23 ildir Cəbrayılın Cocuq Mərcanlı
kəndində yaşayan yeganə ailə
Oktay Həziyev:
“Taxıl, yonca,
arpa və bostan bitkiləri əkirik. 600-ə yaxın
xırda, 70-ə yaxın iribuynuzlu mal-qara, 300-ə yaxın
toyuq-cücə saxlayırıq. O cümlədən
arıçılıqla məşğul oluruq”
Prezidentin tapşırığı ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinə gedib. Komitədən bildiriblər ki, Əli Həsənov əvvəlcə kənddəki vəziyyətlə tanış olub, sonra burada yaşayan yeganə ailəyə baş çəkib. Yeddi nəfərdən ibarət Həziyevlər ailəsi 23 ildir ki, Cocuq Mərcanlı kəndində yaşayır.
Ailənin başçısı Oktay Həziyev Baş nazirin müavini ilə söhbət zamanı bildirib ki, kənd işğal ediləndən sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşmış, orada bəzi insanların biganə münasibətilə rastlaşmışdılar. Ulu öndərin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş doğma kəndlərinə qayıdıblar. Doğma yurddan uzaqda yaşamağın çətin olduğunu deyən Oktay Həziyev yenidən Cocuq Mərcanlı kəndində yaşamaqdan qürur duyduğunu ifadə edib. Baş nazirin müavini söhbət zamanı Horadiz əməliyyatından danışaraq qeyd edib ki, Ermənistanın qondarma prezidenti Sərkisyan Beyləqan rayonunu da işğal edəcəklərini bildirmişdi. Ümummilli lider 1993-cü ilin noyabrında yaranmış vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi. Sonra dekabrda hərbiçilərlə görüşdü və Horadiz əməliyyatının planı quruldu. Həmin ilin sonlarında aparılan uğurlu əməliyyat zamanı ordumuz işğal olunmuş bu əraziləri azad etdi. 1994-cü ilin aprel ayında ulu öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbçilərlə görüşərək onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına göstəriş verdi. Oktay Həziyev deyib: “Biz kəndimiz işğaldan azad olunan vaxtdan burada yaşayırıq. Kənddə həyatımız üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan Ordusu var. Burada əkin-biçinlə, heyvandarlıqla məşğul oluruq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. 600-ə yaxın xırda, 70-ə yaxın iribuynuzlu mal-qara, 300-ə yaxın toyuq-cücə saxlayırıq. O cümlədən arıçılıqla məşğul oluruq. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün bizə Aqrolizinq ASC tərəfindən texnikalar verilib. Kəndimizin suyu, elektrik enerjisi, qazı, bir sözlə, hər cür şəraitimiz var. Lələtəpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Prezidentimizin Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi bizdə qürur hissi və böyük ruh yüksəkliyi yaratdı”. Baş nazirin müavin qeyd edib ki, Horadiz əməliyyatı kimi aprel döyüşləri də Azərbaycan tarixinin şanlı səhifələridir. Prezident İlham Əliyev Lələtəpə yüksəkliyindən bütün dünyaya, eləcə də Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. Qüdrətli ordumuz istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Əgər Ermənistan düzgün yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır. Baş nazirin müavini ilə söhbət zamanı Oktay Həziyevin 84 yaşlı anası Minarə Hakiyeva başına gələn hadisələrdən danışıb. Deyib ki, bütün bunlar onu öz yolundan döndərməyib. Ömrünün sonuna kimi doğma kəndində yaşayacaq və bunu övladlarına da tövsiyə edib. Bu ailənin bütün məcburi köçkünlər üçün nümunə, vətənpərvərlik göstəricisi olduğunu vurğulayan Əli Həsənov deyib: “Bu gün Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda salınan qəsəbələrdə hər cür şəraiti olan evlər təklif edirik. Çünki bu insanlar əvvəllər də rayonlarda yaşayıblar və bizim xalqda torpağa bağlılıq daha güclüdür. Vətən doğulduğun torpaqdan başlayır. Məcburi köçkünlərimiz bunu başa düşməlidirlər. Bakıda ağır şəraitdə yaşamaqdansa, doğma yerlərə qayıtmalıdırlar. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Torpaqlar işğaldan azad olunandan sonra bu cür qəsəbələr həmin ərazilərdə də yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq”. Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım olunub. Oktay Həziyev bütün məcburi köçkünlərə, o cümlədən Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onların da qayıdaraq öz kəndlərində yaşamalarına çağırıb: “Bizim ailə 23 ildir öz doğma kəndində yaşayır. Bura bizim doğma torpağımızdır. Torpaqdan güclü heç nə ola bilməz. Bu gün mən özümü çox güclü hiss edirəm. Çünki mən öz doğma vətənimdəyəm”.
Cavidan
Palitra.-2016.-19 noyabr.-S.6.