Sözdən muncuq düzən şairinÖmrün payız nəğməsi“ kitabı işıq üzü gördü

 

SÖZ.…Bəlkə də, insanlığın sahib olduğu ən dəyərli xəzinədir. O xəzinə ki, illərə, əsrlərə, qərinələrə belə meydan oxuya biləcək qüdrətə malikdir. Zamanın ən çətin sınaqlarından çıxa bilən sözlə davranmaq, onu cilalamaq, onu qəlibə salmaq, onu azad buraxmaq, ondan poeziya yaratmaq hər qələmin, hər şairin hünəri deyil. Məhz Vaqif Məmmədov da sözü sevən, ona heyran olan, onu möhtəşəm şəkildə oxucusuna təqdim edən, SÖZDƏN MUNCUQ DÜZƏN şair idi. Yazıma başlamamışdan öncə onu qeyd etməliyəm ki, bu yazını yazmaq mənim üçün xeyli çətin oldu. Çünki Vaqif Məmmədov kimi bir şəxsiyyəti öz düşüncələrimlə anlatmaqdan , daha doğrusu, yetərincə anlata bilməməkdən ehtiyat etdim. Haqqında kitablar çap edilən, saysız-hesabsız yazılar yazılan, ən dəyərli ədəbiyyatçıların yüksək dəyərlə qiymətləndirdiyi şair, publisist, tarixçinaşir-Vaqif Məmmədovdan bəhs etmək, onun şeirlərini təhlil etmək, haqqında söz söyləmək olduqca məsuliyyətli bir işdir. Ümid edirəm ki, bu yazıda, az da olsa, bu diləyimə nail ola biləcəm.

Onun ədəbiyyat, tarix, jurnalistika, publisistika sahələrində əldə etdiyi nailiyyətləri, müəllifi olduğu, nəşrində iştirak etdiyi kitabları saymaqla bitməz. Və əminəm ki, hər bir diqqətli oxucu Vaqif Məmmədovun şərəfli həyat yoluna yaxından bələddir. Mən isə sizlərə daha çox onun yaradıcılıgından və yaradıcılığındakı Vaqif Məmmədov ruhundan danışmaq istəyirəm. O vətəni ürəyinə sığmayan el oğludur. Vətənpərvərlik mövzusunda yazdığı şeirlərində onun vətəninə, elinə, obasına olan tükənməz sevgisi oxucunu bir qonaq tək qarşılayır. Şeirinin ruhundakı qüdrət, qəhrəmanlıq və mərdlik oxucuya da sirayət etmiş olur. Bütün bu sadaladıqlarım məni həmişə heyran edib. Hər zaman bu möhtəşəmliyə baş əymişəm ona görə ki, vətənini bu qədər dərindən sevmək hər insanın işi deyil. Onun vaxtilə Sədərək döyüşlərində göstərdiyi qəhrəmanlıq, təkcə Sədərək şəhidləri adlı kitabındakı Bəxtiyar Vahabzadə demişodlu-alovlu şeirləri” onunla fəxr etməyə bəs edir. Həmişə xalqını, millətini, elini, obasını əziz tutan bu insan torpağına qırılmaz tellərlə bağlıdır. Və bu sevgi, bu məhəbbət onun şeirinin hər misrasında oxucunu çağırır.

40 ilə yaxındı bədii yaradıcılıqla məşğul olan, 35-dən artıq kitabı çap olunan şairin şeirləri Azərbaycanla yanaşı, həm də Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Belarus, Ukrayna, Almaniya, Yunanıstan, Pakistan, ABŞ və s. ölkələrdə də çap olunub. Deməli, Azərbaycan Yazıçılar BirliyininAvrasiya Yazarlar Birliyinin üzvü, bir neçə Beynəlxalq ədəbi müsabiqələrin qalibi olan şair Azərbaycanın paytaxtında deyil, regionda yaşamasına baxmayaraq, onun poeziyasının üfüqləri çox genişdir. O bu dünyanı başqa rənglərdə, başqa mənalarda, başqa çalarlarda görməyi bacaran tək-tük yaradıcı insanlardandır. Üç ildən artıq bir müddətdir ki, “Facebookda mütamadi olaraq izlədiyim, hər şeirini böyük zövqlə oxuduğum üçün onun yaradıcılığına biganə qala bilmədim. Kitablara, ədəbiyyata və xüsusilə poeziyaya rəğbəti olan hər bir kəs də əminəm ki, bu kitab haqqında, onun sonuncu kitabı “ÖMRÜN PAYIZ MƏĞMƏSİ” kitabı haqqında, özü də belə, hər səhifəsindən bir həyat, bir dünya boylanan bu kitab haqqında danışmaya bilməzdi. Onun poeziyası, onun şeiriyyatı, onun lirikası insan hislərinin ən bədii tərənnümünün əks-sədasıdır. Şeirlərdə ifadə olunan hər bir fikir, hər bir düşüncə oxuculara eynilik, doğmalıq hissi bağışlayır sanki. "HİSSLƏRİN TƏRCÜMANI" deyilən bir ifadə var ki, bu söz tam anlamıyla onun şeirlərinə aid edilə bilər. Siz onu oxuduğunuz zaman ürəyinizdə barındırdığınız, hətta görməzdən gəldiyiniz bir çox düşüncəyə rast gələ bilərsiniz. Onu şeirləri ilə tanış olan hər bir insan əminəm ki, bu duyğuları mütləq ki, yaşayıb. Kitabın ilk səhifələrində Qəşəm İsabəylinin ön sözü, Səbuhi Məmmədovun atası haqqındakı son yazısı bizi qarşılayır. Ürək yanğısıyla oxuduğum bu sözlər, əminəm ki, bir çox oxucunun ürəyinə toxunacaq, onu kövrək notlara kökləyəcəkdir.

Kitabın ilk bölməsi “DƏNİZ MƏNİM, MƏN DƏNİZİN İÇİNDƏ” adlanır. İlk səhifələrdən şairin dəniz sevgisi, dəniz vurğunluğu bizi qarşılayır. Dəniz mövzulu şeirlər Vaqif Məmmədovun yaradıcılığında ayrıca bir cığır salmağı bacarmış dərin duyğulu, lirik şeirlərdir. Bu şeirlərdə ifadə olunan bütün hislər o qədər səmimi, o qədər içdən, o qədər həqiqidir ki, onlardan doymaq mümkün deyil. Azərbaycan poeziyasında oxuduğum qədəri ilə yazılmış ən gözəl, ən duyğulu dəniz şeirləri Vaqif Məmmədova aiddir (bu mənim şəxsi fikrimdir). Bir dəfə şairin sağlığında dəniz şeirlərinin birinə belə bir rəy yazmışdım: “Dənizin ən gözəl təsvirlərinə öz fırçası ilə həyat verən Kırımlı rəssam İvan Ayvazovskidirsə, onun sözlərlə ən gözəl rəsmini çəkən şairsizsiniz. Bu şeirlərin xüsusiliyi və gözəlliyi də ondadır ki, müəllif təkcə dənizi vəsf etməklə kifayətlənməyib, dənizin fonunda aşiq bir sevgilinin də duyğularını anladır. O, bir rəssam fırçasının dalğalarla oynadığı tək dənizlə, ləpələrlə rəqs edir sanki.

Günlər axarıyla sanki ötüşmür,

Ləpələr qum üstdə son izə çatmır,

Dənizin dalğası sənə yetişmir,

Sənin də əllərin dənizə çatmır…

Dalğalar tuş gəlib əsən küləyə,

Həsrətə boyayıb dəniz səsini.

Sanki, qağayılar sən yoxsan deyə,

Oxumaq istəmir öz nəğməsini...

Burda təsvir edilən intizar, kədər, sözlərin bərəsinə-bəndinə sığışmır sanki. Hər zaman nigaran olan dəniz yarını gözləyən aşiq tək dərd yanır, fəryad edir. Bu bəndlərdə, bu misralarda tüğyan edən həsrət oxucunun gözlərinin önündə canlı mənzərələr yaradır.

Hər Günəş çıxanda, hər Ay batanda,

Ləpələr rəsmini hörür, bilirəm.

Sənin həsrətinlə dəniz yatanda,

Səni yuxuda da görür, bilirəm

Həsrətin üstünə çökür bir anda,

Çoxalır sahilin dumanı, çəni.

Nigaran xəyallar səni yoranda,

Sən onu anırsan, o da ki səni

Onun dəniz silsiləli şeirlərində onun təxəyyülünün, onun xəyal gücünün sərhədlərini təxmin etmək bir oxucu olaraq mənim üçün çox çətindir. Onun yaradıcılığındakı hər şey mükəmməl şəkildə tərənnüm edilir. Oxucu əsla özünü yad hiss etmir. Yazdıqları o qədər doğma, o qədər içdəndir ki, insan bəzən öz düşüncələrinin əksini görürmüş kimi olur. Axıcı dili, səlisliyi, xüsusi qafiyə ölçüyə malik olan şeirləri, bəzən bir çayın şırıltısına bənzəyir, bəzənsə xoş bir avazı xatırladır. O sənət dəryasının ən nadir incilərini tapan kəşfiyyatçı tək həmişə yeni tapıntılarla oxucusunu sevindirir. Ürəyinin ən büllur bulağından süzülüb gələn düşüncələr həmişə yenilik axtarışındadır. O daim yazır, yaradır

Dəniz haqqındakı silsilə şeirlərini oxuyarkən insan özünü ya qumlu sahildə, ya qayalıqda, ya dənizin ortasında tənha gəmidə zənn edir. Oxucusunu yaratdığı dünyaya elə inandırır ki, insan bəzən bu dünyadan ayrılmaq istəmir, elə hey o şeirin, o dənizin, o dalğanın içində qalmaq istəyir. O sanki sözlərdən xalça toxuyur, kəlimələrlə rəsm çəkir. Təbii çalarla, canlı təsvirlərlə, min bir rənglə yaratdığı bu sənət nümunələri özünəməxsusluğu ilə seçilir. Bəzən o qədər gözəl vəsf edir ki, dənizin səsini belə duymaq olur. Dalğaların mehini, sahildəki qumun istisini belə hiss edir oxucu.

Bu şeirlərdə dəniz bəzən üsyan edir, bəzən coşur, bəzən dalğalanır, bəzənsə sakitcə ləpələrini sahilə döyür. Vaqif Məmmədovun şeirlərində dənizin hər şəkildə təsviri var. Onun gecəsi , gündüzü misralarda öz möhtəşəm əksini tapıb.

Sərib ətəyini qırçınlı donun,

Sahilə dəyirdi dəniz bir az da.

Deyəsən, xətrinə dəymişdin onun,

Sənə bənzəyirdi dəniz bir az da.

Qağayı uçurdu belədən-belə,

Elə qıy vururdu, laçın kimiydi.

Kükrəyən dalğalar gəlirdi dilə,

Sənin dalğalanan saçın kimiydi.

Kitabın ikinci bölməsi “YENƏ DƏ BAŞLANDI PAYIZ YAĞIŞI” adlanır. Şairin müsahibələrində qeyd etdiyi kimi, ən çox sevdiyi fəsillərin birincisi olan xınalı payızın bu bölməyə ad olaraq seçilməsi heç təsadüfi deyildir. Çünki şairin payız haqqında bir çox şeirləri mövcuddur. Yaradıcı insanlar həyata fərqli gözlərlə baxır, fərqli duyğularla yanaşırlar. Payız da bu yaradıcı insanın diqqətindən, əlbəttə ki, yayına bilməzdi. Payızın yeksənəkliyi, onun yalnızlığı, həsrəti Vaqif Məmmədov şeirlərində fərqli bir nəfəs tapır sanki.

 

(ardı gələn sayımızda)

Nəzrin Ələkbərova

Palitra.-2016.-14 may.-S.15.