Dünya mediası kilsə tikən azərbaycanlılardan
yazıb
Azərbaycanda
yalnız İslama deyil,
digər dinlərə məxsus tarixi-dini
abidələr bərpa olunur
Diaspor Jurnalistləri Birliyi xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliği işini davam etdirir. Avstraliyanın beynəlxalq “Ancient-origins.net” (Qədim mənşələr) saytında Azərbaycandakı tolerantlıq haqqında məqalə dərc edilib. “Birlik nümunəsi: Azərbaycanda dini abidələrin inşası və yenidən bərpasının tarixi” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoq- üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin daşıyıcılarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir: “Azərbaycanın Quba rayonunda avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.
Yazıda Azərbaycan dövləti tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisinə də xüsusi diqqət göstərildiyi bildirilir: “Bu işlərə mümkün olduğu qədər dövlət dəstəyini əsirgəməyib. Ölkəmizdə bu proses həm də onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus abidələr də nəzərdə tutulur. Katolik kilsəsinin inşası, “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpası, Qafqaz Albaniyasının mədəni-tarixi irsi olan Kiş məbədinin əsaslı bərpası, Bakıda regionun ən böyük sinaqoqunun dindarların istifadəsinə verilməsi tək Azərbaycanda yox, onun sərhədlərindən kənarda da böyük əks-səda doğurub”.
Müəllif məqalədə vurğulayıb ki, müsəlmanların kislə tikməsi dünyada nadir olan faktlardandır: “Azərbaycanlı xeyriyyəçi və mesenatlar da öz hesablarına kilsə tikməklə xristian dininə olan sayğılarını göstəriblər. Hazırda Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Müqəddəs Jen-Mironsist kafedral kilsəsi bunun əyani sübutdur. Bu kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak edib”.
İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbara çevrilib, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanıb. 1990-cı il yanvarın 20-də Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin hücumu zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılıb, döşəmə çöküb, divarlar isə çatlamışdı. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdi. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdı. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdi. Moskvada yaşamış Ümumrusiya Azərbaycan Konqresinin sabiq vitse-prezidenti, xeyriyyəçi mərhum Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Müqəddəs Jen-Mironsist kafedral kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüşdü”.
Yazıda Bakı və Xəzəryanı yeparxiyanın arxiyepiskopu Aleksandrın Bakıda ən iri pravoslav məbədinin bərpasında Aydın Qurbanovun xidmətləri haqqında fikirləri də yer alıb: “Aydın Qurbanovun Müqəddəs Jen-Mironsist kafedral kilsəsinə çox təəccüblü münasibəti vardı. Elə təəccüblü məhəbbət idi ki, mən onu uşağa münasibətlə müqayisə edirdim. Mən Aydın Qurbanovla ölümündən az əvvəl görüşmüşdüm. Soruşdum ki, Azərbaycan paytaxtında pravoslav məbədinə bu cür münasibətinin səbəbi nədir. O cavab verdi ki, Azərbaycanda məktəbi qurtarıb və Rusiyaya gedib. Bu ölkədə ali təhsil alıb, həyat yoldaşı tapıb, iş, karyera qurub. Aydın Qurbanov dedi ki, kilsənin restavrasiyası onun üçün rus xalqına minnətdarlığın ifadəsidir və həyatındakı ən qiymətli məqamdır.
Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksi müsəlman xeyriyyəçini “Pravoslav Ordeni” ilə təltif etmişdir”.
Qeyd edək ki,
DJB sədri Fuad Hüseynzadənin bu məqaləsi “Tolerantlıq nümunəsi:
kilsə tikən azərbaycanlılar” başlığı ilə
Rusiyanın “Berlek” geosiyasi
araşdırmalar mərkəzinin saytında da
dərc olunub.
Fuad Hüseynzadə
Palitra.-2016.-27 may.-S.13.