Qazaxıstan Prezidenti tərəfindən 5 medalla təltif edilən soydaşımız

 

Vidadi Ağayev:

Diaspor sahəsində uzun illərdir dayanmadan çalışırıq”

 

Qazaxıstanda fəaliyyət göstərən milli diaspor təşkilatlarının əsas amalı Azərbaycan həqiqətlərini yaymaq, yerli xalqla dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, eləcə də soydaşlarımız arasında birliyə nail olmaqdır. Elə 2000-ci ildə Qazaxıstanın Astana şəhərində yaradılan Xəzər Azərbaycan Mədəniyyət Mərkəzi də bu istiqamətdə saysız işlər görüb. Mərkəzin sədri 35 ildən artıqdır ki, Qazaxıstanda yaşayan Vidadi Ağayevdir. Xatırladaq ki, V.Ağayev 24 may 1958-ci ildə Ağdərə rayonunun Sırxavənt kəndində anadan olub. Gənc yaşından inşaat sahəsində çalışır, ali təhsillidir. Qazaxıstanın Xalqlar Assambleyasının, Nur-Otan partiyasının,12 nəfərdən ibarət olan Astana şəhər sovetliyinin üzvüdür. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən 5 medalla təltif edilib.

-Qazaxıstanda azərbaycançılığınızı nə dərəcədə qoruyub saxlaya bilirsiz?

-Öncə, bütün xalqımızı Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Xəzər Azərbaycan Mədəniyyət mərkəzi adından salamlayıram. Həmişə adət-ənənələrimizi, dilimizi, bir sözlə, azərbaycançılığımızı qorumağa çalışmışıq. Ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin qardaşlığı bizə ən böyük dəstək olub. Biz çox şadıq ki, bu qardaşlığı Prezident İlham Əliyev başda olmaqla bütün xalqımız davam etdirir. Bizə doğma olan qazax xalqı ilə Nazarbayev bütün türk xalqının dayağıdır. Biz Prezidentlərimizlə fəxr edirik.

-Qazaxıstanda Azərbaycan diasporunun təşkilatlanması prosesi hansı səviyyədədir və bu prosesin sürətlənməsində siz hansı işlər görürsüz?

-Diaspor sahəsində uzun illərdir dayanmadan çalışırıq. Dövlət tərəfindən təşkil olunan layihələrdə iştirak edirik. Azərbaycan həqiqətlərini hər il yerli camaata çatdırırıq. Azərbaycanın və Qazaxıstanın milli bayramlarını qeyd edirik. Xəzər Azərbaycan Mədəniyyət Mərkəzinin futbol komandası, rəqs ansamblı, Azərbaycan dili kursu fəaliyyət göstərir.

- Qazaxıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır. Yəni, bildiyimiz kimi, ötən əsrin 20, 30, 40-cı illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş insanlar var. Bu gün onlar özlərini Azərbaycan diasporu hesab edirlərmi?

-Keçən əsrdə sürgün olunmuş həmyerlilərimiz ilə sıx münasibətimiz var. Bu da əbədidir. Onlar həm Azərbaycan, həm də türk mədəniyyət mərkəzləri ilə əlaqələrini kəsmirlər. Biz hamımız birik.

- Azərbaycanın Qazaxıstandakı səfirliyi sizin hər hansı problemlərinizin həll olunmasında köməklik göstərirmi?

-Səfirlik ilə həmişə münasibətimiz yaxşı olubolacaq da. Burada yaşayan Azərbaycan vətəndaşlarının hər hansısa sənəd problemi olanda səfirlik öz dəstəyini edir. Birlikdə tez-tez tədbirlər də keçiririk. Səfirliyimiz, xüsusən də, bu ildən daha fəal çalışmağa başlayıb.

-Yerli xalqla münasibətiniz necədir?

-Burada yerli xalq ilə qardaşlığı qoruyuruq. Ermənilərdən başqa, bütün xalqlara sevgimizi, hörmətimizi göstəririk.

Türk dünyası 20-ci əsrdə 3 dahi lider yetişdirib; Mustafa Kamal Atatürk, ulu öndər Heydər Əliyev, Nursultan Nazarbayev. Türkiyə, Azərbaycan və Qazaxıstan- bu dövlətlərimizin yaranmasında, inkişafında, müstəqil dövlət kimi bütün dünyaya tanınmasında böyük əməyi olan əbədi liderlərimiz həmişə yaşayıb, yaşayır və yaşayacaqlar.

 

F. Hüseynzadə

Palitra.-2016.-16 noyabr.-S.7.