BANM-in xarici əlaqələri genişlənir
Layihə
çərçivəsində Bakı Ali Neft Məktəbinin
(BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda
səfərdə olan Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) Abu Dabi Neft İnstitutunun
prezidenti Tomas Hoçstetlerin ali məktəblə əməkdaşlıq,
təhsil əlaqələri, Azərbaycana səfəri və
ölkəmiz
haqqında təəssüratlarını təqdim edirik.
Tomas Con Qlas Hoçstetler 23 iyul 1947-ci ildə anadan olub. O ABŞ-da Miçiqan
Universitetində və Kaliforniya/Berkeley Universitetində, həmçinin
Almaniyanın Vürzburg Universitetində tarix, iqtisadiyyat və
biznes idarəçiliyi ixtisasları üzrə təhsil
alıb.
Dr.
Hoçstetler Miçiqan Universitetinin Bouduan kollecində dekan
vəzifəsində, Stenford Universitetində maliyyə və
inzibati işlər departamentində iqtisadi məsələlər
üzrə baş məsləhətçi, Rays Universitetində
prorektor, Almaniyanın Bremen şəhərində yerləşən
Yakobs Universitetində tədris işləri üzrə
prorektor və ABŞ-ın Oreqon ştatında yerləşən
Lyuis və Klark Kollecinin prezidenti vəzifələrində
çalışıb. 2009-cü ildən etibarən
Dr. Hoçstetler Birləşmiş Ərəb Əmirliklərində
çalışır.
Öncə o Şarjah Amerika Universitetinin prorektoru və
rektoru vəzifələrini icra edib. Dr. Hoçstetler
müxtəlif şuraların üzvü olub və Oreqonun
Ümumdünya İşlər Şurasının sədri
olub. Hazırda Vaşinqton şəhərində
fəaliyyət göstərən Beynəlxalq Tələbə
Mübadilə Proqramı üzrə direktorlar
şurasının üzvüdür. 2012-2015-ci
illərdə isə həmin şuranın sədri olub.
Dr. Hoçstetler, həmçinin Abu Dabi Beynəlxalq Tədqiqat
və İnkişaf Konfransı və Sərgisi üzrə
İcraedici Komitənin və Abu Dabi Beynəlxalq Neft və Qaz
Konfransı və Sərgisi üzrə İcraedici Komitənin
(ADIPEC) üzvüdür.
-Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri
arasında təhsil sahəsində münasibətlər
haqqında fikirlərinizi bilmək istərdik.
- Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri
arasında təhsil sahəsində münasibətlər
haqqında danışarkən, mən düşünürəm
ki, bu sahə potensialla dolu və araşdırılmalı bir
sahədir. Son iki gün ərzində biz potensial əlaqələrin
yaradılması ilə bağlı Azərbaycanda səmərəli
danışıqlar apardıq və fikrimcə, gələcəkdə
əməkdaşlıq edəcəyimiz sahədə, həmçinin
bir-birimizə faydalı ola biləcək
ödənişsiz proqramlar üzrə əməkdaşlığı
əhatə edən sahələrdə də çoxlu təfsilatlar
aşkar etdik. Bizim institut artıq 15 ildir ki, fəaliyyət
göstərir və təbii ki, bizim bakalavrdan sonra təhsil,
magistr və doktorantura proqramları üzrə daha çox təcrübəmiz
var. Fikrimcə, əməkdaşlığımız
üçün bu, çox əhəmiyyətli və zəngin
bir sahədir.
- Fikrinizcə, Bakı Ali Neft Məktəbi
ilə imzaladığınız anlaşma memorandumu hansı
perspektivlər vəd edir?
-
Ümumiyyətlə, anlaşma memorandumu demək olar ki,
anlaşmanı əldə etmək üçündür. O
fakültələr və inzibati heyət arasında əməkdaşlıqla
əlaqəli danışıqların aparılması
üçün davamlı əsasdır. Həmin
əsas proqramların hazırlanmasına imkan yaradacaq və
Abu Dabi Neft İnstitutunun tələbələrinin Bakı Ali
Neft Məktəbinə və Bakı Ali Neft Məktəbinin tələbələrini
Abu Dabi Neft İnstitutuna təhsil və təlim məqsədilə
gətirəcək bir proqramlar olacaq. Biz tələbələrlə
məhsuldar söhbət apardıq və məlum oldu ki, onlar
yay məktəbi çərçivəsində Abu Dabi Neft
İnstitutuna səfər etməyə hazırdırlar.
Bu, anlaşma memorandumunun üstünlüklərdən
biridir, çünki bizə əməkdaşlıq sahələrini
aşkar etməyə imkan verir.
-Tələbələrlə
görüşdüyünüzü söylədiniz. Tələbələrlə bağlı hansı təəssüratlarınızı
bölüşə bilərsiniz?
- Onlar
haqqında təəssüratlarım çox yüksəkdir.
Tələbələr hər bir müəllimin
həyatının ayrılmaz və önəmli hissəsindən
birini təşkil edir. Mən
düşünmürdüm ki, çoxsaylı tələbə
auditoriyası ilə qarşılaşacam. Mənim fikrimcə, BANM-in tələbələri
çox perspektivlidirlər və özlərini gözəl
ifadə edirlər. Onların ingilis dilində
danışıq qabiliyyətinin yüksək səviyyədə
olması mənim nəzərimdən qaçmadı. Onlar məqsədyönlü və düzgün sual
verirdilər. Ali Məktəbin tələbələrinin
ölkənin akademik baxımından ən savadlı tələbələr
olduqlarından xəbərim var idi və bu, onların
simalarında oxunurdu. Mən şadam ki,
onlarla görüşə bildim. İnanıram
ki, onlar uğur qazanacaqlar və bəziləri Abu Dabi Neft
İnstitutuna səfər edə biləcəklər.
-Bakı Ali Neft Məktəbi
və Abu Dabi Neft İnstitutu arasında hansı
oxşarlıqlar mövcuddur?
-
Oxşarlıqlar çoxdur. Misal üçün, hər iki ali təhsil müəssisəsi hər iki
ölkənin dövlət neft şirkəti tərəfindən
yaradılıb və həmin şirkətlərin məqsədlərinə
xidmət göstərən ali təhsil müəssisələridir.
Bu baxımdan, biz oxşarıq. Biz, həmçinin
tələbələri müəyyən biliklərlə təmin
etməkdə, Abu Dabi Neft İnstitutu və Bakı Ali Neft Məktəbinin
fakültələri tərəfindən təqdim olunan tədqiqatlarla
da fərqlənmirik və dediyim kimi, biz Birləşmiş
Ərəb Əmirliklərinin Dövlət Neft Şirkətinin
(ADNOC), siz isə Azərbaycanın Dövlət Neft Şirkətinin
məqsədlərinə xidmət edən təhsil müəssisəsiyik.
-Siz Qərb mədəniyyətini təmsil
edirsiniz, Şərqdə yerləşən ali
təhsil müəssisəsinə rəhbərlik edərək
hansı çətinliklərlə və ya fərqlərlə
üzləşirsiniz?
- Bilirsinizmi,
mən yeddi müxtəlif ölkədə işləmişəm.
Üç qitədə, Avropada, Asiyada və ABŞ-da
inzibatı fəaliyyət göstərmişəm və təcrübəm
mənə bir şeyi öyrədib: eyni yanaşmanı hər
sahədə, hər istiqamətdə tətbiq etmək
düzgün deyil. Misal üçün, mən
özünəməxsus ənənəvi sistemin bir nümayəndəsiyəm.
Demək olmaz ki, o ən mükəmməl
sistemdir, lakin, ümumiyyətlə, yaxşı sistemdir.
Vurğuladığım kimi, bizim xüsusi özünəməxsusluğumuz
var. Misal üçün, biz uşaqları az
yaşdan hazırlıq məktəbinə göndəririk. 12 yaşa çatanda artıq biz onları orta məktəblərdə
oxutdururuq və adətən, belə məktəblər
ümumi məktəbdir, çünki xüsusi incəsənət,
elm və texnologiya yönümlü məktəblərin
sayı bizdə azdır. ABŞ-ın
ümumi məktəblərinin çoxu eynidir. Sonra
ABŞ gəncləri bakalavr səviyyəsində təhsil
alır və qeyd etmək lazımdır ki, bu istiqamətdə
də təhsilin 2 və 3 ili ümumi
xarakter daşıyır. Yalnız 4-cü ildən
təhsil xüsusi istiqamətlə davam edir. Belə bir təhsil sistemi Abu Dabi Neft İnstitutunda
da tətbiq olunur. Təhsilin ilk iki ili
(Bakalavr səviyyəsi) mühəndislikdən başqa
müxtəlif istiqamətli tədris prosesini təşkil
edir. İki il ərzində tələbələr
humanitar, sosioloji və fiziki elmlərlə tanış olurlar.
Burada həmçinin İslam dini fənni də
tədris olunur. Adı göstərilən
fənləri bizim bütün tələbələrimiz
keçməlidir. Xüsusi istiqamətə
təhsillərini davam etməmişdən öncə, hətta
mühəndislik sahəsində öz seçim istiqamətlərinin
müəyyənləşdirmədən öncə, biz
çalışırıq ki, tələbələri
müxtəlif biliklərlə təmin edək. Düşünürəm ki, bu sistem Rusiyada və hətta
Avropada mövcud olan sistemdən fərqlidir, çünki orda
tələbələrin orta məktəbi bitirərkən dərhal
ixtisaslaşması nəzərdə tutulur. Misal
üçün, əgər tələbə Almaniyada mühəndislik
ixtisasında təhsil alırsa, o, Tarix və yaxud Sosiologiya fənlərini
seçə bilməz, çünki belə seçimə
qarşı orada güclü mənfi fikir var. Lakin mənim
fikrimcə, biz tələbələrə yeni bilik istiqamətlərinin
öyrənilməsinə imkan yaratmalıyıq və bu
Amerika sisteminin üstünlüyü və xüsusiyyətidir.
Belə bir sistem tələbələri
ümumi bilik sahələrinin araşdırmasına imkan
verir. Mən Amerika universitetlərinin birində
inzibatı vəzifəni tutarkən biz teatr və musiqi ilə
bağlı kurs açmışdıq. Nəzərə
alın ki, bu tam mühəndislik istiqamətində fəaliyyət
göstərən ali məktəb idi. Əgər tələbələrinizin teatr və
yaxud musiqi ilə məşğul olmasını istəyirsinizsə,
sadəcə olaraq onlara imkan verin bunu etsinlər və siz
heç zaman peşman olmayacaqsınız. Mən özüm pianoda çalıram və
inanıram ki, insan beyni müxtəlif fəaliyyətlərin
sayəsində inkişaf edə bilər. Bu
mənim şəxsi fikrimdir. Tələbələrə
musiqi ilə məşğul olmalarına imkan vermək o demək
deyil ki, onların peşəkar musiqiçi olmalarını
gözləməliyik, sadəcə olaraq, onların musiqidən,
teatrdan, poeziyadan və digər bilik istiqamətlərindən
xəbəri olmalıdır. Alman dilində
belə bir ifadə var `Fach idiot`. Bu ifadənin
ədəbi mənası "yalnız öz sahəsini bilən
və ondan başqa heç bir biliyi olmayan insan" deməkdir.
Çox zaman gənc nəslə savad verərkən
bu meyildən kənara çıxmırıq. Eyni zamanda, biz gənclərdən hərtərəfli
biliyə malik olmağı, analitik və yaradıcı
düşüncə tərzinə sahib olmağı, məntiqli
sual verməyə və düzgün qərar verməyi
bacarmalarını gözləyirik.
-Siz musiqidən söhbət
açdınız, yeri gəlmişkən, sizin sevimli bəstəkarınız
kimdir?
- İoqan Sebastyan Bax. Mən müxtəlif
musiqi ənənələrini xoşlayıram. Mənim böyük oğlum müxtəlif musiqi alətlərində,
həmçinin saksofonda ifa edir. Hal-hazırda
o, Yaxın Şərqdə məşhur olan musiqi alətində
- ud alətində çalmağı öyrənir. Bu heç də asan deyil. Çünki
udun çoxlu simləri var, amma o, özü müəllimsiz
öyrənir.
- Yəqin ki, vəzifənizdən irəli
gələrək sizin çox gərgin iş cədvəliniz
var? Asudə vaxtınızı necə
keçirirsiniz?
- Mən
pianoda ifa edirəm və çoxlu kitab oxuyuram. Demək
olar ki, hər zaman oxuyuram. İnanıram
ki, ədəbiyyatdan zövq almağı gənc nəslə
öyrətməliyik. Çünki
başqa insanların düşüncələrini kitab vərəqlərində
oxumaq əvəzolunmaz macəradır. Biz
cavanları bu istiqamətdə həvəsləndirməliyik.
Bilirəm ki, elektron əsrdə bu, olduqca
çətindir. Tələbələrin
oturub 300 vərəqli kitabı oxumasına səbri yoxdur.
Təəssüf ki, biz ömürlərində
heç vaxt 300 səhifəlik kitab oxumayan tələbələri
məzun edirik. Bu itirilmiş imkandır.
Ona görə də biz mütləq cavanları yazılı
əsərlərlə tanış
olmağa həvəsləndirməliyik.
- Sonuncu sualımız Azərbaycanla
bağlıdır. Azərbaycandan hansı təəssüratlarla
ayrılırsınız?
- Gənc
olanda və Amerikada yaşayanda mənim Azərbaycanla
bağlı biliklərim Xəzər dənizinin harada
olması ilə məhdudlaşırdı. Sonra Vyanada siyasət
elmləri üzrə ali təhsil alarkən
həmin fəndən mənə dərs deyən professor Azərbaycan
haqqında məlumat verdi. O, Azərbaycanın necə əhəmiyyətli
olduğunu vurğulayırdı və ölkənizi mədəniyyətlərin
qovuşduğu cazibədar məkan kimi bizə
tanıtdırdı. O vaxtdan 30 il
keçdi və mən Azərbaycana gəldim və professorun
dediklərinin doğru olduğuna əmin oldum. Azərbaycan
müxtəlif mədəniyyətlərin qovuşduğu bir
məkandır. Xalqınız çox
mehribandır. Özümə sual verirəm
ki, bu mehribanlıq haradan irəli gəlir? Anladım ki, sizin mehriban olmağınız ölkənizin
həm Qərb, həm Şərq, həm Asiya, həm Avropaya
yaxın olmasından irəli gəlir. Bu
mehribançılığa görə çox minnətdaram.
Mən deyərdim ki, Azərbaycan millətlərin
görüş məkanıdır və bu çox gözəl
amildir. Təbii ki, mən bura yenidən öz ailəmlə
gələcəm.
Nigar Abdullayeva
Palitra.-2016.-17 may.-S.11.