Dahi şəxsiyyət və
qüdrətli lider
Mənim həyat amalım
yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur.
Heydər
ƏLİYEV
Azərbaycan
xalqının ümummilli lideri
Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan şəxsiyyətlər, görkəmli dövlət xadimləri zaman-zaman böyük işləri və əməlləri ilə milli yaddaşımızda silinməz iz buraxmışlar. Belə tarixi şəxsiyyətlərin içərisində müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti, onun uzaqgörən və titanik idarəçilik fəaliyyəti müstəsna yer tutur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar, onun sonsuz məhəbbətini qazanmış öndər kimi əbədiyaşardır. Dahi şəxsiyyət xalqımızın taleyində, ictimai-siyasi və mədəni-mənəvi həyatında ölçüyəgəlməz rol oynamış, dövlətçiliyimiz naminə misilsiz xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, qlobal münasibətlərə təsir etmək gücündə olan lider idi. Onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və beynəlxalq əhəmiyyətli məsələlərin çözülməsinə xidmət edirdi.
Heydər Əliyevi ümummilli lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə sıx bağlı olması idi. Ulu öndər bu barədə deyirdi: “Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir”.
Azərbaycanı düşünmək, məmləkətinin qayğıları ilə yaşamaq başlıca amalı olan ulu öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi yox idi. Onun Vətən, xalq üçün çalışmaq həvəsi, millətinə mümkün qədər çox fayda vermək istəyi sonsuz idi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə daim qürur duymuş, dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi devizə çevrilmişdir.
Çətin və ağır günlərində sınaq qarşısında qalanda xalqının səsinə səs verən ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürmüş, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət sükanının arxasına keçərək, qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etmişdir. Məhz müstəqil, vahid, dünya birliyinin tanıyaraq, hörmət etdiyi Azərbaycan kimi dövləti qurmaq və yaşatmaq, xilaskar ulu öndər Heydər Əliyevə nəsib oldu.
1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, ulu öndər xalqının çağırışına səs verərək, düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün ağır bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Dahi şəxsiyyətin gördüyü işlər, yürütdüyü müdrik, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik bərqərar oldu, qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı alındı. Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutdu. Azərbaycan dövləti hifz olundu və onun müstəqilliyi əbədiləşdirildi. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailliyəti - dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir” sözləri real həyatda gerçəkləşdi. Azərbaycanın dövlət müstəqilliyi ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorundu və əbədiləşdirildi. 1995-ci ildə qəbul edilmiş və müəllifi məhz ulu öndər Heydər Əliyev olan ilk Konstitusiyamız isə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu və Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Ümummilli lider dünya azərbaycanlılarına müraciət edərək deyirdi: «Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər».
Azərbaycan xüsusi xidmət orqanlarının inkişaf tarixi də bilavasitə ömrünün böyük bir hissəsini bu orqana həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1965-1967-ci illərdən sonrakı dövrdə olduğu kimi, respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarına öz qayğısını əsirgəməmiş, xüsusi xidmət orqanlarında çalışanların qarşısında ciddi tələblər qoymuş və onlara dəyərli nəsihətlərini vermişdir: "Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə yetirir ki, orada peşəkar əhvali-ruhiyyə, peşəkar kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli insanlar olmalısınız".
Ulu öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı milli- mənəvi sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq prinsipi idi. Ulu öndər Heydər Əliyev bildirirdi: «Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə islədiyim zaman, bu orqanın basçısı olduğum zaman və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının millli mənafeyinə əks olan heç bir addım atılmamışdır. Amma nə qədər belə təkliflər, belə təzyiqlər var idi”.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini dərindən bilən ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə həmin problemi daim diqqət mərkəzində saxlamış, o dövrdə Dağlıq Qarabağda baş verən təxribat hərəkətlərində Ermənistan SSR-in rəhbərlərinin əlinin də olduğunu çəkinmədən bildirmişdir. Həmin illərdə Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan torpaqlarına gəlmə olduqlarını nəinki başa düşmüş, hətta diyara köçürülmələrinin 150 illiyi münasibəti ilə abidə də qoymuş, bir çox ermənilər isə Dağlıq Qarabağı özünə doğma torpaq hesab etməyərək köçüb getmişdilər.
Ulu öndər Heydər Əliyevin səyi ilə milli ordumuzun formalaşması və döyüş qabiliyyətinin yüksəldilməsi üçün böyük işlər görülmüş, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində ərazilərimizi işğaldan azad, ölkəmizi düşmənlərdən müdafiə etmək qabiliyyətinə malik ordu quruculuğuna geniş diqqət yetirilmişdir. Hələ 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil müəssisəsini - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaratmaqla Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilinə nail olan ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımının əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı rolu əvəzsiz idi.
Ulu öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamlı və düşünülmüş daxili və xarici siyasət strategiyası nəticəsində əldə edilmiş uğurlar daha da inkişaf etdirildi, milli maraqlarımızın və mənafelərimizin etibarlı qorunması təmin olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna sarsılmaz əminlik yaratdı.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirdi və ölkə Prezidenti ətrafında daha sıx birləşdi. Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün Azərbaycan dövlətinin iqtisadi inkişafı o qədər davamlı, xalqla iqtidar arasında yaranmış birlik o qədər sarsılmazdır ki, hazırda dünyanı çalxalayan böhrana baxmayaraq, xalqımız öz sabahına inanır, heç bir ümidsizliyə qapılmır. Ölkə Prezidentinin indiyədək həyata keçirdiyi siyasət nəticəsində yaradılan potensial tam imkan verir ki, Azərbaycan sürətlə tərəqqi yolunu bundan sonra da davam etdirsin. Bu inamı bizə ölkədə hökm sürən sabitlik, xalqın öz Prezidentinə etimadı və Prezidentin öz xalqına arxalanması yaradır. Azərbaycanın davamlı olaraq qazandığı qələbələr, əldə etdiyi nailiyyətlər onun reytinqini ilbəil artırır. BMT-nin “Ümumdünya iqtisadi vəziyyəti və 2016-cı il üçün perspektivlər” adlı hesabatında göstərilir ki, 2016-cı və 2017-ci illərdə Azərbaycanda iqtisadı artım müvafiq surətdə 2,5 və 2,9 faiz olacaqdır, bu da inkişaf dinamikasının davam edəcəyini sübut edir. Azərbaycanın müdafiə qüdrətinin artması da beynəlxalq reytinq agentliklərinin diqqətindən yayınmayıb. Davos İqtisadi Forumu zamanı Amerika nəşri “U.S.News and World Report”un “Dünyanın ən güclü orduları: güc amili” reytinq cədvəlində Azərbaycan ordusu 60 ən güclü ordu sırasında 38-ci yeri tutub, Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.
Dünya ölkələrində idmanın inkişafını araşdıran “Sportcal” resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə vəziyyəti öyrənərək 81 ölkə arasında Azərbaycanı 37-ci yerə, idmanın insan həyatına təsiri reytinqi üzrə Bakını 100 şəhər arasında 26-cı yerə layiq görüb. Bunlardan əlavə, qədim Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsini, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçiriləcəyini, 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyət Paytaxtı” elan olunmasını və başqa tədbirləri də qeyd etmək olar.
Müasir dünyanı sarmış çətinliklərə,
beynəlxalq iqtisadi, siyasi-hərbi və təhlükəsizlik
sahəsində mövcud böhrana
baxmayaraq, ulu öndər
Heydər Əliyevin yaratdığı möhkəm təməllər
əsasında Prezident İlham
Əliyev tərəfindən Azərbaycanın
maraqlarının və təhlükəsizliyinin etibarlı
qorunması naminə inamla həyata
keçirilən düşünülmüş,
məharətli, tarazlaşdırılmış və
uzaqgörən siyasət xalqımızı bundan
sonra da qoruyacaq, dövlətimizi daha
da qüdrətləndirəcəkdir. Xalqımız inanır ki, nə
qədər Azərbaycan dövlətinin sükanı
arxasında ümummili liderin
layiqli davamçısı, böyük siyasətçi və dövlət
xadimi İlham
Əliyev dayanır, o bütün
sınaqlardan qələbə ilə çıxacaq, bütün çətinliklərin də
öhdəsindən layiqincə gələcək,
müstəqilliyimiz əbədi olacaqdır.
Həzi Ağammədov
Palitra.-2016.-5 may.-S.7.