“Bizim gənclik bütün səviyyələrdə Azərbaycan
dövlətini təmsil etməyə hazırdır”
Əli Həsənov:
“Azərbaycan gəncliyi dünyada müasir elmin, təhsilin,
texnologiyanın, inkişafın əsas trendlərinə yiyələnməli,
rəqabətə davamlı olmalıdır”
Dünən Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı işə başlayıb. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransın moderatoru, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə 25 il ərzində dövlət gənclər və idman siyasəti sahələrində əldə olunmuş uğurlar, gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği və vətəndaş cəmiyyətinin inkişafında gənclərin iştirakı məsələləri ilə bağlı müzakirələrin aparılacağını bildirib.
Konfransda çıxış edən Əli Həsənov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərdə ötən dövrdə ölkəmizin keçdiyi sürətli inkişaf yolunun geniş müzakirə edildiyini diqqətə çatdırıb. Əli Həsənov bildirib ki, bu tədbirlərin ən əhəmiyyətlisi olan Heydər Əliyev Mərkəzindəki toplantıda Azərbaycanın 25 illik inkişafı ilə bağlı Prezident İlham Əliyevin proqram xarakterli, keçdiyimiz bütün inkişaf yolunu geniş təhlil edən, gələcək hədəflərimizi, prioritetlərimizi, siyasətimizin əsas istiqamətlərini müəyyənləşdirən çıxışını dinlədik. Həmin çıxışda Azərbaycan gəncliyinə və gənclər siyasətinə də geniş yer ayrılmışdı.
Vətənpərvər
nəsil yetişib
Müasir Azərbaycan gəncliyinin ölkəmizin müstəqillik tarixinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib ki, bu gün əhalinin fəal təbəqəsi kimi formalaşan Azərbaycan gəncləri respublikamızın inkişafı yolunda bizimlə birlikdə, çiyin-çiyinə addımlayırlar. Bu gün Azərbaycan gənclərinin müxtəlif sahələrdə böyük uğurlar qazandıqlarını diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bütün bunlar bizim gənclərimizin gələcəyinə böyük ümidlərlə baxmağımıza əsas verir. Müstəqilliyin əvvəllərindəki gəncliklə bugünkü Azərbaycan gəncliyinin vəziyyətini müqayisə edən Prezidentin köməkçisi deyib: “Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan gəncliyi ambisiyalı insanların girovuna çevrilərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu. Gənclik milli, sinfi və digər ideoloji baxışlarına görə bir-birinə qarşı qoyulmuşdu. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dayanırdı. Azərbaycan parlamentinin sədri seçilən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin avqustunda gənclərlə görüşündə ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkənin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri müzakirə edildi. Həmin görüşün müsbət nəticələri oldu. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra imzaladığı ilk fərmanlardan biri də Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı idi. Beləliklə, gənclər siyasəti faktiki olaraq, dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi”. Sonrakı illərdə Azərbaycan gənclərinin qurultaylarının keçirildiyini, Gənclər Gününün təsis olunduğunu, bu sahədə dövlət proqramlarının, dövlət konsepsiyasının qəbul edildiyini, gənclər və idman siyasətinin dövlətin fəaliyyət istiqamətlərindən birinə çevrildiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, 2003-cü ildən sonra ölkəmizdə gənclərin inkişafı istiqamətlərinə və bu sahədə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycan dövlətinin qarşısında duran əsas sahələrdən birinin gənclər siyasəti olduğunu görə bilərik. Ötən dövrdə gəncliyimizin yetişməsinin əsas keyfiyyət göstəricilərindən biri Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, çiynini bu dövlətin yükünün altına verməyə hazır olan vətənpərvər nəsil yetişib. Vətənpərvər nəsil olmadan millətin iradəsindən, onun bütün sahələr üzrə siyasətinin uğurundan danışmaq olmaz.
Gənclər dünya gənclərinin bütün
sahələr üzrə əldə etdiyi
nailiyyətləri mənimsəməli və ölkəmizə
gətirməlidir
“Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, təkcə milli ruhlu, vətənpərvər, iradəli gəncliklə dünyada böyük uğurlar qazana bilmərik. Azərbaycan gəncliyi dünyada müasir elmin, təhsilin, texnologiyanın, inkişafın əsas trendlərinə yiyələnməli, rəqabətə davamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və ölkəmizə gətirməlidir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin dövründən başlayan və sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan gənclərinin xaricdə təhsil alması siyasəti, dünyada mövcud yeniliklərə, müasir texnologiyalara yiyələnmək istiqamətində dövlətin verdiyi dəstək bu gün onu deməyə əsas verir ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və ölkəmizi uğurla təmsil edir”, - deyə Əli Həsənov vurğulayıb. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, müstəqillik dövründə yetişib formalaşan gənclər xarici dilləri, müasir texnologiyaları öyrənib, dünyada bütün texnoloji və innovativ nailiyyətlərə yiyələniblər. Biz bu gəncliklə gələcəyə ümidlə baxırıq. Bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü təşkil edir. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri idi və bu gün buna uğurla nail olunub. Əli Həsənov vurğulayıb ki, müstəqillik illərində iqtisadiyyat, siyasət, sosial sahələrdə, beynəlxalq aləmdə, ümumiyyətlə, bütün istiqamətlərdə qazanılan nailiyyətlər sırasına gənclər siyasəti sahəsində əldə edilən uğurları də qeyd etmək lazımdır. Çünki bizim 25 ildə əldə etdiyimiz əsas nailiyyətlərin mühüm istiqamətlərindən biri məhz yetişdirdiyimiz gənc nəsildir. Ümummilli liderimiz həmişə deyirdi ki, əgər bir millətin gəncliyi sağlam yetişdirilirsə, o millətin gələcəyi etibarlı əllərdədir. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirərək Azərbaycanın gələcəyini gənclərin timsalında tamamilə təmin edib. Azərbaycanın bundan sonrakı inkişafının əsas yükü gənclərin üzərinə düşür. Gənclərimiz artıq bu yükü qəbul etməyə hazırdırlar.
Ölkə əhalisinin
27 faizini gənclər təşkil edir
Gənclər və idman naziri Azad Rəhimov
çıxışında qeyd edib ki, müstəqilliyimizin
bərpasından ötən 25 il ərzində
ölkəmizdə yeni nəsil
formalaşıb. Həmin nəsil Vətənə məhəbbət,
milli-mənəvi dəyərlərə bağlılıq və
Vətənə sədaqət ruhunda böyüyür. Hazırda ölkə əhalisinin
27 faizini gənclər təşkil edir. Vurğulanıb ki, Prezident İlham
Əliyev gənclərin potensialından ölkənin mənafeyi
naminə tam və düzgün
istifadə olunması, onların məşğulluğunun təmin
edilməsi, dövlət idarəçilik sistemində
iştirakı istiqamətində kompleks tədbirlər
həyata keçirməyi qarşıya məqsəd qoyub. Ötən illər ərzində gənclər
siyasətinin normativ hüquqi
bazası və strukturu formalaşıb,
Azərbaycan gənclərinin inkişafı strategiyası qəbul
edilib. Qısa zaman kəsiyində respublikanın 38 rayon və şəhərində Gənclər
evləri və mərkəzləri, 300-dən çox
gənclər təşkilatı yaradılıb. 2011-ci ildə
Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun
yaradılması minlərlə təşəbbüsün dəstəklənməsinə
imkan verdi. Sevindirici haldır ki, gənclərin
fəaliyyəti təkcə paytaxtla deyil, həm də regionlarla
bağlıdır. Diqqətə çatdırılıb ki, son beş
ildə Gənclər və İdman Nazirliyi tərəfindən 700-dən çox irimiqyaslı layihə və tədbir
keçirilib. Onlardan
155-i beynəlxalq statusa malikdir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad
Muradov bildirib ki, müstəqilliyimizin ilk
illərində Azərbaycan gəncliyi pərakəndə
şəkildə fəaliyyət göstərirdi. Həmin
dövrdə gənclər fürsətçi qruplaşmalar və onların havadarları tərəfindən
alət kimi istifadə olunurdu.
Gənclər çətin siyasi prosesin qurbanına çevrilmişdilər. Azərbaycanı anarxiya
dövründən çıxaran, müstəqilliyin itirilməsi
təhlükəsini sovuşduran ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı dövlət
gənclər siyasətində yeni səhifə
açdı. Prezident yanında Gənclər
Fondunun icraçı direktoru
Fərhad Hacıyev deyib ki,
ölkəmizdə 25 il ərzində
digər sahələrdə olduğu kimi, gənclər sektorunda
da böyük inkişafa nail olunub. Gənclər Fondunun
fəaliyyəti barədə konfrans iştirakçılarına
məlumat verən Fərhad Hacıyev diqqətə
çatdırıb ki, qurum
yarandığı gündən indiyədək yüz minlərlə gəncin qəlbinə yol tapmağı bacarıb. Fond indiyədək
7 min 98 layihə qəbul
edib və onlardan 3341-i dəstəklənib. Bu, təxminən müraciətlərin
yarısını təşkil
edir. Fond fəaliyyət göstərdiyi
dövrdə gənclərimizin
etibarını qazanmağı
bacarıb. Gənclər Fondu fərdi şəxslərin layihələrinin
həyata keçirilməsinə
bilavasitə kömək
etməsi baxımından
dünyada nadir qurumdur.
Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Olimpiya çempionu Namiq Abdullayev, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının sədri
Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının
sədri Nərgiz Eyvazova çıxış
edərək ölkəmizdə
uğurla həyata keçirilən dövlət
gənclər siyasəti
nəticəsində əldə
olunan uğurlardan danışıblar.
Tural
Palitra.-2016.-11 noyabr.-S.5.