“Bakutel 2016” sərgisi
İKT sahəsində yeniliklərlə tanış olmaq istəyənləri bir
araya yığacaq
Sərgi
iştirakçıları arasında aparıcı İKT
şirkətləri, Azərbaycanın mobil rabitə
operatorları, internet provayderləri, sistem inteqratorları və
tanınmış brendlərin distribüterləri yer alır
İnsanlar İnformasiya kommunikasiya texnologiyaları, bu sahədə baş verən yeniliklərlə tanış olmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Adətən, İKT ilə bağlı yeni məlumatlar internetdən əldə edilsə də, bu sektorda sərgilərin də böyük rolu var. Ölkəmizdə də İKT-nin inkişafına davamlı olaraq diqqət yetirilir. Bu istiqamətdə reallaşan tədbirlərdən biri də məhz İKT ilə bağlı sərgilərin keçirilməsidir.
29 noyabr -2 dekabr tarixində Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.
Sərgi
iştirakçıları arasında aparıcı İKT
şirkətləri yer alacaq
İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində “Bakutel” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” “CEO” şirkətləri çıxış edirlər.
Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsallaşdırılması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri - beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.
“Bakutel”
sərgisinin hansı üstünlükləri var
Yüzilliklər boyu müəllimlərin istifadə etdikləri əsas vasitələr dinamik inkişaf edən ən müasir kommunikasiya texnologiyaları ilə yanaşı, nitq və adi lövhə olub. İş adamlarına gəldikdə isə onlar iş birliyi qurulan zaman potensial tərəfdaşın gözünün içinə baxmaqla onun əlini bərk-bərk sıxmağa üstünlük verirlər. İnsan sosial varlıq olaraq istər elektron, istərsə də çap materiallarından bir vasitəçi kimi istifadə etməklə ünsiyyət qurmaq zəruriyyətindən heç vaxt xilas ola bilməyəcək.
Bu gün sərgilər bu cür ünsiyyət qurmaq üçün unikal bir platformadır. Məhz buna görə də, sərgilərin oynadığı rol ildən-ilə artır. Axı sərgilər insanları başqa bir aləmə apararaq, hər hansı bir sənaye və ya sahədə mövcud olan yaxşıların ən yaxşısını bir dam altında toplamaq gücünə malikdir. Ticarət sərgiləri sənaye mütəxəssisləri olan peşəkarlar, habelə ayrı-ayrı fərdlər üçün geniş imkanlar yaradır və yeni nəsil üçün yeni texnologiya və ideyalar aləminə, nəhayət, yeni biliklərə yol açır. Sərgilər məhsul və xidmətlərilə yaxından tanış olmaq, istehsalçı və təchizatçılar ilə görüşərək ünsiyyət qurmaq imkanını təmin edir. Burada hər hansı bir məhsulu yerindəcə görmək və iştirakçılara öz məhsulları barədə çoxlu suallar vermək mümkündür. Beləliklə, sərgiləri ziyarət etməklə unikal şanslara malik ola bilirlər.
Sənaye yenilikləri
ilə tanış olmaq
Sərgilərdə iştirak etmək həm də sənayedə baş verən yeniliklərlə tanış olmaq imkanı verir. Eyni zamanda bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək, yeni əlaqələr qurmaq, mövcud müştərilərilə qarşılıqlı münasibətləri möhkəmləndirmək, canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək, qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq imkanı yaradır. Bundan başqa, sərgilər həm də yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək, bir məhsulu digəri ilə müqayisə etmək, iş birliyi qurmaq, tanınmış istehsalçıların agent/distribüterlərinə çevrilmək, texniki biliklər almaq, texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq üçün bir şəraitdir. Belə sərgilərin iştirakçısı olmaqla obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək, qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək, məlumatlar bazasını tərtib etmək və onu yeniləmək, əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq, sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı qazanmaq olar. Yalnız sərgilər ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.
İştirakın
üstünlükləri nədir
Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur. Heç bir kommunikasiya vasitəsi fərdi surətdə bu cür istifadə oluna bilməz və heç bir yerdə insana verilmiş bütün beş hisdən (görmə, eşitmə, dadbilmə, iybilmə və lamisə) istifadə edərək müştəridə informasiyanın əldə edilməsinə olan ehtiyacı yaratmaq və ya artıq mövcud olan ehtiyacı təmin etmək üçün müştəri ilə bu cür birbaşa ünsiyyət yaratmaq mümkün deyil.
İxtisaslaşdırılmış sərgi bütün sənaye sahəsinin nümayəndələri üçün görüş yeridir və burada, demək olar ki, məhdudiyyətsiz imkanlar təklif olunur. Alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu artıq həm beynəlxalq, həm də daxili bazarda ən əsas mövqeyə çevrilir. Sərgidə iştirak etməyin digər bir üstünlüyü isə daimi müştərilər ilə əlaqələrin qorunub saxlanılmasıdır. Sərgi ekspozisiyalarında aparılan araşdırmalar göstərir ki, sərgilərin eksponatları bütün digər vasitələr ilə müqayisədə alış-verişə öz təsirini altı dəfə daha çox göstərir və hər hansı elan ilə müqayisədə bu eksponatlar yaddaşlarda daha çox qalır. Statistikaya əsasən, alış üzrə məsul şəxslərin 57 faizi məhsul və xidmətləri sərgilərdə əldə edirlər. Sərgiyə gələnlərin 90 faizi isə hər hansı məhsul və ya xidmətin alınmasına qəti qərar vermək üçün sərgilərdə əldə etdikləri məlumatlardan istifadə edirlər.
Sərgidə iştirak etməyin üstünlüyü təkcə hədəf qrupların deyil, eləcə də KİV və dövlət strukturlarının diqqətinin hər hansı müəssisənin məhsullarına cəlb etmək, habelə digər vasitələr ilə müqayisədə daha az məsrəf sayəsində hədəf qrupun çoxlu sayda üzvləri ilə görüşmək və onlarla yüksəkkeyfiyyətli əlaqələr qurmaqdan ibarətdir.
Sərgilər potensial müştəri və təchizatçı arasında təkbətək ünsiyyət sayəsində satışın birbaşa aparılması kimi daha bir müsbət xüsusiyyətə malikdir. Sərgilərdə biznes qurmaq üçün sərf olunan maddi vəsait ənənəvi birbaşa satış metodu ilə müqayisədə təxminən iki dəfə (45%) azdır. Sərgiyə xərclənən ümumi məsrəfləri sərginin ümumi ziyarətçiləri arasında bölməklə yaranan orta dəyər, reklamın hər hansı digər növləri ilə müqayisədə xeyli aşağıdır.
Ümumilikdə, sərgilərin öz iştirakçılarına verdikləri
üstünlüklər sırasında bir
sıra məqamlar yer alır. Belə ki, sərgi və yarmarkalarda
özünü reklam
etmək vasitəsi ilə hədəf auditoriya
ilə əlaqələrin qurulması dəyəri digər reklam yerləşdirmə kanalları ilə
müqayisədə kifayət qədər ucuzdur.
Sərgilər yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin
rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkandır.
Eləcə də sərgilər yeni xarici bazarlara
daxil olmağa, diler şəbəkəsini
formalaşdırmağa, effektiv şəkildə
yardım göstərə bilər, yeni məhsulları
iş başında və birbaşa
nümayiş etdirməyə imkan verir, biznes
üçün
istehsalçıları, pərakəndə və
topdansatış şirkətlərini, təchizatçıları
bir-biri ilə birləşdirən və
onları yeni əlaqələrin
qurulması üçün rəqabətə
davamlı məkan ilə təmin edən bir
körpü rolunu
oynayırlar.
Nigar Abdullayeva
Palitra.-2016.-2 noyabr.-S.11.