Bakıda Beynəlxalq Teatr
Konfransı işə başlayıb
Dünən paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.
Bakı Beynəlxalq Teatr Konfransı Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir. Əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və kitab sərgisi ilə tanış olublar. Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi, bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu gün dünyanın tanınmış teatr sənətçilərinin dördüncü dəfə bir araya gələrək bu əhəmiyyətli tədbirdə iştirak etməsi və müasir teatr proseslərinin araşdırılması təqdirəlayiq hadisədir. Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açan nazir bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Azərbaycan müəlliflərinin əsərlərinin dünyanın bir neçə ölkəsində səhnələşdirildiyini söyləyən Ə.Qarayev deyib ki, yalnız bu il müddətində Xalq Yazıçısı Elçinin əsərləri İstanbul, London, Nyu-York, Sankt-Peterburq və İtaliyanın bir sıra şəhərlərində səhnəyə qoyulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir qeyd edib ki, işğal nəticəsində mədəniyyət nümunələrimiz dağıntılara məruz qalıb. Bu, teatr sənətindən də yan keçməyib. İrəvan, Şuşa, Ağdam teatrları hazırda bu vəziyyəti özündə hiss edirlər. Dövlət tərəfindən bu teatrların kollektivləri üçün lazımi şərait yaradılıb. Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və xalq teatrlarının fəaliyyət göstərdiyini söyləyən nazir bildirib ki, multikultural dəyərlər qorunaraq azsaylı xalqların teatr kollektivlərinin yaradılmasına və inkişafına geniş imkan açır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması teatr sahəsində də təcəssümünü tapıb. Ayrı-ayrı xalqların teatrları milli teatrımızla çiyin-çiyinə çalışaraq ümumi mədəni irsin zənginləşməsinə xidmət edir. IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyinin, tolerantlıq məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Ölkəmizdə teatr və rejissor məktəblərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın mühüm əhəmiyyət daşıdığını söyləyib. Akademik vurğulayıb ki, ölkəmizdə olan etnik qrupların teatrları vahid ailənin üzvləri kimi çıxış edirlər. Teatrla bağlı problemləri müzakirə etmək üçün ölkəmizdə zəngin teatr təcrübəsi mövcuddur. Azərbaycanda bir neçə əsrlik teatr ənənəsi, bu sənəti zənginləşdirib inkişaf etdirən məktəblər, öz üslubu olan teatrlar vardır. Bu, Azərbaycan milli mədəniyyətinin böyük nailiyyətidir. Azərbaycan yazıçılarının əsərlərinin bir çox dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə səhnələşdirildiyini bildirən akademikin sözlərinə görə, Cəlil Məmmədquluzadənin “Kamança” əsəri multikultural dəyərlərin rəmzinə çevrilə bilər. Multikulturalizm ölkəmizdə təkcə dövlət siyasəti deyil, həm də real həyat tərzidir. Qara dəniz, Xəzər dənizi Beynəlxalq Fondunun vitse-prezidenti, “Afrikanın səsi” ədəbi mükafatının laureatı, şahzadə Zolani Mkiva (Cənubi Afrika Respublikası) konfransda iştirakından məmnunluğunu ifadə edib. Təəssüflə qeyd edib ki, Afrikanın heç də hər yerində teatr yoxdur. Bu platforma vasitəsilə mübadilə həyata keçirə bilərik.
Konfransa dəvət edilməsinə
görə təşkilatçılara təşəkkürünü
bildirən Beynəlxalq Teatr Tədqiqatları
Federasiyasının prezidenti xanım Cin Qrehem-Cons (ABŞ) iki gün ərzində
maraqlı müzakirələr aparılacağına ümidvar olduğunu deyib. Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri
üzrə təmsilçisi İbrahim
Əssiri (Səudiyyə Ərəbistanı) konfransın
işinə uğurlar arzulayıb və tədbiri
gələcək əməkdaşlığın
qurulması baxımından yüksək dəyərləndirib.
Konfrans işini plenar iclaslarla davam etdirib. IV Bakı Beynəlxalq
Teatr Konfransı bu gün başa çatacaq.
Cavidan
Palitra.-2016.-8 noyabr.-S.13.