ADPU-da “Təhsildə psixoloji xidmət: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın görkəmli ictimai-siyasi xadimi və alimi İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə psixoloji xidmət: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin pedaqoq-alimləri, millət vəkilləri, tanınmış ziyalılar, mütəxəssislər iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq bildirib ki, konfrans təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri əsasında keçirilir. Rektor tanınmış ictimai-siyasi xadimpedaqoq, psixologiya elmləri doktoru, Əməkdar müəllim, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) direktoru, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İsa Məmmədovun həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, İsa Əli oğlu Məmmədov 1926-cı il iyul ayının 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra 1945-1947-ci illərdə Moskva Ali Komsomol Məktəbində oxumuş, 1947-1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. İsa Məmmədov 1972-1977-ci illərdə Moskva Ali Partiya Məktəbinin müdavimi olub.

Əmək fəaliyyətinə 1943-1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944-1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947-1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953-1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961-1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965-1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1970-1981-ci illərdə Lənkəran şəhər Partiya Komitəsinin birinci katibi, 1981-1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışıb. Xalqımızın dahi oğlu, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illər İsa Məmmədovun həyatının xüsusi və şərəfli bir dövrüdür.

Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmiş İsa Məmmədov bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib. İsa Məmmədov həmişə öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, ona göstərilən etimadı doğruldub. O, çalışdığı bütün sahələrdə yüksək təşkilatçılıq bacarığı, nizam-intizam nümayiş etdirmiş, özünə və başqalarına böyük tələbkarlıqla yanaşıb.

İctimai-siyasi fəaliyyətlə yanaşı, elmi-tədqiqatla da məşğul olan İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. İsa müəllimin milli təhsil sistemimizin inkişafında mühüm xidmətləri var. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərib. Xüsusi qeyd etməyə dəyər ki, İsa Məmmədovun Azərbaycanda müəllimlərin ixtisasının artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması sahəsində böyük əməyi olub. Daim elmi axtarışlarda olan İsa müəllimin elmi monoqrafiyaları, əsərləri xarici dillərə tərcümə olunub. Onun rəhbərliyi altında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yenidən hazırlanması, ümumilikdə isə təhsil sahəsində islahatların həyata keçirilməsində nüfuzlu bir mərkəzə çevrilib. Qeyd edək ki, İsa müəllimin yaratdığı “Tarix, insan və cəmiyyət” jurnalı hazırda ADPU-nun nəşri kimi fəaliyyət göstərir.

İsa Məmmədovun həyat və fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, 1976-cı ildə Sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra ordenmedallarla təltif olunub.

İsa Məmmədov 2007-ci il avqustun 10-da ömrünün 82-ci ilində vəfat edib. Həyatda xalqına sədaqətlə xidmət edən insanlar tarixə düşürlər. İsa Məmmədov məhz belə insanlardandır. Xeyirxah və nəcib insan, tanınmış ictimai-siyasi xadim, təcrübəli və bacarıqlı təhsil işçisi, görkəmli ziyalı İsa Məmmədovun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq.

Konfransda Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək İsa Məmmədovu çoxtərəfli şəxsiyyət, əsl vətəndaş, tanınmış dövlət xadimi, görkəmli təhsil işçisi, böyük ziyalı kimi səciyyələndirərək onunla bağlı xatirələrini bölüşüblər və konfransın işinə uğurlar arzulayıblar.

Konfransda AMEA-nın müxbir üzvü, millət vəkili, professor Bəxtiyar Əliyev “Azərbaycanda psixoloji xidmətin təşkili və müasir problemləri”, ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev “Müəllim hazırlığının aktual pedaqoji-psixoloji problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda İsa Məmmədovun oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Məmmədov ailələri adından çıxış edərək atasının 90 illik yubileyinə həsr edilmiş konfransın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, atası ilə bağlı xatirələrini bölüşüb.

Sonra konfrans öz işini bölmə iclasında davam etdirib, 20 məruzə dinlənilib və müzakirələr aparılıb.

Nigar

Palitra.-2016.-5 noyabr.-S.7.