“Bizim universitetlər,
nə qədər insanların özlərini idarə etməyə
can atacaqlarsa...”
Hakim Ələsgərov: “Xaricdə
təhsil almaq üçün universitet seçimi etmək
çətin və həssas prosesdir”
Azərbaycanda ictimai fəal gənclər öz təhsil səviyyələrini artırmağı da düşünürlər. Onlar bu baxımdan xaricdə təhsilə daha çox üstünlük verirlər. Elə müsahibimiz Hakim Ələsgərov da belə gənclərimizdən biridir. O, “Budapest Dimplomatiya akademiyasi” proqramı çərçivəsində Budapeştdə yerləşən Macarıstanın Dövlət Qulluğu üzrə Milli Universitetinin məzunudur. Qeyd edək ki, H.Ələsgərov 1989-cu ildə Gəncə şəhərində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhəri, Kəpəz rayonu 33 saylı məktəbdə orta təhsil alıb. 2007-ci ildə 400 ballıq göstərici ilə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub və 2011-ci ildə ali təhsilini menecment ixtisası üzrə bitirib. 2011-2012-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin QQ tərkibində həqiqi hərbi xidmətdə olub. Azərbaycan, ingilis və türk dillərini bilir.
-İctimai
fəaliyyətə nə zamandan
başlayıbsız və hansı uğurlar
əldə edibsiz?
-2007-ci ildən Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat fakültəsi Tələbə Gənclər Təşkilatında ictimai fəaliyyətə başlamışam. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşam və 2013-cü ildə keçirilən seçkilərdə yüksək nəticə ilə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının Gənclər Birliyinə sədr müavini seçilmişəm və hal-hazırda partiyada fəaliyyətimi davam etdirirəm. 2009-cu ildə keçirilən Bələdiyyə və 2010-cu ildə keçirilən Parlament seçkilərində müşahidəçi qismində iştirak etmişəm. 2008-ci ildən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində də fəaliyyət göstərmişəm. Bu təşkilatda koordinator, menecer və baş katib vəzifələrində çalışmışam.
2013-cü ilin əvvəlindən “Gəncə Avropa Gənclər Paytaxtı 2016” təşkilat komitəsinin üzvü olmuşam və müsabiqə çərçivəsində Rumıniya və Yunanıstana işgüzar səfər etmişəm. 2009-cu ildən başlayaraq 20-yə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, konfranslarda, mübadilə proqramında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası və BMT-nin tədbirlərində Azərbaycan gəncliyini təmsil etmişəm.
2012-2014-cü illərdə Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə illik layihəsi olan “Gənclərin Qərarların Qəbulunda iştirakçılığı” layihəsində fəal iştirak etmişəm. Bu layihə çərçivəsində Gəncə Şəhəri Gənclər İdman Baş İdarəsində 3 aylıq təcrübə proqramını uğurla bitirərək Nazirlik və BMT-nin İnkişaf Proqramının sertifikatı ilə təltif edilmişəm. 2010-cu ildə Fransanın Strasburq şəhərində yerləşən Avropa Gənclər Mərkəzində “Mədəniyyətlərarası Dialoq” təlim kursunu və Türkiyə Gənc Sahibkarlar Palatası tərəfindən təşkil edilən “PR-Media” Master Klass təlimini uğurla başa vurmuşam. 1960-cı ildən dünyanın ən böyük sahibkarlıq-liderlik təşkilatlarından olan Gənc Sahibkarlar Palatasının Gəncə Şəhəri üzrə 2014-cü il üçün Lokal Prezidenti seçilmişəm.
-Sizdə xaricdə
təhsilə maraq haradan
yarandı?
-Xaricdə təhsil almaq üçün gedəcəyim ölkə haqqında çox götür-qoy elədim. Bir çox faktorları nəzərə almalı oldum. Macarıstanın Dövlət Qulluğu üzrə Milli Universitetinin reytinqi, tədris olunacaq dərslər, həyat səviyyəsi, akademik heyətin təcrübəsi və sair kimi nüanslara diqqət yetirdim və sonda paytaxt Budapeştdə təhsil almağa qərar verdim. Ən cəlbedici cəhətlərdən biri çox az təhsil haqqı ilə yüksək keyfiyyətli Avropa təhsili almaq imkanı, o cümlədən yaşayış xərclərinin az olması Macarıstanı seçməyim üçün başlıca səbəb oldu.
- Macarıstan təhsil
sistemi ilə Azərbaycan təhsil sistemi arasında, əsasən, hansı fərqlər
var?
-Müqayisə olunacaq dərəcədə çox fərqlər var. Öncə akademik heyətin təcrübəsini götürək. Bizim əksər dövlət universitetlərində çalışan akademik və qeyri-akademik heyətin mütləq əksəriyyəti sovet dönəmində elə də nüfuzlu olmayan universitetlərdə təhsil alıblar. Özəl universitetlərin bəzilərində Avropa və Amerikanın qabaqcıl universitetlərində təhsil almış akademik heyətə az-çox rast gəlmək olar. Macarıstan universitetlərində vəziyyət isə tamam başqadır. Akademik heyətin əksəriyyəti dünyanın qabaqcıl universitetlərində təhsil alıb və o təcrübəni həvəslə öz ölkələrində tətbiq edirlər. Azərbaycanda sovet dövründə təhsil almış və indi universitetlərdə dərs deyən müəllimlərin müasir dünyanın tələbləri ilə ayaqlaşması xeyli zaman alır və ya ümumiyyətlə, bir çox hallarda heç bacara bilmirlər. Əgər bu belə olmasaydı, Rusiyanın və ya digər postsovet ölkələrin əksər universitetləri bu gün heç də arzu olunmayan reytinqdə olmazdılar. Mən özüm bakalavr təhsilimi Azərbaycanda dövlət universitetində bitirmişəm. Öz təcrübəmə görə deyə bilərəm ki, universiteti təhsilin keyfiyyətindən çox tələbələrin dərsə gəlməsi maraqlandırır. Əsasən də, davamiyyəti yoxlamaq məsələsi. Macarıstanda dekan tələbənin dərsə gəlib-gəlməməsi ilə maraqlanmır. Ağlı başında olan tələbə seçdiyi dərsin önəmini anlayır və mühazirələrdə iştirak etməyə cəhd edir. Belə bir deyim var: “İnsanların özləri deyil, maraqları idarə olunmalıdır”. Yəni bizim universitetlər, nə qədər insanların özlərini idarə etməyə can atacaqlarsa, o qədər də müvəffəqiyyətsizliyə düçar olacaqlar (təbii ki, hamısına aid deyil). Tələbənin istəklərinə uyğun tədris təşkil olunmalıdır, universitet rəhbərliyinin deyil.
Başqa bir məsələ isə bizdə dövlət universitetlərində bakalavr və ya magistr dərəcəsində sırf ingilis dilində tədris olunan proqramlar çox azdır. Yəni bir mühəndisin və ya iqtisadçının ingilis dilində bakalavr təhsili alması onun iş tapmaq imkanlarını, o cümlədən ixtisasına uyğun milyonlarla dərs vəsaitlərindən asanlıqla istifadə etməsinə imkan yaradır.
-Bəs tələbə-müəllim
münasibətləri hansı səviyyədədir?
-Tələbə ilə müəllim arasında qarşılıqlı hörmət var. Nə tələbə, nə də müəllim qırmızı xətti keçir və ya ona can atır. Professor heyətini tələbənin sırf onun dərsinə olan marağı və ya diqqəti maraqlandırır. Əgər mühazirə zamanı tələbə çantasını götürüb otaqdan çıxırsa, bu qətiyyən hörmətsizlik kimi qəbul olunmur və olunmamalıdır. Bu o deməkdir ki, ya müəllim dərsi maraqsız tədris edir (müəllim bundan özünə nəticə çıxarır öz səhvlərini analiz edir) və ya tələbə artıq o mövzunu bilir və bunun üçün mühazirə otağını tərk edir. Bundan başqa, hər hansı bir tələbə qısa müddətə mühazirə zalını tərk edib geri gəlirsə, bunun üçün hər hansı bir icazəyə ehtiyac yoxdur. Ən önəmli məsələni qeyd etmək istərdim. Tədrisin sonunda bütün tələbələrə onlayn və anonim anket təqdim olunur ki, tələbələr burada götürdükləri modullar və onu tədris edən professor heyəti haqqında öz fikirlərini bildirirlər. Bu anketin nəticələrinə uyğun olaraq o modulun gələcəkdə tədris olunub-olunmaması və həmin professorun o modulu gələcəkdə tədris edib- etməməsinə qərar verilir.
-Xaricdə təhsil
almaq istəyən gənclərimiz əsas
nəyə üstünlük verməlidir?
-Xaricdə təhsil almaq üçün universitet seçimi etmək çətin və həssas prosesdir. Sonradan təəssüf hissi keçirməmək
üçün bütün
xırdalıqları nəzərə
almaq lazımdır.
Bunlara seçdiyiniz universitetdə
oxuyacağınız ixtisasın
keyfiyyəti, akademik heyət, o cümlədən
keçiriləcək dərslər
barədə əvvəlcədən
məlumatlı olmaq daxildir. Bundan başqa, universitetin
reytinqi, məzunlarının
hazırkı vəziyyəti,
universitetin maddi-texniki
bazası, yataqxanası,
kampus həyatını
da nəzərə almaq lazımdır. Mən təhsil aldığım
müddətdə universitet
tərəfindən yataqxana
ilə təmin olunmuşdum və bu, mənim yerli mühitə daha tez uyğunlaşmağıma,
başqa ölkələrdən
olan tələbələrlə
ünsiyyət qurmağa
köməklik edirdi.
Fuad Hüseynzadə
Palitra.-2016.-28 may.-S.11.