“Gənc nəsil xarici
təhsildəki nailiyyətləri ilə öndədir”
Aqil Əliyev: “Müəllimlərlə
tələbələr, şagirdlər arasındakı
münasibətlər, hələ də köhnə üsul ilə davam etdirilir”
Prezidentin xaricdə təhsillə bağlı sərəncamları, düşünürəm ki, gənclər üçün yeni imkanlar açır. Hazırda bir çox ölkələrdə olduğu kimi, Çin Xalq Respublikasında da azərbaycanlı tələbələr təhsil alırlar. Bu gənclər ÇXR-də elm, bilik öyrənməklə yanaşı, ictimai fəallıq göstərib ölkəmizi layiqincə təmsil edirlər. Elə müsahibimiz Aqil Əliyev də ÇXR-ə təhsil almaq üçün üz tutub.
- Yad
bir ölkədə çoxşaxəli
məqsədlərinizi həyata keçirmək sizə
çətin deyilmi?
-Çin, dili, dini, mədəniyyəti və irqilər bizə tamamilə yad bir coğrafi zonada yerləşib. Bunları bilməyən bir əcnəbi üçün burada yaşam çətin və dəyərlərinin kökləri qədimlərə dayanan biri üçün hərdən qorxulu da görünür. Ölkəyə addım atdığım ilk anda bildirdiyim qorxunun məndə özünü büruzə verməməsinin səbəbi kimi bütün insanlara Allahın yaratdığı və bizlərdən yalnız müəyyən keyfiyyətlərlə seçildikləri düşüncəsini bildirmək istərdim. Təbii ki, sahib olduğumuz milli-mənəvi sərhədləri pozmadıqları təqdirdə. Kiçik yaşlarımdan rəssamlıq və xəttatlığa böyük marağım bu incəsənət sahələrini peşəkar öyrənməyimə səbəb olub. Rəssamlığın, daha dəqiq desəm püroqrafiya (taxta üzərində yandırma rəsmi) ən çox müraciət etdiyim bölməsidir. Çinin xəttatlıq ənənəsi və incəsənətin fərqli növləri püroqrafiyada yeni üslubla çalışmağıma təkan verib. Hal - hazırda milli motivlər əsasında Çin rəssamlıq sənətinin sintezində yeni işlər üzərində çalışıram. Yaxın gələcəkdə bu potensialımı daha da inkişaf etdirərək ölkəmizi fərqli bir sahədə təmsil etmək əsas vəzifələrimdən biridir.
-ÇXR-də
hansı sahələrdəki təcrübə ölkəmizdə
tətbiq edilsə, effektli nəticə əldə
etmək olar?
-Diplomatiya və hərbi sahələrdən əlavə olaraq, Çini öz memarlıq üslubu ilə də dünya memarlıq və inşaat sahəsinin incisi hesab etmək olar. Xüsusən də qədim və müasir memarlıq nümunələrinin vəhdəti, şəhərsalma mədəniyyətinin inkişafı ölkəmiz üçün tətbiq ediləsi sahələrdir. Həmçinin təhsilin müasir və ənənəvi forması, yol infrastrukturu, ekologiya kimi prioritet sahələri Azərbaycanımızın inkişafı üçün təkan verə biləcək nümunələr hesab edirəm.
- Azərbaycanda dövlət tərəfindən təhsil sahəsində görülən işlər öz effektini verirmi?
-Heç şübhəsizdir ki, təhsil sahəsi dövlətin ana təməlidir. Tarixin müxtəlif dövrlərində müxtəlif sahələr üzrə təhsil almağa yollanan və ölkəmizin elm mühitindən yararlanan xaricilər az olmayıb. Orta əsr dünya elminə yeni nəfəs verən Azərbaycan mütəfəkkirləri bir zamanlar Bağdad, Qahirə kimi təhsil çırağının yandığı şəhərlərə üz tuturdularsa, zamanla bu cəhət Avropaya, çar Rusiyasına doğru dəyişdi. Azərbaycanı Yaxın Şərqin ilk demokratik Cümhuriyyətinə çevirən Əlimərdan bəy Topçubaşov, Məhəmməd Hacınski, Fətəli xan Xoyski və digər istiqlaliyyət qəhrəmanları, eləcə də Peterburq Artilleriya Məktəbinin məzunları olmuş görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlınskinin adları kifayət edər ki, xaricdə təhsil almağın ölkə üçün yeni imkanlar açdığının vacibliyi əhəmiyyət kəsb etsin.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da ölkə gənclərinin Türkiyə Respublikasında təhsil alması ön plana çəkilmişdi. Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi dövrdə də xarici təhsil modelinin ölkə üçün zəruri olduğu təhsil sahəsində əsas prioritet məsələ idi. Prezident İlham Əliyevin 2007-2015-ci illər üçün hədəflədiyi Xaricdə Təhsil proqramı gənclərin xaricdəki elm ocaqlarında təhsillərini davam etdirmələri üçün yeni bir cığır oldu. İnsan bacarığının tükənməz sərvət olduğu fikrini irəli çəkən Prezidentin xaricdə təhsillə bağlı sərəncamları, düşünürəm ki, gənclər üçün yeni imkanlar açır. Lakin təhsillə bağlı bəzi problemlər, hələ də qalmaqdadır. Bunu da xaricdə oxuyan tələbələrin ya yeni praktikanı tam mənimsəməməsi, ya da onu istifadə etmək üçün şəraitin yetərincə yaradılmamasında görürəm. Bəzən də xaricə göndərilən tələbələr içərisindən “sapı özümüzdən olan baltalar”, “ağacı içəridən yeyən qurdlar” da çıxır ki, bu da vətənə geri dönən zaman həmrəy olmağımız üçün aramızda maneəyə çevrilir. Bu da təhsil almağa üz tutmuş tələbələrin ciddi araşdırılmaması və ya xaricdəki istər diaspor, istərsə də diplomatik korpuslarımız tərəfindən laqeyd münasibətin nəticəsidir. Problemlərdən biri də xaricdəki yenilikləri özümüzünküləşdirməkdir. Məsələn, ali təhsildə bizim üçün yenilik sayılan Boloniya sistemi xarici təhsil müəssisələrində bir cür icra olunursa, Azərbaycanda əksinə olaraq azərbaycanlılaşdırılmış Boloniya sistemilə icra olunur. Dövlətin xarici təhsil strukturları ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, xaricdəki tələbələrimizin o ölkəyə akkreditasiya olunmuş səfir və səfirlik tərəfindən yaxından maraqlanması vacib amildir. Xaricdə təhsil almış məzunlar hakimiyyətdə təmsil edilən nazir və ya dövlət işçiləri içərisində azlıq təşkil edirsə, dövlətin bu sahədə effektiv nəticə əldə etməsi üçün zaman lazım olacaq.
-Gənc nəslin
elm və təhsilini artırması üçün marağı necədir?
-Sağlam və şüurlu gənc nəsli bar verən ağacın pöhrələri kimi düşünmək olar. Ağacın kökləri torpağın dərinliklərinədək inkişaf edərsə, zamanında ağaca qayğı göstərilib bar verəcək mövsümdə meyvələri lazımi qaydada yığılacaqsa, o ağac hər mövsümdə bar verib yeni nəsillərə ötürüləcək. Təhsil sahəsindəki bugünkü nəslin uğurları xələflərimiz olacaq nəsillərə veriləcək əmanətdir. Gənc nəslin elmə, təhsilə marağının müsbət və yenilikçi olması bəzi məqamlarda sovet dövründəkindən geridə qalsa da xarici təhsildəki nailiyyətləri ilə də öndədir. Yalnız dövlət xəttilə deyil, eyni zamanda təhsil alınacaq xarici dövlətin təklif etdiyi təqaüd proqramları ilə də tələbə dostlarımız yaxından maraqlandırır. Uzaq Şərqi Asiyadan Kanadayadək uzanan arealda azərbaycanlı tələbələrin adının olması təhsil sahəsinə vurulmuş yeni ciladır. Amma təhsilimizin keçid mərhələsində olduğu qənaətindəyəm. Çünki yeni yetişən ağac fidanlarına su verən bağbanlar timsalındakı müəllimlərlə tələbələr, şagirdlər arasındakı münasibətlər hələ də köhnə üsul ilə davam etdirilir. Bu da bir növ təhsilin keçid dövründən tez keçməsini ləngidir.
-Gənclərimizin
xaricdə təhsil alması ölkəmiz üçün
hansı perspektivlər yaradır?
- Zəruri biliklərin gətirilməsi və məqsədinə uyğun olaraq tətbiq edilməsi ölkəni, vətəndaşların yaşayış səviyyəsini daha da yaxşılaşdırır. Xarici praktika bir növ kosmosdan Yer kürəsinə baxmaq, güzgüdə özünü görmək təəssüratı bağışlayır. Tənqid inkişafın stimul verən hissəsidir. Əgər xarici təcrübəni mənimsəyib müqayisə edə və nəticə çıxara biliriksə, bu, ölkədəki yeniliklərdə öz təzahürünü tapır. Beləcə, dövlət olaraq müstəqilliyimizin əbədiliyini zəmanətə almış oluruq.
-Tələbələrimiz
Çində ölkəmizi yetərincə tanıda bilirlərmi?
-Dünyanı dəyişmək üçün öncə özünü dəyişməlisən deyə, gözəl bir fikir var. Bu fikri bir az da qüvvətləndirmək üçün həzrəti Peyğəmbərin “Ən gözəl dəvət əxlaqdır” kəlamını seçərdim. Bəli, bağlarının düyünləndiyi ölkəni tanıtmaq da, zənnimcə, öncə özündən başlamalıdır. Milli və mənəvi dəyərlərimizi, vətənpərvərlik hissini, Azərbaycan sevgisini yaşatmasan, üzərində daşıdığın şəxsiyyət vəsiqəsini verən dövlətə qarşı zərbə vurduğun fikrindəyəm. Tələbə, hətta şəxsiyyət kimi formalaşmayan adamlar, təəssüflər olsun ki, var. Bir işi görmək üçün onu sevmək, onunla bir olmaq gərəkdir. Azərbaycanı tanıtmaq da onu sevməkdən, uğrunda canını fəda etmiş şəxsiyyətlərin yolunda irəliləməkdən keçir. Son nəfəsində üç dəfə “Azərbaycan” deyən Məhəmməd Əmin Rəsulzadə, xaricdəki iztirablı mühacirətdə belə, yorulmadan Azərbaycanın istiqlalı üçün çarpışan Əlimərdan bəy Topçubaşov timsalında AXC fədailəri, “bir kərə yüksələn bayraq bir daha enməz” şüarıyla müqəddəs bayrağımızı yenidən dalğalandıran Heydər Əliyev kimi şəxsiyyətlərin həyatı biz gənclərə örnək olmalıdır. Hər bir tələbə, ümumiyyətlə, xaricdə olan azərbaycanlılar vətənin bir parçası olduqlarını hiss etməlidir. Nəinki Qarabağ, hətta bizdən oğurlanan digər torpaqlarımız gec-tez qayıdacaq, amma işğal olunmuş “vətənin xaricdəki parçaları”nı azad etmək mümkün olmayacaq. Hər bir azərbaycanlı üçrəngli bayrağımıza şüurunda, əməli fəaliyyətində milliyyəti, müasir düşüncəsi, dini ilə sarılmalıdır ki, Azərbaycan layiqli tanınsın. Burda tanıdığım tələbə dostlarımız da, zənnimcə, sadaladığım idealda olaraq ölkəmizi yaddaşlara daha gözəl şəkildə nəqş edə bilərlər.
-Perspektivdə
hansı işlər görməyi nəzərdə tutursunuz?
-Təhsil alacağım diplomatiya ixtisasına mükəmməl bir şəkildə yiyələnib bilik və təcrübəmi ölkəmizdə tətbiq etmək məqsədlərimdən biridir. Dövlətin əsas sütunlarını təşkil edən təhsil, səhiyyə kimi mühüm dayaqlardan hərbi və təhlükəsizlik sahələri də Azərbaycan üçün önəmlidir. Önümüzdəki illər ərzində təhsil alacağım sahə, yiyələndiyim bacarıqlar, mənəvi düşüncələrimlə xaricdə müvəqqəti yaşayan azərbaycanlı kimi üçrəngli bayrağımıza bürünməklə hədəfləri fəth etmək əsas vəzifəmdir. Odlar Yurdunun bağrından çıxmış bir qığılcım kimi Odlar Yurdunun əbədi sönməz istiqlaliyyət alovunda yanacaq od timsalında payımın olması mənim ali məqsədimdir və bu məqsədə nail olacağıma əminəm!
Fuad Hüseynzadə
Palitra.-2016.-6 may.-S.11.