Sözdən muncuq düzən şairin “Ömrün payız nəğməsi“ kitabı işıq üzü gördü…

 

(Əvvəli ötən sayımızda)

 

Bəzən payızı xınalı gəlinə bənzədən şair, bəzən də payızda qonaq gələn bahardan söhbət açır.

Ömrüm hey bürünüb dumana, çənə,

Mənim də baxtıma bu payız düşüb.

“Payız mənzərəsi” gətirdin mənə,

Nə bildin ömrümün payızı düşüb.

Nə bildin çiynimdə duran mələyin,

Qismətə hicranı yazan vaxtıdır.

Hardan sazağını duydun küləyin,

Nə bildin ömrümün xəzan vaxtıdır.

Payız yağışlarını da unutmayan şair təbiətin ən gözəl halını öz söz çələngi ilə toxuyub, hər sətrinə bir şirinlik, bir məlahət, bir gözəllik qatıb elə bil. Bu şeirlərdə hər bir şey öz ahəngində, öz rəngində, öz biçimində, əl dəymədən, pozulmadan necə varsa, elə də təsvir olunub. Oxuduqca xəyalımızın ən gözəl güşələrində açılan mənzərələrdə bu möhtəşəmliyin hər incə detalı bizə rahatlıq və zövq verir.

Kəsildi yollardan haray da, ün də,

Payızdı, yağışlar yağacaq yenə.

İki sevən ürək yağışlı gündə,

Bir çətir altına sığacaq yenə.

Çən-duman dağlardan dərəyə endi,

Sevənlər həsrəti duyacaq daha.

Xınalı saçını ağaclar indi,

Yağış suyu ilə yuyacaq daha.

Kitabın sonrakı “SƏNİ TƏNHA QOYUB GEDƏN DEYİLƏM”, “SƏNƏ HEYFİM GƏLİR”, “TANRI QİSMƏTİ”, “BU DA BİR TALEDİ”, “ALIN YAZISI” adlı bölmələri də eyni ruhda, eyni üslubda yazılmış kövrək bir qəlbin ən kədərli çırpıntılarıdır. Onun şeiri azaddır, onun şeiri uzaqlıq tanımır. Bu şeirlərdə müşahidə edilən gözəllik və məhəbbət onun mənəvi dünyasının aynasıdır. Onun şeirində sevgili, yar müqəddəs və toxunulmazdır. Heç bir vəchlə ona toxunmur. Ürəyinin nisgili, qubarı, dərdi nə qədər böyük olsa da, bunu çərçivədə saxlamağı bacarır, yardan heç vaxt giley-güzar etmir. Və oxucu şahid oldugu bu mənzərəyə heyran qalır. Vaqif Məmmədovun şeirlərində yaşayan o vəfalı aşiq bu sətirlərdə yarının hər cəfasına, hər nazına dözür. Hətta bir şeirində “sən mənə əzab ver, əzab ver, gülüm”, deyir.

Sevgidə gözlərin toxdu, bilirəm,

Eşqinə səd qoyan yoxdu, bilirəm,

Sənin də əzabın çoxdu, bilirəm,

Sən mənə əzab ver, əzab ver, gülüm…

Nə deyim ömrümə çən tək çökənə,

Üstümə dünyanın dərdin tökənə,

Qəlbinin əzabı bəlkə tükənə,

Sən mənə əzab ver, əzab ver, gülüm..

Tükənməz bir söz ehtiyatına sahib olan şair bu şeirlərdə qələmini ən dərin dəryaların mürəkkəbinə batırıb xariqələr yaradıb sanki. Sözlər, sətirlər elə bir düzümdə göz oxşayır ki, bəxş etdiyi böyük zövqün təsirindən qurtulmaq istəmir oxucu. Onun ilhamı, müşahidə qabiliyyəti, səmimi və özünəməxsus deyim tərzi, təkrarsız ifadələri bu şeirləri gözəl və oxunaqlı edən səbəblərdir. Onun qələmi, onun lirikası o qədər sərhədsizdir ki, siz bir şeirdə təbiətin birdən çox lövhəsini eyni anda görə bilərsiniz. Və o bunu elə bir ustalıqla edir ki, hər bənddə güclü təəsüratlar yaradır. O məna çalarları ilə zəngin ifadələrdə dayanıb düşünməmək, xəyal aləminin sonsuz ənginliklərinə dalmamaq mümkün olmur.

Sən dağ olsan, lap zirvənə diklənər,

Ucalardım, əlim göyə dəyərdi.

Dəniz olsan sahilində təklənər,

Ləpələrin yanağımı

döyərdi

Yağış olsan, cığır tutar,

iz tutar,

Gəlib sənin yanındaca

bitərdim.

Səhra olsan,

bir tərəfə üz tutar,

Dəli kimi qoynundaca

itərdim.…

Sən karvansan,

ötən günlər qatardı,

İstəyirəm qabaq çıxam,

əyləyəm.…

Nə olsaydın sənə

gücüm çatardı,

İnsafsızsan, bilmirəm ki,

neyləyəm?

Şair şeirdəki obrazı təsvir olunan lövhələrin hər biri ilə müqayisə edir, müşahidə aparır. Bu qədər gözəlliyi bir şeirə sığdıra bilən düşüncəyə eşq olsun deməkdən başqa, bir şey qalmır oxucuya. Onun dili, üslubu, ifadə orjinallığı, poetik təfəkkürü, məlahətli və oxunaqlı, su kimi axıb gedən misraları bütün yaradıcılığı üçün səciyyəvidir. Onun bütün kitablarında yaradıcılığının əhatə dairəsinin sərhədlərini müəyyən etmək çox çətindir. Çünki Vaqif Məmmədov ilk öncə çox güclü bir müşahidəçi, sonra da həmin müşahidələri bədii dildə şeirlərə həkk edən böyük şairdir. Ətrafında hər bir hadisəyə öz fərqli və müdrik baxışıyla nəzər salan şair onu elə müxtəlif rənglərlə boyayıb, mənalandırır ki, adi halda bizə sıradan gələ biləcək hadisələr onun qələmi ilə sehrli və möhtəşəm bir ab-havaya bürünür sanki.

Bir müsahibəsində şair qeyd edir ki, "Mən şeir yaza bilməyəndə şeir yazıram. O şeirləri kağıza köçürürəm ki, artıq onlar məni narahat edir, sıxır. Onları sözlərə həkk edəndən sonra rahatlıq tapıram". Ətrafında baş verən hadisələrə heç vaxt biganə qala bilməyən şair aşağıdakı şeirdə öz narahatçılıqlarını necə də dəqiq və gözəl ifadə edib. Onun şeirlərində hər bir mövzuya rast gəlmək, hər bir hadisədən ibrətamiz nəticə çıxarmaq olar. Vətənini, elini sonsuz məhəbbətlə sevən bu el oğlunun şeirlərində vətən eşqi, torpaq sevgisi, mərdlik, dürüstlük hər kəsə nümunə ola biləcək ruhdadır. Zamanın özüylə gətirdiyi müsbət olmayan dəyişikliklər onu bu sətirləri yazmağa sövq edir.

Nar ağacı indi armud yetirir,

Süni yolla söyüddən də bar yağır...

Qar-yağış da ünvanını itirir,

Yay günündə Afrikaya qar yağır.

Nə atlıdı, nə çapardı, bilmirəm,

Qız oğlana elçi düşür, söz alır.

Yel qayadan nə apardı, bilmirəm,

Qayaların kölgəsi də azalır...

O bəzən bir quşun, bəzən bir ağacın, bəzən bir gəminin,bəzən bir dalğanın, bəzən də insanın dilindən danışır. Ətrafında gördüyü və müşahidə etdiyi hər bir hadisə, hər bir obyekt onun şeirinin mövzusuna bir anda çevrilə bilir. O hər bir predmeti poeziya tablosunda təsvir etməyi bacarır. Onun üçün zamanın, məkanın, əşyaların və insanların fərqi yoxdur. Əksinə, fərqliliklər onun şeirlərini daha da zənginləşdirir. Sözlərdəki təbii çalarlardan, dərin mənalar barındıran ifadələrdən, sətiraltı ehyamlardan ustalıqla istifadə edir. Oxucu asanlıqla şeirin sehrinə qapılır. Sanki oxucu sərnişindir, Vaqif Məmmədov isə kapitan. Oxucu şeiri oxuduğu müddətcə sükan şairdədir və o sərnişinə, bəzən sakit mavi suları, bəzən də fırtınalı, ucsuz-bucaqsız, sonsuz ənginlikləri göstərə biləcək qüdrətdədir. Fikirlərinin sərrastlığı, düşüncələrinin qətiyyəti, heç vaxt yolunu dəyişməyən dəst-xətti onu Vaqif Məmmədov edən dəyərlərdəndir.

İnsan psixologiyasını dərindən duyan şair şeirlərində bu göynərtiləri elə mənalandırır ki, orda hər kəs öz duyğularından pay alır. Sevgi dolu bir ürəyin çırpıntıları yüzlərcə oxucunu eyni anda eyni ruha, eyni yozuma, eyni ahəngə, eyni düşüncəyə bənd edir. Bunu bacarmaq, insan qəlbinin ən gizli güşəsini işıqlandırmaq, o sarı simə toxunmaq hər qələm adamının işi deyil.

Adını qəlbimə əkmisən mənim,

Gözündə rəsmimi çəkmisən mənim,

Bütöv varlığıma çökmüsən mənim,

Təzəmdə, köhnəmdə, boyatımdasan,

Yaxşı ki, sən mənim həyatımdasan...

Dərədən-təpədən enib gəlmisən,

Sən mənə sığınıb, sinib gəlmisən,

Ağatlı oğlana dönüb gəlmisən,

Köhlən atımdasan, bəy atımdasan,

Yaxşı ki, sən mənim həyatımdasan...

Vaqif Məmmədov yaradıcılığını bacardığım qədər, əlim yetən qədər mütaliə etmişəm. Amma indiyə qədər onun şeirlərində heç vaxt bədbinlik, ümidsizlik notlarına təsadüf etməmişəm. Şairin ən kədərli, ən hüznlü şeirləri belə məhəbbətin acılı, şirinli ağrıları ilə bəzənibdir. Oxucu bu sətirlərdə kövrəlsə də, o məhəbbətin, o müqəddəs sevginin böyüklüyü qarşısında baş əyib, şeirdə anlatılan eşqə alqış tutur. Elə son şeirlərində də bu ənənə davam etdi. Aşağıdakı şeirə dərindən nəzər salsanız böyük qəlbli şairin həyata olan sonsuz sevgisinin şahidi olacaqsınız. Hər sətirdən boylanan həyat eşqi, yazıb-yaratmaq istəyi oxucunu gələcəyə, yeni başlanğıclara, gözəl günlərə, Bahara və Novruza səsləyir.

 

Hələ yaşamağa dəyər biraz da

Yaxşı şairlərin sayı azalıb,

Sabirə, Vurğuna nə də tay qalıb.

Yoxsa Vahabzadə, Məmməd Araz da,

Onların məsləkin yaşatmaq üçün,

Hələ yaşamağa dəyər biraz da...

Vətənin başının üstə itməyə,

Vətən nəğməsini tezdən ötməyə,

Gəlin gətirməyə, elçi getməyə,

Hələ ki, Arazda körpülər azdı,

Həmin körpüləri çoxaltmaq üçün,

Hələ yaşamağa dəyər biraz da...

Axan göz yaşları qurutmaq üçün,

Zülmətə bir parça nur atmaq üçün,

Soyuq ürəklərə qor atmaq üçün,

Xainə, pisliyə tor atmaq üçün,

Bir ləngər taparıq hər vaxt, hər azda,

Hələ yaşamağa dəyər biraz da...

Yolunda vədəsiz boransa, qarsa,

Səsin sabahlara hələ çatarsa,

İnansan yolunu gözləyən varsa,

Hələ qarşıdasa Novruz da, yaz da,

Hələ yaşamağa dəyər biraz da...

Kitabdakı hər bir şeir, söz yox ki, çox dəyərlidir və hərəsi özünəməxsus gözəllikdə qələmə alınmışdır. Lakin bir şeir var ki, şairin təxəyyülünə bir daha və bir daha heyran qaldım. Xəstəxanada keçirdiyi günlərdə musiqi dinləyən şair Qaçaq Nəbinin "Boz at məni davadan qurtarsan, sən qurtararsan" misrasından həm təsirlənib, həm də bəhrlənib yazdığı şeir məni çox kədərləndirdi. Çox hörmətli ömür gün-yoldaşı Hərgül xanım Məmmədovaya həsr etdiyi bu şeiri oxuyarkən göz yaşlarımı saxlaya bilmədim. Bu şeirdə qoşa addımlayan iki insanın xoşbəxt bir ömür yolunu gördüm sanki. Şeirdə haqqında danışılan boz at, bu hadisəyə verilən məna, ondan çıxarılan nəticə çox heyratamiz gözəllikdədir.

Bu şeirdə Vaqif Məmmədovun xəyal dünyasının sərhədsizliyinə bir daha şahid oldum.

 

Boz at yaman arıqladı

Hər şeyi aldı eyninə,

Jaketin atıb çiyninə.

Paltarı olmur əyninə,

Boz at yaman arıqladı.…

İştahı yox yeyə bilmir,

Sözü çoxdu deyə bilmir,

Bura gəldik niyə bilmir,

Boz at yaman arıqladı.…

Məxmərlə çullayam gərək,

Məşhədə yollayam gərək.

Qızıldan nallayam gərək,

Boz at yaman arıqladı.…

Məşhəddə birgə olarıq,

Namazı qoşa qılarıq,

Gecəni orda qalarıq,

Boz at yaman arıqladı.…

Vaqif Məmmədov Azərbayacan poeziyasının əsl ənənəvi şeir adətlərini yaşadan, qoruyub saxlayan azsaylı şairlərdən idi. Onun haqqında nə qədər yazsam, nə qədər danışsam da, düşünürəm ki, dənizdə damla edə bilər ancaq. Çox əminəm ki, onun şeirləri söz yaşadıqca, şeir yaşadıqca yaşayacaq. Dillər əzbəri olub və olacaq, hələ çox mahnılara söz olacaq. Təkcə dəniz silsiləli şeirləri poeziyamızda yeni bir cığıra başlanğıc verdi. Ümidliyəm ki, bundan sonra bir çox qələm sahibi onun şeirlərindən bəhrələnib, onun üslubunu davam etdirib, yaşadacaq. Vaqif Məmmədov yaradıcılığı ona nəzər salmağa çalışan hər bir kəsə səxavətlə pay verə biləcək bir xəzinədir. Yetər ki, ona doğru yolla, bədii duyumla yanaşmağı bacarasan. Əgər bu xəzinədən siz də bəxşiş almaq istəsəniz onun poeziyası hər zaman üzünüzə açıqdır. O elə bənzərsiz gözəlliklər, elə nadir incilər yaradıb ki, onlar hər zaman yaşayacaq, hər zaman da yeni qalacaqdır! Zamana meydan oxuyan Vaqif Məmmədov qələmi, Vaqif Məmmədov poeziyası heç vaxt köhnəlməyəcəkdir! Çox təəssüf edirəm ki, müəllif özü bu kitabın işıq üzü gördüyünə şahid ola bilmədi. Ancaq, əminəm ki, o bir yerlərdən bizi izləyir və əminəm ki, o yer cənnətdir... Allahdan ona rəhmət, sevdiklərinə, oxucularına, ailə üzvlərinə, xüsusilə övladlarına və xanımına səbir diləyirəm.

 

Nəzrin Ələkbərova

Palitra.-2016.-17 may.-S.15.