Alimlik cəmiyyət və elm qarşısında məsuliyyətdir

 

“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı iqtisatçı alim və yazar Ağasəf İmrandır. Ömrünün böyük bir hissəsini elmə həsr edən Ağasəf müəllim gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur. Bu sahədə bir neçə kitabların müəllifidir. Yaradıcılığında elmi əsərlər də mövcuddur.Ağasəf Məmməd oğlu İmran 15.01.1942-ci ildə anadan olub. İqtisadçı alimdir. 1967-1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutunda çalışıb. 1991-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. İqtisadiyyat və idarəetmə üzrə mütəxəssisdir. 100-dən çox elmi məqalə və kitabların müəllifidir. A.M.İmran, həmçinin 12 bədii - poetik kitabın ( “Qönçə çələngi”, - 2000; , “Rübailər”, - 2006, -2010;, “Arzunamə”, - 2006, -2012;, “ Qəzəllər”, - 2008;, “Bayatılar, - 2011;”, “Ümid”- sərbəst şeirlər, - 2012, “Qəlbimin harayı”- lirika, - 2012, “ Biganəlik”- pyeslər, -2013;, “Reallığa baxışlarım”- publisistika, - 2014-cü il) və çoxlu sayda elmi-publisistik məqalənin müəllifidir.

 

- Ağasəf müəllim, Ömrünüzün böyük bir hissəsini elmə və təhsilə həsr etmisiniz. Bilirik ki, gənc yaşlarınızdan bədii yaradıcılıqla məşğulsuz. Bir neçə iqtisadi və bədii kitabların müəllifisiz.

- Mən müharibə vaxtı, 1942-ci ildə dünyaya gəlmişəm. Çətinliklər çox olub. Lakin doğulduğum kəndin təbiəti- dağ, düzən və dəniz havası- hər cür maddi çətinlikləri, məhrumiyyətləri unutdurub. Ovçulara qoşulub ova, balıqçılara qoşulub balığa, meşəçilərə qoşulub meşəyə getmişəm. Bəlkə də, elə bu səbəbdən uşaqlıqdan şeir yazmağa başlamışam. Üçüncü sinifdə oxuyanda ağacdələnə həsr olunmuş bir şeir yazmışdım və ağacdələni “meşədəki ağacların həkimi” adlandırdım. Ədəbiyyat müəllimimiz bu bənzətməni bəyənərək məni təriflədi və bu məni çox sevindirdi. Orta məktəbdə əlaçı idim və 8-ci sinifdə oxuyanda məktəbimizin divar qəzetinin redaktoru seçildim. Lakin tale elə gətirdi ki, mən orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil oldumbu institut texniki təmayüllü olduğu üçün Bakıdakı ədəbi mühitə qaynayıb-qarışa bilmədim. Buna baxmayaraq, institutun çoxtirajlı “Politexnik” qəzetində, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində və “Pioner” jurnalında bir neçə şeirlərim dərc olundu. Tələbəlik və əsgərlik həyatımdan sonra uzun müddət (1967-1991-ci illər) “Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutunda çalışdım və demək olar ki, bu illərin hamısını elmə xidmətə həsr etdim. Həm də Allahın mənə verdiyi ilhamın hökmü ilə yazdığım şeirlərimi və digər bədii yazılarımı öz arxivimdə toplayıb saxladım. O dövrdəki “fəaliyyətsizliyim” mənim bədii yaradıcılığımda ən böyük itkilərim idi. Sovet dönəmində elm və ailə-məişət qayğıları başımı o qədər qatdı ki, bir dənə də olsun bədii kitab nəşr etdirə bilmədim. Amma elmi uğurlarım var idi. O zamanlar iqtisadiyyat üzrə alimlik elmi dərəcəsi aldım, SSRİ Plan Komitəsinin və digər təşkilatların medallarına və digər mükafatlarına layiq görüldüm. Müstəqilliyimizin ilk ilində -1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına keçməklə, taleyimi müəllimliyə - təhsilə, təlim-tərbiyə işlərinə bağladım.

O ki qaldı itirdiklərim və qazandıqlarıma, itirdiyim gəncliyim və sağlamlığım, qazandıqlarım isə elmi biliklərim, elmi-pedaqoji təcrübəm və səriştəm, birdə ki, sadiq dostlarım və təhsil verib həyata vəsiqə verdiyim məzunlardır.

- Bəşəriyyətin ən məsuliyyətli adları olan alim və müəllim adını daşıyırsınız. Alimliyin və müəllimliyin məsuliyyəti və çətinliyi nədir?

- Alimlik cəmiyyət və elm qarşısında məsuliyyətdir. Alim adı daşıyan hər bir kəsin cəmiyyətə, dövlətə, xalqamüasir reallıqlara (siyasi, iqtisadi, sosial, dinimilli baxımdan) kreativ münasibəti olmalıdır. Əgər onun yaradıcı münasibəti və qiymətləndirməsi yoxdursa, o, alim deyil, hər hansı bir sahə üzrə ixtisaslaşmış robotdur. Müəllimlik isə təkcə gələcək nəslin yox, həm də gələcək cəmiyyətin formalaşdırılmasında məsuliyyətdir. Əlbəttə, burada da yaradıcı və tərbiyəvi xüsusiyyətlərin olması vacibdir.

Həm alim üçün, həm müəllim üçün ən böyük çətinlik, cəmiyyətdəki neqativ reallıqları görüb onların qarşısını ala bilməməkdir.

-Hər kəs bədii yaradıcılıqla məşğul ola bilərmi? Yoxsa bu işlə ilahi vergi verilənlər məşğul olur?

- Əlbəttə, hər kəs yaradıcılıqla məşğul ola bilər. Axı yaradıcılıq təkcə bədii əsərlərin yaradılması deyil. Rəssamlıq, bəstəkarlıq, xanəndəlik, riyaziyyatçı və ya həkim olmaq da yaradıcılıq istedadı tələb edir. Bədii yaradıcılıqla və sadaladığım digər sahələrdə də yaradıcılıqla məşğul olmaq hər kəsin öz seçimidir. Amma ilahi vergisi olan adamların yaradıcılıqları onlara müəyyən üstünlük verdiyi üçün onlar daha şöhrətli olurlar. Hesab edirəm ki, heç kəsə qadağa qoymaq olmaz ki, sən bədii yaradıcılıqla məşğul olma! Əslində bu, şəxsiyyət və yaradıcılıq (məşğulluq) azadlığıdır ki, bütün mütərəqqi cəmiyyətlər buna xüsusi önəm verirlər.

-Son vaxtlar ədəbiyyatımızda rübai yazan şairlərimiz az görünür. Sizin xoşagələn rübailəriniz vardır. Niyə ən çox rübailərə üz tutubsunuz, bu nədən qaynaqlanır?

- Azərbaycan ədəbiyyatı tarixində həmişə rübai yazan şairlər olubbu günvar. Lakin nə səbəbdənsə bu janra üstünlük verən azdır. Ola bilsin ki, xalq şairi Qabildən sonra buboşluğu” mən doldururam. Mənim rübailərimin sayı indiki halda 500-dən çoxdur. Mənim nəzərimdə, dörd misralıq rübai, böyük bir romanın və ya povestin ideya yükünü özündə toplaya bilməlidir. Axı rübai dərin fəlsəfi məna ilə yoğrulur. Bu isə mənim təbiətimə və ruhuma daha yaxındır. Bununla yanaşı, demək istərdim ki, mənim xeyli sayda qəzəllərim, bayatılarım, sərbəst və mənzum şeirlərim, esselərim və hekayələrim də vardır.

-Şeirləri necə yazırsız? Hər dəqiqə şeir yazmaq olarmı?

- Mənim fikrimcə, şeir qəlbin səsinin sözlə ifadəsidir. Əgər qəlbdə bu səs varsa, o şeir yazılacaq. Mən heç vaxtgedib oturub bir şeir yazım”- deyə düşünməmişəm. Yazdığım bütün şeirlər özləri-özlərini mənə yazdırıblar. Çünki onların hər birində, həqiqətən də mənim qəlbimin səsi var. Onları harada, nə vaxt və necə yazdığımı deyə bilmərəm.

- Cəmiyyətdə və xüsusən, gənclər arasında poeziyaya maraq azalıb. Sizcə, bunun səbəbi nədir?

- Burada amillər çoxdur. Məncə, ən təsirli amil, informasiya - kommunikasiya şəbəkələrinin genişlənməsi, internetin yaranması və gənclərin maraqlarının digər sahələrə yönəlməsidir. Digər amil isə, müasir şəraitdə yaşayış normalarının və dəyərlərin meyarlarının dəyişməsidir. Hesab edirəm ki, mövcud reallıqlar və neqativ hallar həm də sözün dəyərdən düşməsinə və ona olan marağın azalmasına səbəb olub.

-Bədii sahədə yetişməyinizdə təsiri olan kimlərin və hansı əsərlərin adını çəkə bilərsiz?

- Mən Nizami Gəncəvini və Mirzə Ələkbər Sabiri çox oxumuşamindi də onları çox sevirəm. Elə bu səbəbdən də “Xəmsə” və “Hophopnamə” kitablarının adını çəkə bilərəm. Cavanlıqda E.VoyniçinOvod” əsərini bəyənmişəm. Ə.Vahidin qəzəllərini, S.Vurğunun lirikasını çox xoşlayıram. Bədii sözü mənə sevdirən isə folklorumuz- nağıllarımız, dastanlarımız və aşıqlarımızın yaratdıqları əsərlər olmuşdur.

-Bu yaşınızda iqtisadçı, yoxsa ədəbiyyatçı olmağınıza daha çox sevinirsiz?

- Son iki əsr ərzində K.Marksdan sonra, hansı iqtisadçı alim tanınıb? Hətta Nobel mükafatı alan iqtisadçı alimləri tanıyan varmı? Sevinmək yox, tanınmaq baxımından ədəbiyyatçı olsaydım, daha məşhur ola bilərdim. Bir iqtisadçı kimi mənim yazdığım 15 kitabım, əlbəttə ki, istifadə olunacaq. Lakin onları tələbələr və müəllimlər istifadə edəcəklər. Geniş oxucu kütləsi isə mənim 12 bədii kitabımdan bəhrələnib məni xatırlayacaq. Bədii yaradıcılığın və bədii əsərlərin bu sahədə üstünlüyü göz qabağındadır.

-Bizlə şeirlərinizdən bölüşərdiz?

-Böyük məmnuniyyətlə.

Allaha yalvarış

Allahım! Varlığınla biz varıq bu dünyada!

Yalnız Sənin sayəndə yaşarıq bu dünyada!

Kölgəni əskik etsən üstümüzdən bircə an,

Od tutub alışarıq - yanarıq bu dünyada!

 

Şükr olsun varlığına-

Sənə şükürlər, Allah!

Düşməsin dilimizdən -

la ilahə illəllah!

***

Allahım! Sənsən

verən hər şirini, acını,

Dilənçiyə payını,

padşaha taxt - tacını!

Sənsən verən bizlərə

hər dərdin əlacını,

Sənin mərhəmətinlə

qalarıq bu dünyada!

 

Şükr olsun varlığına-

Sənə şükürlər, Allah!

Düşməsin dilimizdən -

la ilahə illəllah!

***

Allahım! İnanırıq

qüdrətinə, həmdinə!!

Dərgahına əl açıb

yalvarırıq biz Sənə:

Rəhm et həyat verdiyin insana-hər bəndənə!

İbadətdə - səcdəndə olarıq bu dünyada!

 

Şükr olsun varlığına- Sənə şükürlər, Allah!

Düşməsin dilimizdən - la ilahə illəllah!

 

Rəğbət

Bir qız çıxır yolum

üstə hər səhər,

Onda incə - çinar kimi

qamət var.

Gözəllikdə huri-

mələyə bənzər,

Sifətində nurla dolu

ismət var.

 

Boğaz nazik, yanaq lalə,

buxaq qar,

Sinəsində qabarıbdır

qoşa nar,

Dodaqların görən

qızılgül sanar.

Taleyində gözəllikdən

qismət var.

 

Tellər incə, əllər incə,

bel incə,

Təbəssümü səbəb olur

sevincə.

Odlanarsan gözlərini

görüncə.

O gözəldə cəlbedici

qüvvət var.

 

İlahidən verilibdir boy -

buxun,

Görənlərin heyran

edib bir çoxun,

Nakəsləri buraxmayır

o yaxın.

Görənlərdə, bilənlərdə

heyrət var.

 

Xain gözlə ona

baxmaq bir günah,

olaydı eşidəydim

bir sabah:

Ərə gedib - ana olub,

ay Allah!

Ürəyimdə ona belə

rəğbət var!

-Sonda gələcək planlarınızdan danışardız.

- Gələn ilin yanvar ayında mənim 75 yaşım tamam olacaq. Allah ömür versə, qismət olarsa, ali məktəblər üçün dərslik kimi yazdığım “Menecment” kitabımın təkmilləşdirilmiş ikinci nəşrini çap etdirmək istərdim. Bədii yaradıcılığımla bağlı, indiyə kimi nəşr etdirmədiyim şeirlərimi, esselərimi və publisistik məqalələrimin bir qismini çap etdirmək niyyətindəyəm. Əgər qismət olarsa “Həyatnamə” adlı 750 səhifəlik “divan” adlandırdığım kitabımı nəşr etdirərəm. Ömür vəfa edərsə, yeni şeirlərimlə sizləri sevindirərəm.

 

Söhbəti apardı:

Mahmud Sadıqov

Palitra.-2016.-8 noyabr.-S.12.