Psixoloq: “Stress yaradan insanlardan uzaq olun”
Fidan Azərqızı: “Virtual psixoloji xidməti ciddi qəbul edə bilmirəm və virtual ürək əməliyyatına bənzədirəm”
Bir çox
inkişaf etmiş ölkələrdən fərqli
olaraq, hələ də bizdə psixoloqa olan münasibət dəyişməyib. Əgər
inkişaf etmiş ölkələrdə hər
ailənin öz psixoloqu varsa, bizdə insanların bir çoxu nəinki ailə psixoloq tutmağa can atmır, psixoloqa getməyi özünə
yaraşdırmır, bunu
anormal hal sayır və s. Əslində isə psixoloqla söhbət, psixoloqa müraciət nəinki gərgin günlərdə, adi günlərdə də edilməlidir. Bu və
digər məsələlərlə
bağlı psixoloq Fidan Azərqızı ilə söhbət etdik. Psixoloq əvvəlki illərə
nisbətən psixoloqa
olan münasibətin nisbətən dəyişdiyini
dedi:
-Psixologiya çox dərin və olduqca mürəkkəb sahədir. Psixoloq hər cür
adamla rastlaşır,
aqressiv insanları belə qəbul edir, söhbətləşir.
Belə işdə çalışmaq
çətin deyil ki?
-Hər sahədə olduğu kimi, psixoloji xidmət aparmaq işi nə qədər çətin olsa da, bir o qədər
şərəfli işdir.
Çunki əksər hallarda
konsultasiyaya gələn
insanların sonuncu ümid yeri olursan. Psixoloji olaraq özünü tanımaqda çətinlik
çəkən insanı
özü ilə tanış edirsən, yaxud da özü ilə barışa bilməyən, özünü
sevməyən insanı
özü ilə barışdırıb, sevməyə
yardımçı olursan.
Hətta
boşanmaqda olan insanlara, yaxud da intihara cəhd
edən bir gəncə kömək edirsən. Bunun üçün daima öz üzərində
işləməlisən. Çünki hər yanlış
ifadədə qarşındakı
insanı səhv yönləndirib, səhv addım atmasına şərait yarada bilərsən. Psixoloq
olmağın digər
çətin tərəfləri
də var. Məsələn,
psixoloq olduğumuzu bilən əksər insanlar bizə bu sualı ünvanlayırlar:
“Sizcə, mən necə insanam? Üzümə baxıb necə
bir insan olduğumu deyə bilərsiniz?” Bu, hələ də cəmiyyətdə psixoloji
maarifləndirmənin yetəri
qədər olmamasından
irəli gəlir.
Necə ki, xəstə həkimə gedən zaman narahatçılıqları
barəsində tam məlumat
verməmiş həkim
diaqnostik nəticə
çıxara bilmir, psixoloqlar da eynilə belədir.
-Belə bir fikir
də səsləndirilir
ki, ən çox psixoloqların özləri psixoloji problemlərlə yüklənirlər.
Bu fikir nə
dərəcədə doğrudur?
Ümumiyyətlə, özünüz psixoloji problemlərlə üzləşəndə hansı
addımları atırsınız?
-Əlbəttə, gün
ərzində bütün
çılpaqlığı ilə müxtəlif insanların həyatına,
sıxıntılarına, dərdlərinə şərik
olursan. Həftə ərzində ünsiyyət
qurduğun onlarla insanın problemlərinin ağırlığı üzərində
yığılıb qalır.
Bunların yaşanmaması üçün işindən
əlavə sevdiyin məşğuliyyətlərin olması bir psixoloq üçün çox önəmli nüansdır. Təbii ki,
psixoloq özü müxtəlif şəxsi
problemlərlə üzləşə
bilər. Bir maraqlı
fakt da odur
ki, insanlar stress keçirən, yaxud da hər hansı
şəxsi problem yaşayan
psixoloq görəndə
təəccüblənirlər. Amma unutmaq olmaz ki,
psixoloq da insandır və onlar şəxsi həyatlarında da digər bütün insanlar kimi psixoloji
gərginlikdən və
problemlərdən sığortalanmayıblar.
Sadəcə digər insanlardan
fərqli olaraq özünü daha tez analiz edib
çıxış yolu
tapa bilər, yaxud da iradəsi
çərçivəsində hər hansı bir narahatçılıq
yaşayanda öz həmkarına müraciət
edə bilər.
Psixoloq olmağın bir prinsipinə görə hər bir psixoloq,
psixoterapevt yanma sindromundan uzaq olmaq üçün vaxtaşırı özü
digər bir həmkarına müraciət
etməlidir. Çünki hər nə qədər oxumağı
yaxşı bacarsaq da, öz həyatımız
gözümüzə çox
yaxın məsafədən
oxumaq üçün
tutulmuş bir kitabdır. Məsafə yaxınlaşdıqca oxumaq çətinləşir.
-Virtual psixoloji konsultasiyalar aparmaq nə dərəcədə məqsədəuyğundur?
Belə müraciət edənlər
olurmu?
-Çox rast gəldiyim bir situasiyadır. Müxtəlif sosial-şəbəkələrdə
gün ərzində onlarla məktublar gəlir. İlkin etapda hər
hansı şərh vermək olar, amma virtual psixoloji xidməti ciddi qəbul edə bilmirəm və virtual ürək əməliyyatına
bənzədirəm. Necə ki,
onu etmək qeyri-mümkündür, eləcə
də canlı ünsiyyətdə olmadan,
jestlərini, qoyulan məsələlərə reaksiyasını
görmədən psixoloji
xidmət aparmaq da o qədər absurddur. Bəzən insanlara bunu
izah etdikdə küsürlər, narazı
qalırlar, amma onlar da bizi
anlamalıdırlar. Hər
an yazdıqlarına baxmaq imkanımız olmur, bir neçə
gün gec cavab yaza bilərik
və yaxud da virtual olaraq heç bir kömək göstərə
bilməyəcəyimizi bildirəndə
bizdən inciməsinlər.
-Böyük şəhərlərdə
yaşayanların daha
çox psixoloqa müraciət etdiyi, psixoloji məsləhətlərə
ehtiyac duyduğu deyilir. Bu fikirlə
razısınızmı? Ümumiyyətlə, təbiətin, ucqar
rayon və kəndlərdə
yaşamağın insanların
həyat tərzinə,
psixologiyasına hansı
müsbət təsirləri
olur?
-Həm şəhərlərdə,
həm də kəndlərdə yaşayan
insanların kifayət
qədər psixoloji problemləri olur. Böyük şəhərlərdə
həyat kəndə nisbətən daha qaynar, iş yerləri böyük və işçi sayı daha çox olduğunu nəzərə
alsaq şəhər mühitində stress faktorunun
da artdığını
aydın müşahidə
edərik. Bundan əlavə, bir
qayda olaraq psixoloji mərkəzlər
böyük şəhərlərdə
fəaliyyət göstərdiyinə
görə müraciətlər
də bu istiqamətdə daha çox olur. Azərbaycan mühitində isə
mental baxış məsələsini
də gözardı etməsək, rayon və kənd camaatının psixoloji sahəyə ona etibarsızlığını
və psixoloqa müraciət etməyi qınaq obyektinə çevirdiyini görərik.
İkinci bir tərəfdən
havanın daha təmiz, qidaların daha təbii, həyat tərzinin isə daha stabil
olduğunu nəzərə
alıb, şəhər
mühitindən uzaq yaşamağın insan psixikasına müsbət
təsirini müşahidə
edə bilərik.
-Son zamanlarda gənclər arasında dəb halını almış özünə depressiya diaqnozu qoymaq tendensiyası nə dərəcədə düzgündür?
Depressiyanı əhvali-ruhiyyənin aşağı olmasından
necə fərqləndirmək
olar?
-Qayğıların və
stressin çox olduğu bir dövrdə hər birimizin bir neçə
gün əhvalı pis ola bilər. Amma bu o demək
deyil ki, biz depressiyadayıq, yaxud da bu, depressiyaya
düşmək üçün
zəmin yaradır.
Biz bir insana
depressiya diaqnozunu qoymaq üçün
minimum iki həftə
ərzində depressiyanın
üç əsas simptomundan ikisini müşahidə etməliyik.
Depressiyanın əsas simptomlarına
ruh düşkünlüyü,
enerji tükənməsi,
maraq və zövqün itirilməsi
aid edilir. Lakin, bununla
yanaşı, yuxusuzluq,
yaxud da gün ərzində daha çox yuxululuq, iştahsızlıq
və ya iştahanın anormal artması, özünü
aşağı qiymətləndirmə
və s. hallar da müşahidə olunmalıdır. Bu hallarda biz depressiyadan danışa bilərik.
Təbii
ki, depressiyanın yüngül, orta və ağır dərəcələri vardır.
Depressiya
məsələsi, sizin
də qeyd etdiyiniz kimi, bəzi insanların, xüsusilə də gənc və yeniyetmələrin hesab etdiyi qədər sadə deyil. Bu gün aramızda
illərlə depressiyadan
əziyyət çəkən
və həyatdan təcrid olunmuş insanlar var.
-Deyilənə görə, insanın əhvali-ruhiyyəsi fəsildən asılı olaraq dəyişir və ələlxüsus da soyuq aylarda depressiyadan əziyyət çəkən insanların sayı nisbətən çox olur. Siz bu haqda nə düşünürsünüz?
-İlk öncə fəsil faktorunu kənara qoyub hər kəsə stress yaradan işlərdən, insanlardan uzaqlaşmağı məsləhət görürəm. Əgər bu mümkün deyilsə, həmin hadisələrə, insanlara münasibətlərini dəyişməyə çalışsınlar. İnsanın enerjisi tükənməz deyil, onu lazım olan istiqamətdə yönəltməyi bacarmaq isə insanın öz əlindədir. Mümkün qədər təbiətdə daha çox vaxt keçirməyə çalışsınlar. Kitab oxumağa və idmanla məşğul olmağa üstünlük versinlər. Qısamüddətli ruh düşkünlüklərini də problemə çevirib, depressiya dərəcəsinə çatdırmasınlar. Ümumiyyətlə, insanın daima ruh yüksəkliyi yaşaması, heç bir problemə reaksiya verməməsi və əhvali-ruhiyyəsini dəyişməməsi qeyri-mümkündür. Çünki fiziki olaraq insanın öz orqanizmini tanıması üçün fiziki narahatlıqlar yaşamalı olduğu kimi, özünü psixoloji olaraq tanımaq üçün də müəyyən mənfi hallarla qarşılaşması çox normaldır.Təbii ki, depressiya və ya ruh düşkünlüyünün, əhvalın qeyri-stabilliyinin fəsil dəyişikliyi kimi situativ hallar nəticəsində baş verdiyini və ya ciddi narahatlıq olduğunu müəyyən etmək üçün mütəxəssisə müraciət etmək mütləqdir.
Tural TAĞIYEV
Palitra.-2016.-5
noyabr.-S.6.