Yüksək Texnologiyalar Parkında İKT layihələri həyata keçiriləcək

 

Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələri İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit, səhiyyə və əczaçılıq, elektronika, proqram mühəndisliyi, kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, nanotexnologiya kimi sferaları əhatə edir

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin texnoparklarda innovativ mühiti xarakterizə edən göstəricilərin işlənilməsi məsələlərinə həsr olunmuş elmi seminarı keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-nin inkişafının nəticəsi kimi texnoparkların yaradılması məsələsinə toxunacağıq.

 

Müasir iqtisadi inkişafda İKT, bilik və innovasiyaların rolu

Elmi seminarda şöbə müdiri dosent Əlövsət Əliyev müasir iqtisadi inkişafda İKT-nin, bilik və innovasiyaların əhəmiyyətindən söz açıb, elmi-texniki profilli texnoparkların formalaşması və idarə olunması problemlərini diqqətə çatdırıb. Qeyd edib ki, texnoparkların effektiv idarəetmə sistemində innovativ mühitin yaradılması zəruri və nəticəyə birbaşa təsir edən vasitələrdəndir. Daha sonra məruzəni təqdim edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva texnoparklarda innovativ proseslərin və fəaliyyətin spesifik xüsusiyyətlərindən, texnoparkların fəaliyyətini, innovativ mühitini xarakterizə edən göstəricilərin işlənilməsi məsələlərindən bəhs edib. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Elm haqqında” qanun, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və AMEA-nın yeni nizamnaməsində bu məsələlərə xüsusi yer verildiyini qeyd edib və həmin istiqamətdə qarşıda həllini gözləyən problemlərdən danışıb. R.Şahverdiyeva bildirib ki, texnoparkların yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmitexnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyaların genişləndirilməsi, innovasiya şirkətlərinin formalaşdırılması, yüksəkixtisaslı mütəxəssislər üçün yeni yerlərinin yaradılması, təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə xidmət edir. Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit, səhiyyə və əczaçılıq, elektronika, proqram mühəndisliyi, kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib. “Texnoparklarda bütün iştirakçıların, xüsusilə elmi-tədqiqat işləri ilə məşğul olan mütəxəssislərin fəaliyyəti üçün innovativ mühitin formalaşdırılması texnoparkların idarə olunmasının səmərəliliyinə təsir edən mühüm amildir”, - deyə məruzəçi bildirib. Texnoparkların təşkilati strukturu, texnoparklarda innovasiya prosesionun strukturuna daxil olan mərhələlər, innovasiya prosesinin inkişafını ləngidən amillər haqqında geniş məlumat verib, texnoparkların fəaliyyətini, innovativ mühitini xarakterizə edən göstəriciləri ayrı-ayrılıqda diqqətə çatdırıb və onların təyinatı, hesablanması, dəqiqləşdirilməsi, uçota alınması, toplanması, sistemləşdirilməsi barədə ətraflı təhlillər aparıb. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

 

Yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslər yaradılır

Qeyd edək ki, texnologiyalar parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Texnoparkın idarəedici təşkilatı texnoparkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs, texnoparkın operatoru səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində ona həvalə edilmiş funksiyaların icrasını təmin edən hüquqi şəxs sayılır. İnnovasiyaya yüksək texnologiya layihəsi texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəddir. Texnoloji biznes inkubatoru innovasiyaya yüksək texnologiyalar üzrə yeni layihələrlə məşğul olan fiziki şəxslərin, hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin fəaliyyətinin ilkin dövründə inkubasiya xidmətləri göstərməklə dəstəklənməsini təmin edən texnoparkın struktur bölməsi sayılır. Texnoparkın yaradılması məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmitexnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və İKT-nin, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır. Azərbaycanda texnoparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilir. Prezidentin fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılması, müasir elmitexnoloji nailiyyətlərə əsaslanan informasiya kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılıb.

İKT sahəsində sahibkarlığın və startapların dəstəklənməsi ilə bağlı mütəmadi tədbirlər keçirilir

Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir şəhərində də Sənaye və Yüksək Texnologiyalar parkları yaradılır. Mingəçevir Yüksək Texnologiyalar Parkında İnkubasiya Mərkəzinin fəaliyyətinin təşkil edilməsi və Mingəçevir Yüksək Texnologiyalar Parkının İnkubatorunun rezidenti olmaq üçün təqdim olunan layihələrin araşdırılması və qiymətləndirilməsi məqsədilə gənclərlə görüşlər keçirilir. Belə görüşlərdən biri "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nino cümlədən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunub. Görüşdə Yüksək Texnologiyalar Parkında (YTP) İKT sahəsində layihələrin həyata keçirilməsi üçün yaradılmış imkanlardan danışılıb. Qeyd olunub ki, artıq YTP tərəfindən İKT sahəsində sahibkarlığın və startapların dəstəklənməsi ilə bağlı mütəmadi olaraq, tədbirlərin keçirilməsinə başlanılıb. Eyni zamanda, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilib. Vurğulanıb ki, layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək və Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaq. Bundan başqa, uğurlu layihə müəllifləri mentor xidmətləri, investisiyaların cəlb olunması, xarici təcrübə və beynəlxalq tədbirlərə cəlb olunma imkanları ilə təmin olunacaq. Daha sonra "Elektron tədris proqramı", "Şəxsi stilist" və "Aloservis" adlı layihələrlə bağlı təqdimat keçirilib və layihənin inkişaf istiqamətləri barədə layihə rəhbərlərinə müvafiq tövsiyələr verilib.

 

A.Miriyev

Palitra.-2016.-3 noyabr.-S.11.