İnformasiya müharibəsində İKT-nin rolu

 

Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır

 

İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən yararlanmaq vacib amildir. Lakin son zamanlar erməni lobbisi tərəfindən dünya KİV-lərində yalan məlumatların yayılması bir daha göstərdi ki, bizim xarici ölkələrdə media dayaqlarımız çox zəifdir. Xaricdə Qarabağ həqiqətlərini yaymaq, gündəmi bizim xeyrimizə dəyişmək üçün təbliğat işində informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə edilməsi vacib amildir. Hələ ki, xaricdəki soydaşlarımız, xüsusən diaspor jurnalistlərimzi İKT-dən lazımi qədər yararlana bilmirlər.

Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə İKT vasitəsilə mübarizə aparmaq və əsasən də xaricdə media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, XXI əsr informasiya əsridir: “21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir”. Dövlət başçısı deyib ki, bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur: “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər”.

 

Gənc jurnalistlərin startup layihələrinə dəstək göstərilməlidir

Cənab Prezidentin bu çağırışlarının reallaşdırlması üçün informasiya savaşında ölkəmizə qarşı təxribatların qarşısının alınmasında İKT-dən istifadə edib, uğurlu nəticə əldə etmək olar. Belə ki, xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukraynada, Rusiyada, ABŞ-da, Fransada və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır.

Qeyd edək ki, hazırda Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov tərəfindən bu işi həyata keçirmək üçün niderlandlı jurnalistlərdən ibarət komanda mövcuddur.

Diaspor üzvləri hər hansı məsələ ilə bağlı etiraz etmək və həqiqətlərimizi çatdırmaq üçün yaşadığı ölkənin KİV-ə virtual olaraq müraciət göndərə bilər. Azərbaycanda xarici dildə fəaliyyət göstərən media resurslarının da sayını artırmalıyıq. Xarici media resurslarına qrantlar ayrılmalıdır. Stimul üçün xarici ölkələrdə media sahəsində çalışan, istər professional, istər texniki işçiləri mükafatlandırmaq olar. Məsələn, Türkiyə vətəndaşları xarici ölkələrdə hansısa bir müddət ərzində oxuyub və ya çalışırsa, vətəninə döndükdə ona gömrük və vergi güzəştləri edilir. Əlavə olaraq xaricdə çalışan azərbaycanlıların hər hansısa məlumatın yayılmasında əməyi keçərsə, ona mükafat verilməsini tənzimləmək olar.

Xarici ölkələrdə nüfuzlu media resurslarının rəhbərləri, müxbirləri və nüfuzlu bloggerlərlə şəxsi münasibətlər yaradılmalıdır. Onlarda Azərbaycana uyğun məlumatların yayılmasında maraq oyadılmalıdır. Bu istiqamətdə ermənilərin və digər millətlərin lobbisi böyük büdcə ayırır.

Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır, həmin ölkənin universitetlərində Jurnalistika fakültələri nəzdində mədəniyyət mərkəzləri açılmalı və gənc jurnalistlərin startup layihələrinə dəstək göstərilməlidir. Bununla yanaşı, İKT, marketinq və PR sahələri üzrə keçirilən forumlar, sərgilər və treninqlərdə yaxından iştirak olunmalı və bu cür tədbirlər hazırlanmalıdır.

 

İnformasiya müharibəsində VOİCEPRESS Beynəlxalq İnformasiya Bürosunun işindən yararlanmaq olar

İnformasiya müharibəsində aktiv olan jurnalistlərimiz tərəfindən elektron qəzet formatında VOİCEPRESS Beynəlxalq İnformasiya Bürosu yaradılıb. Bu, biznes-konsaltinq üzrə yüksək təcrübəli, beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gəlib. Bu gün sözügedən informasiya orqanı iki dildə fəaliyyət göstərir. Layihənin başlıca məqsədi informasiya xidməti sahəsində lider mövqeni tutmaq, müstəqil çoxfunksiyalı ünsiyyət kanalı yaratmaq və dövlətlərarası biznes sahəsinin, eləcə də informasiya mübadiləsini uğurla inkişaf etdirməkdir. Həmçinin informasiya müharibəsi alanında “Voicepress.az” adı altında islam ölkələri informasiya bloku və türk dövlətləri informasiya bloku fəaliyyət göstərir ki, hər bir informasiya cəbhəsi informasiya müharibəsində aktiv iştirak etməkdir. Bununla islam ölkələri informasiya bloku cəbhəsi üzrə bütün islam ölkələrinin mətbuatı üzərindən islamafobiya, radikal islamizm, terrorla mübarizə kimi amillər qətiyyətlə pislənəcək və bununla bağlı təbliğat aparılacaq. İnformasiya müharibəsində bu Büronun da işindən yararlanmaq olar.

Yerli jurnalistlərimiz isə səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb, cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib, ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.

Xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər (kommet) yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır.

Ölkəmizdə informasiya savaşında iştirak etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dilli olmalı və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidir. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu var. Əcnəbilərin neqativ şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır.

İnformasiya Təlim Mərkəzi yaradıb, orada jurnalistlərə informasiyanı Avropa standartlarına uyğun və bizim maraqlarımıza cavab verən şəkildə necə istehsal etməyi öyrətmək olar.

 

“Twitter”də informasiya müharibəsinin ən gərgin anı- həştəq mübarizəsi yaşanır

Bəzən xarici portallarda bizim ölkəmizlə bağlı pozitiv şərhlər yazan əcnəbi imzalar var. Həmin insanları cəlb edib, ölkəmizin lobbiçiliyində istifadə etmək olar. Hansı ki, ermənilər bir çox əcnəbi jurnalistləri öz tərəflərinə çəkib, Azərbaycana qarşı istifadə edilər.

Erməni və ermənipərəst jurnalistlər “Facebbok”, “Twitter”, eləcə də CNN, BBC və s. tanınmış media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər. Nəzərə almaq lazımdır ki, bu gün “Twitter” sosial şəbəkəlikdən çıxaraq, siyasi platformaya çevrilib. “Twitter”də informasiya müharibəsinin ən gərgin anı- həştəq mübarizəsi yaşanır. Burada yazılan bir “twit”lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Azərbaycan jurnalistləri kütləvi şəkildə “Twitter”də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırmalıdırlar.

Blogger jurnalistikası inkişaf etdirilməlidir. Bu, azərbaycanlı jurnalistlərin imzalarının xarici mediada tanınması üçün ən asan yoldur. Çünki istənilən xarici mediada kənar jurnalistlər üçün bloq yaratmaq imkanı var. Hətta bəzən bu yazılar xarici KİV-lərin mövqeyinə uyğun olanda, öz saytlarında da yerləşdirirlər.

Azərbaycan saytlarının xarici saytlarla banner mübadiləsi etməsi mümkündür. Saytlarda ən azı bir əcnəbi dil bölməsi də olmalıdır. Həmçinin əcnəbi jurnalistlərlə informasiya mübadiləsinin edilməsi ölkəmizin PR-da əhəmiyyətlidir. Ümumiyyətlə, jurnalistlərimiz beynəlxalq aləmə açılmalı, dünya mediasına inteqrasiya xəttini tutmalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-4 noyabr.-S.11.