“Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirə edilib

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəziyyət haqqında” Qanun layihəsi müzakirə edilib. İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov yeni qanun layihəsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, hazırda qüvvədə olan 17 maddədən ibarət qanun 1994-cü ildə hazırlanıb. Bu gün qüvvədə olan bu qanun müvəffəqiyyətlə işləyir. Ancaq nəzərə almaq lazımdır ki, 1995-ci ildə biz ilk milli Konstitusiyamızı qəbul etmişik. İlk milli Konstitusiyamızda da Azərbaycan Silahlı Qüvvələrinin statusu ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Eyni zamanda, hərbi doktrinanı, milli konsepsiyamızı, “Milli təhlükəsizlik haqqında” Qanunu qəbul etmişik. Bu kimi hərbi qanunların qəbulu və ya edilən dəyişikliklər, ümumiyyətlə, bugünkü vəziyyət yeni qanun layihəsinin hazırlanmasını tələb edirdi. Yeni qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fizikihüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsinin faktiki işğal edilməsi, xarici dövlət və ya dövlətlərin Azərbaycana müharibə elan etməsi, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yaranması, Azərbaycan ərazisinin blokadaya alınması, habelə belə blokada üçün real təhlükə olması Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə görə, ölkənin bütün ərazisində və ayrı-ayrı yerlərdə hərbi vəziyyətin elan edilməsi üçün əsas ola bilər. Qanun layihəsinə görə, hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Prezidentin fərmanı ilə elan edilir. Hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən (vaxtından) başlayır və onun qüvvədə olma müddəti bitdikdə, yaxud bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır.

Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi tədbirləri Azərbaycan Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Sonra deputatlar qanun layihəsi ətrafında fikir və təkliflərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Nigar

Palitra.-2016.-9 noyabr.-S.5.