Heydər Əliyev Fondunun
təşəbbüsü ilə “Bakı Marafonu-2016” keçirilib
Mayın 1-də Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
“Küləyə qalib
gəl” şüarı
altında “Bakı
Marafonu-2016” keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak edib.
AZƏRTAC
xəbər verir ki, saat 10:00-da Dövlət Bayrağı
Meydanından start verilən yarışa Azərbaycan vətəndaşları
ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan
500-dək əcnəbi qoşulub.
İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı,
İran, Hindistan, Çexiya və digər ölkələrin
Azərbaycanda fəaliyyət
göstərən səfirliklərinin
rəhbərləri və
nümayəndələri, tələbələr, idmançılar,
bir sıra tanınmış ictimai-siyasi
xadimlər, ictimaiyyət
nümayəndələri iştirakçılar
arasında olub. Marafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Keniya
və digər ölkələrdən nümayəndələr
iştirak ediblər.
Yarışın başlandığını bildirən
atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə
dünya çempionu Zemfira Meftahətdinova açıb.
Yarı marafon məsafəsinin -
21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər” prospekti,
Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra
Heydər Əliyev Mərkəzinin yanından
keçərək Heydər
Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər. Marşrut boyu iştirakçıların
su və digər zəruri ehtiyacları ödənilib,
onlar ilkin tibbi yardımla təmin olunublar. Marafonu davam etdirə bilməyənlər, iştirakçıları
dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıb.
Marşrut boyu ümumilikdə
5 avtobus dayanacağı
fəaliyyət göstərib.
Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil edilən, icrası “SMG” (Sport Marketing Group) şirkəti tərəfindən
həyata keçirilən
marafonun əsas məqsədi Azərbaycanda
idmanın inkişafına
dəstək göstərmək,
insanlar arasında, xüsusilə gənclərdə
sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər
naminə bir araya gətirməkdir. Marafona 16 yaşdan yuxarı şəhər sakinləri,
qonaqlar əvvəlcədən
qeydiyyatdan keçərək
qoşulublar. “Bakı
Marafonu-2016”da iştirak etmək
istəyənlər qeydiyyat
üçün aprelin
11-dən 25-dək Bakının ticarət mərkəzlərində
quraşdırılmış qeydiyyat məntəqələrinə
və ya onlayn olaraq “Bakı Marafonu-2016”nın saytına (www.bakumarathon.az) müraciət
ediblər.
Yeddi mindən
çox iştirakçı
qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etməyiblər.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafon günü
Bakı Olimpiya Stadionunda təşkil olunan fan-zonalar hər kəs üçün açıq
olub. Burada iştirakçılar üçün müxtəlif
əyləncə, konsert
və şənlik, oyunlar, lotereyalar təşkil edilib. Uşaqlar və böyüklər üçün 20-dən çox
əyləncə növü
– futbol, lotereya oyunları, mini-sirk, animatorlar və konsert 20 min kvadratmetr ərazidə təşkil
edilib. Fan-zonanın hər bir ziyarətçisi marafonun finişinə çatanları şəxsən
qarşılamaq və
qalibləri təbrik etmək imkanı qazanib. Ziyarətçilərin rahatlığı üçün xüsusi
marşrut təşkil
edilib. Fan-zona bütün yarış günü ərzində fəaliyyət
göstərib.
Bakı
Olimpiya Stadionunda, həmçinin Azərbaycan
Avtomobil Federasiyasının
təşkil etdiyi Volkicar şou təqdim edilib.
Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası “Bakı
Marafonu-2016”nı dəstəkləyir
və marafonun rəsmi tərəfdaşıdır.
AFFA-nın əməkdaşları
və futbol ictimaiyyətinin tanınmış
nümayəndələri marafonda
UEFA U-17 Avropa çempionatı
Azərbaycan-2016 kontekstində iştirak ediblər.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər
“Küləyə qalib
gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və medal təltifetmə
mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı
Georgi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü
çatıb. Qadınlar arasında
Rahidə Aslanova birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli
isə finişi üçüncü başa
vurub.
Sonra “Bakı Marafonu-2016”nın qaliblərinin mükafatlandırılması
mərasimi olub.
Təşkilatçılar tərəfindən
birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin
qalibi isə min manat məbləğində
mükafat və hədiyyələrlə təltif
olunub.
Xatırladaq ki, bu cür marafonlar bu günədək London,
Paris, Boston, Nyu-York, Çikaqo,
Berlin, Barselona, İstanbul
və digər şəhərlərdə təşkil
edilib. Tam marafon
yarışının məsafəsi
42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm
də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə
keçirilən məşhur
London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Hazırda dünyanın bir
çox ölkələrində
xeyriyyə məqsədli
marafonlar təşkil
edilir.
Marafonun strateji hədəflərinə
gəlincə isə ictimai tədbir insanlarda idmana marağı gücləndirmək,
turist cəlb etməkdən ibarətdir. Marafonun dəyərləri
birlik, xeyirxahlıq, həmrəylik məqsədləri
ətrafında insanları
birləşdirmək, gəncləri
fiziki cəhətdən
daha güclü olmağa həvəsləndirmək,
pozitivliyi təşviq
etməkdir.
Bakı Marafonunun növbəti
illərdə də keçirilməsi nəzərdə tutulub.
Palitra.-2016.-3 may.-S.7.