İKT sahəsində ixrac
yönümlü Milli
Assosiasiya yaradılacaq
Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən
yaradılan İKT Komissiyası ölkəmizin İKT
potensialının xarici bazarlara
təşviqinə yardım edəcək
Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 2003-2013-cü illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanıb.
“Elektron hökumət”in zəruri infrastrukturları
yaradılıb
Əldə olunmuş nəticələr,
informasiya cəmiyyətinin
əsaslarının yaradılması,
vətəndaşlar, cəmiyyət,
özəl sektor və dövlət orqanları tərəfindən
İKT-dən geniş
istifadə növbəti
mərhələdə fəaliyyət
istiqamətlərinin planlaşdırılması
üçün əlverişli
şərait yaradır. Cəmiyyətin
müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya
təcrübəsi, beynəlxalq
təşkilatların, o cümlədən
Beynəlxalq Telekommunikasiya
İttifaqının, Avropa
İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq
hökumət təşəbbüsü”
nəzərə alınmaqla
hazırlanmış Milli
Strategiya Konsepsiyada
İKT sahəsinin qarşısında
qoyulan vəzifələrin
yerinə yetirilməsi
üzrə dövlətin
siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri
və fəaliyyətin
əsas istiqamətlərini
müəyyənləşdirir. İKT sektoru iqtisadiyyatın
aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi
diqqət yetirilir və məmur-vətəndaş
münasibətlərinin İT vasitələrindən istifadə
etməklə sadələşdirilməsi,
şəffaflaşdırılması bürokratik əngəllərin
qarşısının alınmasına
xidmət edir. Ölkədə ”elektron hökumət”in
zəruri infrastrukturları
yaradılıb. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir,
dövlət orqanlarının
informasiya sistemləri
arasında xüsusi infrastruktur vasitəsilə
informasiya mübadiləsi
aparılır, elektron
imzanın istifadəsi
üçün infrastruktur
və sertifikat xidmətləri mərkəzləri
yaradılmışdır. Nəticədə e-imzanın tətbiqi
genişlənir, dövlət
orqanları tərəfindən
müxtəlif elektron
xidmətlər göstərilir.
Hazırda “Elektron hökumət”
portalına qoşulmuş
dövlət qurumlarının
elektron xidmətləri
“bir pəncərə”
prinsipi əsasında
əhaliyə təqdim
edilir.
Ölkəmizdə İKT və rabitə
sahəsində fəaliyyət
göstərən biznes
dairələrini birləşdirən
aparıcı platforma
Azərbaycan Prezidentinin ölkəmizin
inkişafının yeni
çağırışlar mərhələsində apardığı
islahatlar prosesində informasiya kommunikasiya texnologiyaları sahəsinə
xüsusi önəm verilir. Bu prosesə yaxından töhfə verilməsi məqsədilə
sıralarında 7 000-dən artıq sahibkarlıq subyektini birləşdirən
Azərbaycan Sahibkarlar
Konfederasiyası tərəfindən
İKT Komissiyası yaradılıb.
Komissiyanın əsas
vəzifəsi ölkəmizdə
İKT-nin inkişafına
töhfə verilməsi,
bu sahədə biznes mühitinin yaxşılaşdırılması, İKT sahəsində fəaliyyət
göstərən sahibkarların
maraqlarının əlaqələndirilmiş
formada təmsil edilməsi, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin
xarici bazarlara ixracının təşviq
edilməsi, kiçik
və orta sahibkarlığın inkişafı
və startap hərəkatının genişlənməsinə
yardım göstərilməsindən
ibarətdir. Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin
nəzdində Yüksək
Texnologiyalar Parkında
İKT Komissiyasının 2-ci toplantısı keçirilib.
Toplantıda Komissiyanın
üzvü qismində
Azərbaycanın İKT sahəsində
aparıcı şirkətlərinin
rəhbərləri, informasiya
cəmiyyətinin tanınmış
nümayəndələri, yüksək texnologiyalar üzrə ölkəmizin
beyin mərkəzləri,
informasiya texnologiyaları
üzrə tanınmış
iş adamları iştirak edib. Komissiyanın iclasında,
həmçinin Yüksək
Texnologiyalar Parkının,
İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət
Fondunun, Məlumat Hesablama Mərkəzinin,
AZPROMO-nun, AMEA-nın, ADA Universitetinin
rəhbərliyi iştirak
edib. Komissiyanın iclasında o cümlədən
Prezident yanında İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
təmsilçisi də
iştirak edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının
IKT komissiyasının sədri
İsmayıl Ələkbərov
Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkədə
aparılan irimiqyaslı
islahatlar prosesinə ölkə sahibkarların
dəstək olduğunu
bildirib. Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının
vacibliyini vurğulayaraq,
fəaliyyətini bu istiqamətdə quran
İKT Komissiyasının strategiyası,
gələcək iş
prinsipləri və fəaliyyət istiqamətləri
barədə məlumat
verib. Həmçinin Komissiyanın ölkəmizdə
İKT və rabitə
sahəsində fəaliyyət
göstərən biznes
dairələrini birləşdirən
aparıcı platforma
olduğu qeyd edilib. Daha sonra nazir müavini Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində
ölkəmizdə Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata
keçirilən fəaliyyət
barədə məlumat
verib. Nazir müavini, bu
sahədə kiçik
və orta sahibkarlığın, startapların
inkişafı, habelə
ölkəmizin İKT potensialının
xarici bazarlara təşviqi üçün
yenicə fəaliyyətə
başlamış İKT Komissiyasının
töhfə verə biləcəyini vurğulayıb
və bu istiqamətdə Komissiyanın
işinə uğurlar
arzulayıb. Toplantıda iştirak
edən digər qurumların nümayəndələri
tərəfindən çıxışlar
edilərək, ölkəmizdə
yüksək texnologiyaların,
innovasiyaların, startapların
inkişaf perspektivləri
barədə fikir mübadiləsi aparılıb,
İKT-nin inkişafı
istiqamətində dövlətin
siyasəti, sahibkarlığın
inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl
tərəfdaşlığının yaradılmasının vacib
olduğu vurğulanıb.
İclas zamanı Azərbaycan İKT Sənayesinin
Strateji İnkişaf Planı, Azərbaycanda
İKT sahəsində işgüzar
dairələri öz
sıralarında birləşdirəcək
ixrac yönümlü
Milli Assosiasiyanın yaradılması, İKT həllərinin
və məhsullarının
xarici bazarlara ixracının təşviqi,
elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında
fikir mübadiləsi aparılıb. Komissiyanın
iclası zamanı aparılan müzakirələrdə
İKT sahəsində biznes
mühitinin yaxşılaşdırılması,
milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın
inkişafı və startap hərəkatına
təkan verilməsi üçün konkret təkliflərin hazırlanması
və Prezident yanında İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinə təqdim
edilməsi qərara alınıb.
A.
Miriyev
Palitra.-2016.-8 noyabr.-S.11.