NDU Ərzurum Universiteti ilə beşillik
əməkdaşlıq memorandumu
imzalayıb
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, universitetin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov və 2 nəfər fakültə əməkdaşı Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində işgüzar səfərdə olub. Səfər çərçivəsində Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Ömer Çomaklı və rektorluq nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Ömer Çomaklı qonaqları səmimi salamlayaraq qeyd edib ki, 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi, on minlərlə tələbənin təhsil aldığı Ərzurum Atatürk Universitetinin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri vardır. Əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirilib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında əməkdaşlıq iki qardaş ölkənin dostluq və qardaşlıq münasibətləri sayəsində uğurla davam etdirilir. Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin 40-dan çox ali təhsil ocağı ilə əlaqəıərinin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Universitetlərarası əməkdaşlıq müqaviləsinə əsasən elm və təhsilin inkişafı istiqamətində müştərək əhəmiyyətli addımıar atılmaqdadır. Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin və Baytarlıq təbabəti ixtisasının tələbələri müxtəlif vaxtlarda Ərzurum Atatürk Universitetində təcrübədə olublar, müştərək konfranslar keçirilib.
Səfər zamanı iki universitet arasında beşillik əməkdaşlıq memorandumu imzalanıb. Elm, mədəniyyət və sosial sahədə birgə fəaliyyəti və ortaq fikri inkişaf etdirmək məqsədi daşıyan memorandumda tələbə, akademik və idarə heyətinin mübadiləsini həyata keçirmək, müştərək elmi-tədqiqat layihələrini, simpozium, konfrans və digər elmi-sosial, mədəni tədbirləri gerçəkləşdirmək nəzərdə tutulub. Memorandumda Naxçıvan Dövlət Universitetinin Tibb ixtisasının müəllim və tələbələrinin Ərzurum Atatürk Universitetində təcrübə keçirilməsi ilə bağlı ayrıca maddə öz əksini tapıb. Səfər zamanı Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsi, Əczaçılıq, Stamotologiya və digər tibb profilli fakültələrdəki tədris prosesi ilə tanışlıq olub, 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şərait, burada aparılan müasir tibbi-diaqnostik müayinə və əməliyyatlar, fəaliyyət göstərən tibb mərkəzləri qonaqlarda maraq doğurub.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Palitra.-2016.-1 noyabr.-S.6.