“Təhsildə qazanılan təcrübənin
yeri başqadır”
Ruslan Dost Əli: “Ümid edirəm ki,
yaxın
gələcəkdə
Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində
də qarşılıqlı
iş birliyi yaranar”
Müsahibimiz Ruslan Dost Əli (Cahangirli) 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub. On səkkiz
yaşından ədəbi yaradıcılığa
başlayıb. Elə həmin vaxtlardan
müxtəlif qəzetlərdə, jurnallarda,
bir sıra almanaxlarda
şeirləri çap olunub.
2013-cü ildən DGTYB-nin üzvüdür.
2014-cü ildə Qazaxıstanda yerləşən Əhmət
Yəsevi adına Türk-Qazax Universitetində
keçirilən Şeir
Yarışmasında II yeri qazanıb.
Həmin il Şahmar
Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat
Mükaftına layiq görülüb,
Prezident yanında Bilik
Fondunun təşkil etdiyi
“Vətənin pərvəri ol” müsabiqəsində
I yeri qazanıb. 2015-ci ildən GƏM-in və
AYB-in üzvüdür.
Prezident təqaüsçüsüdür.
İlk şeirlər kitabı üç dildə nəşrə
hazırlanır. Hazırda Qazaxıstanda Əhmət Yəsevi
adına Türk-Qazax Universitetində təhsil
alır.
-Sizin təhsil
aldığınız universitetdə kifayət qədər
azərbaycanlı tələbə varmı?
-Artıq ikinci ildir ki, burada-Qazaxıstandayam.
Hazırda universitetimizdə altmışa yaxın azərbaycanlı tələbə
müxtəlif sahələrdə
təhsil almaqdadır.
Burdakı azərbaycanlı tələbələrin hər
biri torpağına, millətinə, soykökünə
bağlı, vətənini
ölkəsinin hüdudlarından
kənarda layiqincə
təmsil etmək bacarığına sahib olan
vətənpərvər gənclərdir.
Hər il
universitetmizdə Xocalıyla
bağlı anım, tanıtım tədbirləri
təşkil olunur. Azərbaycanın tarixi geçmişi
və bu günü haqqında bir neçə dildə geniş məlumat verilir, işğal altında olan torpaqlarımızı,
erməni vəhşiliyini,
Xocalı soyqırımını
əks etdirən videolent təqdim olunur. Türk dünyasının müxtəlif yerlərindən,
on səkkiz ölkədən
gəlmiş iyirmi dörd türk millətinin daşıyıcısı
olan tələbələrə
Qarabağ mövzusu anladılır, aşılanır.
Hamısı da azərbaycanlı
tələbələrin maddi
vəsaitinin, mənəvi
zəhmətinin hesabına.
Bu, təkcə bizim deyil, eləcə də dünyanın müxtəlif yerlərində
təhsil alan
azərbaycanlı tələbələrin
qarşısında duran
ən önəmli bir vəzifə kimi durmalıdır. Biz türk olduğumuz
üçün fəxr
edirik.
- Universitetiniz Azərbaycan universitetləri
ilə təhsil mübadiləsi
edirmi?
-Bizim universitet beynəlxalq universitet olsa da, daha
çox Qazaxıstan və Türkiyə təhsil sistemi ilə əlaqəlidir. Türkiyənin müxtəlif universitetlərindən
tələbələrə dərs vermək üçün tez-tez peşəkar müəllimlər,
professorlar dəvət
olnur ki, bütün bunlar da bizlərə təhsil aldığımız
sahə üzrə daha çox şey öyrətməklə
yanaşı, gələcək
üçün də
yaxşı kadrların
yetişməsinə zəmin
yaradır. Digər
tərəfdən universitetimizdə
"Mövlana" və
"Eresmus" proqramları
da var ki,
bu proqramlar vasitəsilə tələbələr
bir və ya iki dönəmlik
Türkiyə, Almaniya,
Polşa kimi ölkələrin universitetlərində
təhsil alma imkanını əldə
etmiş olurlar. Arzu olunandır ki, universitetimiz tələbələrinə
Azərbaycan universitetlərindən
də, yararlanma imkanları tanısın.
Ümid edirəm ki, yaxın gələcəkdə iki
qardaş ölkə arasında təhsil sahəsində də qarşılıqlı iş
birliyi yaranar.
-Ali təhsil almağınızın ədəbi
yaradıcılığınızın inkişafında nə kimi rolu var?
-Ali təhsil insanın dünya görüşünə,
həyata baxışına,
düşüncəsinə bilavəsitə müsbət
təsir göstərir.
Bədii yaradıcılıqda
da ali
təhsilin vacibliyini vurğulaya bilərik. Nə qədər mütaliə
eləsən də, kitab oxusan da,
təhsilin yeri başqadır. Bədii yaradıcılıqda
təhsil ən azı mütaliyə qədər vacibdir. Bu üç amil
bir-birinə zəncirvarı
şəkildə bağlıdır,
əgər o halqalardan
biri qırılsa, səndən ancaq yazar olar, yazıçı,
şair yox. Təhsildə qazanılan təcrübənin
yeri başqadır.
Elə gələcək üçün
də, vətənə,
millətə yararlı
vətəndaş olmaq
üçün təhsil
mütləqdir.
-Siz həm də ədəbi yaradıcılıqla
məşğulsunuz. Bir çox
şeirlər müəllifisiniz.
Gənclərin kitab oxumağa
marağı hansı
səviyyədədir?
-Maraqlıdır ki, indiki gənclər oxumaqdan daha çox yazmağa üstünlük verirlər.
Bir söz demirəm, yazsınlar, ancaq yazdıqları söz yığınından ibarət
olacaqsa, o zaman yazmağı tərgidib, oxumağa vərdiş etsələr daha yaxşıdır. Onda nələrisə
qazanmış olarlar.
Düşünürəm ki, ölkəmizdə
intellektual, mütaliəli
gənclərimiz kifayət
qədərdir. Son illər kitaba maraq da bir
xeyli artıb. Şəhərdə kitab mağazalarının
çoxalması sevindirici
haldır.
Nizami Gəncəvi necə demişdir: Qüvvət elimdədir, başqa cür heç kəs, heç kəsə üstünlük
eyləyə bilməz!
Deməli, yorulmadan, usanmadan
oxumaq lazımdır.
Maddi baxımdan imkanın nə qədər yüksək olursa olsun, kitab
oxumamısansa, oxumursansa,
deməli kasıbsan!
Bizim kənddə
bir şair var, İsa Sevər,
dil-ədəbiyyat müəllimidi,
həm də məktəbdə kitabxanaçı
işləyir. O həmişə
deyirdi ki, bu kənddə məndən varlı adam yoxdu.
İsa müəllimin bu sözünü sonralar dərk etməyə başladım. Anladım
ki, kitablar adamı necə də zəngin edirmiş...
-Ümumiyyətlə,
kitablara qarşı soyuqluq gəncləri nə dərəcədə
mənəvi inkişafdan
saxlayır?
-Qeyd etdiyim kimi,
mütaliə insanın
fikrini asanlıqla və aydın bir şəkildə qarşısındakına çatdırmasına,
özünü düzgün
ifadə etməsinə,
hər hansı bir mövzu ətrafında müzakirəyə
qoşulmasına, fikir
yürütməsinə şərait
yaradan amildir. Mütaliəli insanın bəlli
bir söz bazası olar və səlist danışığa sahib olar.
Mütaliəsiz insan isə
bütün bunlardan məhrum olar, daim sıxılar, müxtəlif məclislərdə,
toplantılarda danışmağa
sözü olmadığından
özünü tənha
hiss edər və belə yerlərdən daim qaçar, bundan dolayı utanc hissi keçirər.
Bütün bu olumsuzluqlarla
yanaşı, həyatı
dərk etmək üçün də, yalnız və yalnız oxumaq lazımdır. Kitaba sərf
exilən vaxt itirilmir, qazanılır.
-Sizcə, gənclərin daha da maariflənməsi üçün hansı tədbirlər görülməlidir?
-Maarifləndirimə işlərində
əsas yük QHT-lərin, KİV-lərin və TRŞ-nin üzərinə düşür,- deyə bilərik.
Müxtəlif layihələr, müsabiqələr,
televiziya proqramları
və s.
Bu yöndə bir
çox işlər görmək olar. Kitaba marağın
artırılması yolunda
mənim də üzv olduğum Dünya Gənc Türk Yazarlar Birliyini örnək gətirə bilərik.
DGTYB bununla yanaşı,
isdedadlı gənclərin
də tanınıb üzə çıxmasında
üzərinə düşən
işi layiqincə yerinə yetirməkdədir.
2014-cü ildə "Bölgələrdə Yaşayan
İstedadlı Gənclərin
Bakı Toplantısı"
adlı layihəsində
onlarla gənc yazar bir araya
gəldi, əsərləri
təşkilat tərəfindən
toplu şəklində
ictimayətə təqdim
olundu. Bir sıra gənc yazarlar birliyə üzv qəbul olundu və s. Təşkilat yeni-yeni layihələrlə öz
missiyasını davam
etdirməkdədir.
-Bədii ədəbiyyatın gənclərin
mənəvi dünyasının
zənginləşməsi, keçmişimizə qayıdışı
baxımından nə
kimi rolu var?
-Mən belə başa düşürəm
ki, təkcə ədəbi yaradıcılıqla
məşğul olan gənclər deyil, hər bir insan
öz daxili aləmini, mənəvi dünyasını zənginləşdirməlidir.
Yaşam,
gəzmək, görmək,
oxumaq, dinləmək,
seyr etmək və s. Bütün bunlar insanın zənginləşməsinə xidmət edir. İnsan zənginləşdikcə
həyatı daha dərin dərk etməyə başlayır,
kamilliyə doğru gedir, müdrikləşir,
səhvləri daha az olur.
Keçmiş yoxdursa, gələcək də yoxdur deyirlər. Ot
kökü üstdə
bitər - deyib atalar. Keçmişdən güc alıb,
gələcəyə inamla
baxmaq lazımdır.
Hələ bir də şanlı bir keçmişə maliksənsə,
o keçmişə necə
qayıtmamaq, o keçmişə
necə bağlı olmamaq olar?!
Böyük şairimiz Bəxtiyar
Vahabzadə necə də doğru və gözəl deyib:
Əslimi-nəslimi tanıyıram mən,
Qarışıq deyiləm özümdən
hürkəm.
Sən kimsən, sən nəsən
özün bilərsən,
Mən
ilk qaynağımdan türk
oğlu türkəm!
-Hazırda hansı kitab üzərində işləyirsiz?
-Hazırda ilk şeirlər
kitabımı hazırlayırıq.
Əslində, çoxdan hazır
olmalı idi. Müəyyən səbəblərdən
bir az
gecikdi. Həm də ilk kitabdır
deyə, üstündə
çox işləyirəm,
həssaslıqla yanaşıram.
Səbəblərdən biri kimi bunu da qeyd
etmək olar. Kitabda müxtəlif mövzuda yazdığım şeirlər
yer alacaq. Vətən,
dünya, sevgi, uşaqlıq və s.
Qısa
zaman ərzində oxuculara təqdim edəcəyim kitab üç dildə olacaq: Azərbaycan türkcəsində, Türkiyə
türkcəsində və
qazax dilində. Aristotel deyir ki, poeziya
ruhun musiqisidir. Mən də ruhumun musiqisini bəstələyirəm...
İşıq üzü görəcək
kitabımı ədəbiyyat
yolunda yeni və ilk addımlarım kimi qiymətləndirirəm. Ümidvaram
ki, bəyənilər.
Fuad Hüseynzadə
Palitra.-2016.-25 may.-S.11.