Yeni layihələr turistlərin sayını daha da artıra bilər

 

 “Turizm Şurası yaradılmalı, ayda bir dəfədən gec olmayaraq iclaslar keçirilməli və qəbul edilən qərarlar bütün nazirliklər üçün icraya yönəldilməlidir”

Ölkələrin tarixinin, mədəniyyətinin tanıdılmasında böyük rolu olan turizm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə məşğulluğa və iqtisadiyyata təsiri baxımından ən təsirli vasitələrdən biridir. Bu gün “yaşlanan dünyanın təzə çiçəyi” adlandırılan turizm sektoru valyuta qazandıracaq bir fəaliyyət növü olaraq, nəqliyyat, səhiyyə, əyləncə, qidalanma kimi geniş bir sahədə istehsalın istehlak edilməsidir. Eyni zamanda ən önəmli məqamlardan biri də odur ki, turizm yalnız müəyyən bir dövr üçün deyil, bütün ilboyu fəaliyyətdə olan sektordur.

Müxtəlif sahələrdə, bəzən problemlər yaransa da, turizm hər zaman üçün bəhrəsini verəcək bir sektordur. Bu baxımdan həmin sektoru inkişaf etdirmək ölkəyə davamlı valyuta axınını təmin etmək deməkdir. Son illər dünyada insanların turizmə üstünlük verməsi onların səyahət imkanlarını daha genişləndirib. Dünya Turizm Təşkilatı (DTT) 2015-ci ildə dünyadakı beynəlxalq turist sayının 4 faiz artaraq 1 milyard 184 milyon nəfərə çatdığını açıqlayıb. İnsanlar daha maraqlı ölkələr kəşf etməyə çalışır, ölkələr isə turist cəlbi ilə bağlı rəqabət aparırlar. İnkişaf etmiş turizm ölkəsinə çevrilmənin əsas şərtlərindən biri də məhz turistlərin cəlbi üçün müxtəlif üsullarla onları ölkəyə gəlişini təmin etməkdir. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar sırasında turizmin mühüm rolu var. Ölkəmizə turist axını nəinki valyuta axınını təmin edir, eyni zamanda Azərbaycanın dünyada tanıdılmasında təsirli rol oynayır.

 

İranlı turistlər evlərinə razı dönür

Bu gün dünyada turistləri cəlb etmək üçün mövsümlərə uyğun şərait yaradılır, maraqlandıracaq vasitələr tətbiq edilir, o cümlədən müxtəlif bayramlarla bağlı tədbirlər təşkil edilir. Bir çox turist məhz bayramları xarici ölkələrdə keçirməyə üstünlük verir. Son illər ölkəmizdə də turizmin inkişafı nəticəsində müxtəlif bayramlarda turistlər ölkəmizə səfər edirlər. Belə bayramlardan biri də Novruz bayramıdır. Bugünlərdə ölkəmizdə qeyd edilən Novruz bayramında ölkəmizə kifayət qədər turist səfər etdi. Paytaxtda olan turistləri izlədikdə onların, əsasən, İçərişəhər, dəniz gəzintisinə üstünlük verdiklərinin şahidi olduq. Turistlərin sırasında müxtəlif, İran, Ərəb Əmirliyi, İngiltərə, MDB ölkələrinin nümayəndələrinə rast gəlmək mümkün idi. İçərişəhər gəzintisində turistlərin ən çox maraq göstərdikləri burada yerləşən Qız qalası, milli geyimlər, qədim əşyalar idi. Hətta onlar bəyəndikləri əşyaları alırdılar. Turistlər eyni zamanda park və şəhərin digər görməli yerlərini gəzmək, istirahət etməkdən zövq alırlar. Paytaxta gələn qonaqların ən çox səfər etdikləri məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Onlar nəinki burada dənizi seyr edir, hətta onların bir çoxu dəniz turuna çıxır və Xəzərin gözəlliyini canlı izləmək istəyirlər. Bizimlə təəssüratlarını bölüşən turistlər də bu səfərlərindən məmnun qaldıqlarını bildirdilər. İranlı turist Rza Zencani bildirdi ki, artıq bir neçənci dəfədir ki, Bakıya gəlir: “Mən buraya hər dəfə gəldikdə dənizi seyr edirəm. Xəzər dənizi Bakını daha da gözəlləşdirir. Dənizə bu cür yaxından tamaşa etdikcə insana sakitlik, rahatlıq verir. Eyni zamanda buradan şəhərə baxmaq da çox gözəldir. Dənizin sahili də çox təmizdir. Dəniz turuna çıxıram. Ümumiyyətlə, dəniz turu duyğularını rahatlatmaq istəyənlər üçün bir fürsətdir. 30 dəqiqə ərzində həm dəniz havası alırıq, həm mənzərəni seyr edirik. Mən bayramı burada keçirməklə həm də istirahət edirəm”.

Digər həmsöhbətimiz olan iranlı turist Afsar Mansoor bildirdi ki, o da Bakıda olduğu zaman dəniz turuna üstünlük verir: “Dəniz turunda vaxtın necə keçdiyini bilmədim. Çox gözəl mənzərədir, sakit, mavi dalğasız dənizi seyr etdim. Çox romantikdir. Səyahət müddəti qısa olsa da, xatirələrimiz bol və zəngindir. Ölkəmizə döndükdə belə, unutmayacağıq”.

 

İngilis turist Taylor Penros:

“İçərişəhərdəki otelin qiyməti

münasibdir

Ölkəmizdə səfərdə olan ingilis turist Taylor Penros isə ölkəmizdə səfərdə olarkən daha çox İşərişəhərdə olduğunu bildirdi. Burada sanki kiçik bir şəhərdə olduğunu deyən qonaq bu şəhərin daşlardan necə düzəldildiyinə tamaşa etdiyini qeyd etdi. Paytaxtda olarkən elə İşərişəhərdəki oteldə gecələdiyini deyən turist qiymətlərin 70-80 manat təşkil etdiyini və bunun da münasib olduğunu bildirdi. Ümumiyyətlə, gəzintidən məmnun qalan qonaq hazırda buradakı qədim əşyaların satıldığı dükanlara maraq göstərdiyini dedi.

Mütəxəssislər də builki Novruz bayramı ərəfəsində ölkəmizə xeyli turist gəldiyini deyirlər. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, dəqiq rəqəm demək, hələlik çətindir, çünki bu rəqəmləri Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi açıqlamalıdır: “Amma şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, milli valyutamızın dollar və avro qarşısında ucuzlaşması ölkəmizi xarici turistlər üçün cəlbedici etdiyindən xarici turistlərin, xüsusən, qonşu ölkə vətəndaşlarının Azərbaycana marağı artıb. Hesab edirəm ki, ilin əvvəlindən, eyni zamanda Novruz günlərində ölkəmizə gələn turistlərin sayı keçən ilə nisbətən artıb”. Mütəxəssis onu da qeyd etdi ki, ölkəmizə gələn turistlər, xüsusən, Novruz bayramı günləri bəzi "sürprizlərlə" də üzləşiblər: “Mehmanxana menecerlərinin bildirdiyinə görə xarici turistlərin miqrasiya idarəsinə getmələri tələb olunur, blank doldurulması üçün isə 3 manat haqq qoyulub. Şəxsən özüm dünyanın 30-dan çox ölkəsində olmuşam, indiyə kimi heç bir yerdə belə bir halın şahidi olmamışam. Dəfələrlə turizmin inkişafına kompleks yanaşma tələb olunduğunu vurğulamışam. Ölkəmizdə turizmin inkişafı naminə mədəniyyət və turizm nazirinin başçılığı ilə digər aidiyyəti nazirlik, komitə, idarə rəhbərlərinin birinci müavinlərinin daxil olduğu xüsusi Turizm Şurası yaradılmalı, Şura bu sahə üzrə məşğul olan mütəxəssislərin də iştirakı ilə ayda bir dəfədən gec olmayaraq iclaslar keçirməli və qəbul edilən qərarlar bütün nazirliklər üçün icraya yönəldilməlidir. Bu halda, qısa bir zamanda problemlər aradan qalxar və ölkəmizə turist axınını təmin etmək olar”.

 

“Bayramda gələn turistlər

daha çox İran, Türkiyə və MDB

ölkələrindən olub”

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə bildirdi ki, ölkəmizə bu il, o cümlədən Novruz bayramında gələn turistlər daha çox İran, Türkiyə və MDB ölkələrindən olub. Ümumiyyətlə, turistlərin sayının tədricən artacağını deyən R.Quliyevin sözlərinə görə, hazırda maraqlı proqramlar işlənib hazırlanır. Ölkədə turizmin daha sürətli inkişafına gəldikdə isə həmsöhbətimiz bunun yavaş-yavaş reallaşacağını, ölkəmizin turizm ölkəsinə çevriləcəyinə inandığını bildirdi.

Qeyd edək ki, Novruz bayramının qeyd edildiyi bütün ölkələrdə müxtəlif vasitələrlə turist cəlbinə çalışırlar. Məsələn, Türkiyədə də məhz Novruz bayramında turistlər artıb ki, onların sırasnda da iranlı turistlər üstünlük təşkil edib. 20 gün ərzində 160 planlanmış səfərlə Ispartaya gələn iranlı turist sayının 50 min nəfərə çatacağı təxmin edilir. Qeyd edək ki, İrandan Türkiyəyə 2015-ci ildə 1,7 milyon turist gedib ki, hazırda onlar bu rəqəmi ikiqat artırmağa çalışırlar. Hələ də turistlərin bayram səfərinin davam etdiyi bir ərəfədə Antalyaya 100-150 min iranlı turistin gəlməsi gözlənilir.

 

“Bu il qeydə alınmış turist axını ötənilki, eləcə də əvvəlki illərin

göstəricilərini xeyli üstələyir”

Ölkəmizdə də Novruz bayramında Azərbaycana səfər etmiş turistlərin əksəriyyətinin İran vətəndaşları olduğunu deyən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun sözlərinə görə, bu il İrandan Azərbaycana gəlmiş turistlərin sayı ötən illərin göstəricilərini xeyli üstələyib: "Mərkəzi Asiya ölkələrindən gələn turistlərin də sayı az olmayıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu il qeydə alınmış turist axını ötənilki, eləcə də əvvəlki illərin göstəricilərini xeyli üstələyir".N.Bağırov əlavə edib ki, turistlər məhz fəal istirahət məqsədilə Azərbaycana gəliblər.

Onu da qeyd edək ki, bu il bölgələrə də səfər edən turistlərin sayında da artım müşahidə edilir. Belə ki, Şəkiyə tətil günlərində 10 min turistin gəldiyi bildirilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi olub. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olub. Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan gələn turistlər üstünlük təşkil edib. Onlar Novruz bayramı münasibətilə qoruğun ərazisində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində təşkil edilən şənliklərdə də iştirak edib, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olublar.

Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var. Bu qış mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 60 mindən çox turist ziyarət edib.

Turistlərin səfər etdiyi bölgələrdən biri Quba rayonudur ki, buraya 4 min turistin gəldiyi bildirilir.

Beləliklə, ötən illərə nisbətən ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, bu rəqəmi daha da artırmaq üçün yeni və daha maraqlı tədbirlər həyata keçirilməli, müvafiq qurumlar, turizm təşkilatları, şirkətlər tərəfindən yeni-yeni layihələr reallaşdırılmalıdır.

 

Nigar Abdullayeva

Palitra.-2016.-30 mart.-S.5.