Milli Kulinariya Mərkəzi 25 yaşını qeyd edir

 

“Dolmanın bişirilmə ənənələrinin UNESCO siyahısına daxil edilməsi üçün fayllar hazırlanır”

Dünən Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak ediblər. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açıb. Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın AMKM-in 25 illiyi münasibətilə təbrik ünvanını Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanova təqdim edib. Tədbirdə Prezidentin müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına medallar, həmçinin nazirlik tərəfindən bir qrup əməkdaşa fəxri fərmanlar da təqdim edilib. Nazir çıxışında deyib ki, Azərbaycan mədəniyyəti daşıyıcılarının bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil: "Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə istifadə olunan lavaşı mənimsəmək istəyib. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət ediblər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar təqdim ediblər". Nazir bildirib ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır. Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Milli Kulinariya Mərkəzi yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb.

 

Nigar

Palitra.-2016.-5 may.-S.13.