Tümen Sənaye Universitetinin rektoru BANM-də
Rusiya Federasiyasının Tümen
Sənaye Universitetinin
rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Azərbaycan mənşəli rusiyalı
biznesmen və Tümen Vilayət dumasının deputatı
Eduard Ömərov Bakı
Ali Neft Məktəbinə
(BANM) səfər ediblər.
Görüşdə, həmçinin SOCAR-ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun
Həsənov iştirak
edib.
Qonaqları salamlayan BANM-in rektoru
Elmar Qasımov ali məktəbin yaradılması tarixindən,
onun qısa müddətdə əldə
etdiyi nailiyyətlərdən,
tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək
ixtisaslı mühəndislərin
hazırlanması üçün
burada yaradılmış
şəraitdən söhbət
açdı. Elmar Qasımov BANM-in daima genişlənən beynəlxalq
əməkdaşlığı, böyük şirkətlərlə
və dünyanın aparıcı ixtisaslaşmış
universitetlərilə əlaqələrin
yaradılması haqqında
qonaqları məlumatlandırdı
və Tümen Sənaye Universitetinin tələbələrini tanışlıq
məqsədi ilə
BANM-ə səfər etmək
təklifini irəli sürdü.
Səmimi qəbula görə rektor Elmar Qasımova
təşəkkürünü bildirərək Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov
BANM-lə qarşılıqlı
fayda gətirə biləcək əməkdaşlığın
başlanmasına marağını
bildirdi. O, həmçinin
Tümen Sənaye Universitetinin tarixi, tədris proqramları və TSU-nun Rusiya və xarici ölkələrin neft-qaz
sektorunda fəaliyyət
göstərən müəssisələri
ilə əməkdaşlığından
bəhs etdi.
Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Tümen Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma
Memorandumu müxtəlif
ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında
birgə fəaliyyəti,
birgə forum və konfransların təşkilini
və elmi-tədqiqat layihələrinin həyata
keçirilməsini, o cümlədən
konkret fəaliyyət
sahələri üzrə
tədris və elmi materialların mübadiləsini əhatə
edir.
Xatırladaq ki, Tümen Sənaye Universiteti Rusiyanın ən böyük elmi-tədris komplekslərindən biri hesab olunur və
burada orta-ixtisas və ali
təhsildən (bakalavriat
və magistratura) başlayaraq, aspirantura, doktorantura, eləcə də ixtisasartırma və yenidənhazırlanma
daxil olmaqla təhsilin bütün pillələrində tədris
həyata keçirilir.
Nigar
Palitra.-2016.-4 noyabr.S.15.