İKT-nin inkişafı: “Yaşıl
İT” mədəniyyətinin formalaşması üçün nə etməli?
Kompüter, server, printer və digər
rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət
edən texnologiyalar işlənib hazırlanmalıdır
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Prezidentin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-nin inkişafı ilə bağlı məsələlərə toxunacağıq.
İKT üzrə
yüksəkixtisaslı kadr
hazırlığı genişləndirilir
Qeyd edək ki, ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilib. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.
"Yaşıl
İT” biliklərinin tədrisi və təbliği mühüm əhəmiyyət kəsb edir
Elə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən toplantılarda bu məsələlər geniş müzakirə olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirilib. “İkt.az” bildirir ki, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edərək seminarın “yaşıl informasiya texnologiyaları” mövzusuna həsr olunduğunu bildirib. Şöbənin əməkdaşı Orxan Mehdiyev məruzəsini təqdim edərək qeyd edib ki, yaşıl informasiya texnologiyaları (İT) - Green IT (Green computing) informasiya-kommunikasiya texnologiyalarının istifadəsi ilə əlaqədar əmələ gələn fəsadlar və ətraf mühitə vurulan zərərli təsirlərin azaldılmasına yönəldilən təşəbbüsdür. Məruzəçi "yaşıl" İT”-də irəliləyiş əldə etmək üçün qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, kompüterlərdə və periferiya qurğularında enerji istehlakının minimuma endirilməsi, kompüter, server, printer və digər rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət edən texnologiyaların işlənib hazırlanması və s. bu sahədə görüləcək zəruri tədbirlərdəndir. Məruzəçinin sözlərinə görə, bu texnologiyalar “istehlakı ixtisar et”, “təkrar istifadə et” və “təkrar emal et” postulatları üzərində qurulmalıdır. "Yaşıl İT” mədəniyyətinin formalaşması məsələlərindən söz açan O.Mehdiyev bildirib ki, hər il dünyada ofislərdə istifadə olunan kağızın istehsalı üçün 768 milyon ağac kəsilir. O, “yaşıl İT” mədəniyyətinin formalaşması üçün qənaətcil çap və axtarış proqramlarından istifadənin zəruri olduğunu diqqətə çatdırıb, "yaşıl İT” biliklərin tədrisi və təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məruzəçi, həmçinin Avropada məhsullara vurulan nişanlar, ideal "yaşıl" kompüter konsepsiyası, “yaşıl İT” təşəbbüsləri və s. haqqında danışıb. Bu sahədə mövcud olan qanunlar, standartlar və sertifikatlar barədə ətraflı məlumatları diqqətə çatdırıb. Məruzə ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və
modellər
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin elmi seminarı texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsinə həsr olunub. İddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb. R.Şıxəliyev bildirib ki, kompüter şəbəkələrinin miqyası və emal olunan informasiyanın həcminin böyüməsi, şəbəkə istifadəçiləri, xidmətləri və avadanlıqlarının sayının və funksional imkanlarının artması onların monitorinqini çətinləşdirir və onların daimi işlək vəziyyətinin təmin edilməsi üçün vacib olan məsələlərin həllini tamamilə insan faktorundan asılı edir. Hazırda mövcud şəbəkə monitorinq sistemlərinin geniş funksional imkanlara malik olmasına baxmayaraq, kompüter şəbəkələrinin idarə edilməsi mürəkkəb proses olaraq qalır və qərar qəbul edən şəxsdən böyük əmək, təcrübə və bilik tələb edir. Bu baxımdan kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi aktual məsələlərdəndir. İddiaçının sözlərinə görə, dissertasiya işinin məqsədi kompüter şəbəkələrinin konfiqurasiyası, etibarlılığı, effektivliyi, təhlükəsizliyinin vəziyyəti və bütövlükdə onun fəaliyyəti haqqında lazımi verilənlərin toplanması, saxlanması, dəqiq analizi və əsaslandırılmış qərarların qəbul edilməsinə imkan verən intellektual monitorinq metod və modellərinin işlənməsidir. R.Şıxəliyev tədqiqat işində kompüter şəbəkələrinin monitorinqinin müasir vəziyyətinin, intellektual texnologiyaların kompüter şəbəkələrinin monitorinqi üçün istifadəsi məsələlərinin analiz edildiyini, kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin konseptual strukturunun, eləcə də kompüter şəbəkələrinin monitorinqinin multiagentlər əsasında çoxsəviyyəli konseptual arxitekturunun işlənildiyini nəzərə çatdırıb. Qeyd edib ki, kompüter şəbəkələrinin onlayn monitorinqinin optimallaşdırılması modeli, kompüter şəbəkələrinin aktiv monitorinqinin intellektuallaşdırılması üçün real zaman ekspert sisteminin istifadəsi ilə arxitektur, verilənlər axını modelləri əsasında kompüter şəbəkələrinin monitorinqi modeli, şəbəkə trafikinin analizi və klassifikasiyası üçün yanaşma, şəbəkə monitorinqi üçün istifadə edilən şəbəkə trafiki əlamətləri çoxluğunun azaldılması metodu və internet trafikində trendlərin aşkarlanması üçün ardıcıl şablonların aşkarlanması alqoritmi əsasında metod işlənilib.
A.Miriyev
Palitra.-2016.-16 noyabr.-S.11.