“İKT sahəsi təbliğat işində
mühüm rol oynayır”
Əlibəy Məmmədov:
“Bizim diaspor fəaliyyətimiz
məhz İKT sayəsində qısa zamanda Azərbaycan və
Yaponiyada geniş şəkildə
işıqlandırılır”
Bu gün Yaponiya informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyada özünü təsdiq edib. Bu baxımdan Yaponiya təcrübəsinin öyrənilməsi məqsədəuyğundur. Hər halda, yapon təcrübəsini diaspor sahəsində də tətbiq etməyin əhəmiyyəti var. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov öz müsahibəsində bu baxımdan fikirlərini bölüşdü. Qeyd edək ki, Ə.Məmmədov Yaponiyanın Tokio şəhərində yaşayır. Yaponiya hökuməti dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorant tələbəsi, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidentidir (2014-2016-da prezidenti). Yapon, ingilis, rus, türk dillərini bilir.
-Orta və ali təhsilə
harada yiyələnibsiz?
-Mən Moskva şəhərində doğulub, Bakı şəhərində böyüyüb boya-başa çatmışam. Valideynlərimin hər ikisi Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunlarıdırlar. Anam Güntəkin Məmmədova Xətai rayonunda yerləşən 147 saylı texniki-humanitar liseydə tarix müəlliməsi işləyir. Təhsil nazirinin əmri ilə 2009-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 2010-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Eyni zamanda 2016-cı ilin sentyabr ayında Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb. Qardaşım Ukraynada təhsil alır. 6-cı sinfə kimi Nəsimi rayonunda yerləşən 111 nömrəli məktəbdə, 7-ci sinifdən etibarən Xətai rayonunda yerləşən və respublika səviyyəsində sayılıb- seçilən, ən öndə gedən məktəblərdən biri olan, dahi akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 saylı texniki humanitar liseydə təhsilimi davam etdirmişəm. 2004-cü ildə 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülmüşəm. Bundan əlavə, rayon və şəhər miqyasında bir neçə dəfə sertifikatlara layiq görülmüşəm.
2005-ci ildə dövlət imtahanının nəticələrinə
uyğun olaraq Bakı Dövlət Universitetinin Şərqşünaslıq
(indiki Regionşünaslıq) fakültəsinin yapon dili və
ədəbiyyatı bölməsinə daxil oldum. Respublika səviyyəsində
ildə 8 nəfər bu ixtisas üzrə təhsil ala bilərdi.
O zaman digər heç
bir universitetdə yapon dili dərsləri tədris edilmirdi. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə
yapon dilini tədris edən yaponiyalı müəllim də məhz
BDU-dadır. 2009-cu ildə ali təhsilimi
qırmızı diplomla başa vurdum.
2009-2010-cu illərdə Füzuli rayonunda hərbi xidmətə
yollanıb, vətənə olan borcumu döyüş
meydanında başa vursam da, beynəlxalq səviyyədə
bir çox işlərin görülməli olduğunu dərk
etməyə başladım. 2010-2012-ci illərdə
əsas etibarilə Bakıdakı Yaponiya səfirliyində,
ayrı-ayrı şirkətlər tərəfindən bir
çox sahələrdə tərcüməçilik fəaliyyəti
ilə məşğul oldum. 2010-cu ilin
noyabr ayında Yaponiyanın “Fuji Terebi” televiziya kanalı ilə
birgə çalışdıq. Bunun nəticəsi
olaraq Yaponiyada Azərbaycanla bağlı 5 dəfə
xüsusi veriliş yayımlandı.
-Bəs necə oldu Yaponiyaya getdiniz?
-2011-ci
ilin may və iyun aylarında Bakıda yerləşən
Yaponiya səfirliyində keçirilən iki imtahanın hər
birində qalib oldum. Bunun nəticəsi olaraq
2011-ci ilin avqust-sentyabr aylarında Yaponiyada təcrübə
keçmək şansı əldə etdim. Burada 63 ölkədən 66 tələbə
iştirak edirdi. Digər imtahanın nəticəsi
olaraq isə birbaşa səfirliyin tövsiyəsi ilə
Yaponiyaya bu ölkənin dövlət təqaüdləri
hesabına ümumi 6 illik təhsil almaq şansı
qazandım. Yaponiyanın bir neçə
universitetindən qəbul olunmaq haqqında məktub alsam da,
sonda Yaponiyanın ən qədim 5 imperator universitetlərindən
biri olan Hokkaydo Universitetini seçdim. Mənim
elmi sahəmə yaxın ən öndə gedən professor
burada olduğu üçün bu qərarı verdim. Universitet Yaponiyanın 4 əsas adasından biri
Hokkaydoda yerləşir. Hokkaydo ərazi
baxımından Azərbaycandan bir balaca kiçikdir. Burada hər fəsil gözəldir. Adanın mərkəzi şəhəri Sapporoda
oktyabr ayında qar yağmağa başlayır. May ayının sonlarınadək yerdə qar
qalır. Əsrarəngiz təbiətə
malik bir məkandır. Hətta
yaponların özlərinin də aşiq olduğu cənnət
məkandır desək, yanılmarıq.
2012-ci ilin aprel ayında Hokkaydo Universitetinə göndərildim. İlk bir ili
tədqiqatçı tələbə kimi başa vurub, yapon
dilində yazı və natiqlik qabiliyyətimi inkişaf
etdirdim. 2013-2015-ci illərdə magistratura pilləsində
təhsil aldım. Elmi işimi yapon dilində
“Cənubi Kuril adaları problemi və ictimai rəy”
mövzusunda yazdım.
-Maraqlıdır, yaponlar az bir zamanda İKT-nin inkişafına necə
nail olublar?
-
Bildiyiniz kimi, Yaponiya İkinci Dünya müharibəsində
ağır məğlubiyyətə uğradı, imperiya
böyük ərazilər itirməyə məcbur oldu. 6 il ABŞ-ın işğalı altında
düşdü. ABŞ-ın diqtəsi ilə
yeni konstitusiya hazırlandı. Bununla da
Yaponiya rəsmi olaraq müharibədən imtina etdi. Bundan sonra yaponlar bütün güclərini,
ruhlarını iqtisadiyyatın dirçəlməsinə
qoydular. Yaponiyanın sürətli
inkişafında Amerikanın da əvəzsiz xidmətləri
olmuşdur.
ABŞ Yaponiyanı Şərqdə öz etibarlı
müttəfiqi kimi yetişdirdi. Xalq özü döyüşkən
xalqdır, onlar səhnəni döyüş meydanından elm
meydanına dəyişməyə nail oldular. Bu
da onların böyük uğurlar qazanmasına gətirib
çıxartdı. Bu inkişaf
bütün sahələrdə olduğu kimi İKT sahəsində
də görüldü. Dövlət
(insan) nəyisə qarşısına məqsəd qoyursa və
o yolda inamla irəliləyirsə, məqsədinə
çatır.
-Azərbaycan İKT baxımından
yapon təcrübəsindən necə yararlana bilər?
-
Düşünürəm ki, ilk öncə elmdən
başlamaq lazımdır. Təhsilimizin səviyyəsini
yüksəltməyə ehtiyac vardır. Bu
sahəyə külli miqdarda vəsait ayrılmalı, müəllim
və şagird heyətinin potensialı maksimum səviyyədə
inkişaf etdirilməlidir. İqtisadiyyatımızın
inkişafı ilə əlaqədar həm də təhsil sahəsinə
müəyyən qədər vəsaitlər ayrıldı.
Məktəblərə çoxlu sayda
kompüterlər və digər avadanlıqlar ayrıldı.
Amma real mənzərə budur ki, bunlardan az
istifadə olunur. Daha dəqiq desəm
düzgün istifadə olunmur. İstifadə
qaydalarını dəyişməyə ehtiyac vardır.
Şagird, tələbə və müəllimlərimiz
xaricə daha çox göndərilməli, təcrübələndirilməlidirlər.
Eyni zamanda xarici kadrları təhsil müəssisələrimizə
dəvət etməliyik. Bunu geniş
miqyasda etməliyik. Bizdə bunu edə biləcək
gücdə olan kadrlarımız vardır. İnanıram ki, bizim nəsil bu uğurları əldə
edəcək. Növbəti nəsillərimizin
daha təhsilli, daha dünyagörüşlü olması
üçün biz bu gün əlimizdən gələni əsirgəməməli,
xalqımızın gələcək uğurlarına töhfələr
verməliyik.
-Siz Yaponiyada Dağlıq
Qarabağ mövzusunda hansı araşdırma edibsiz?
-2015-ci ildə müvafiq imtahandan uğurla keçməklə
3 illik doktoranturada təhsil almaq haqqını qazandım. Doktoranturada
elmi işim “Dağlıq Qarabağ, Şrilankada vətəndaş
müharibəsi və Cənubi Kuril adaları problemlərinin
müqayisəli təhlili”dir. Həm Yaponiyada, həm
Şrilankada, həm də Azərbaycanda bu mövzular üzrə
həm adi insanlar, həm də ziyalılarla elmi
araşdırmalar, sorğular həyata keçirtmişəm.
2014-cü ilin sentyabrında Hokkaydonun Sapporo və Nemuro şəhərlərində
Cənubi Kuril adalarını keçmiş yaponiyalı ada
sakinləri ilə keçirdiyim sorğu əsasında
yazdığım 28 səhifəlik elmi işim Yaponiyanın
sərhəd araşdımaları ilə bağlı
öncül elmi jurnal olan “Japan Border Review”-da 2016-cı ilin
martında çapdan çıxdı. 2015-ci
ilin sentyabr ayında Bakıda və Bərdədə məcburi
köçkünlər və yerli ziyalılarla həyata
keçirdiyim Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı elmi işim isə hazırda Yaponiyanın öndə
gedən ayrı bir elmi jurnalı tərəfdən gözdən
keçirilməkdədir. Yaponiyalı
professorlar tərəfindən elmi qiymət yüksək dəyərləndirilərsə,
gələn ilin iyununadək çapdan çıxması
gözlənilir. Bundan əlavə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
elmi səviyyədə 2015-ci ilin dekabr ayının 14-də
Hokkaydo Universitetində təşkil edilmiş “Hokkaydo Mərkəzi
Avrasiya elmi konfransı”nın 121-ci sessiyasında yapon dilində,
2016-cı il aprel ayının 16-da ABŞ-ın Nevada
Ştatının Reno şəhərində təşkil
edilmiş 58-ci Qərb Sosial Elmləri Assosiasiyasının nəzdində
təşkil edilmiş “Sərhəd Araşdırmaları
Assosiasiyası”nın 33-cü sessiyasında ingilis dilində məruzələr
etmişəm. Əsas diqqəti Dağlıq
Qarabağ münaqişəsində azərbaycanlı məcburi
köçkünlər və ziyalıların mövqeyinə
yetirmişəm. Düşünürəm
ki, dünya səviyyəsində azərbaycanlı məcburi
köçkünlər və ziyalıların mövqeyi
lazımi dairələrə kifayət qədər
çatdırılmamışdır. Bunun əsas səbəbi
isə dünya səviyyəsində olacaq elmi
araşdırmalarımızın az
olmasıdır. Ölkə daxilində hər kəs
bu mövzudan danışır, yazır. Xaricdə
isə bu, o qədər də gözə çarpmır.
Dağlıq Qarabağla bağlı işi
sistemli və səviyyəli formada etmək lazımdır ki,
dünya ictimaiyyəti Azərbaycanın haqq səsini doğru
şəkildə duya bilsin. Populist və
kortəbii işlər, sadəcə, reklam xarakteri
daşıyır və bundan nə dövlət, nə də
Azərbaycan xalqı xeyir görə bilməz. Bu səbəbdən
mən ilk öncə Yaponiyada bu məsələ ilə
bağlı elmi iş yazmaq qərarına gəldim. Gələcək nəsillərimiz üçün
bu gün etdiyimiz işlər çox qiymətli olacaq. Biz, sadəcə, özümüzü yox, növbəti
nəsilləri də düşünüb, ona uyğun hərəkət
etməliyik. Diaspora fəaliyyətimizdə təşkil
etdiyimiz tədbirlərə əsas etibarilə elm və
iş adamlarını çağırmağa
çalışırıq. Çünki məhz
belə insanların Yaponiyada siyasətə və dövlətə
təsiri vardır. Yaponiyada hər
hansısa bir siyasətçi deyil, sırf elm adamının
çıxışı yüksək səviyyədə
qiymətləndirilir və ona inam olur. Bu səbəbdən
mən bütün dünyada fəaliyyət göstərməkdə
olan diaspor təşkilatlarımıza və onların rəhbərlərinə
ilk öncə yaşadıqları ölkələrin elm
adamlarını və iş adamlarını öz fəaliyyətlərinə
cəlb etmələri üçün
çağırış etmək istərdim.
-Diaspor fəaliyyətinə nə vaxtdan
başlayıbsız?
-Mən magistraturaya daxil olduğum il həm də universitetin Beynəlxalq Əlaqələr Şöbəsində 1 illik işə götürüldüm. Buradakı əsas işim universitetin xarici tələbələrin qarşılaşdıqları müxtəlif problemlərin həllinə çalışmaq idi. Burada fəaliyyətim təkcə universitet daxili ilə bitmədi, həm də Sapporo şəhərində bir çox tədbirlərə dəvət almağa başladım. Bütün dəvətləri qəbul edir və canla-başla iştirak edirdim. Hər yerdə məni “Azərbaycanlı tələbə” kimi təqdim edirdilər. İnsanlar məni tanımağa başladılar. Buradakı fəallığım qiymətləndirildi və 2014-cü il may ayının 15-də Hokkaydo Universitetinin xarici tələbələri tərəfindən universitetin Xarici Tələbələr Assosiasiyasına Prezident seçildim. 2015-ci il aprel ayının 23-də yenidən seçildim. Hokkaydo Universitetində təxminən 1800 nəfərdən çox xarici tələbə təhsil alır. Sözügedən assosiasiya müstəqil qurum olmaqla, özünün büdcəsinə də malikdir. Prezidentin isə bir çox hüquqları vardır. Mən məhz 2 illik prezidentlik dövrümdə bu hüquqlarımdan maksimum istifadə etməklə Azərbaycanın adının daha da tanınması, müxtəlif böyük tədbirlər və yarışlarda iştirak etməsini təmin etmiş oldum. Fəal şəkildə diaspor fəaliyyətimə də məhz 2014-cü ilin may ayında prezident seçildiyim andan start verdim. Beynəlxalq Mədəniyyət Gecələri, Beynəlxalq Yemək Festivalları, İdman yarışları, regionlara səyahətlər və s. zamanı Azərbaycan adı eşidilməyə, onun haqqında müzakirələr aparılmağa başlanıldı.
-Siz bir İKT
ölkəsindəsiz. Diasporumuzun İKT-dən yararlanmaq
baxımından əsas nəyə ehtiyacı var?
-İnformasiya texnologiyaları sahəsi
çox mühümdür. Bu günümüzdə azad
şəkildə internet üzərindən məlumat yaya,
çıxışlar edə, öz ölkəmizi və
dövlətimizi layiqli şəkildə təmsil edə bilərik.
İKT sahəsi təbliğat işində mühüm rol
oynaya bilər və oynamaqdadır. Bu gün
bizim diaspor fəaliyyətimiz də məhz İKT sayəsində
qısa zamanda hər iki dövlətdə geniş şəkildə
işıqlandırılır və müxtəlif təbəqələrdən
olan insanların bu haqda məlumatlandırılmasında
mühüm rol oynayır.
Fuad Hüseynzadə