Azərbaycan və Qafqaz bölgəsini
öyrənən Britaniya Fondu yaradılır
Fond, Azərbaycanla bağlı
faktları ortaya çıxaran elmi araşdırmaları, bu
səpkidə digər Avropa elm ocaqları ilə əməkdaşlıqları
və Britaniyada, Avropada ölkəmizə aid elm-tarix müstəvisində
informasiya qıtlığını aradan qaldırmağı
ehtiva edəcək
Azərbaycanın qədim tarixi, orijinal mədəniyyətinin elmi baxımdan öyrənilməsi və dünyada təbliği olduqca müstəsna əhəmiyyət daşıyır. İndiki informasiya cəmiyyəti dönəmində, həmçinin informasiya savaşı müstəvisində isə bunun önəmi dəfələrlə artır. Bunun üçün, ilk növbədə inkişaf etmiş ölkələrin elmi elitasını, alim və mütəxəssislərini işə cəlb etmək daha çox effektlidir. Bu baxımdan Böyük Britaniyada Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılmasının qərara alınması sözügedən sahədə ciddi dəyişikliklərə səbəb olacaq.
Belə ki, Londonda, Böyük
Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi
adına Mərkəzinin Azərbaycan və Britaniya tərəfdən
rəhbərləri professor Nərgiz Paşayeva və professor
Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa
Şurasının 2003-2006-cı illərdə Azərbaycan
üzrə məruzəçisi Lord Malkolm Brus ilə
görüş keçiriblər. AZƏRTAC-ın
Böyük Britaniyadakı xüsusi müxbiri Orxan
İsmayılovun verdiyi məlumata görə, professor
N.Paşayeva və professor R.Hoyland tərəfindən təşkil
olunmuş bu görüşdə İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri Lord Maykl German da iştirak
edib. Görüşün
əsas məqsədi Azərbaycan və Qafqaz bölgəsini
öyrənən Britaniya Fondunun (The British Foundation for the Study
of Azerbaijan and the Caucasus) yaradılması ilə bağlı
idi.
Lord Brus britaniyalı siyasətçilər arasında
yeganə parlament üzvüdür ki, Azərbaycanın Avropa
Şurası qarşısında götürdüyü
öhdəliklərin yerinə yetirilməsinə nəzarət
edib və rəsmi inzibati-icraçı funksiyanı
daşıyıb. O, 1983-2015-ci illərdə Şotlandiyanın Qordon
qraflığını Britaniya parlamentində təmsil edib və
2005-2015-ci illərdə Britaniya parlamentinin Beynəlxalq
İnkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə təmsil etdiyi Liberal Demokratlar
Partiyasının rəhbərinin müavini seçilib, bir
müddət bu vəzifədə çalışdıqdan
sonra 2015-ci ildən Lordlar Palatasına üzv olub. Lord Brus parlamentin enerji və Şotlandiya məsələləri,
təhsil, ticarət, sənaye və ətraf mühit məsələləri
üzrə sözçüsu olub, 1986-1989-cu illərdə
Şotlandiyanın Dandi Universitetinin (University of Dundee) rektoru vəzifəsində
çalışıb. O, öz seçki dairəsindən
ardıcıl olaraq beş dəfə
seçicilərin ən çox səsini qazanan parlament
üzvləri siyahısına daxil edilib və 2012-ci ildə
Kraliça II Elizabet tərəfindən cəngavər titulu
ilə təltif olunub.
Qonaqları
salamlayan və Lord Brusla tanışlığından məmnunluq
duyduğunu bildirən Nərgiz Paşayeva
görüşün Azərbaycan Demokratik
Respublikasının yaranmasının 98-ci ildönümü ərəfəsində
keçirildiyini qeyd edib və iki ildən sonra, yüzillik
yubileyini (1918-2018) qeyd edəcək ADR-in azərbaycanlılar
üçün xüsusi bir önəm
daşıdığını bildirib. N.Paşayeva
1997-ci ildə təsis edilmiş İngiltərə-Azərbaycan
Cəmiyyətinin 2007-ci ildən həmsədri olduğunu nəzərə
çatdırıb və Cəmiyyətin müstəqil Azərbaycan
tərəfindən İngiltərədə
yaradılmış ən uzun tarixli (1997-2016) ictimai təşkilat
olduğunu qeyd edib. Daha sonra 2013-cü ildə
yaradılan və Britaniyanın məşhur Oksford
Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən,
yüksək akademik statusa malik olan Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin () məqsəd və
vəzifələrindən söhbət açılıb.
N.Paşayeva deyib: “Mühüm olanı odur ki, bu mərkəz
nümayəndəçilik, təmsilçilik, zahiri effektə
bağlı nümayişkaranə və az funksional, ani
keçici kampaniya xarakteri daşımır. Məqsəd
Azərbaycanın qədim və böyük mədəni
intellektual tarixinin məhz Azərbaycana aid olmasını elmi
yolla sübut etmək, yüksək elmi müstəvidə
mübahisə aparmaq, eşidilmək hüququnu qazanmaq və əldə
edilən dəyərli məlumatları Oksford Universitetinin təqdimatında
və daxilindən dünyaya yaymaqdır. Əlbəttə,
bu, çox ciddi əmək, peşəkar davamlı səy, məsuliyyət
və dəstək tələb edən unikal bir imkandır.
Bugünkü nəticələrimiz,
başlanğıc, ilk addımlarımız bunları bacara
biləcəyimizə ümid yaradır. Bu
ümidi real, işimizi faydalı və əhəmiyyətli,
nəticələri doğru və pozitiv edən, əlbəttə
ki, universitetin bizimlə birgə çalışan
professor-müəllim heyətidir. Mərkəzin
İngiltərə tərəfdən rəhbəri, Oksford
Universitetinin İslam tarixi üzrə aparıcı professoru
Robert Hoyland, universitetin iranşünaslıq üzrə
aparıcı professoru Edmund Herziq, Şərqşünaslıq
fakültəsinin doktorları Pol Vordsvors, Nikoloz Aleksizdze,
Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin tədqiqatçısı,
doktor Marek Jankoviak, universitetin Tarix fakültəsinin doktoru Nik
Evans, Oksford Universitetinin Rothermere Amerika İnstitutunun tədqiqatçısı,
doktor İrina Şingiray, universitetin Şərqşünaslıq
fakültəsinin doktorantı Maroussia Bednarkieviç kimi tanınmış
alimlərin Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətindəki
səyləri və əməyi əvəzedilməzdir. Hazırda doktorant Nizami Mərkəzinin təqaüdü
hesabına Ceyms Vayt al-Taalibinin (XI əsr) və Afisin (XIII əsr)
işlərinin müqayisəsi ilə bağlı doktorluq
işi üzərində çalışır, amerikalı
magistr Eliza Mau-Pyu İslam tarixi üzrə elmi
araşdırmalar aparır. Ümumilikdə 4 tələbə
artıq Nizami Gəncəvi Elmi Mərkəzinin təqaüdü
ilə təhsil alır və iki tələbə də gələn
il əlavə qəbul ediləcək. Təbii ki, bu tələbələr universitetin ciddi
sınaq imtahanlarından uğurla çıxmış
olanlardır.
Qeyd edilib
ki, Azərbaycanın ikinci müstəqillik dövründən
sonra Britaniya ilə mədəni, siyasi-iqtisadi əlaqələrin
inkişaf etdirilməsində bir çox işlər
görülsə də, Azərbaycan Britaniya cəmiyyətində
və vətəndaşları arasında hələ də
yetərincə yaxşı tanınmayıb. Buna sübut
olaraq, son aylarda Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
yaranmış gərginliyin İngiltərə mətbuatında
məhz “haqqında az məlumat olan” və qəliz bölgə
kimi qələmə verilməsi, dünya mətbuatında isə
münaqişənin daha çox xristian-müsəlman
münaqişəsi kimi göstərilməsidir.
Nərgiz
Paşayeva bildirib: “Bir alim kimi deyə bilərəm ki, bunun əsas
səbəblərindən biri Britaniya kimi qədim tarixi ənənəsi
olan ölkədə və eləcə də qlobal elmi səviyyədə
mühüm rol oynayan mötəbər elm ocağı kimi
tanınan Oksford Universitetində 2013-cü ilə qədər
(Nizami Gəncəvi Elmi Mərkəzinin yaranma tarixi)
Qafqazın qədim tarixi və mədəniyyəti çox
hallarda birtərəfli, əsasən, erməni tarixi və bir
qədər də gürcü tarixi kontekstində öyrənilib.
Belə ki, hələ 1965-ci ildə Oksford
Universitetinin Şərqşünaslıq fakültəsində
erməni elmi mərkəzi yaradılıb və bu günə
kimi fəaliyyət göstərir. Təəssüflər
olsun ki, bunun müqabilində bizim yaratdığımız mərkəz
51 il gec öz fəaliyyətinə
başlayır - yəni bu dövr ərzində heç bir
iş görülməyıb. Halbuki tarixi həqiqətləri
elmi əsaslar və sübutlar üzərində qurub təqdim
edən Britaniya cəmiyyətində ilk öncə məhz
fundamental elmi ocaqlarla müştərək peşəkar elmi əlaqələr
birinci dərəcəli əhəmiyyətə malikdir.
Biz bunları yaxşı dərk edir,
anlayırıq və səylərimizi universitetlərin, alimlərin,
peşəkarların, mütəxəssislərin işinə,
əməkdaşlığına, birliyinə və
qarşılıqlı etimadına yönəldirik, bu əlaqələrə
dəstək olmağa çalışırıq. Çünki müasir zamanda universitet universitetlə,
alim alimlə, mütəxəssis mütəxəssislə,
peşəkar tədqiqatçı peşəkar tədqiqatçı
ilə bərabər işləməlidir. Bu gün dəbdə olan multikulturalizm
şüarı termin kimi yeni olsa da, ideya kimi qədim dövrlərdən
mövcud idi. Nizaminin tək bir “Yeddi
Gözəl”i buna gözəl misaldır. Amma bu
şüarı basmaqəlib halına çevirib, formal, dəbdə
olan “mahnıya” döndərib, əsl əməyə,
uzunmüddətli, 10 illərlə davam edən, gündəlik
zəhmətə köklənmiş işlərin və
uğurların əvəzi kimi təqdim etmək heç də
doğru olmaz. Halbuki belə sırf dekorativ
tendensiyalar da bəzən müşahidə olunur. İki ildən sonra Azərbaycan Şərqdə ilk
olaraq yaratdığı demokratik respublikanın 100 illiyini qeyd
edəcək. Hələ o dövrdə yaranan
respublikanın ali hakimiyyətinin tərkibində
azərbaycanlılarla yanaşı, ruslar, ermənilər,
polyaklar, yəhudilər və digər millətlər də
vardı. Bu isə Azərbaycanın dünən
də, bu gün də tarixi tolerantlığının
göstəricisidir. Maraqlı bir faktdır ki, hələ
1910-cu ildə İngiltərədə ermənilərin
yaratdığı Birləşmiş Krallığın Erməni
İcma Şurası (Armenian Community Council of United Kingdom)
özünün 100 illik fəaliyyətini indi də davam
etdirir. Bu, bizim üçün müəyyən
göstəricidir. Bu gün bizim vəzifəmiz
Azərbaycanı bu ölkənin, İngiltərənin və
onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqli səviyyədə
təqdim və təmsil etməkdir”.
Daha sonra bu görüşün əsas məqsədi
müzakirə olunub. N.Paşayeva tərəfindən Azərbaycan
və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun
(The British Foundation for the Study of Azerbaijan and the Caucasus)
yaradılması təklif edilib. Nəzərə
çatdırılıb ki, bu ideya artıq bir neçə
aydır İngiltərənin Azərbaycan və Qafqaz regionu
üzrə aparıcı alimləri - Oksford Universitetinin
İslam tarixi üzrə, habelə Nyu-York Universitetinin Qədim
Dünya İnstitutunun aparıcı professoru, hazırda Qafqaz
regionunu öyrənən və qədim Bərdənin
arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert
Hoyland, Şotlandiyanın məşhur Sent Enryuz Universitetinin
İslam, Orta Asiya və Qafqaz bölgəsi üzrə
professoru Endryu Pikok və Ekseter Universitetinin İslam tarixi və
şiəlik təriqətinin yayıldığı əraziləri
öyrənən professor Robert Qliv ilə məsləhətləşmələr
əsasında yaranıb və çox müsbət qəbul
edilib.
Adıçəkilən alimlər yaradılan Britaniya
Fondunun Qəyyumlar Şurasının üzvləridir, Şuranın
sədri isə professor N.Paşayeva seçilib.
Şura sədrinin
sözlərinə görə, bu Fond Azərbaycan və Birləşmiş
Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni-maarif,
təhsil münasibətlərinə real töhfə verən
ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına
məqsəd qoyub. Professor N.Paşayeva deyib: “Britaniya Fondunun
yaradılması artıq tarixi mədəni zərurətdir. Bu zərurəti həyata keçirmək olduqca
vacibdir”. Britaniyada fəaliyyət göstərən
digər nüfuzlu və şəffaf fondlar kimi, bu qurum da bu
yaxınlarda Birləşmiş Krallığın ictimai təşkilatlar
üzrə komissiyasında qeydiyyatdan keçiriləcək.
Beləliklə, bundan sonra Fond Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin
fəaliyyətinə dəstək verməklə yalnız
Oksford Universiteti və Londonda deyil, İngiltərənin
başqa ali təhsil ocaqları və
mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq
etməyi planlaşdırır. Fond, həmçinin Britaniyada
təhsil alan azərbaycanlı tələbələrlə
əməkdaşlıq edib, onlara dəstək olmağa
çalışacaq. Fondun məqsədlərindən
biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın
alim və aparıcı mütəxəssislərini bir araya gətirib,
Azərbaycanı layiqli səviyyədə təmsil etməklə
yanaşı, Britaniyada yaşayan Azərbaycan icmasına dəstək
olmaqdır. Bu Fondun yaradılması
gündəliyə Böyük Azərbaycan mövzusunu gətirərək,
sevimli vətənimizin tarixinin əzəmətli, qədim,
şərəfli lakin geniş auditoriyaya
açılmamış səhifələrini açmaq
missiyasını qarşısına qoyub. Dünyada
yaşayan 50 milyona yaxın azərbaycanlının əcdadlarının
bəşəriyyətə bəxş etdiyi böyük mədəni
töhfələri və əbədi dəyərləri
göstərmək, tarixi hörmətlə anmaq, böyük
simaların - Nizami, Füzuli, Nəsimi, N.Tusi, Kəmaləddin
Behzad, Ş.İ.Xətai və bir çox
başqalarının Azərbaycan övladları
olduqlarını tək özümüzə deyil, dünyaya əyan
etmək bizim vəzifəmiz və borcumuzdur. Habelə
Fond Azərbaycanla bağlı Britaniya mətbuatındakı
boşluğu doldurmaq üçün bu ölkənin
aparıcı KİV-ləri, xüsusilə aparıcı
telekanalları ilə əməkdaşlıq etməyi
planlaşdırır.
Görüş zamanı professor N.Paşayeva Britaniyada
özünün zəngin siyasi təcrübəsi, nüfuzu
və hörməti ilə tanınan Lord Brusu Fondun işinə
məsləhət vermək üçün Qəyyumlar
Şurasına üzv olmağa dəvət edib. Lord Brus dəvəti
məmnuniyyətlə qəbul etdiyini bildirib. Yani yaradılan Fondun yaxın gələcəkdə
Londonda təqdimat mərasiminin keçirilməsi qərara
alınıb.
Göründüyü kimi, sözügedən Fond, həm
Azərbaycanla bağlı faktları ortaya çıxaran elmi
araşdırmaları, həm də Britaniyada, Avropada ölkəmizə
aid elm-tarix müstəvisində informasiya
qıtlığını və yanlışlıqları
aradan qaldırmağı ehtiva edəcək.
İlkin
AĞAYEV
Palitra.-2016.-27 may.-S.11.