C.Cəfərov: “Mustafa Kamal Atatürk  həmişə Azərbaycana doğma münasibət bəsləyib”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Türk dünyasının böyük hərbi-siyasi xadimi Mustafa Kamal Atatürkün anım gününə həsr edilən tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan anım mərasimində ilk olaraq Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin keçirilməsinə görə türkiyəli tələbələrin İdarə Heyətinə və eləcə də azərbaycanlı tələbə-gənclərə öz təşəkkürünü bildirib.

Rektor Cəfər Cəfərov Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün həyat yoluna nəzər salaraq bildirib ki, görkəmli siyasət və dövlət xadimi Mustafa Kamal Atatürk 1881-ci il may ayının 19-da  Osmanlı İmperiyasına məxsus  Saloniki şəhərində anadan olub. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət hərbi qulluq edib. Mustafa Kamal Atatürk Türkiyədə 1919-cu ildə başlayan milli-azadlıq hərəkatının öndəri olub. Mustafa Kamal Atatürk 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını alıb və ona ali marşal rütbəsi verilib.  Mustafa Kamal Atatürk  öz ölkəsini xarici hərbi müdaxilədən azad edərək Türkiyə Respublikasını qurub. Müdrik dövlət xadimi Mustafa Kamal Atatürk  müasir Türkiyəni formalaşdıran və hərtərəfli inkişaf yoluna çıxaran çoxsaylı islahatlar həyata keçirib. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb. O, 4 dəfə Türkiyənin prezidenti seçilib.

Türk dünyasının məşhur siyasət və dövlət xadimi, böyük mütəfəkkir, bütün ömrünü xalqına, millətinə, Vətəninə həsr etmiş Mustafa Kamal Atatürk 1938-ci il noyabr ayını 10-da İstanbulda Dolmabaxça sarayında vəfat edib. Böyük qürur hissi ilə deyə bilərik ki, Mustafa Kamal Atatürk  dünyanın həyat və fəaliyyətləri ən çox öyrənilən 100 böyük şəxsiyyətindən biridir. Mustafa Kamal Atatürk  həmişə Azərbaycana doğma münasibət bəsləyib. O, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək bizim borcumuzdur”- deyib.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2001-ci il mart ayının 9-da Azərbaycanda Atatürk Mərkəzi yaradılıb. Həmin Mərkəzin əsas vəzifəsi Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün irsinin və bütövlükdə Türk tarixinin və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ edilməsidir. Ulu öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsi iki qardaş xalq arasındakı mənəvi-siyasi birliyi özündə dolğun əks etdirir.

Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün ölkəmizlə Türkiyə arasında əlaqə və münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu əlaqə və münasibətlər artıq strateji xarakter alıb. Azərbaycanla Türkiyə həm regionda, həm də beynəlxalq təşkilatlarda yüksək səviyyədə əməkdaşlıq edir və bir-birinə hərtərəfli dəstək verir. Hazırda Türkiyə iqtisadisiyasi cəhətdən çox inkişaf etmiş bir ölkədir. Azərbaycan da hərtərəfli tərəqqi, inkişaf yolundadır. Hər iki qardaş ölkənin belə inkişafı bizdə böyük sevincqürur hissi doğurur.               

Anım mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin müavini xanım Meral Barlas və Təhsil müşaviri Abdulqafar Böyükfırat Mustafa Kamal Atatürkün vəfat etməsinin 78-ci ildönümü ilə əlaqədar tədbirin keçirilməsinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür ediblər. Xanım Meral BarlasAbdulqafar Böyükfırat Mustafa Kamal Atatürkü böyük siyasi-hərbi xadim kimi səciyyələndirərək onun türk dünyası qarşısında böyük xidmətlər göstərdiyini qeyd ediblər. Onlar həm də bu gün Azərbaycanla Türkiyə arasında həyatımızın bütün sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq duyduqlarını bildiriblər. Çıxış edənlər rektor Cəfər Cəfərova rəhbərlik etdiyi ali təhsil müəssisəsində təhsil alan türkiyəli tələbə-gənclərə göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Anım mərasimində türkiyəli və azərbaycanlı tələbələrin ifasında şeirlər, nəğmələr səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib.

 

Nigar

Palitra.-2016.-11 noyabr.-S.6.