Uşaq Strategiyası və Məcəlləsi hazırlanır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-ninUşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin 2 əlavə fakültativ protokolları olub. Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır.

 

“Ölkədə 2 milyon altı yüz minə yaxın uşaq var

Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilirprioritet istiqamət təşkil edir. Hazırda ölkədə 2 milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fizikipsixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.

Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Biz dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar”, - deyən H.Hüseynova vurğulayıb ki, ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da təkmilləşdirilir. Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, talassemiyahemofiliyaya dair, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə dövlət proqramları qəbul edilib. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində “Uşaqların icbari dispanterizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Valideyn məsuliyyətinin artırılması üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası aidiyyəti qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı müəyyən aparılır.

Komitə sədri erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi kimi problemlərin qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərdən də danışıb. Qeyd edib ki, komitənin BMT-nin Uşaq Fondu və Heydər Əliyev Fondunun birgə dəstəyi ilə keçirdiyi uşaq forumları məişət zorakılığının, erkən nikahların və təhsildən yayınma hallarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.

Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayının 330 min 80 nəfər olduğunu deyən H.Hüseynova bildirib ki, bu uşaqlar normal şəraitdən kənarda böyüyürlər. Belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də, onlar uşaq vaxtlarında güclü stress keçiriblər.

“Azərbaycanda müharibə dövründə əsir və itkin düşmüşgirov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır. Onlardan 20-si qız, 40-ı oğlandır. Uzun illərdir ki, həmin uşaqlar haqqında heç bir məlumat ala bilmirik”, - deyə H.Hüseynova əlavə edib.

 

“Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın”

Hicran Hüseynova Azərbaycanda qeydə alınan boşanmaların səbəblərindən danışıb. Komitə sədri bildirib ki, bunun bir çox səbəbi var. Ən vacib problemin qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmadığını deyən komitə sədrinin fikrincə, bunların nəticəsində problemlər yaranır. Onun sözlərinə görə, son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür: “Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir”.

 

BMT Uşaq Fondu:

Son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub

BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə çıxışında “Uşaq hüquqları haqqında” Konvensiyanın əhəmiyyətindən, eləcə də ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində əldə olunan müsbət nəticələrdən danışıb. BMT-nin rəsmisi bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir uşağın hüququnun qorunması əsas məsələdir. E.Karvardin onu da bildirib ki, son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, bu sahədə əldə olunan müsbət nəticələr ölkədə uşaq hüquqlarına yüksək diqqət yetirildiyini göstərir: “Uşaqların təhsilli, sağlam gələcəyi üçün hər bir kəs öz səyini göstərməlidir. Əgər bu gün qız uşaqlarının təhsil almasına daha çox diqqət yetirsək, gələcəkdə həm onların özləri, həm də övladları daha sağlam olacaq. Əgər bu gün uşaqları təhsillə təmin edə biləriksə, gələcəkdə onların işlə təmin olunması, cəmiyyətdə uğurlu mövqe tutması mümkün olacaq”.

 

“Məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov çıxışında bildirib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

A. Adıgözəlov onu da bildirib ki, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılan təhlillərin nəticəsi göstərir ki, bu hallar 90 faiz savadsızlıq nəticəsində baş verir. O vurğulayıb ki, məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur. Bu hal erkən nikahlarda da müşahidə olunur: “Ali təhsilli qızlar işlə təmin olunur və yüksək maaş alırlar. Ancaq savadsız qadınlar heç bir işə cəlb olunmadığı, öz övladını saxlaya bilmədiyinə görə zorakılığa məruz qalırlar”. Uşaqlarla bağlı hüquq pozuntuları haqda danışan DİN nümayəndəsi “Biz çalışırıq ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır", - deyə bildirib. Digər çıxış edənlər də ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının mövcud olduğunuuşaqlar arasında aparılan maarifləndirici tədbirlərdən söhbət açıblar. Tədbirdə uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimat nümayiş olunub.

Nigar Abdullayeva

Palitra.-2016.-19 noyabr.-S.7.