Azərbaycanın inkişaf
potensialının region ölkələrinə
təsiri
Vüqar Zifəroğlu: “Azərbaycan hər
zaman qarşılıqlı fayda və işgüzar əməkdaşlıq
prinsiplərinə sadiqliyi ilə seçilib”
Azərbaycanın potensialı və gündən-günə inkişafı onun beynəlxalq aləmdə də nüfuzunu artırıb. Artıq əksər sahələrdə Azərbaycan regionda lider dövlət olduğunu sübut edib. Azərbaycanın bu kimi inkişaf potensialı müsbət mənada region ölkələrinə də təsir edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev çıxışında bu baxımdan da öz fikrini bildirib: “Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”.
Azərbaycanın bu gün dünyada etibarlı tərəfdaş kimi tanındığını deyən Prezident ölkəmizin beynəlxalq mövqelərinin böyük dərəcədə möhkəmləndiyini vurğulayıb: “Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır.
Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir”.
“Oğuz”
Müstəqil Araşdırmaçılar Qrupunun
rəhbəri, analitik Vüqar
Zifəroğlu bizimlə söhbətində dedi
ki, Azərbaycan Cənubi Qafqaz
regionunda həyata keçirilən bir sıra qlobal enerji və kommunikasiya
layihələrində “açar ölkə”
olaraq tanınır: “Azərbaycan hər
zaman qarşılıqlı fayda və işgüzar əməkdaşlıq
prinsiplərinə sadiqliyi ilə seçilib. Diqqət edin,
“Əsrin müqaviləsi” ilə başlanan
proses, bütünlükdə regionun inkişafına ciddi
töhfələr verən transmilli layihələrin
gerçəkləşməsi üçün
əsas təşkil etdi.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir
yolu xətti bunun ən
bariz nümunələridir. Bu layihələr yalnız iqtisadi
deyil, o cümlədən
siyasi nöqteyi-nəzərdən də ciddi əhəmiyyətə malikdirlər. Hazırda dünyada, əsasən
də regionda baş
verən hadisələr - istər dini-etnik
münaqişələr, istərsə də yeni
müharibə ocaqlarının yaranması, ölkələr
arasında enerji daşınması və
ümumiyyətlə, nəqliyyat sahəsində ciddi problemlərin ortaya
çıxmasına təkan verir. Bu isə ilk növbədə
alternativ nəql imkanlarının
axtarışında olan Qərbin diqqətini
ölkəmizə cəlb edir. Təsadüfi deyil ki, bu layihələrdən
sonra Trans-Anadolu (TANAP)
və Trans-Adriatik (TAP) boru
kəmərləri layihələrinin həyata keçirilməsi
Avropa və dünyanın enerji
təhlükəsizliyi baxımından böyük
əhəmiyyətə malikdir və Azərbaycanın
adı bu layihələrdə ciddi əhəmiyyətə malikdir”. Vüqar Zifəroğlunun
fikrincə, bu kimi
layihələrdə iştirakımız, hətta “kilid ölkə” statusuna malik olmamız, yalnız strateji
mövqeyimizlə bağlı deyil, eyni zamanda etibarlı tərəfdaş
kimi tanınmağımızın da ciddi əhəmiyyəti
var: “Hazırda baş verən münaqişələr fonunda dünyanın üzləşdiyi iqtisadi böhran dönəmində
ölkəmizdə həyata keçirilən layihələr
və əldə edilən uğurlu nəticələr
tərəfdaşlar üçün sabit və etibarlı ölkə olaraq ciddi təminat xarakteri daşıyır”.
Fuad Hüseynzadə
Palitra.-2016.-13 may.-S.6.