Taxılçılıqda böyük ixrac potensialı yarana bilər

 

Bu gün kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritet sahədir. Hazırda Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır. Bugünlərdə Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olarkən bildirib ki, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik: “Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq”.

Bu gün hələ ki, buğda ilə özümüzü tam təmin edə bilmədiyimizi deyən ölkə başçısı qeyd edib ki, bunun obyektiv səbəbləri var: “Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik”.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub. Ölkəmizdə taxıl istehsalının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ölkədə Dövlət Taxıl Fondunun fəaliyyəti bu sahədə həyata keçirilən tədbirlərdən biridir. Bu sahədə yeni taxılçılıq təsərrüfatlarının yaradılması, müasir texnikadan istifadə, eləcə də digər tədbirlər ölkədə taxıla olan tələbatın ödənilməsi, idxalın azaldılması və ixrac imkanlarının yaranmasına hədəflənib.

 

Ən böyük buğda istehsalçıları hansı ölkələrdir?

 

Ötən tarixlərə nəzər saldıqda bu sahədə müxtəlif rəqəmlərlə qarşılaşmaq mümkündür. Belə ki, dünya buğda istehsalı, 2012/13-cü il mövsümündə enmənin ardından, yeni mövsümdə da artmağa davam etdi. Beynəlxalq Taxıl Şurasının (IGC) əvvəlki illərə dair məlumatlarına görə, 2009/10-cu ildə 679 milyon ton olan dünya buğda istehsalı, 2010/11-ci ildə 26 milyon ton enişlə 653 milyon tona, 2011/12-ci ildə isə 42 milyon tonluq artımla 695 milyon tona çatmışdı. 2012/13-cü il mövsümündə 40 milyon tonluq rekord enişlə 655 milyon tona geriləyən dünya buğda istehsalı, 2013/14-cü ildə rekord bir artışla 713 milyon tona çatdı. Bazarı bir xeyli rahatladan bu artım, 2014/15-ci ildə də davam etdidünya buğda istehsalı 720 milyon tona çatdı. İGC, 7 milyon tonluq bir artımın olacağını və 2015/16-cı il mövsümündə dünya buğda istehsalının 727 milyon ton ətrafında reallaşacağını bildirmişdi. ABŞ Kənd Təsərrüfatı Nazirliyi(USDA) isə 2015/16-cı mövsüm üçün 731 milyon tonluq istehsal nəzərdə tutaraq bu rəqəmi 733 milyon tona çıxardı. İGC-nin məlumatlarına görə, 2013/14-cü il mövsümündə 188 milyon ton, 2014/15-ci il mövsümündə 202 olan dünya buğda ehtiyatları, 2015/16-cı il mövsümünün sonunda 211 milyon tona çatacaq.

USDA-nın ölkələr əsasında dünya buğda istehsalı siyahısına baxdıqda, Avropa Birliyi, 155,2 milyon tonluq istehsalla siyahıda ilk sırada yer alır. Ancaq ölkələr olaraq qiymətləndirildiyində, 2015/16-cı il mövsümündə dünya buğda ehtiyacının böyük bir qismini hər zamankı kimi Çin, Hindistan, Rusiya və ABŞ tərəfindən qarşılandığı görülür. USDA-nın məlumatlarına görə, 2015/16 -cı il mövsümündə 732 milyon ton ətrafında reallaşacaq dünya buğda istehsalının 335,7 milyon tonu (Çin 130 milyon ton, Hindistan 88,9 milyon ton, Rusiya 61 milyon ton, ABŞ 55,8 milyon ton) bu 4 ölkə tərəfindən reallaşdırılacaq. Dünya buğda istehsalında bu 4 ölkəni 27 milyon tonla AvstraliyaUkrayna, 26 milyon tonla Kanada, 25 milyon tonla Pakistan və 19,5 milyon tonla Türkiyə təqib etməkdədir.

USDA-nın məlumatlarına görə, dünya buğda istehsalında ilk sıralarda yer alan ölkələr arasında Hindistanın buğda istehsalının, 2015/16-cı il mövsümündə əvvəlki mövsümlə müqayisədə 6,9 milyon ton, Kanadanın 3,4 milyon ton, Pakistanın isə 500 min ton ətrafında eniş göstərəcəyi təxmin edilib. Buna qarşılıq Çinin istehsalının 3,8 milyon ton, Rusiyanın 2 milyon ton, ABŞ-ın 700 min ton, Avstraliyanın 3 milyon ton, Ukraynanın 2 milyon ton, Türkiyənin istehsalının isə təxminən 4 milyon ton artım göstərməsi gözlənilir. Bu ölkələr arasında, ən yüksək istehsal artımı gözləməsinin Türkiyədə olduğu görülməkdədir.

 

Çin ən böyük buğda istehlakçısıdır

 

İstehlaka gəldikdə isə IGC-nin məlumatlarına görə, 2011/12-ci il mövsümündə 698 milyon ton olan dünya buğda istehlakının, 2012/13-cü il mövsümündə 21 milyon tonluq rekord bir enişlə 677 milyon tona gerilədiyi görülür. 2013/14-cü ildə yenidən artan istehlak, 696 milyon tona çatıb. 2014/15-ci ildə istehlakın 707 milyon tona çıxdığını açıqlayan İGC, 2015/16-cı il mövsümündə də bu artımın davam edəcəyini bildirir. Dünya buğda istehlakını 716 milyon ton olaraq nəzərdə tutan İGC, bu rəqəmi 3 milyon ton artıraraq 719 milyon tona çıxarıb.

Dünya buğda istehsalında ən böyük paya sahib olan Çin, eyni zamanda ən böyük buğda istehlakçısıdır. USDA-nın məlumatına görə, 2015/16-cı il mövsümündə Çinin buğda istehlakı 116,5 milyon ton olacaq. Bir digər əhəmiyyətli istehsalçı olan Hindistan isə 88,9 milyon tonluq istehsalın qarşılığında 94,5 milyon tonluq istehlak reallaşdıracaq. 2015/16-cı il mövsümündə 61 milyon tonluq istehsalla buğda istehsalında üçüncü sırada yer alan Rusiya, bu istehsalın 37 milyon tonunu öz daxili istehlakına sərf edəcək. 55,8 milyon tonluq istehsalın gözlənildiyi ABŞ-ın istehlak miqdarının isə 33,1 milyon ton olacağı nəzərdə tutulur. 2015/16-cı ildə istehsalda olduğu kimi istehlakda ilk sıranı tutan bu 4 ölkəni, 24,6 milyon tonla Pakistan, 19,6 milyon tonla Misir, 18 milyon tonla İran və Türkiyə və 12,7 milyon tonla Ukrayna təqib edir.

 

Kanada dünya buğda ixracatında ilk sırada yer alıb

 

IGC-nin hesabatlarına görə, 2009/10-cu il mövsümündə dünya ticarətində buğda miqdarı 128 milyon ton təşkil edib. 2013/14-cü ildə ticarətin 14 milyon tonluq artımla 156 milyon tona çatdığı bildirilir. 2014/15-ci ildə isə dünyada buğda ticarəti baxımından enmə müşahidə edilib. Bu, 3 milyon ton olub. Son hesabata görə, 2014/15-ci il mövsümündə 153 milyon ton ətrafında reallaşan dünya buğda ticarəti, 2015/16-cı il mövsümündə da düşməyə davam edəcək 149 milyon ton səviyyəsində qalacaq.

USDA məlumatlarına görə, 2014/15-ci il mövsümündə 161,3 milyon ton olan dünya buğda ixracının təxminən 86,9 milyon tonunu 4 ölkə həyata keçirir. 2014/15-ci il mövsümündə 24,8 milyon tonluq buğda ixracıyla dünya buğda ixracatında ilk sırada yer alan Kanada, dünya buğda ticarətinin ən əhəmiyyətli ölkələrindən biridir. Ölkənin 2015/16-cı il mövsümündə reallaşdıracağı ixrac miqdarının, istehsaldakı enişə paralel olaraq 19,5 milyon tona geriləyəcəyi nəzərdə tutulur. 2014/15-ci il mövsümündə dünya buğda ixracatında Kanadanı Rusiya təqib edib. Rusiyanın həmin mövsümdə reallaşdırdığı ixrac miqdarı 22,8 milyon ton olub. Ölkənin 2015/16-cı il mövsümündə ixracını artıracağı 23,5 milyon ton səviyyəsinə çatacağı nəzərdə tutulur. Dünya buğda ticarətinə istiqamət verən ölkə mövqeyində olan ABŞ, 2013/14-cü il mövsümündə dünya buğda ixracatının 31,5 milyon tonluq hissəsini təkbaşına reallaşdırmışdı. Ancaq 2014/15-ci il mövsümündə, buğda ixracatında əhəmiyyətli bir geriləmə yaşayan ABŞ, 22,7 milyon tonla üçüncü sırada yer aldı. ABŞ-ın 2015/16-cı il mövsümündə nəzərdə tutulan ixrac miqdarı isə 23 milyon ton nəzərdə tutulur. Dünya buğda ixracatında 2014/15-ci il mövsümünə görə, Avstraliyanı 11,2 milyon tonla Ukrayna 5,5 milyon tonla Qazaxıstan təqib edir. Ukraynanın 2015/16-cı il mövsümündə ixracat miqdarını 15 milyon tona, Qazaxıstanın isə 6,5 milyon tona çıxaracağı təxmin edilir.

Dünya buğda idxalında isə ən böyük pay əvvəlki mövsümlərdə da olduğu kimi, Misirə aiddir. USDA-nın məlumatlarına görə, Misir 2015/16-cı il mövsümündə 11,5 milyon tonluq idxalla ilk sırada yer alacaq. Ötən mövsümdə dünya buğda idxalatında Misiri, İndoneziya təqib edib. İndoneziyanın 7,2 milyon tonla Əlcəzair, 5,9 milyon tonla Türkiyə, 5,8 milyon tonla YaponiyaBraziliya təqib etməkdədir. Göründüyü kimi, istehsal, idxal, istehlak arasında rəqəmlər dəyişsə də, ölkələrin buğdaya, taxıla olan tələbatı hər zaman var. Ölkə başçısının da qeyd etdiyi kimi, hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Biz artıq bu məqsədə çox yaxınlaşmışıq.

 

Nigar Abdullayeva

Palitra.-2016.-15 noyabr.-S.5.