Dünya Xəbər Agentliklərinin V Konqresi işini başa çatdırıb
Bakıda, Heydər Əliyev Mərkəzində iki gün davam edən Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Bakı Konqresinin bağlanış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL BMT-nin baş katibi Pan Gi Munun Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarına müraciət ünvanladığını bildirdi.
UNESCO baş direktorunun müavini Qetaçyu ENQİDA BMT baş katibinin müraciətini oxudu.
Müraciətdə deyilir: “Dünya Xəbər Agentliklərinin V Konqresinə salamlarımı göndərməkdən məmnunluq duyuram. Ənənəvi və yeni media qanunun aliliyi, yaxşı idarəetmə və demokratiya üçün olduqca vacibdir. Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər bu prinsipi keçən il sülh, inkişaf, ləyaqət və hər kəs üçün imkan kimi qəbul olunmuş 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsdiq ediblər.
Söz və mətbuat azadlığı insanlar və Planet üçün yeni qlobal yol xəritəsində zəruridir. Xəbər agentlikləri vaxtında və keyfiyyətli informasiyaların yayılmasında son dərəcə əhəmiyyətli bir rola malikdir. Bu, müsbət dəyişiklik üçün həm vasitə, həm də hədəfdir.
Texnologiyada tərəqqi və biznes modelləri dünyada söz azadlığı üçün yeni imkanlar açıb. Artıq daha çox insan informasiyaya çıxış əldə edir, onu hazırlamaq və yaymaq imkanı qazanır. Həm milli sərhədlər daxilində, həm də geniş coğrafiyada xəbərlər və fikir mübadiləsi böyük potensiala malikdir. Digər tərəfdən isə səhv informasiyaların, xüsusilə nifrətin təbliği sülh və tərəqqi üçün ciddi risklər yaradır. Burada media böyük məsuliyyət daşıyır və belə hallarla tolerantlıq və anlaşmanı təşviq edərək, qorxmadan həqiqəti çatdıraraq mübarizə aparmalıdır”.
Baş katibin müraciətində bildirilir: “Beynəlxalq ictimaiyyət də azad mediaya dəstək vermək, inklüziv və açıq cəmiyyətlərə təhdid qüvvələrinə qarşı ayaqda möhkəm dayanmaq üçün məsuliyyət daşıyır. Bu təhdidlərə senzura və rəqəmsal informasiyanın bağlanmasından başlayaraq, jurnalistlərə qarşı fiziki hədə-qorxu da daxildir. Bu təhdidlər ifadə azadlığını və həqiqətən davamlı inkişaf üçün vacib olan fundamental insan haqlarını sarsıdır. Son on ildə ən azı 827 jurnalist öz vəzifə borclarını yerinə yetirərkən öldürülüb. Onların bir çoxu öz həyatlarını münaqişə zonalarında itiriblər. Jurnalistlərin təhlükəsizliyini qorumaq və onların peşəsinə hörmət etmək olduqca vacibdir. Bundan daha çox sayda ənənəvi və yeni medianı təmsil edən jurnalistlər öz vacib vəzifələrini yerinə yetirdikləri üçün təhdidlərlə üzləşib və həbs olunublar”.
Müraciətdə daha sonra deyilir: “Bu təhdidlərlə mübarizə aparmaq üçün bütün tərəflərin – ilk növbədə hökumətlərin və BMT də daxil olmaqla bütün aidiyyəti aktorların əzmkarlığı tələb olunur.
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsinə görə təşkilatçıları, Azərbaycan Prezidentini və hökumətini alqışlayıram, Sizə uğurlar arzulayıram”.
Sonra Klayv Marşal Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə təşkil etdiyinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. O, Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlaması münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təbriklərini çatdırdı, bu çətin və şərəfli işdə ona uğurlar arzuladı.
Daha sonra Bakı Konqresinin Bəyannaməsini Konqres Şurasının üzvü, Almaniyanın DPA agentliyinin vitse-prezidenti Piter KROPŞ oxudu.
Bakı Konqresinin Bəyannaməsi qəbul edildi.
Bəyannamədə deyilir ki, biz, 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və Azərbaycan Dövlət İnformasiya Agentlinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində toplaşmış 130-dan artıq aparıcı informasiya agentliyinin və regional xəbər agentlikləri alyanslarının rəhbərləri qeyd edirik ki, üzləşdiyimiz ən böyük çağırışlar bunlardır: Rəqəmsal erada söz azadlığı prinsiplərinə əsaslanan davamlı, müstəqil və qərəzsiz xəbər yayımının maliyyələşdirilməsi və müdafiəsi.
Öz vəzifə borclarını yerinə yetirərkən jurnalistlərin təhlükəsizliyinin qorunmasının vacibliyinin vurğulandığı Bəyannamədə bildirilir ki, Konqres iştirakçıları beynəlxalq, regional və milli media qurumlarının xəbərçiliyin fundamental prinsiplərinə sadiqliyinin önəmini etiraf edərək, mətbuat azadlığının KİV-lərin fəaliyyətində əsas şərt olduğunu bəyan edir.
Bəyannamədə daha sonra vurğulanır: “Bəşəri dəyərlərə ehtiramın, insan ləyaqətinin, hüququn aliliyinin, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin informasiya cəmiyyətində baş verən transformasiyalar dövründə daha mühüm əhəmiyyət daşıdığını və KİV-lərin fəaliyyətində əsas şərt olduğunu qeyd edir, hamını plagiatlıqla və müəllif hüququnun pozulması ilə ciddi mübarizəyə və qəsdən yanlış, yaxud qərəzli informasiya hazırlanıb yayılmasına qarşı birgə fəaliyyətə çağırırıq”.
Sənəddə Dünya Xəbər Agentliklərinin növbəti VI Konqresinin 2019-cu ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsinin qərara alındığı bildirilir.
Daha sonra Dünya Xəbər Agentlikləri Konqresinin yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV çıxış etdi, göstərilən etimada və dəstəyə görə minnətdarlığını bildirərək dedi:
-Əziz dostlar, biz artıq Dünya Xəbər Agentliklərinin V Konqresinə yekun vururuq. İki gün ərzində xəbər agentliklərinin bu günü və gələcəyi ilə bağlı çox aktual məsələləri müzakirə etdik, fikirlər səsləndirdik. Düşünürəm ki, məhsuldar keçən bu dünya miqyaslı toplantımızda hər birimiz üçün maraqlı məqamlar oldu, işgüzar görüşlər keçirildi, perspektivə hesablanmış danışıqlar aparıldı.
Konqresin məqsədləri də məhz agentliklərin dəyişən informasiya mühitinə adaptasiyası, biznes imkanlarının genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Zənnimcə, bu Konqres qarşımıza qoyulan vəzifələrin həllində, yeni məqsədlərin formalaşmasında, perspektivlərin müəyyənləşdirilməsində önəmli rol oynayacaq.
Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresinə böyük diqqət yetirir və qlobal media məkanında önəmli hadisə kimi yanaşır. Dünyanı informasiya ilə təmin edən xəbər agentliklərinin inkişafı, eyni zamanda, qlobal informasiya məkanının da dəyişməsinə səbəb olur. 2004-ü ildə Konqres TASS agentliyinin təşəbbüsü ilə yaradılarkən məqsəd bütün agentlikləri bir təşkilatda toplamaq, onların yeni çağırışlara daha çevik cavab verməsini təmin etmək olub. Artıq Dünya Xəbər Agentliklərinin V Konqresi başa çatır. Bu Konqresə biz qurumun Şurası ilə birlikdə uzun müddət hazırlaşdıq və 3 dəfə Bakıda, 2 dəfə Londonda çox səmərəli görüşlər keçirdik. Deməliyəm ki, bu görüşlərimiz Konqresin fəaliyyətində önəmli dəyişikliklər etməyə çox kömək etdi. İlk dəfə olaraq biz BMT və UNESCO rəhbərliyinin diqqətini Dünya Xəbər Agentliklərinin Konqresinə yönəldə bildik. İlk dəfə Dünya Xəbər Agentlikləri Şurasının sədri və sədr müavini vəzifələri təsis edildi.
Bunların Konqresin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində başlanğıc olacağına ümid edirik. Hesab edirik ki, Konqresin Nizamnaməsini də təkmilləşdirmək zərurəti var. Nizamnaməyə Şuranın sədri və sədr müavini vəzifələrinin təsis olunmasını əlavə etmək, Konqresi üzvlük əsasında daha da nizamlı formata keçirmək, fəaliyyətini beynəlxalq hüquq çərçivəsində təşkilatlandırmaq təkliflərini irəli sürmək istərdik. İnanıram ki, Dünya Xəbər Agentlikləri Konqresi getdikcə daha da güclənəcək, dünyanın bütün agentlikləri üçün səmərəli bir quruma çevriləcək.
Fürsətdən istifadə edib V Konqresin keçirilməsində göstərdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına, 2013-2016-cı illərdə Konqresə sədrlik etmiş Saudi Press agentliyinə, Şura üzvlərinə təşəkkürümü bildirirəm, hər birinizə Bakıya gəldiyinizə görə minnətdarlığımı ifadə edirəm.
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim MİNÇEV möhtəşəm təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirdi. O, Bolqarıstanın növbəti Konqresə ev sahibliyi etməsi ilə bağlı göstərdikləri dəstəyə görə iştirakçılara minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Bununla da Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi işini başa çatdırdı.
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə Ərəbistanının Səudiyyə Press agentliyindən AZƏRTAC-a keçdi. AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Xatırladaq ki, Bakıda
keçirilən Dünya Xəbər
Agentliklərinin V Konqresində 5 qitəni, 80 ölkəni və
dünyanın 130-dan çox
aparıcı xəbər agentliyini təmsil
edən 200 qonaq medianın aktual
problemlərini müzakirə edib.
Palitra.-2016.-18 noyabr.-S.4.