“Sinergetika vasitəsilə
müxtəlif sahələrin sistemli
inkişafı ilə bağlı layihələr həyata
keçirmək olar”
Füzuli Qurbanov:
“Azərbaycanın
qloballaşmada iştirakı və yerini tədqiq etsək, həm millətimiz və
dövlətçiliyimizə, həm də mədəniyyət
və dəyərlərimizə, müstəqilliyimizə ciddi töhfələr verə bilərik”
Azərbaycan elm və təhsilində sinergetik yanaşmanın praqmatik şəkildə tətbiq edilməsi elmin qarşısında duran məsələlərdəndir. Məsələnin aktuallığı ölkədə sinergetikanın fəlsəfi problemləri ilə məşğul olan alimlər tərəfindən dilə gətirilməkdədir. Qeyd edək ki, mövzu ilə bağlı layihə çərçivəsində AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovla müsahibə apardıq.
-Təhsil prosesində sinergetika öz əksini necə tapmalıdır?
- İki aspektdən
bu məsələyə
yanaşmaq olar. Birincisi budur
ki, Azərbaycanda tədris proqramlarına, konkret olaraq sinergetika ilə bağlı mövzular və mühazirələr
salına bilər.
Yaxud da bu sahə
ilə bağlı ixtisaslaşmış ayrıca
fakültə yarana bilər. İkincisi isə sinergetik
yanaşmanın müasir
təhsilə tətbiqi
ilə bağlı ümumi mühazirə kursları təşkil etmək olar. Birinci halda sinergetikanın özü öyrənilir,
bunu riyaziyyatçı
və fiziklər, həmçinin fəlsəfəçilər
deyə bilər.
İkinci halda isə
sinergetikanın insan təfəkküründə hansı
dəyişikliklər etdiyi,
nəyi ortaya qoyduğu, sinergetika fəlsəfəsi, mahiyyət
və məqsədi, metodologiyası öyrədilməlidir.
Burada təhsil sisteminin fəaliyyətini də sinergetik prinsiplər üzərində qurmaq olar. Çox müxtəlif aspektlərdən
bu məsələni reallaşdırmağa dəyər.
-Bu məsələdə
bizim təhsil üçün praqmatik yanaşma necə xarakterizə edilə bilər?
- Əgər insanların
təfəkküründə sinergetika ilə bağlı maariflənmə
baş versə, harmoniya və qarşılıqlı əməkdaşlıq
prinsipləri əxz edilsə, bu, daha çox dərk edilmiş olar. Sinergetika korifeylərinin əsas
fikri ondan ibarətdir ki, sinergetika, ümumiyyətlə,
elm adamları arasında
əməkdaşlıq yaradır.
Müxtəlif elm sahələrinin adamlarının bir yerdə kollektiv çalışması üçün
xeyli metodoloji əsas və silah verir. Vasitələr verir. Alimlər arasında
əməkdaşlıq güclənir.
Elmlərarası inteqrasiya da
güclənmiş olur.
Eyni zamanda düşüncə
tərzi, təfəkkür
yenilənir, harmoniklənir.
Başa düşülməlidir ki,
təkcə siyasətçi
olmaqla uğurlu siyasət aparmaq, təkcə alim olmaqla uğurlu elmi fəaliyyət aparmaq olmaz. Alim həm mənəviyyatçı,
etik olmalı, həm də müəyyən mənada
vətənini, dövlətini
düşünməlidir. Çünki sinergetika onu da öyrədir
ki, cəmiyyətdə
tək bir insan xoşbəxt və ləyaqətli ola bilməz.
Bunun üçün bütövlükdə
cəmiyyətin özü
ləyaqətli olmalıdır.
Biz Azərbaycanın tarixini nəzəri və alternativ tarixi modellərlə öyrənə bilərik.
Əgər tariximizdə, məsələn,
hansısa hadisə olmasaydı, indi biz harada olardıq. Bu kimi məsələləri
aydınlaşdırmaq üçün
sinergetik modellər bizə imkan verir. Müqayisə aparardıq ki, gələcəkdə belə
hallara yol verilməsin...
-Məncə, azərbaycanlılar,
ümumiyyətlə, şərqlilər
çoxdandır ki, müəyyən mənada
sinergetikdirlər... Çünki bizdə, məsələn,
hansısa baytar da cərrahlıqla məşğul olmaq iddiası ilə çıxış edir.
Yaxud da filosof eyni
zamanda siyasətçi,
həm də şair olur. Amma Qərbdə ixtisasların
dəqiq diferensiallaşması
baş verib. Heç kəs sahəsindən kənara çıxmaq istəmir. Bəlkə də, Qərbdə
bu cür diferensiallaşmanın yaratdığı
zərurətdən sinergetika
sahəsi formalaşıb.
Bu barədə siz necə düşünürsünüz?
- Birincisi, azərbaycanlılar
sinergetik deyillər, olsaydılar, vəziyyətimiz
bundan xeyli dərəcədə yaxşı
olardı... Amma o başqa məsələdir
ki, Şərqdə, bax bu cür
sinergetik yanaşma lap
qədimdən var. Bu barədə
doğru dediniz. Bizim içimizdə belə yanaşma mövcuddur.
Hər şeydə harmoniya axtarmaq, təbiət və insanlarla harmoniyada olmaq və sair. Bunu tənzimləmək üçün
azərbaycanlı mentalitetində
bir şərqli kimi çox müsbət məqamlar
var. Bu barədə güclü
potensiyamız var. Amma
bu mövzu hələ araşdırılmalıdır,
tədqiq edilməlidir.
Ona görə də, gəlin, indidən bu məsələnin dərinliyinə
getməyək...
Avropalılara gəldikdə isə onlar diferensiasiyadan sonra necə birləşmək üzərində
fikirləşiblərsə və ondan sinergetika
yaranıbsa da, bu müsbətdir. Yəni onlar
ayrı-ayrı diferensiyaları
parçalayıb ayrılıqda
öyrənmək sahəsində
xeyli irəli gediblər.
-Deməli, artıq geri qayıtmağı və hər şeyə, eyni zamanda bütöv baxmağı düşünürlər.
- Elədir. Onlar indi buna görə də sinergetik yanaşma tətbiq edirlər. Fərqli düşünən, fərqli
din mənsubuna münasibət
necə olmalıdır.
Nəticəyə gəlinir ki,
yaxşı olmalıdır.
Niyə?
Çünki dünya bütövdür.
Yəni bu cür ayrı-seçkiliklər
nisbidir. Bu məsələlərdə dialoq
lazımdır. Sivilizasiyalar və
dinlərarası dialoq
zəruridir. İkinci bir
tərəfdən dünya
iqtisadiyyatı qloballaşıb.
İqtisadiyyat qloballaşırsa, mənəviyyat da qloballaşmalıdır. O cümlədən elm də
ümumi nəzəri-universal
metodları tətbiq etməlidir. Sinergetika elmə bu cür yanaşmanı təqdim edir.
-Bəs qloballaşmaya sinergetik yanaşmada milli fərqliliklər və dəyərlərin
muxtariyyəti məsələsi
necə görünür?
Məsələn, Azərbaycan
dəyərlərinin bu
kontekstdə qorunması,
yaşadılması...
- Bu, maraqlı məsələdir.
Məsələ bundan ibarətdir
ki, qloballaşma prosesinə elmi-fəlsəfi
baxımdan müxtəlif
yanaşmalar var. Mən
o yanaşmanın tərəfdarıyam
ki, hazırda qloballaşma adı altında qərbləşmə
gedir. Daha doğrusu, bunu
etməyə cəhdlər
göstərilir. Ona görə
də dünyanın müxtəlif yerlərində
buna qarşı hərəkatlar var - antiqlobalistlər və sair. Milli dövlətçiliyi olan hər bir
toplum sinergetik yanaşmaya görə bir avtonomluğa, müstəqilliyə sahib olmalıdır.
Yəni onun mədəniyyətini
ekspansiya etmək olmaz. Burada sinergetik prinsipin
əsas məğzi də budur. Odur ki, o sistem daha
davamlı və güclüdür ki, onun hissələri ayrı-ayrılıqda daha
müstəqildir, avtonomdur.
Birini o birinə qarışdırmaq
olmaz. Burada bu hissələrdən
birinin o biri üzərində hakimliyini
qurmaq barədə düşünmək lazım
deyil. Yəni bu yanaşma
ilə biz Azərbaycan
cəmiyyətini öyrənsək,
Azərbaycanın qloballaşma
prosesində iştirakı
və yerini tədqiq etsək, həm millət, həm dövlətçiliyimizə,
həm də mədəniyyət və
dəyərlərimizin özgürlüyünə,
müstəqilliyimizə ciddi
töhfələr verə
bilərik.
- Bu kimi məsələlərlə bağlı
müvafiq qurumlara hansısa təkliflər vermisinizmi? Ümumiyyətlə, belə
təkliflərə ehtiyac varmı?
- Bəli, ehtiyac var. Amma bu
cür təkliflərin verilməsi əsaslı
olmalıdır. İndi elm
aləmində də bir dəb düşüb. Bəziləri deyir: “Mən təklif verdim,
amma nəzərə almadılar. Amma bilirsiniz, mən bu işlərə çox
ciddi yanaşıram. Hər hansı bir təklifi vermək üçün
ən azından təkliflər paketi
olmalıdır. Təklif dərindən işlənilməlidir,
layihə halına salınmalıdır. Bu
təkliflərdə bütün detallar, risklər və sair
məqamlar nəzərə alınmalıdır. Bundan sonra isə
müzakirələr başlamalıdır. Təklif süzgəcdən
keçməli və onun
reallaşdırılmaq dərəcəsi, uyğunluğu
ortaya çıxarılmalıdır. Ona görə də fikirləşib belə bir Sinergetik Tədqiqatlar Mərkəzi
yaratdıq. Sinergetik Tədqiqatlar Mərkəzi
artıq qeydiyyatdan keçib.
Əsas məqsədimiz yalnız və yalnız elmi proqramlarla cəmiyyətimizdə
gedən proseslərə, yeniliklərə kömək edək.
Elmi proqram və fəaliyyətdən
başqa, heç bir fəaliyyəti nəzərdə tutmuruq. Orada bizim diqqət və nəzərimizdə olan məsələlərdən biri də məhz Azərbaycan təhsilinə sinergetik yanaşma və
Azərbaycan təhsilində sinergetikanın tədrisi ilə
bağlı olan təkliflər paketi olacaq. Hesab edirəm
ki, biz sizinlə o təkliflər paketi ərsəyə
gələndən sonra bu
məsələlər barədə daha dəqiq
danışsaq, çox məqsədəuyğun
olacaq. İndi isə bu barədə geniş
danışmaq qeyri-dəqiqliyə apara
bilər.
İlkin AĞAYEV
Palitra.-2016.-13 may.-S.11.