərə çarpırdı və istisnasız hər biri həm Qafqaz otelləri və Qəbələ bölgəsinin gözəlliklərindən uzun-uzun danışıb, istirahətlərindən məmnun olduqlarını dilə gətirirdilər. Qafqaz Hotels and Resorts olaraq, növbəti çalışmalarımız aprel ayında Silkway travel şirkəti ilə birgə Fransadan böyük turizm şirkətlərinin nümayəndələrinin ölkəmizə səfərini təşkil etmək olacaq və bununla da ölkənin turizm potensialını onlara göstərərək, Azərbaycanın Fransada təbliği üçün işlər görüləcək. Bundan əlavə olaraq may ayının əvvəllərində, “Pegasus” hava yolları ilə birgə, Türkiyənin öncü turizm şirkətlərinin əsasən tədbirlər, konfranslar, konqreslərlə məşğul olan böyük şirkətlərin nümayəndələrini bir neçə günlük Qəbələyə dəvət edərək, bölgədəki infrastrukturu, otellərin keyfiyyətini və bölgənin turizm potensialı ilə tanış edəcəyik. Eyni tədbirlər planı istər ərəb, istər İran şirkətləri ilə davam etdiriləcək və bütün bunların nəticəsi olaraq, ölkəmizə xarici turistlərin cəlb olunacağına və Azərbaycanın turizm ölkəsinə çevriləcəyinə inanırıq.
-Yay
mövsümündə turist axınını
təmin etmək üçün
hansı tədbirlər görülə bilər?
-Yay mövsümü ilə əlaqəli istər Qəbələ istər Lənkərandakı otellərimiz üçün mövsüm öncəsi çalışmalarımız davam edir. İlk öncə Qəbələ bölgəsindəki 8 otelimizdən birini hər şey daxil sisteminə keçirməyə çalışırıq. Hansı ki, insanlarımıza yad olmayan bu konseptin, qonaqlarımız tərəfindən də bəyəniləcəyini düşünürük. Əlavə olaraq Qəbələ və bölgə üçün tur təklifləri hazırlanır və otellərimizdə əyləncə növlərinin sayının artırılması üzrə çalışmalar davam edir. Gəlir səviyyələrinə uyğun olaraq, istirahət bütün insanların haqqıdır və bu yöndə Qafqaz otelləri yay mövsümü üçün qiymət çeşidliliyi ilə hər bir vətəndaşa xidmət göstərməyi planlaşdırır. Bunun üçün Qəbələdə kifayət qədər otelimiz, infrastrukturamız var. Yay mövsümü üçün ən böyük çalışmalarımızdan biri isə Rusiya, İran, İraq və ərəb ölkələrindən insanların Azərbaycana gəlməsi üçün cazib paketlərin hazırlanmasıdır və inanırıq ki, bu yay hər zamankından daha çox əcnəbi turisti qəbul edəcəyik. Gilan hospitality group ( qafqaz hotels and resorts) Azərbaycanda turizmin inkişafı, yüksək xidmətin göstərilməsi, qonaq məmnuniyyəti kimi bir çox sahədə hər zaman öndər olub və ölkə turizminin yüksək səviyyələrə gəlməsi üçün hər zaman öz dəstəyini verəcək.
Tural TAĞIYEV
Palitra.-2016.-29 mart.-S.7.