Gənclərin
çağırışaqədərki
hazırlığı dərslərində tibbi
bilikləri həyatda tətbiqetmə təcrübəsindən
Möhtərəm Prezidentimiz çıxışlarından birində təhsil haqqında deyib: ”Hər bir xalqın, millətin gələcəyi təhsillə bağlıdır.” Bəli, deyilən fikirlə razılaşmamaq mümkün deyil. Belə ki, hazırkı dövrdə də dünyanın ən yüksək səviyyədə inkişaf etmiş ölkələrinin tarixinə nəzər salsaq onların da ilk əvvəl təhsili hədəf götürmələrinin şahidi olarıq. Bu baxımdan deməliyik ki, ölkəmizdə də təhsilin inkişafı, onun daha yüksək inkişaf səviyyəsinə çatması üçün bir sıra əhəmiyyətli tədbirlər görülmüşdür. Orta məktəblərdə kurikulum proqramları əsasında keçilən dərslərin həyatla daha dərindən əlaqələndirilməsi, dərslərdə şagirdlərin öyrəndiklərinin bilavasitə həyatda tətbiqetmə bacarıqlarına yiyələnmələri ön plana keçirilmişdir. Bəli, hazırda təhsilimizin qarşısında duran ən vacib məsələlərdən biri də məktəblə həyatın daha sıx əlaqələndirilməsidir.
Bu baxımdan danışarkən bir vacib məqama - Gənclərin çağırışaqədərki hazırlığı dərslərində tibbi biliklərdən istifadəni, onun şagirdlər tərəfindən həyatda nə dərəcədə müvəfəqiyyətlə tətbiq etmə bacarıqlarına yiyələnmələrinə toxunmaq istərdim. Belə ki, hazırda Ermənistanla müharibə vəziyyətində olduğumuz bir dövrdə, xüsusilə bu ilin aprelində olmuş bəzilərinin üç- günlük, bəzilərinin isə dördgünlük adlandırdıqları hərbi toqquşma bu gün parta arxasında oturan gənclərimizin hərbi biliklərlə yanaşı, onların tibbi bliklərə də dərindən yiyələnmələrinin vacibliyini ön plana çəkmişdir. Belə ki, döyüş meydanında ağır zədə almış neçə - neçə döyüşçünün dərhal digər əsgər yoldaşı tərəfindən lazımi və zəruri tibbi yardımı alması nəticəsində həyatda qalması, sonradan müalicəsinin nisbətən asanlaşması halları qeydə alınmışdır.
Gənclərin çağırışaqədərki hazırlığı müəllmi kimi deməliyəm ki, bu fənn vasitəsilə gənclərə verilən biliklərin hazırkı dövrdə xsusilə böyük və mühüm əhəmiyyəti vardır. Belə ki, gözümüzün qarşısında yaxın keçmişdə iqtisadi cəhətdən çiçəklənən, dünyanın ən firavan ölkələrdən hesab edilən neftlə zəngin Yaxın Şərq ölkələri başdan - başa dağıntıya məruz qalır, əhalisi isə Qərbi Avropa ölkələrinə mühacirət edir. Mühacirlərə ən çox qucaq açan ölkənin - Almaniyanın kanslerinin özünün üzvü olduğu partiya parlament seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayır, ən yeni, supermüasir silahlarla silahlanmış ABŞ təyyarələri Suriyanın hökumət qoşunlarını, xəstəxananı nümayişkaranə surətdə bombalayır, sonra isə bildirirlər ki, guya səhv ediblər və s.
Bütün deyilənləri düşündükcə fənn müəllimi kimi deməliyəm ki, bu gün təkcə parta arxasında oturan şagirdlər yox, ümumiyyətlə, digər vətəndaşlar da, heç olmasa, elementar səviyyədə tibbi yardımlar haqqında təsəvvürə malik olmalıdırlar.
Tibbi yardımlardan danışarkən göstərilməlidir ki, mülki müdafiənin tibbi xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi yardım aşağıdakı üç növə ayrılır: ilk tibbi yardım; ilk həkim yardımı; ixtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım yaralanmış və ya xəstələnmiş adamın halını yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlığında ən tez göstərilən yardımdır. Belə yardımları sanitar drujinaçılar, sanitar postlar və mülki müdafiə dəstələrinin şəxsi heyəti göstərir. Onu əhalinin özü də özünə yardım və qarşılıqlı yardım qaydası ilə göstərməyi bacarmalıdır
İlk tibbi yardım aşağıdakılardan ibarətdir:
*qanaxmaları müvəqqəti dayandırmaq;
*yara və yanıq yerlərinə steril sarğı qoymaq;
*sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
*süni tənəffüs vermək və ürəyi xaricdən massaj etmək;
*kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə isə fərdi aptekçədəki (Aİ - 2) dərman vasitələrindən istifadə etməklə şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geyindirmək və təhlükəli sahələrdən çıxarmaq.
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son nəticəsinə, bəzən isə yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Güclü qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma, ürəyin fəaliyyəti dayanan və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər eyni zamanda çoxlu yaralıya ilk tibbi yardım göstərmək tələb olunursa, onda belə yardımı birinci növbədə uşaqlara, daha ağır yaralılara göstərmək lazımdır.
İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən vasitələrdən (tabel vasitələri), sanitar çantasındakı dərman və əşyalardan, həm də əl altında olan yardımçı vasitələrdən istifadə edilir.
Deməliyəm ki, dərslərimdə deyilənləri şagirdlərimə daha əyani şəkildə çatdırmaq üçün kompüterin proyektoru vasitəsi ilə lövhədə onların görüntüsünü gətirirəm. Təbiidir ki, şagirdlər deyilənləri lövhədə gördükcə onlarda bəhs edilən məsələlər haqqında daha ətraflı bilik yaranır.
İlk yardım ilk həkimyardımı dəstələrinin müvafiq bölmələrində və ya zədələnmə ocağında salamat qalmış müalicə müəssisələrində həkimlər tərəfindən göstərilir. Belə yardımda başlıca məqsəd yaranın və xəstəliyin ağırlaşmasının qarşısını almaq, orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa edib saxlamaq və yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlamaqdır.
İxtisaslaşdırılmış tibbi yardım mütəxəssis həkimlər tərəfindən xəstəxanalar bazasının müvafiq müalicə müəssisələrində göstərilir.
Təbii fəlakət, istehsalat qəzaları, habelə düşmən basqını nəticəsində yaranmış dağıntı və zədələnmə ocaqlarında yaralılara və xəstələrə tibbi yardım göstərilməsi ikimərtəbəli müalicə - köçürmə sistemi əsasında təşkil edilir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, bu zaman müxtəlif növ tibbi yardım ardıcıl və fasiləsiz surətdə göstərilir və bununla birlikdə yaralılar mərhələlər üzrə müalicə müəssisələrinə köçürülürlər.
Yaralılara bilavasitə zədələnmə yerlərindəcə ilk tibbi yardım göstərildikdən sonra onları ilk həkim yardımı dəstələrinə və ya zədələnmə ocağında, yaxud zədələnmə ocağının yaxınlığında salamat qalmış xəstəxanaya köçürürlər (aparırlar). Bu, tibbi köçürmənin birinci mərhələsi sayılır. Burada yaralılara ilk həkim yardımı göstərilir və onlar köçürmənin ilkin mərhələsi üçün hazırlanır. Tibbi köçürmənin ikinci mərhələsi isə yaralıların təhlükəli sahədən kənarda yerləşən xəstəxanalara aparılmasından ibarətdir. Burada yaralılara və xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərilir və onları müalicə edirlər.
Beləliklə, tibbi köçürmə mərhələsi - yaralıları və xəstələri qəbul etmək, qruplaşdırmaq və müəyyən növ tibbi yardım göstərmək üçün nəzərdə tutulan tibb dəstələrinə və müəssisələrinə deyilir.
Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarına sarğı materialı deyilir. Sarğı materialı hidroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır.
Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqninqdən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir.
Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri - steril bintlər, böyük və kiçik steril salfetlər ,steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqcıqlar. Tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə zamanı istifadə edilir.
Yaralıların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır.
Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb - örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir. Sarğı yaraya mikrob düşməsinin qarşısını alır, qanaxmanın dayanmasına kömək edir. Ağrıları azaldır.
Birinci dəfə qoyulan sarğı ilk steril sarğı adlanır. Yaraya steril sarğı qoyarkən nəzərə almaq lazımdır ki, hətta ən kiçik yara belə, zədələnmiş adamın həyatı üçün təhlükə törədir, çünki o, cürbəcür mikroblarla yoluxma mənbəyinə çevrilə bilər.
İlk sarğı qoymazdan əvvəl, yaranı çirkləndirmədən və yaralıya əlavə əziyyət vermədən yara yerini açmaq lazımdır. Yaranın xarakterindən, havadan və yerli şəraitdən asılı olaraq üst paltarları ya soyundurulur, ya da tikiş yeri ilə kəsib çıxarılır. Paltarı əvvəlcə sağlam, sonra isə zədələnmiş ətraflardan (qol və qıçlardan) çıxarırlar. İlin soyuq vaxtında soyuqlamanın qarşısını almaq məqsədi ilə, habelə təcili surətdə ilk yardım göstərilən hallarda ağır yaralıların paltarlarını yara yerinin ətrafında kəsirlər. Yaraya yapışmış paltarı dartıb qoparmaq olmaz: belə paltarı yaranın kənarı boyu ehtiyatla qayçılamaq, sonra isə sarğı qoymaq lazımdır. Çıxarılmış paltarı əks ardıcıllıqla, yəni əvvəlcə yaralı, sonra isə sağlam ətraflara geydirirlər.
Sarğı qoyarkən çalışmaq lazımdır ki, bu, yaralıda əlavə ağrı törətməsin. Bədənin sarğı qoyulan hissəsi tərpənməz halda olmalıdır. Yaranın üzərinə əvvəlcə steril tənzif, sonra isə pambıq qoyurlar. Binti sağ əldə saxlamaq, sol əllə sarğını tutmaq bintin dolaqlarını düzəldib hamarlamaq lazımdır. Bintin yumağını sarğı yerindən uzaqlaşdırmadan, binti soldan sağa doğru elə sarıyırlar ki, onun hər qatı (dolağı) əvvəlki qatın eni boyunca yarısını əhatə etsin (ikinci qatdan başqa: sarğı sürüşməsin deyə, adətən, ikinci qatı birinci qatın üstündən dolayırlar). Həm də bu zaman dolaqlar arasında boşluq qalmamalıdır. Sıxıcı sarğı tələb olunmayan hallarda binti çox bərk dartmırlar ki, qan dövranı pozulmasın, lakin elə bərkidirlər ki, sarğı boşalıb öz - özünə açılmasın. Əl və ayaqları onların ucundan başlayaraq sarıyırlar, bu zaman barmaqların ucları açıq qalmalıdır. Sarğının son dolağını təhlükəsiz sancaqla (ingilis sancağı) bərkidir və ya bintin ucunu ortadan iki hissəyə bölərək düyünləyirlər. Lakin bu zaman düyün yaranın üstünə düşməməlidir.
Bəhs edilən məsələlər haqqında şagirdlərdə daha ətraflı bilik və bacarıqlar formalaşdırmaq üçün deyilənləri lövhədə, eləcə də “ağıllı lövhə”lərdə görüntü yaratmaq çox səmərəli olur. İxtisaslı zabit kimi bütün bu məsələlərdə İKT - nin tətbiqini zəruri sayıram.
Hesab edirəm ki, Ermənistanla müharibə vəziyyətində olduğumuz dövrdə, beynəlxalq aləmdə gözümüzün qarşısında möhtərəm Prezidentimiz İlham Əliyevin çox düzgün olaraq göstərdiyi kimi “kim güclüdürsə, haqlı da odur” prinsipinin hakim kəsildiyi zamanda bütün yuxarıda göstərilənləri bilmək bu gün təkcə parta arxasında oturan şagirdlərimiz üçün yox, eləcə də bütün digər gənclərimiz üçün də vacibdir. Belə ki, gələcəkdə bizi nə gözlədiyini heç kim əvvəlcədən deyə bilməz...
Müdriklərdən birinin
dediyi kimi, “sülh istəyirsənsə, müharibəyə
hazır ol” prinsipi bu gün xüsusilə aktual səslənir...
Vasif Piriyev
Bakı şəhəri,
Nərimanov
rayonu, MLK - nın
Gənclərin
çağırışaqədərki
hazırlığı müəllimi
Palitra.-2016.-16 noyabr.-S.15.