“Universitetlərin regionlarda fəaliyyəti
həmən bölgənin inkişafı üçün zəruridir”
Dosent İlham
Əhmədov: “Regionun sosial-iqtisadi inkişaf strategiyası ilə
universitetin fəaliyyət istiqamətlərini əlaqələndirərək,
regionun kadr potensialını, həyata keçirilən
regional və lokal layihələrin kadr təminatı və
elmi təminatını gücləndirmək olar”
Layihə çərçivəsində
müsahibimiz ADPU-nun “İKT, Monitorinq və Qiymətləndirmə”
Mərkəzinin direktoru dosent İlham Əhmədovdur:
-Universitetlər
paytaxtdamı cəmləşməlidir?
-Ölkə səviyyəsində universitetin missiyası biliklərin yaradılması, saxlanılması və yayılması yolu ilə cəmiyyət və şəxsiyyətin inkişafına, zənginləşməsinə nail olmaqdır. Region səviyyəsində isə universitetin missiyası regionun inkişafına dəstək vermək, regionun sosial-iqtisadi və mədəni inkişafına təkan verən xidmətlər təqdim etməkdir. Universitetin hansı xidmətlər təklif etməsindən asılı olaraq regionun gələcək inkişaf vektoru müəyyən edilə bilər. Əgər keyfiyyətli universitet qlobal mənada millətin, dövlətin rəqabətqabiliyyətliyini yüksəldirsə, keyfiyyətli regional universitet təhsili ölkə daxilində regionun rəqabətqabiliyyətliyini yüksəldir. Son vaxtlar universitetlərin şəhərdən kənara köçürülməsi ilə əlaqədar müəyyən tədbirlər aparılır. Bu, uzunmüddətli və xeyli maliyyə tələb edən prosesdir. Bu məsələ təkcə bir binadan digər binaya köçmək kimi qiymətləndirilməməlidir. Burada kompleks problemlər həll edilməlidir. Bu prosesdə universitet təkcə zahirən yenilənməməli, məzmunca da yeni keyfiyyət səviyyəsinə yüksəlməlidir. Əks halda yeni, müasir binada yerləşən, formaca müasir, lakin məzmunca arxaik, gələcək perspektivi olmayan, tələbələr və iş dünyası üçün maraq kəsb etməyən, dünyada və regionda tanınmayan bir universitet olacaqdır. Bu məqsədlə universitetlərin tədris metodik, ən əsası isə kadr təminatı gücləndirilməlidir. Ali məktəb müəllimləri üçün mükəmməl təkmilləşdirmə və ixtisasartırma sistemi yaradılmalıdır. Çünki son 20 ildə dünya universitetlərində xeyli yeniliklər olub, bu yeniliklərin xeyli hissəsi bizim universitetlərdə öz əksini tapmayıb. Bu gün təhsil innovasiyalarını mənimsəmək və tətbiq etmək universitetlər üçün zəruridır. Digər tərəfdən regionlarda olan universitetlərin də tədris metodik və kadr təminatı gücləndirilməlidir. Çünki universitetin gücü orada olan tələbə-müəllim heyətinin səviyyəsindən, universitetin kadr potensialından asılıdır. Bu mənada universitetlərimiz müasirləşməlidir, informatlaşmalıdır, müasir təhsil innovasiyalarının geniş poliqonuna çevrilməlidir. Yəni tədricən universitetlər paytaxtdan kənara köçürülə bilər, amma universitetin əsas missiyası unudulmamalıdır. Universitet xalqın, dövlətin gələcək inkişafını təmin etməlidir. Necə deyərlər, bu gün universitetlərimiz necədirsə, sabah ölkə o səviyyədə olacaq. Bu gün respublika qarşısında yeni iqtisadi vəzifələr müəyyənləşib. Dünyada, eləcə də respublikamızda neft erası sona çatır. “Azərbaycan 2020- gələcəyə baxış” inkişaf strategiyasında və digər sənədlərdə bu vəzifələr konkret göstərilib. Ölkənin qeyri-neft sektorunun inkişafı, tədricən elmtutumlu innovasion inkişafa keçid prioritet istiqamət hesab edilir. Bu isə insan kapitalının, xüsusən də təhsilin inkişafını tələb edir. Universitetlər bu mərhələyə hazır olmalıdırlar. Çünki bu mərhələnin nəticəsi daha çox universitetlərdən asılı olacaq
- Regionların inkişafında
universitetlərin nə kimi rolu var?
-Universitetlərin
regionlarda fəaliyyəti həmən bölgənin
inkişafı üçün zəruridir. Regional
universitet regionun inkişafının baza elementidir. Bu günün regional universiteti bölgənin beyin mərkəzi
olmalıdır. Regionun sosial-iqtisadi
inkişaf strategiyası ilə universitetin fəaliyyət
istiqamətlərini əlaqələndirərək, regionun
kadr potensialını, həyata keçirilən regional və
lokal layihələrin kadr təminatı və elmi təminatını
gücləndirmək olar. Əgər
keyfiyyətli universitet qlobal mənada millətin, dövlətin
rəqabətqabiliyyətliyini yüksəldirsə, keyfiyyətli
regional universitet regionun ölkə daxilində rəqabətqabiliyyətliyini
yüksəldir. Təəssüf ki, bu
gün biz lazımi səviyyədə rəqabətədavamlılığı
təmin edə bilməmişik.
Beynəlxalq ticarət təşkilatı artıq 15
ildir təhsili bir xidmət növü kimi dəyərləndirir. Universitetlər
hansı xidmətlər göstərməlidir? Bu
günün universiteti aşağıdakı xidmətlər
spektrini cəmiyyətə təqdim edə bilər:
1. Təhsil
sahəsində xidmətlər. 2. Elm-innovasiya sahəsində
xidmətlər. 3. İnformasiya sahəsində xidmətlər.
4. Beynəlxalq əlaqələr sahəsində xidmətlər.
5. Sosial mədəni sahədə xidmətlər.
1.Təhsil sahəsində xidmətlər. Regionun tələbinə
uyğun olaraq kadr hazırlamaq, bu məqsədlə regionun əmək
bazarı ilə əlaqə yaratmaq. Regional
universitet bölgə əhalisinin yenidən hazırlanması,
ixtisasının yüksəldilməsi istiqamətində səmərəli
fəaliyyət göstərə bilər. Bu regionda təhsilin fasiləsizliyini təmin etməklə
kadrları daha mürəkkəb peşələrə yiyələnməyə
çoxprofilli mütəxəssis olmağa kömək edə
bilər.
2.
Elm-innovasiya sahəsində xidmətlər. Universitetlər,
əsasən, fundamental, tətbiqi və monitorunq tədqiqatları
aparırlar. Universitetin fundamental tədqiqatları
nəzəri biliklərin yaradılmasına xidmət edir,
hipotezlər irəli sürür, nəzəri metodlar
hazırlayırlar. Fundamental tədqiqatlar
kommersiya məqsədi daşımır. Universitetin
tətbiqi tədqiqatları fundamental tədqiqatlar zamanı
alınmış biliklərin real həyati problemlərin həllinə
tətbiq edir. Universitetin monitorinq tətqiqatları
isə region həyatının muxtəlif sahələrinə
istiqamətlənib və bu təhlil nəticəsində
problemləri müəyyən edir. Universitet
regional innovasiya sisteminin mühüm obyektidir.
İnnovasiya sisteminin digər obyektlərinə nəzərən
univeristetlər daha səmərəli innovasiya fəaliyyəti
ilə məşğul ola bilər. Universitetin innovasiya fəaliyyətinin öncül
istiqaməti təcrübi kontrusktiv işləri, elmi tədqiqat
və innovasion elmi tədqiqatlar olmalıdır. Univeristet regional innovasion fəaliyyətin lideri olaraq
texnoparklar, regional innovasiya mərkəzləri yaradaraq, öz
elmi işlərinin layihələrini burada tətbiq edə bilərlər.
3.
İnformasiya sahəsində xidmətlər. Elmi
məqalələrin və təhsil proqramlarının
yayılması vasitəsi ilə təhsil və biliyin
nüfuzunun yüksəldilməsi, region əhalisinin yeni
informasiya texnologiyarı sahəsində səriştəliliyinin
yüksəldilməsi.
Regional universitetin İnformasiya sahəsində xidmətlərinə,
həmçinin İKT sahəsindəki fəaliyyət də
aid edilə bilər. Qlobal şəbəkələr regionun
informasiya sistemlərini dünya informasiya sisteminə inteqrasiya
edilməsinə, yeni informasiya texnologiyalarının
inkişafına dəstək olmalıdır. Regional şəbəkələrin fəaliyyətinin
əsas problemi şəbəkədə regional
informasiyanın azlığı və bu səbəbdən də
regionun dünya informasiya cəmiyyətinin bərabərhüquqlu
üzvü olmasına problem yaradır. Regional universitetlər
bu mənada regionun qlobal şəbəkədə təmsil
olunmasına dəstək ola bilər.
4.Beynəlxalq əlaqələr sahəsində xidmətlər.
Regional universitetin xarici universitetlərlə
qarşılıqlı əlaqəsi zamanı xarici ölkə
universitetlərinin professor, tələbə ,
magistrlərinin region universitetinə dəvət edilməsi və
beləliklə, regionun beynəlxalq əlaqələrinin
artması, birgə layihələrin icrası mümkün
olur.
5. Sosial mədəni
sahədə xidmətlər. Bura gənclər siyasətinin həyata
keçirilməsi, istedadlı gənclərlə işin təşkili,
fənn olimpiadalarının təşkil, müxtəlif
sosial- mədəni tədbirlərin, gənclər arasında
idman yarışlarının və s. kimi kütləvi tədbirlərin
təşkili aid edilir.
-Universitetlərin regionlardakı
filiallarının perspektivlərini necə dəyərləndirirsiniz?
-Universitetin
filialı ali təhsil müəssisəsinin
xüsusi struktur bölməsi olub, onun yerləşdiyi şəhərdən
fərqli məkanda fəaliyyət göstərir, universitetin
bütün funksiyalarını və ya bir qismini həyata
keçirir. Filial tabe olduğu universitetin tərkibində
ümumi qaydalarla yuxarı təşkilat tərəfindən
attestasiyadan keçir. Hər hansı
universitetin filialının açılması perspektivdə
onun bazasında müstəqil regional universitetin
yaradılması məqsədi güdür. Bizim respublikada vaxtı ilə Neft-Kimya İnstitutunun
(indiki ADNSU) Sumqayıt və Mingəçevir şəhərlərində
açılan filialları sonralar SDU və MPİ (indiki MDU)
kimi regional universitetlərə çevrildilər. Hər hansı universitetin filialının
yaradılması çətin və məsuliyyətli
işdir. Bu addımı atmazdan əvvəl
onun zəruriliyi əsaslandırılmalı, müəyyən
hazırlıq mərhələsi çərçivəsində
filialın kadr təminatı məsələləri həll
edilməlidir. Çünki filialda təhsilin
keyfiyyəti orada çalışan professor-müəllim heyətinin
elmi-pedaqoji səviyyəsindən çox asılıdır.
Universitetin məzunu ilə filialın məzunu
eyni diplom alır, diplomda məzunun filialda təhsil alması
barədə qeyd olmur. Bu səbəbdən
universitetin rəhbərliyi filialın verdiyi diploma və onun məzununun
səviyyəsinə görə məsuldur. Amma müstəqilliyin ilk illərində regionlarda
filialların açılmasında tələskənliyə
yol verilib. Belə ki, respublikada müəllim
kadrlarına elə də ciddi ehtiyac olmadığı halda,
Azərbaycan Müəllimlər İnstitutu yaradıldı və
çox qısa zaman ərzində respublikanın 11 bölgəsində
onun filialları açıldı. Təbii ki, yeni
yaradılan ali məktəbin özünün
formalaşmasına illərlə vaxt lazım olduğu halda,
az zaman ərzində onun 11 filialını
formalaşdırmaq, keyfiyyətli professor müəllim heyəti
ilə təmin etmək real deyildi (müqayisə
üçün qeyd edək ki, 260 yaşı olan Moskva
Dövlət Universiteti kimi möhtəşəm ali məktəbin
cəmi 6 filialı var, bu filiallar da son 20 il ərzində mərhələlərlə
yaranıb). Yəqin ki, bu səbəbdən son
illərdə AMİ-nin filiallarının bir neçəsi
bağlandı və ya başqa universitetlərin
tabeçiliyinə verildi (məlum olduğu kimi, bu
yaxınlarda xüsusi fərmanla BDU-nun Qazax filialı və
ADİU-nin (UNEC) Zaqatala filialları yarandı). Digər bir fərmanla AMİ digər filialları ilə
birgə ADPU-ya birləşdirildi. Bunlar
vaxtında verilmiş qərarlar idi, hesab edirik ki, bu fərmanlar
təhsilin inkişafına dəstək verəcək.
Regionlardakı filiallarda tədrisin keyfiyyətini yüksəltmək,
kadr təminatını gücləndirmək
üçün ya əsas universitetin müəllimlərini
tez-tez filiallara ezam etmək, ya da müasir təhsil
innovasiyalarından, yeni texnologiyaların imkanlarından istifadə
edərək on-layn mühazirələr təşkil etmək,
tədricən distant təhsil elementlərindən istifadə
etmək lazımdır ( BDU-da və
ADİU-də distant təhsilin inkişafı
üçün müəyyən imkanlar var, sadəcə, bu
sahədə fəaliyyəti genişləndirmək
lazımdır). Bu halda Bakıda əsas
universitetin auditoriyalarında professorların oxuduğu
mühazirələri filialın tələbələri
canlı real vaxt rejimində izləyə bilər, sonralar isə
bu mühazirələrin video və audio arxivlərindən
ibarət videoteka yaratmaqla filialdakı keyfiyyətli kadr təminatı
problemini açıq elektron təhsil resurslarının
yaradılması və inkişafı hesabına tədricən
həll etmək olar. Bu gün Azərbaycanda ali təhsil sistemində açıq elektron təhsil
resursları yox dərəcəsindədir, hərçənd
bu ideya UNESCO-nun təhsil siyasətinin prioritetlərindəndir.
Belə resurslar regional universitet və filiallara tədrisin təşkilində
kömək etməklə yanaşı, müstəqil surətdə
fasiləsiz təhsil almaq istəyən bütün tələbələrə,
ümumən bütün vətəndaşlara da xeyirli ola bilər.
Beynəlxalq təcrübədə (məsələn,
Türkiyədə) regional universitetlər və filiallar
yaradılarkən, paytaxtın aparıcı universitetlərindən
professor-müəllim heyəti daha yüksək məvaciblə
(bəzən ikiqat həcmdə) regional universitetlərə
işə dəvət olunur, onların mənzil problemləri
də universitetin hesabına həll edilir. Moskva Dövlət Universitetinin
filiallarının da iş modeli maraqlıdır. Əgər biz də regionlarda universitet və
filiaların real inkişafını istəyiriksə, belə
təcrübələrdən faydalanmalıyıq. Bu halda regionlarda müxtəlif sahələr üzrə
kadr hazırlığı vasitəsi ilə insan
kapitalını gücləndirə bilər, bölgələrin
sosial-iqtisadi inkişafını təmin edərik.
Anar Miriyev
Palitra.-2016.-24 may.-S.11.