Təhsil indikatorları ilə İKT
indikatorlarının qarşılıqlı əlaqəsi
Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyətinin ölçülməsinə dair İKT-nin İnkişaf İndeksi adlı illik hesabatının məqsədi ölkələrdə İKT-nin inkişaf potensialını ölçməkdir
Pedaqoji praktikada, elektron təlim vasitələrinin tətbiqi müasir təhsil sisteminin inkişaf etdirilməsində aparıcı amillərdən biridir. Bu səbəbdən, qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. İKT-nin təlim prosesində tətbiqi, elektron tədris sistemlərinin effektivliyinin artırılması, nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi aktuallıq kəsb edir. Günümüzdə informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir çox ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək ictimai münasibətlərin formalaşmasını təmin etdiyindən, informasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin inkişafı üçün hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda aktual məsələlərdən biridir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq.
Ölkələrin
İKT səviyyəsi və rəqəmsal bölgü
müəyyənləşdirilir
Qeyd edək ki, bu mənada təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi böyük əhəmiyyət kəsb edir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarında da bu məsələ müzakirə edilib. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın Azərbaycanın təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi, o cümlədən dünyanın mötəbər elmi jurnalları və elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. Sonra şöbənin dissertantı Ə.Həsənov “Azərbaycan Respublikasının Təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi” mövzusunda məruzəsini təqdim edib. O, təhsil və İKT ilə əlaqəli beynəlxalq qiymətləndirmə mexanizmləri, həyata keçirilən beynəlxalq layihələr, Azərbaycan Respublikasının dövlət proqramları və islahatları barədə ətraflı məlumat verib. Məruzəçi Beynəlxalq Telekommunikasiya İttifaqının 2009-cu ildən etibarən İnformasiya Cəmiyyətinin ölçülməsinə dair İKT-nin İnkişaf İndeksi adlı illik hesabatlar nəşr etdiyini bildirib. Qeyd edib ki, bu hesabatların əsas məqsədi ölkələrin İKT səviyyəsi və rəqəmsal bölgünü, o cümlədən mövcud imkan və bacarıqları nəzərə alaraq İKT-nin inkişaf potensialını ölçməkdir. “Dünyanın mötəbər elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı qoyulan məsələlərin həllində yanaşmalar haqqında” mövzusunda məruzə ilə çıxış edən şöbə əməkdaşı Fidan Sadıqova e-dövlətin problemləri və perspektivlərinə dair təşkil olunan tədbirlər və burada müzakirə olunan məsələlər barədə məlumat verib. Digər əməkdaş Aynurə Sadıqova isə “Dünyanın mötəbər elmi jurnallarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı elmi araşdırmaların vəziyyəti haqqında” çıxış edib. O, dünyada e-dövlətin problemləri və perspektivlərinə dair nəşr edilən tanınmış jurnalların əsas mövzuları və müəlliflər barədə məlumatları diqqətə çatdırıb.
Saniyədə trilyonlarla hesablama əməliyyatları
yerinə yetirmək imkanına malik
superkompüterlər yaradılacaq
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsində isə “Big Data-nın ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar” mövzusunda növbəti elmi seminar keçirilib. Məruzəni təqdim edən Aybəniz Əliyeva Big Data-nın dünya və ölkələr üzrə xəritəsi, texnologiya və sahələr üzrə paylanması və onun ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar barədə ətraflı məlumat verib. O, Big Data-nın illər, regionlar üzrə paylanması, bir nəfərə düşən informasiyanın həcminə görə ölkələrin reytinqini təqdim edib, dünya ölkələrinin ümumi informasiyanın həcmindəki payı haqqında statistik göstəriciləri nəzərə çatdırıb. “2018-2020-ci illər ərzində saniyədə trilyonlarla hesablama əməliyyatları yerinə yetirmək imkanına malik yüksəkməhsuldarlığa malik superkompüterlərin yaradılması gözlənilir”, - deyə bildirən məruzəçi superkompüterlərin dünya üzrə reytinq cədvəlini təqdim edib. Superkompüterlərin sayına görə ABŞ, Çin, Yaponiya, Almaniyanın ön sıralarda dayandığını qeyd edib. Onun sözlərinə görə, Rusiyanın 1,849 Pflops məhsuldarlıqlı ən sürətli superkompüteri olan “Lomonosov - 2” bu siyahıda 36-cı yerdə qərarlaşıb. Sonra A.Əliyeva Big Data-nın ölçülməsi sahəsində mövcud metodologiyalar haqqında ətraflı məlumat verib. Bildirib ki, IDC-nin yaradılan və təkrarlanan rəqəmsal informasiyanın ölçülməsi, ABŞ-ın Kaliforniya Berkli Universitetinin tədqiqatçıları P. Lyman və H. R. Varianın saxlanılan və ötürülən informasiyanın ölçülməsi, Kaliforniyanın San Dieqo Universitetinin tədqiqatçıları Roger E.Bohn, James E.Short-un informasiyanın istehlaka görə ölçülməsi və s. kimi yanaşmalar tədqiq olunub və müqayisəli təhlil aparılıb. Qeyd edib ki, informasiyanın ölçülməsi sahəsində əldə edilən nəticələr əhəmiyyətli olmasına baxmayaraq, təqdim olunmuş rəqəmlər bir çox hallarda bir-birindən köklü surətdə fərqlənir.
İKT insanlara böyükhəcmli müxtəlif informasiya massivləri ilə işləmək
imkanı verir
İnstitutun 9 saylı
şöbəsində isə proqram təminatının
verifikasiya və validasiyası məsələlərinə
həsr olunmuş elmi
seminar keçirilib.
Şöbənin əməkdaşları Tamilla
Bayramova və Nuranə Abbasovanın həmmüəllif
olduğu məruzəni N.Abbasova
təqdim edib. Bildirib ki,
müasir cəmiyyətin əsas elementlərindən
biri olan İKT iqtisadi fəaliyyət və cəmiyyətin sosial və mədəni inkişafı üçün baza rolunu oynayaraq insanlara böyükhəcmli müxtəlif informasiya massivləri ilə işləmək
imkanı verir. İstənilən informasiya sisteminin aparat və proqram təminatından ibarət olduğunu
söyləyən məruzəçi son
illərdə proqram təminatının
getdikcə mürəkkəbləşdiyini, yaradılan
mürəkkəb sistemlərin proqram kodunun ölçülərinin on milyonlarla sətrə qədər
artdığını diqqətə çatdırıb.
“Proqram təminatının
mürəkkəbliyinin artması onda olan səhvlərin sayının
çoxalmasına gətirib çıxarır”, - deyə
bildirən T.Bayramova sınaqdan
keçirilməyən proqram kodunun min sətrinə
düşən səhvlərinin orta
sayının 10-50 intervalında dəyişdiyini diqqətə
çatdırıb. Onun sözlərinə
görə, proqram təminatında olan ciddi səhvlər insan həyatının itirilməsinə və
ya infrastruktur şəbəkələrinin
işində böyük miqyaslı xətaların
yaranmasına səbəb olur. Proqram təminatının
işlənilmə prosesində proqram kodunun ekspertizasının aparılması
haqqında məlumat verən məruzəçi bildirib ki, 1962-ci ildə Mariner kosmik gəmisinin
idarəetmə sistemində yaranan və gəminin
itirilməsi ilə nəticələnən hadisədən sonra ABŞ hərbi-hava qüvvələrinin
idarəetmə heyəti tərəfindən
ekspertizanın aparılması qərara alınıb. O, həmçinin
qeyd edib ki, proqram təminatının
keyfiyyət modeli üçün
ilk standart olan “ISO 9126” 1991-ci ildə qəbul edilib. Proqram təminatının
keyfiyyətinə zəmanət vermək üçün
verifikasiya və validasiya
metodlarından istifadə olunduğunu
söyləyən məruzəçi bu üsullar arasında mövcud
olan fərqli cəhətləri diqqətə
çatdırıb. Bildirib ki, verifikasiyanın məqsədi
proqram təminatının həyat dövrünün müxtəlif mərhələlərində
xətaların aşkar edilməsi,
yaradılan və ya müşayiət
edilən proqram sisteminin
kritik və səhvlərə daha çox meyilli olan hissələrinin
tapılması, proqram təminatının
işində marağı olan bütün şəxslərə layihənin
cari vəziyyəti və onun
nəticələrinin xarakteristikaları haqqında məlumatların
verilməsidir: “Proqram təminatının
verifikasiya metodları onun
xüsusiyyətlərinin qoyulan tələblərə
uyğun gəldiyini təsdiq etmək üçün nəzərdə tutulmuşdur. Proqram təminatının
texniki vəziyyəti və iş qabiliyyətinin qiymətləndirilməsinə
yönəlmiş verifikasiya metodlarına
ekspertiza, statik analiz, dinamik və formal metodlar, o cümlədən bir
neçə metodun birləşməsindən
ibarət olan sintetik metod daxildir”.
A.Miriyev
Palitra.-2016.-22 noyabr.-S.11.